80377 saylı cinayət işi erməni vəhşiliklərini əks etdirən faktlarla zəngindir 

 

Tarixi Azərbaycan torpaqlarında xarici havadarlarının istək və köməyi ilə Ermənistan adlı dövlətlərini qurmuş bədnam qonşularımız sonradan bununla kifayətlənməyərək yenə də ərazilərimizə göz dikməkdə davam etdilər, hər fürsət düşdükcə torpaqlarımızdan daha bir parça yağmalamağa qalxdılar. 1988-ci ildən etibarən daha açıq müstəvidə özünü göstərən Dağlıq Qarabağ münaqişəsi nəticəsində ermənilər Azərbaycan ərazilərinin daha 20 faizini zəbt edə bildilər.

Düzdür, dəyişən reallıqlar, ermənilərin iç üzünün dünya üçün açılması, onların özgə torpaqlarının hesabına hələ də "dənizdən dənizə böyük Ermənistan" yaratmaq kimi çürük bir ideyaya qulluq etmələrindən beynəlxalq ictimaiyyətin hali olması, güclənən Azərbaycan qarşısında getdikcə zəif duruma düşmələri və bu qəbildən olan digər amillər artıq Ermənistanın uzun müddətə Dağlıq Qarabağı və onun ətrafında yerləşən 7 rayonu işğal altında saxlamasını mümkünsüz edir. Ermənilər yaxşı bilir ki, işğal altında saxladıqları torpaqlarımızı tezliklə sülh yolu ilə azad etməyəcəkləri təqdirdə Azərbaycan əsgəri ilə üz-üzə gəlməli olacaqlar. Bunun nə ilə nəticələnəcəyini də ermənilər yaxşı bilir və Azərbaycan ordusunun bir həmləsindən darmadağın olacaqlarını da gözəl anlayırlar.

Lakin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi başlandıqdan sonra ermənilərin Azərbaycana vurduğu zərər və gətirdiyi bəlalar təkcə torpaqlarımızın işğalı ilə məhdudlaşmır. Həmin torpaqlarda olan bütün infrastrukturun məhv edilməsi, burada yaşayan insanların əmlakının mənimsənilməsi, doğma yurd-yuvalarından didərgin salınması ilə yanaşı, ermənilər minlərlə azərbaycanlını qətlə yetirməklə, əsir götürməklə onlara verdikləri ağlasığmaz dəhşətli işgəncələr və başlarına gətirdikləri müsibətlərlə də tarixmizin bu səhifələrinin qanla yazılmasına səbəb olmuşlar. Aparılan araşdırmalar, görülən tədbirlər bu sahədə erməni vəhşiliyinə dair hər dəfə yeni-yeni sübutların meydana çıxmasına, onların barbarlığına dair təkzibedilməz faktların toplanmasına səbəb olmaqdadır. Bu xüsusda isə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının fəaliyyəti xüsusi qeyd olunmalıdır.

Məhz sözügedən komissiyanın fəaliyyəti sayəsində Dağlıq Qarabağ münaqişəsində əsir düşən və girov götürülən soydaşlarımız, onların sayı, erməni əsirliyində hansı müsibətlərlə üzləşmələri barədə xeyli material toplanmış, zəngin məlumat bazası yaradılmışdır. Həmçinin Dağlıq Qarabağda qanunsuz fəaliyyət göstərən erməni separatçı rejiminin hərbi birləşmələri və Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının Dağlıq Qarabağ və işğal olunmuş digər ərazilərində yaşayan, Azərbaycan millətindən olan yerli əhalinin qanuni yerləşdiyi yerlərdən məcburi hərəkətlərlə didərgin salınması, yaşayış məntəqələrində və dövlət obyektlərində maddi sərvətlərin, tarixi mədəniyyət abidələrinin talanması və dağıdılması, azərbaycanlı əsir və girovlara dəhşətli işgəncələr verilməsi, beynəlxalq humanitar hüquqla mühafizə olunan mülki və digər şəxslərlə amansız rəftar, azərbaycanlıları milli bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürməklə soyqırımı, habelə sülh və insanlıq əleyhinə törədilmiş başqa ağır və xüsusilə ağır cinayətlərin araşdırılması məqsədilə 18 dekabr 2003-cü il tarixdə yaradılmış Azərbaycan Respublikası Baş Prokurorluğunun, Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinin birgə istintaq-əməliyyat qrupu tərəfindən başlanan cinayət işi üzrə görülən istintaq-əməliyyat tədbirləri nəticəsində də bu istiqamətdə xeyli nailiyyət əldə edilmiş, maddi sübutlar toplanmışdır.

Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin Xüsusi istintaq şöbəsinin rəisi - idarə rəisinin müavini, Azərbaycan Respublikası Baş Prokurorluğunun birgə istintaq-əməliyyat qrupunun rəhbəri, ədliyyə polkovnik-leytenantı Mehman Poladovun sözlərinə görə, istintaq-əməliyyat qrupunun işinin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikası CM-in və CPM-in tələblərinə uyğun həyata keçirilməsini, cinayət işinin hərtərəfli, tam və obyektiv aparılmasını, səmərəliliyini, operativliyini təmin etmək məqsədilə müəyyən işlər görülmüşdür. Belə ki, iş üzrə yeni vahid istintaq-əməliyyat planı hazırlanaraq təsdiq edilmış, həmin planda cinayət işinə birləşdirilmiş hər bir iş üzrə araşdırılmalı xüsusatlar, həyata keçiriləcək istintaq hərəkətlərinin tarixi və icraçısı konkret göstərilməklə ayrı-ayrı bəndlərdə öz əksini tapmış, qrupun üzvləri arasında vəzifə bölgüsü aparılmışdır. Bundan başqa, cinayət təqibi üzrə toplanmış materialların həcminin böyüklüyü, şübhəli, təqsirləndirilən və zərərçəkmiş şəxslərin, həmçinin araşdırılmalı olan xüsusatların sayının çoxluğu, eyni zamanda, həmin cinayətlərin törədilmə üsul və vasitələri, xarakteri nəzərə alınaraq soyqırım, işgəncə və təzələnmiş işlər üzrə üç əsas istiqamət müəyyənləşdirilmişdir.

Mehman Poladov bildirir ki, həmin istiqamətlər üzrə cinayət hadisələrinin araşdırılması konkret müstəntiqlərə və əməliyyatçılara həvalə edilmiş, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şübhəli olan şəxslərin müəyyənləşdirilməsi, sübutların toplanması, onların anket məlumatlarının əldə edilməsi və təqsirləndirilən şəxs qismində cəlb olunması yönündə işlər davam etdirilmişdir. Bundan əlavə, birgə istintaq-əməliyyat qrupu tərəfindən istintaq zamanı Azərbaycan Respublikasının 25 dekabr 2001-ci il tarixdən qoşulduğu "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" 4.11.1950-ci il tarixli Konvensiyanın 3, 7 və 14-cü maddələrinin, yəni heç kəsin cinsi, irqi, dili, dini, siyasi və digər baxışlara, milli və ya sosial mənşəyə, milli azlıqlara mənsubiyyətinə, əmlak vəziyyəti, doğum və ya digər statusuna görə işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmaması kimi beynəlxalq hüquq normalarına da xüsusi diqqət yetirilmişdir. Mehman Poladov bildirir ki, istintaq zamanı heç kəsin törədildiyi zaman milli və ya beynəlxalq hüquqa görə cinayət sayılmayan hər hansı hərəkət və ya hərəkətsizliyə görə cinayət törətməkdə təqsirli hesab edilə bilməməsi, habelə törədildiyi zaman sivil ölkələrin tanıdığı əsas hüquq prinsiplərinə müvafiq olaraq cinayət hesab edilən hər hansı hərəkət və ya hərəkətsizlik törətməyə görə istənilən şəxsin mühakimə edilməsinə və ya cəzalandırılmasına mane olmaması barədə müddəaları da əsas götürülmüşdür: "Eyni zamanda, Azərbaycan Respublikasının 22 iyul 1992-ci il tarixdə qoşulduğu BMT-nin Baş Assambleyasının Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın 6-cı maddəsində nəzərdə tutulmuş törədildiyi anda beynəlxalq hüquq tərəfindən qəbul edilən ümumi hüquq prinsiplərinə uyğun olaraq cinayət əməli sayılan istənilən hərəkət və xətaya görə istənilən şəxsin məhkəməyə verilməsinə və cəzalandırılmasına əngəl törətmədiyi haqda müddəaları da nəzərə alınmışdır".

Onun sözlərinə görə, bütün bunlar o deməkdir ki, istintaq-əməliyyat qrupunun icraatında olan 80377 saylı cinayət işinə birləşdirilmiş cinayət işləri üzrə qanunsuz erməni silahlı birləşmələri tərəfindən törədilən cinayət əməlləri beynəlxalq hüquq normalarına müvafiq olaraq sülh və insanlıq əleyhinə cinayətlərə tövsif olunmuşdur.

Bir məqamı da xüsusilə qeyd etmək lazım gəlir ki, Baş Prokurorluğun, Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinin birgə istintaq-əməliyyat qrupu tərəfindən başlanan cinayət işinin gedişində əldə olunan materiallar ermənilərin torpaqlarımızın işğalı zamanı azərbaycanlılara, həmçinin əsir düşmüş və girov götürülmüş soydaşlarımıza qarşı hansı vəhşiliklər törətməsi, necə işgəncələr tətbiq etməsi barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılması baxımından da əvəzsiz mənbələrdən biri rolunu oynamaqdadır. Bu xüsusda Mehman Poladov daha bir maraqlı məqama diqqət çəkir: "Azərbaycan Respublikası Baş prokuroru və Azərbaycan Respublikası Hərbi prokurorunun rəhbərliyi altında istintaq-əməliyyat qrupunun fəaliyyət istiqaməti dəyişdirildikdən sonra beynəlxalq hüquq normalarına uyğun soyqırım və müharibə cinayətlərinin istintaqı aparılmış, nəticədə xeyli sayda erməni millətindən olan şəxsin təqsirləndirilən şəxs qismində cəlb olunmaları barədə qərarlar çıxarılmış, məhkəmələrin qərarına əsasən barələrində həbs qətimkan tədbiri seçilmiş və axtarışları ilə əlaqədar müvafiq sənədlərin İnterpolun Azərbaycan Respublikası Milli Bürosuna göndərilməsi təmin edilmişdir.

İstintaq-əməliyyat qrupunda işgəncə istiqaməti üzrə şahid və zərərçəkmiş şəxslərin ifadələri təhlil edilərək qrupun kompüter bazasında yerləşdirilmişdir. Bundan başqa, qeyd olunan hadisələr üzrə cinayət işlərinin istintaqı zamanı beynəlxalq humanitar hüquqla müdafiə olunan mülki və digər şəxslərə qarşı amansız rəftar edildiyindən Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ilə sıx əlaqə yaradılmış, Dövlət Komissiyasından daxil olmuş siyahının istintaq materialları ilə müqayisəsi aparılmışdır. Əsirlikdən azad olmuş, lakin indiyədək dindirilməmiş şəxslərin dindirilməsi, erməni silahlı birləşmələrinin üzvləri tərəfindən əsir və girov götürülərək işğal olunmuş Dağlıq Qarabağ, eyni zamanda, Ermənistanın ərazisində beynəlxalq hüquq normalarına zidd olaraq Azərbaycan Respublikasının vətəndaşlarına işgəncələr vermiş, qəddar və qeyri-insani rəftar etmiş, onların ləyaqətlərini alçaltmış, fiziki ağrılar və psixi istirablar vermiş şəxslərin dairəsinin müəyyənləşdirilməsi yönündə, habelə bir sıra epizodlar üzrə şübhəli şəxslər barədə digər zəruri sənədlərin işə əlavə olunması ilə bağlı tədbirlər həyata keçirilir".

Onu da qeyd edək ki, əsir və girovların saxlanıldıqları yerlərdə erməni millətçiləri tərəfindən xüsusilə ağır cinayətləri törədənlərin şəxsiyyətlərinin müəyyən edilməsi məqsədilə də fəal iş aparılır. Bu məqsədlə istintaq tərəfindən Azərbaycan Respublikası MTN-ə, DİN-ə və digər idarələrə, təşkilatlara sorğular göndərilmiş, onları tanıya biləcək şəxslərin və törədilmiş cinayətlərin bilavasitə şahidi olanların dairəsi müəyyənləşdirilib iş üzrə dindirilmişdir. Nəticədə onlardan bəzilərinin şəxsiyyətləri müəyyən olunmuş, həmin cinayətlərin törədilməsində iştirakları sübuta yetirilmiş şəxslərin təqsirləndirilən şəxs qismində cəlb edilmələri haqqında qərarlar qəbul edilmiş, məhkəmə tərəfindən barələrində həbs qətimkan tədbiri seçilməklə beynəlxalq axtarışa verilmələri təmin edilmişdir.

Mehman Poladovun sözlərinə görə, soyqırımı istiqaməti üzrə erməni millətindən olan şəxslərin anket məlumatları və fotoşəkillərinin toplanılması işi davam etdirilmiş, bundan əlavə, Xocalı soyqırımında iştirak edən 366-cı alayın, hərbi qulluqçularının iştirakını sübuta yetirən materialların toplanması və Azərbaycan Respublikası CM-in 103 və 107-ci maddələri ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirləndirilən şəxs kimi cəlb olunması barədə qərar çıxarılması istiqamətində işlər aparılır: "Eyni zamanda, 366-cı alayın həlak olmuş və yaralanmış hərbi qulluqçularının siyahısının təqdim edilməsi, hərbi texnikasının ermənilər tərəfindən ələ keçirilməsi və ya onlara verilməsi, habelə azərbaycanlıların yaşayış məntəqələrinin 366-cı alaya məxsus hərbi texnika ilə atəşə tutulması barədə məlumatların alınması və bir sıra başqa suallarla bağlı Rusiya Federasiyası, Özbəkistan və Qazaxıstan respublikaları Baş prokurorluqlarına hüquqi yardım göstərilməsi barədə vəsatətlərin göndərilməsi təmin edilmişdir".

Birgə istintaq-əməliyyat qrupu tərəfindən görülən tədbirlər ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdiyi müxtəlif soyqırımlarla bağlı da zəngin faktların toplanması, onların törədilməsində iştirak edən şəxslərin konkret kimliyinin müəyyən olunmasında mühüm rol oynamaqdadır. Məsələn, Kərkicahan soyqırımı üzrə indiyədək dindirilməmiş şəxslərin ünvanlarının müəyyən olunub dindirilməsi, həmin cinayəti törətməkdə şübhəli şəxslərin anket məlumatlarının dəqiqləşdirilməsi istiqamətində xeyli işlər görülüb və bu işlər indi də davam etdirilir. Mehman Poladovun sözlərinə görə, istintaqla o da müəyyən edilmişdir ki, erməni təcavüzkarları nəinki Dağlıq Qarabağ, eləcə də ölkəmizin digər bölgələrində xalqımıza qarşı soyqırım cinayətini törətmişlər və bu istiqamətdə də müvafiq istintaq-əməliyyat tədbirləri görülməkdədir.

 

 

(ardı var)

 

Rasim BAYRAMOV

 

Azərbaycan.- 2009.- 29 oktyabr.- S. 5.