Azərbaycan ilə Türkiyə arasındakı dostluq və qardaşlıq münasibətləri başqa heç bir dövlətlər arasında yoxdur

 

Bu fikir oktyabrın 28-də Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komissiyasının sədri Murad Mərcanın başçılığı ilə ölkəmizdə səfərdə olan nümayəndə heyətinin Milli Məclisin Sədri Oqtay Əsədovla görüşündə səslənmişdir.

Milli Məclisin Sədri Oqtay Əsədov demişdir ki, belə səfərlər dost və qardaş ölkələrimizin həm parlamentləri arasında, həm də digər sahələrdə əlaqələrin daha da möhkəmlənməsində mühüm rol oynayır. O.Əsədov bildirmişdir ki, müəyyən vaxtlarda bəzi qüvvələr xalqlarımız arasındakı münasibətləri pozmağa cəhd göstərsələr də, buna nail ola bilməmişlər. Bizim əlaqələrimiz çox möhkəm təməl üzərində qurulmuşdur. Ulu öndərlərimiz Heydər Əliyevin "Biz bir millət, iki dövlətik" və Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri kədərimizdir" kəlamları bizim üçün mühüm əhəmiyyət kəsb edən fikirlərdir. İnanırıq ki, qardaşlığımız, dostluğumuz bundan sonra da inkişaf edəcək, möhkəmlənəcəkdir.

Murad Mərcan demişdir ki, Azərbaycana səfərin məqsədi parlamentlərimiz arasında, eləcə də digər sahələrdə əlaqələrin inkişafı barədə fikir mübadiləsi aparmaqdır. Qonaq bildirmişdir ki, Azərbaycan ilə Türkiyə arasındakı dostluq və qardaşlıq münasibətləri, bağlantılar başqa heç bir dövlətlər arasında yoxdur. M.Mərcan Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycan və Türkiyə xalqlarını narahat edəcək, incidəcək heç bir addım atmayacağı fikrinin parlamentdə də dəstəkləndiyini vurğulamışdır.

Görüşdə parlamentlərdəki dostluq qruplarının, xarici əlaqələr komitələrinin qarşılıqlı səfərlərinin intensivləşdirilməsinin vacibliyi xüsusi qeyd edilmişdir. Bildirilmişdir ki, deputatlarımızın qarşılıqlı səfərləri təkcə parlamentlərarası əlaqələrin deyil, bütün sahələrdə münasibətlərin inkişafında, eləcə də regiondakı mövcud problemlərin həllində mühüm əhəmiyyət kəsb edir.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 29 oktyabr.- S. 3.