Ölkə iqtisadiyyatı qlobal maliyyə böhranı
şəraitində belə dinamik inkişaf edir
Təcrübə
göstərir ki, elmi əsaslara söykənən
sosial-iqtisadi strategiya əsasında qarşıda duran hədəfləri
düzgün müəyyənləşdirən liderlər həm
də ümumilikdə cəmiyyəti davamlı inkişafa
aparan strateji məqsədləri reallaşdırmağa nail
olurlar. 2008-ci ilin 15 oktyabrında xalqın iradəsilə ikinci
müddətə Azərbaycan Prezidenti seçilmiş cənab
İlham Əliyev də çağdaş dövrün tələblərinə
uyğun praqmatik siyasət yeritməklə, ölkənin
bütün potensialını vətəndaşların mənafeyinə
cavab verən çoxşaxəli islahatların gerçəkləşdirilməsi
istiqamətində səfərbər edir. İdarəçilikdə
xalqa hesabat ənənəsinin əsasını qoymuş
dövlət başçısı vətəndaşları
qarşıdakı vəzifə və planlar, strateji əhəmiyyətli
layihələr barədə məlumatlandırır.
Nazirlər
Kabinetinin 2009-cu ilin 9 ayının yekunlarına həsr
olunmuş iclasının yekunları deməyə əsas
verir ki, ulu öndər Heydər Əliyevin müəllifi
olduğu yeni neft strategiyasının davam etdirilməsi, Azərbaycanın
enerji təhlükəsizliyinin möhkəmləndirilməsi,
qeyri-neft sektorunun inkişafı, ölkədə əlverişli
biznes və investisiya mühitinin
formalaşdırılması, işsizlik, yoxsulluq problemlərinin
həlli, əhalinin sosial müdafiəsinin gücləndirilməsi,
infrastrukturun yeniləşdirilməsi kimi prioritet hədəflər
hesabat dövründə İlham Əliyevin yeritdiyi iqtisadi
siyasətin əsasını təşkil etmişdir.
İclasda səslənən məlumatlardan bəlli olur ki, son bir ildə bütün dünya
ölkələrində iqtisadi inkişafa ciddi zərbə
vuran qlobal maliyyə böhranına baxmayaraq, Azərbaycanın
bütün sahələrdə qazandığı yüksək
nailiyyətlər ilk növbədə sistemli və
düzgün koordinasiya olunmuş fəaliyyətin məntiqi
nəticəsidir.
Ötən 9
ayın statistikası Azərbaycanın bütövlükdə
MDB məkanında rasional siyasət yeridərək
iqtisadiyyatını qlobal böhranın mənfi təsirlərindən
maksimum dərəcədə hifz edən, eyni zamanda, ciddi
artıma nail olan lider dövlətlərdən olduğunu təsdiqləyir. 2009-cu ildə
MDB dövlətlərinin əksəriyyətində iqtisadi vəziyyətin
pisləşməsi - ümumi daxili məhsulun Rusiyada 14, Qazaxıstanda
1,5, Belarusda 4,6, Qırğızıstanda 12,7, Moldovada 24,6,
Tacikistanda 11,4, Ukraynada 29,6 faiz azalması fonunda Azərbaycanda
6,1 faiz artıma nail olunması inkişafın bariz göstəricisi
sayıla bilər. Hesabat dövründə
sənayedə 5, kənd təsərrüfatında 3 faiz
artımın baş verməsi də dünya
iqtisadiyyatının tənəzzülə
uğradığı hazırkı mərhələdə
kifayət qədər diqqətəlayiq rəqəmlərdir.
Mühüm nəticələrdən biri də
respublikanın strateji valyuta ehtiyatlarının ilin əvvəli
ilə müqayisədə 1 milyard dollar artaraq 19,1 milyard
dollara çatmasıdır.
2008-2009-cu illəri əhatə
edən qlobal maliyyə böhranının Azərbaycan
iqtisadiyyatına digər dövlətlərlə müqayisədə
ciddi təsir göstərmədiyini bank sektorunun normal və
ahəngdar fəaliyyəti bir daha təsdiqləyir. Mərkəzi Bankın həyata keçirdiyi
preventiv tədbirlər nəticəsində cari ildə
respublika bankları likvidlik problemi ilə bağlı istehlak və
biznes kreditlərinin verilməsi prosesini
dayandırmamış, perspektivli biznes layihələri maliyyələşdirilmiş,
hətta ipoteka kreditləşməsi yenidən bərpa
olunmuşdur. 2009-cu ildə əhalinin banklardakı əmanətlərinin
11 faiz artması da bank sisteminə ictimai inamın, habelə əmanət
bazasının, xüsusilə, xırda əmanətçilərin
depozitlərinin dayanıqlı olduğunu göstərir.
Qlobal likvidlik böhranına baxmayaraq, həyata
keçirilmiş preventiv tədbirlər sayəsində bank
sistemində maliyyə sabitliyi qorunmuş, banklar yüksək
maliyyə dayanıqlığı nümayiş
etdirmişdir. Azərbaycan manatı məzənnəsini
qoruyub saxlamış, hökumət məhz əhalinin sosial mənafeyini
əsas tutaraq manatın devolvasiyasına imkan verməmişdir.
Azərbaycan Prezidenti İlham Əliyev
Nazirlər Kabinetinin bu günlərdə keçirilən
iclasında manatın devolvasiya edilməməsini hökumətin
düzgün siyasəti kimi dəyərləndirmişdir: "Mərkəzi Bankın səyləri nəticəsində
manatın məzənnəsinin sabit vəziyyətdə
saxlanılması bax, bu vəziyyəti şərtləndiribdir.
Əgər biz başqa ölkələr kimi milli valyutanı
devalvasiyaya uğratsaydıq, o zaman manata inam azalardı,
banklara qoyulan əmanət azalardı və beləliklə, həm
inam, həm də ki, bankların maliyyə resursları
azalardı. Düzgün siyasətimiz nəticəsində,
baxmayaraq ki, demək olar, bölgədə yerləşən
bütün ölkələrdə milli valyuta devalvasiya edilib,
biz manatı sabit saxladıq. Bu, düzgün siyasət
idi".
Hesabat
dövründə Mərkəzi Bank maliyyə risklərini
çevik idarə etmək üçün respublika
banklarının xarici borclanmasının idarəedilən təhlükəsiz
səviyyədə saxlanılması üzrə konkret
addımlar atmış və səmərəli nəticələr
əldə etmişdir. 2009-cu ildə ölkədə
inflyasiya gözləntilərinin azalması nəzərə alınaraq işgüzar
aktivliyin yüksəldilməsi məqsədilə mərkəzləşdirilmiş
kredit üzrə uçot dərəcəsinin 8 faizdən 2
faizə, faiz dəhlizinin yuxarı həddinin 13 faizdən 7
faizə, məcburi ehtiyat normalarının isə 6 faizdən
0,5 faizə endirilməsi qlobal böhran şəraitində
bank sektorunun fəaliyyətinə ciddi dəstək
olmuşdur. Həm manat, həm də xarici valyuta ilə məcburi
ehtiyat normasının azaldılması hesabına bu dövrdə
bank sisteminə əlavə 250 milyon manat likvidlik
verilmişdir. Nəticədə son illər ərzində ilk
dəfə olaraq likvidliyin verilməsi alətlərinin fərqini
xarakterizə edən likvidlik saldosu pozitiv zonaya
keçmişdir. Təkcə 2009-cu ilin 6 ayının yekunu
üzrə Mərkəzi Bank bank sisteminə 600 milyon manat
likvidlik dəstəyi vermişdir.
Mərkəzi Bank
2009-cu il üçün bəyan etdiyi pul siyasətinin əsas
istiqamətlərinə uyğun olaraq hesabat dövründə
makroiqtisadi tarazlığın və
dayanıqlığın təmin olunmasına, habelə bank
sistemində maliyyə sabitliyinin qorunmasına yönəldilmiş
pul və məzənnə siyasəti yeritmişdir. Bu siyasət eyni
zamanda, bank sisteminə etimadın, sistemin
sağlamlığı və dayanıqlığının,
bank sektorunun iqtisadiyyatda maliyyə vasitəçisi rolunun dəstəklənməsinə
yönəlmişdir. İqtisadi subyektlərin banklara
inamını qorumaq və daha da artırmaq mühüm vəzifələrdən
biri olaraq qalmış, bank sisteminin likvidliyinin adekvat səviyyədə
saxlanması siyasəti davam etdirilmişdir. Mərkəzi
Bankın Kredit Təşkilatlarına Nəzarət Departamenti
bu məqsədlə hesabat dövründə bank sektorunun fəaliyyətini
nəzarətdə saxlamış, tənzimləyici funksiya həyata
keçirilməklə bankların likvidliyinin,
kapitalının adekvatlıq parametrlərinin ardıcıl təhlili
aparılmışdır. Bankların
maliyyə ehtiyatlanması səviyyəsinin
artırılması məqsədilə bank sektorunun aktivlərinin
keyfiyyətinə və təminatlılığına tələblər
artırılmış, eyni zamanda, bu sektorda xarici
borclanmanın idarə oluna bilən, təhlükəsiz səviyyədə
saxlanılması üçün müəyyən
addımlar atılmışdır. Bankların idarəetmə,
xüsusilə, risklərin idarəedilməsi
potensiallarının artırılmasına yönəlmiş
tədbirlər davam etdirilmiş, bank nəzarətinin maliyyə
sabitliyi, risklərin qabaqlayıcı rejimdə
aşkarlanması potensialı gücləndirilmişdir.
Bank sistemində likvidlik səviyyəsinin
məqbul həddə saxlanması 2009-cu ilin son 9 ayında
bankların kredit fəaliyyətinin
davamlılığını təmin etməklə yanaşı,
qeyri-neft sektorunda iqtisadi artım dinamikasının
qorunmasında da mühüm rol oynamışdır. Hökumətin
bank və sığorta təşkilatlarının mənfəətlərinin
kapitala yönəldilən hissəsinin 2009-cu ildən vergidən
azad edilməsi barədə qərarı isə real sektorun
inkişafına ciddi dəstək olmuşdur. Hesabat
dövründə real sektorun, istehsalla məşğul olan
müəssisələrin hərtərəfli dəstəklənməsi,
sahibkarlıq fəaliyyətinə dövlətin maliyyə
yardımının gücləndirilməsi istiqamətində
də mühüm addımlar atılmışdır. Sahibkarlığa Kömək Milli Fondu müvəkkil
banklar vasitəsilə iş adamlarına kreditlərin verilməsi
prosesini daha da genişləndirmiş, eyni zamanda, Mərkəzi
Bankın dəstəyi ilə Azərbaycan İpoteka Fondu
2009-cu ilin iyun ayında ipoteka kreditləşməsini bərpa
etmişdir. Bütün bunlar isə işgüzar fəallığı
artırmış, xüsusən də, tikinti sektorunda
müşahidə olunan durğunluğu aradan
qaldırmışdır.
2008-ci ildən başlanan maliyyə
böhranına rəğmən, Azərbaycanın ən
güvənli, əmniyyətli banklarından olan
"Texnikabank" da sürətlə inkişaf etmiş,
qarşıda qoyduğu bir sıra məqsədləri
uğurla gerçəkləşdirmişdir. Bank təşəbbüskarlıq
nümayiş etdirməklə, məqsədyönlü kreditləşmə
siyasəti həyata keçirmiş, hər bir riski ciddiliklə
nəzərə almış, real sektorun maliyyə
resurslarına ehtiyaclarını təmin etməyə
çalışmışdır. Bankın risk menecmenti real
sektorun tələblərini ətraflı öyrənmiş,
müvafiq qiymətləndirmə işi aparmış, yaranan
çətinlikləri maliyyə resursları hesabına həll
etməyə çalışmışdır.
2008-ci ildə
"Texnikabank" London birjasında avro istiqrazlarını
yerləşdirmiş, bu, Azərbaycan bank sisteminin
inkişafında zirvə mərhələ olmuşdur. İlk
dəfə olaraq Azərbaycan bankı London birjasına
çıxmış, bu məqsədlə sistemli, gərgin
və məhsuldar hazırlıq tədbirləri
görülmüşdür. Dünyanın 8 şəhərində
- Sinqapur, Honkonq, London, Sürix, Cenevrə, Nyu-York, Boston və
Los-Ancelesdə 64 investor üçün
ayrı-ayrılıqda təqdimatlar keçirilmişdir. Beynəlxalq əməkdaşlıq çərçivəsində
ötən il bank müxbir əlaqələri genişləndirilmiş,
beynəlxalq maliyyə institutları ilə əməkdaşlığı
yeni mərhələyə qədəm qoymuş, habelə
xarici özəl investisiya bankları və fondları ilə
qarşılıqlı faydalı əlaqələr
qurulmuşdur. Maliyyə böhranı şəraitində
vəsaitlərin diversifikasiyası da "Texnikabank"ın
fəaliyyətində prioritet istiqamətlərdən
olmuşdur. Bankın öhdəliklərində xarici
borcların xüsusi çəkisi 5,5 faiz təşkil edir
ki, bu da son dərəcə yaxşı göstəricidir.
Yerli vəsaitlər 3 mənbə - əhalinin əmanətləri,
dövlət vəsaitləri və nəhayət, korporativ
müştərilərin hesablarındakı qalıqlar
hesabına təmin olunur. Bu üç mənbə, eyni
zamanda, xarici borclanma hesabına
formalaşdırdığımız maliyyə vəsaitləri
"Texnikabank"a kreditləşmə siyasətini 2009-cu ildə
də inamla davam etdirmək imkanı yaratmışdır. Bu
il "Texnikabank"ın başlıca hədəfləri
yüksək likvidliyin təmini, institusional inkişafın
davam etdirilməsi, risklərin idarə olunması sisteminin təkmilləşdirilməsi,
cəlb olunmuş vəsaitlərin geniş diversifikasiyası
olmuşdur.
2009-cu ildə maliyyə
böhranının dərinləşməsinə baxmayaraq,
bank öz aktivlərinin həcmini qoruyub saxlaya bilmiş, eyni
zamanda, 5 milyon manat artıma nail olmuşdur. Bununla bərabər,
aktivlərin keyfiyyətində də əhəmiyyətli irəliləyişlər
baş vermişdir. Cari ildə də "Texnikabank"ın
fəaliyyətinin əsas istiqamətini korporativ müştərilərə
keyfiyyətli xidmət təşkil edir. Apardığımız
ümumi kreditləşmədə korporativ müştərilərə
verilən kreditlərin payı 70 faizdən çoxdur. Real sektorda çalışan müştərilərlə
əməkdaşlığa daha çox üstünlük
verilir: bu sektorda risklərin cəmləşməsi
aşağı səviyyədə olduğu üçün
istehsal müəssisələri ilə işləmək
maliyyə böhranı şəraitində daha məqsədəuyğun
sayılır. İstehsal müəssisələri ilə
əməkdaşlıq çərçivəsində həm
şirkətlərin kredit ehtiyacları ödənir, həm də
onların əməkdaşlarına plastik kartlar vasitəsilə
məvacib verilməsi təmin olunur. Hesabat dövründə
"Texnikabank" real sektorun kreditləşdirilməsini
uğurla davam etdirmiş, bu istiqamətdə 16 milyon manatdan
çox vəsait yönəldilmişdir. Ümumilikdə,
bankın müştərilərə verilmiş kredit
portfelinin həcmi hazırda 350 milyon manata
çatmışdır.
Müştərilərə
göstərilən xidmətin səviyyəsinin yüksəldilməsi
baxımından "Texnikabank" bu il filialları
üçün inzibati binalarının tikintisinə diqqəti
artırmış, habelə mövcud filial və şöbələrin
ən müasir tələblərə cavab verən inventar,
kompüter və rabitə-informasiya avadanlıqları ilə təchiz
etmiş, bu tədbirlərə 7 milyon manatdan artıq
investisiya yönəldilmişdir. 2009-cu ilin oktyabr ayında
bankın Baş Əməliyyat İdarəsinin əsaslı
təmirdən çıxmış yeni ofisi istifadəyə
verilmiş, burada bank müştərilərinə operativ və
keyfiyyətli xidmət göstərilməsi üçün
hər cür şərait yaradılmışdır.
Ofisin yeniləşdirilməsi zamanı ən modern beynəlxalq
təcrübə nəzərə alınmış, idarə
ən yeni kompüter və rabitə avadanlıqları ilə
təchiz edilmişdir.
2009-cu ildə
"Texnikabank"ın bankomatlarının sayı da artmış,
əhaliyə daha keyfiyyətli xidmət göstərilməsi
üçün ayrı-ayrı metro stansiyalarında, habelə
əhalinin daha sıx olduğu ərazilərdə 60-dan
çox bankomat, 350-dən çox postterminal
quraşdırılmışdır. Bu da önədiş
sisteminin təşkmilləşdirilməsi və plastik kartlardan
istifadə ilə bağlı Azərbaycan Prezidenti cənab
İlham Əliyevin verdiyi göstəriş və tövsiyələrin
yerinə yetirilməsi istiqamətində mühüm
addımdır.
Cari ilin noyabr ayında isə
bankın prosesinq mərkəzi "Texkart" MMC fəaliyyətə
başlayacaqdır. Prosesinqin fəaliyyətə
başlaması üçün beynəlxalq ödəniş
sistemləri olan "Master kart" və "Viza"dan
müvafiq lisenziyalar alınmışdır. Həmin prosesinq
mərkəzi də müasir tələblərə cavab verən
müasir avadanlıqlarla təchiz olunmuş, yüksək səviyyədə
proqram təminatı yaradılmışdır.
Daim yeniliyə can
atan, sürətlə inkişaf edən, işçilərinin
sayı 600-ə çatan "Texnikabank"da əməkhaqqı
da mütəmadi olaraq qaldırılır, işçilərin
sosial müdafiəsinin gücləndirilməsi istiqamətində
əlavə tədbirlər həyata keçirilir.
Ümumiyyətlə,
Nazirlər Kabinetinin 2009-cu ilin 9 ayının sosial-iqtisadi
yekunlarına həsr olunmuş iclası ilə bağlı
yekun qənaət bundan ibarətdir ki, Azərbaycan Prezidenti
İlham Əliyev indiyə qədər sosial-iqtisadi sahədə
həyata keçirilmiş tədbirlərlə kifayətlənmir
və ölkə vətəndaşlarının sosial rifah halının yüksəldilməsi
məqsədinə xidmət edən islahatların sistemli
olaraq həyata keçirilməsini vacib sayır. Dövlət başçısı hesab edir ki,
dövlətin sosial sahədə həyata keçirdiyi
islahatların son hədd göstəricisi olmamalı,
insanların firavan yaşayışı, problemlərinin həlli
üçün atılan addımlar sistemli və
ardıcıl xarakter daşımalıdır. Məhz bu
mütərəqqi yanaşma da Azərbaycan vətəndaşlarında
ölkənin inkişafı ilə bağlı nikbin qənaətləri
gücləndirir və mövcud siyasi kursa rəğbəti
artırır.
Etibar ƏLİYEV,
"Texnikabank" ASC-nin
Müşahidə Şurasının sədri,
iqtisad elmləri namizədi
Azərbaycan.- 2009.- 29 oktyabr.- S. 4.