"Avropada qeyri-hökumət təşkilatlarının hüquqi statusu haqqında tövsiyəsi" kitabçasının təqdimatı keçirilmişdir

 

Oktyabrın 28- Avropa Şurasının Bakıdakı ofisində "Avropa Şurası Nazirlər Komitəsinin üzv dövlətlərə Avropada qeyri-hökumət təşkilatlarının hüquqi statusu haqqında tövsiyəsi" kitabçasının təqdimatı keçirilmişdir.

Kitabça Avropa Şurasının Qeyri-Kommersiya Hüququ üzrə Beynəlxalq Mərkəzin birgə əməkdaşlığının məhsuludur. Nəşrin ingilis dilindən Azərbaycan dilinə tərcüməsi ABŞ Beynəlxalq İnkişaf Agentliyi "Counterpart İnternational" arasında imzalanmış qrant müqaviləsinə əsasən həyata keçirilmişdir.

Avropa Şurası Baş katibinin Azərbaycan üzrə xüsusi nümayəndəsi Veronika Kotek tövsiyə haqqında məlumat verərək bildirmişdir ki, əsas məqsəd üzv ölkələrdə QHT-lərin fəaliyyətinin daha da təkmilləşdirilməsi, üzvlər arasında daha sıx birliyə nail olmaqdır. Tövsiyə QHT-lərin hüquqlarının müdafiəsini təmin etmək üçün maarifləndirmə məqsədilə nəzərdə tutulmuşdur. Burada QHT-lərin fəaliyyəti ilə əlaqədar bir sıra mühüm prinsiplər öz əksini tapmışdır. Kitabça hüquqşünaslar, o cümlədən məhkəmə sistemində çalışan şəxslər üçün gözəl əyani vəsaitdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev ölkəmizdə hələ 2000-ci ildə QHT-lərlə bağlı mükəmməl qanunun qəbul olunduğunu diqqətə çatdırmış, ümummilli ictimai tədbirlərin həyata keçirilməsində QHT-lərin mühüm rol oynadığını bildirmişdir. O, Azərbaycan dövlətinin QHT-lərə daim dəstək olduğunu, bir sıra layihə proqramların icrası üçün dəfələrlə maliyyə yardımının ayrıldığını qeyd etmişdir.

"Counterpart İnternational" təşkilatının rəhbərliyi altında həyata keçirilən "Vətəndaş cəmiyyəti" layihəsinin rəhbəri Maykl Kunts kitabça haqqında öz fikirlərini bildirmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 29 oktyabr.- S. 3.