Sabitlik və inkişafa xidmət edən iqtisadi siyasət

 

Azərbaycanın müasir tarixində Heydər Əliyev siyasi kursunun növbəti təntənəsi kimi tarixiləşən 2008-ci ilin 15 oktyabr seçkilərindən 1 il ötür. Bu zaman kəsiyi müstəqil dövlətçiliyini gündən-günə gücləndirərək sürətlə dünya birliyinə inteqrasiya olunan, qlobal enerji və kommunikasiya layihələrinin mərkəzinə çevrilən, demokratik inkişaf yolunda atdığı ardıcıl addımlarla beynəlxalq arenada böyük nüfuz qazanan müstəqil respublikamız üçün bir sıra uğurlu hadisələrlə yaddaqalan olmuşdur.

 

Xalqın mütləq əksəriyyətinin etimadını qazanaraq ikinci müddətə dövlət başçısı seçilən cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın qüdrətli dövlətə çevrilməsi yolunda son dərəcə mühüm amil olan siyasi sabitlik qorunub saxlanılmış, vətəndaş həmrəyliyinə, iqtisadi inkişafın sürətləndirilməsinə, sosial tərəqqiyə xidmət edən mükəmməl konsepsiyanın həyata keçirilməsində yeni mərhələnin əsası qoyulmuşdur.

Ötən müddətdə respublikanın əhəmiyyətli sahələrdə qazandığı böyük nailiyyətləri gündəlik həyatında hiss edən, möhkəm təməllərə söykənən iqtisadi-siyasi sabitlik, əmin-amanlıq və sülh şəraitində yaşayan orta statistik azərbaycanlının 15 oktyabr tarixi seçiminin son dərəcə düzgün və dəyişməz olduğu təsdiqlənmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü siyasətin məqsədyönlülüyü, ardıcıllığı, milli mənafeləri əks etdirməsi respublikanın hər bir vətəndaşında gələcəyə böyük inam və əminlik yaradır. Dövlət başçısı müasir dünyada iqtisadi inkişaf potensialının hər bir dövlətin gücünü şərtləndirən başlıca amil qismində çıxış etdiyini ilk gündən düzgün müəyyənləşdirmiş, rəhbərlik etdiyi komandanın bütün səylərini də məhz bu istiqamətdə səfərbər etmişdir. Cənab İlham Əliyevin elmi əsaslarla yeritdiyi sosial-iqtisadi strategiya nəticəsində cəmiyyətin ümumi potensialının milli məqsədlər naminə səfərbər olunması inkişaf prosesində yüksək dinamizmi və məqsədyönlülüyü təmin etmiş, hər bir mərhələ üçün qarşıda duran vəzifələrin həllinə real imkanlar açmışdır.

Maliyyə böhranı şəraitində Azərbaycanın son bir ildə mühüm nailiyyətlərə imza atması - makroiqtisadi sabitliyin qorunub saxlanılması, qeyri-neft sektorunun nəzərəçarpacaq dərəcədə artması dövlət başçısının həyata keçirdiyi inkişaf strategiyasının səmərəliliyinin əyani göstəricisidir. Cənab İlham Əliyevin son bir ildə siyasi uzaqgörənliklə həyata keçirdiyi antiböhran tədbirləri həm də onun yüksək iqtisadi idarəetmə təfəkkürünə, mükəmməl iş təcrübəsinə dəlalət edir. Ötən dövrün iqtisadi qiymətləndirilməsi deməyə əsas verir ki, hökumətin maliyyə sabitliyinin təmini istiqamətində həyata keçirdiyi tədbirlər praktik baxımdan özünü doğrultmuş, Azərbaycan qlobal böhranın təsirinə ən az məruz qalan dövlətlərdən olmuşdur. 2009-cu ilin 9 ayında respublikada ümumi daxili məhsulun 6,1 faiz artması dünya iqtisadiyyatını sarsıdan maliyyə böhranı fonunda təqdirəlayiq haldır.

Ötən müddətdə iqtisadi inkişafa zəmin yaradan başlıca amillərdən biri də milli iqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurla davam etdirilməsidir. Bir sıra dövlətlərin təcrübəsində uğurla sınaqdan çıxmış, özünü doğrultmuş bu iqtisadi strategiya neftdən əldə olunan gəlirlərin qeyri-neft sektoruna, istehsal sahibkarlığının inkişafına yönəldilməsini, özəl sektorun ümumi daxili məhsulda xüsusi çəkisinin artırılmasını nəzərdə tutur. Bu tədbirlərin mahiyyəti və konseptual məzmunu iqtisadiyyatın liberallaşdırılması və sərbəst bazar prinsiplərinin dərinləşdirilməsindən ibarət olmuş, nəticədə milli sahibkarların ümumi daxili məhsuldakı xüsusi çəkisi 85 faizə çatmışdır.

İcrası ötən il uğurla yekunlaşan Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2004-2008-ci illər) Dövlət Proqramı Azərbaycanın regionlarının tarazlı və davamlı inkişafı üçün kompleks tədbirlər müəyyənləşdirməklə yanaşı, iş adamlarının fəaliyyəti üçün də yaxşı imkanlar açmışdır. Regionların 2009-2013-cü illərdə inkişafını nəzərdə tutan yeni dövlət proqramında sahibkarlığın inkişafına xidmət edən genişmiqyaslı tədbirlərin nəzərdə tutulması bir daha təsdiqləyir ki, zəngin iqtisadi biliklərə, müasir menecment təfəkkürünə malik olan, dünyada baş verən iqtisadi prosesləri dərindən bilən Azərbaycan Prezidenti İlham Əliyev ölkənin sosial-iqtisadi tərəqqisində özəl sektorun, sahibkarların rolunu çox düzgün dəyərləndirir və onlara hərtərəfli dəstəyini əsirgəmir. Sərbəst bazar iqtisadiyyatı münasibətlərinin tərəfdarı kimi çıxış edən cənab İlham Əliyev iqtisadi inkişaf prosesində sahibkarlığın rolu barədə əsaslı konsepsiyaya malikdir.

Prezident İlham Əliyevin hələ 30 aprel 2007-ci il tarixdə imzaladığı "Azərbaycan Respublikasında sahibkarlığın inkişafı ilə bağlı bəzi tədbirlər haqqında" fərmanla təsdiq olunmuş qaydalara əsasən 2008-ci il yanvarın 1-dən etibarən vahid qeydiyyat orqanı funksiyasını Vergilər Nazirliyi həyata keçirir. Sahibkarlıq fəaliyyəti subyektlərinin qeydiyyatının "vahid pəncərə" prinsipi üzrə təşkili nəticəsində qeydiyyatdan keçmiş hüquqi şəxslərin sayı 30 faiz artmış, 2009-ci ilin 1 yanvarından gömrükdə də bu sistemin tətbiqinə başlanılmışdır.

Biznes mühitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində 2003-2008-ci illərdə ölkə iqtisadiyyatına 44 milyard dollar investisiya qoyulmuşdur və bu da müstəqillik illərində Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunun 77 faizi deməkdir. Bu dövrdə bütün maliyyə mənbələri hesabına əsas kapitala qoyulmuş investisiyanın həcmi son beş ildə 33,5 milyard manat təşkil etmiş, bunun 53,2 faizi daxili, 46,8 faizi isə xarici investisiyalar olmuşdur. 2008-ci ildə istifadə edilmiş investisiyanın həcmi 2003-cü il səviyyəsini 3 dəfə üstələmiş, adambaşına düşən investisiyanın həcmi 2003-cü illə müqayisədə 605,8 manat çox olmuşdur. 2003-cü ildə ümumi investisiyaların həcmində daxili investisiyaların payı 24,8 faiz olduğu halda, 2008-ci ildə bu göstərici 78,6 faiz təşkil etmişdir.

Bu gün Azərbaycanda biznes mühitinin inkişafında, yeni iş yerlərinin açılmasında sahibkarların da müstəsna xidmətləri var. Cəmiyyət qarşısında sosial öhdəliklərini unutmayan biznes strukturları dövlət başçısının sahibkarlar qarşısında müəyyənləşdirdiyi tövsiyələri praktik olaraq gerçəkləşdirməyə çalışırlar. İnanırıq ki, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi səmərəli iqtisadi siyasət nəticəsində ölkədə biznes mühiti daha da liberallaşacaq, iş adamlarının fəaliyyətinə daha geniş imkanlar açılacaqdır.

 

 

Alim ÖMƏROV,

iş adamı

 

Azərbaycan.- 2009.- 29 oktyabr.- S. 4.