Konstitusiya Məhkəməsində ATƏT-in Bakı ofisinin rəhbəri ilə görüş olmuşdur

 

Oktyabrın 28- Konstitusiya Məhkəməsində ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilge Cankorel ilə görüş keçirilmişdir.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev respublikamızda digər sahələrdə olduğu kimi, məhkəmə-hüquq sistemində məqsədyönlü islahatların aparıldığını bildirmişdir.

Azərbaycanda 1998-ci ildə yaradılmış Konstitusiya Məhkəməsinin fəaliyyəti haqqında qonağa ətraflı məlumat verilmişdir.

Sədr Konstitusiya Məhkəməsinin fəaliyyəti dövründə 170 qərar qəbul olunduğunu diqqətə çatdırmışdır. Bildirmişdir ki, bu qərarlarda bir sıra normativ hüquqi aktlar Konstitusiyaya uyğun olmadığına görə qüvvədən düşmüş hesab edilmiş, Əsas Qanunun digər qanunların ayrı-ayrı müddəaları şərh edilmiş, pozulmuş hüquq azadlıqların bərpa olunması ilə yanaşı, mövcud təlimatlar sistemi təkmilləşdirilmiş, zəruri hüquqi mövqelər formalaşdırılmışdır.

F.Abdullayev Konstitusiya Məhkəməsinin beynəlxalq əlaqələrinin qurulmasına xüsusi diqqət yetirildiyini, digər ölkələrin bu sahədə təcrübəsinin nəzərə alındığını vurğulamışdır. Azərbaycan Konstitusiya Məhkəməsinin Ümumi Konstitusiya Məhkəmələri Avropa Konfransının üzvü olduğu, həmin təşkilat çərçivəsində qarşılıqlı təcrübə mübadiləsinin təşkili, ikitərəfli çoxtərəfli əlaqələrin inkişaf etdirildiyi bildirilmişdir.

Konstitusiya Məhkəməsinin sədri demişdir ki, rəhbərlik etdiyi qurum ATƏT-in Bakı ofisi ilə əməkdaşlığa xüsusi önəm vermiş, ötən dövrdə birgə nəşrlər hazırlanmış, treninqlər, konfranslar keçirilmişdir.

F.Abdullayev Azərbaycanın hüquq-mühafizə orqanları ilə səmərəli əməkdaşlıq münasibətlərinin qurulduğunu söyləmişdir.

ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilge Cankorel səmimi görüşə görə təşəkkürünü bildirmişdir. Azərbaycanın sürətlə inkişaf etməsinin şahidi olduğunu deyən qonaq qazanılmış uğurların Konstitusiya Məhkəməsinin nümunəsində aşkar göründüyünü bildirmişdir. Azərbaycanda ədalət mühakiməsinin inkişafından danışan qonaq ölkəmizin həmin mərhələni çox qısa dövrdə keçdiyini xüsusi vurğulamışdır.

Görüşdə qarşılıqlı əməkdaşlığın inkişaf istiqamətləri barədə fikir mübadiləsi aparılmış, qonağı maraqlandıran suallar ətraflı cavablandırılmışdır.

Sonra qonaq Konstitusiya Məhkəməsində yaradılmış şəraitlə tanış olmuş, aparatın kollektivi ilə görüşmüşdür.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 29 oktyabr.- S. 3.