Sabirabad gözəl məkana çevrilib

 

2004-2008-ci illəri əhatə edən "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda nəzərdə tutulan vəzifələrin müvəffəqiyyətlə yerinə yetirilməsi sonrakı dövrün yüksəlişinə əsaslı təkan verib. Sosial-iqtisadi inkişafın ikinci mərhələsi də böyük uğurlarla müşayiət olunur. Tərəqqi, yüksəliş marafonunda geniş iqtisadi potensiala malik Sabirabad rayonunun da addımları inamlıdır.

Sabirabadın inkişaf dövrü ötən əsrin 70-80-ci illərində başlanmışdır. Bu inkişaf ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan Respublikasına rəhbərlik etdiyi birinci dövrdə Heydər Əliyev 14 dəfə Sabirabadda olmuş, hər gəlişi ilə rayonun sosial-iqtisadi və mədəni inkişafına böyük töhfələr vermişdir. Onun rəhbərliyi ilə rayonda çoxsaylı istehsal və emal sahələri yaradılmış, kənd təsərrüfatında yüksək nəticələr əldə edilmiş, rayona təbii qaz xətti çəkilmiş, əhalini içməli su ilə təmin edən su kəməri sistemi qurulmuş, Kür çayı üzərində nəhəng körpü salınmış, yüzlərlə inzibati və yaşayış binası tikilmişdir.

Sabirabadın yeni dövrdəki dirçəlişi və inkişafı isə böyük öndərimizin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu siyasəti ilə bağlıdır. Regionların sosial-iqtisadi inkişafına dair I Dövlət Proqramı bu bölgənin də iqtisadi inkişafını və sosial tərəqqisini təmin etmişdir.

Dövlət başçısı ötən il sentyabrın 26-da Sabirabada növbəti səfəri zamanı rayonda aparılan işlərlə tanış olaraq buradakı tərəqqini yüksək qiymətləndirmişdir. Olimpiya idman kompleksinin açılış mərasimində rayon ictimaiyyəti nümayəndələri ilə görüşündə ölkə rəhbəri demişdir: "Bu gün Sabirabad yeni dövrünü yaşayır. Mən üç il bundan əvvəl gəlmişdim, bu kompleksin təməlinin qoyulmasında iştirak edirdik. Bu üç il ərzində çox böyük dəyişiklik olub, çox böyük quruculuq, abadlıq işləri aparılır, sosial obyektlər, yeni müəssisələr tikilir, iş yerləri açılır, şəhər abadlaşır. Doğrudan da abadlıq şəhərə yenidən qayıtdı. Necə ki, 1970-ci illərdə Sabirabad çox böyük inkişaf yolu keçmişdi və burada həm sənayenin, həm kənd təsərrüfatının inkişafı, həm də sosial obyektlərin tikintisi geniş vüsət almışdı, indi yenidən o həyata dönür".

Həqiqətən də son illər burada görülən əsaslı işlər bu yerlərin simasını büsbütün dəyişib. Yeni prospektlər və xiyabanlar salınıb, yollar, küçələr abadlaşdırılıb, bir-birindən yaraşıqlı inzibati və yaşayış binaları tikilib, köhnə tikililər sökülərək yerində müasir tipli obyektlər inşa olunub, yaşıllıq zonaları yaradılıb.

Yeni salınmış "Muğan" prospektinin başlanğıcında "Giriş qapısı" kompleksi tikilib. Şərq memarlıq üslubunda qiymətli daşlardan inşa olunmuş kompleks böyük bir sahəni əhatə edir. Kompleksdəki 3 fəvvarə və işıqlandırma sistemi vahid avtomatlaşdırılmış mərkəzdən idarə olunur.

Olimpiya idman kompleksi də Muğan prospektində yerləşir. Dövlət başçısı tərəfindən təməli qoyulan və 2008-ci ildə istifadəyə verilən bu kompleks 2 əsas binadan, 3 kottecdən və 28 yerlik mehmanxanadan ibarətdir. Müxtəlif idman yarışları keçirmək üçün burada hər cür şərait vardır.

Şəhərin giriş hissəsində, Muğan prospektinin başlanğıcında Şəhidlər xiyabanı salınıb. Xiyabana 1240 kvadratmetr mərmər döşənib, burada "Ana və əsgər oğul" abidəsi, 2 Milli Qəhrəmanın - Mübariz Əhmədovun və Fərhad Ağayevin büstləri qoyulub. Şəhid məzarları qiymətli daşlardan hörülüb və bütün rayon şəhidlərinin adları qara mərmər lövhələr üzərinə həkk edilib.

Giriş qapısından başlayaraq Muğan prospekti boyunca yollar genişləndirilib, asfalt örtük salınıb, avtomobillərin ikitərəfli hərəkəti təmin edilib, müasir işıqlandırma sistemi quraşdırılıb. Yol kənarındakı yöndəmsiz evlər və çəpərlər sökülərək yeniləri tikilib. Prospektdə, həmçinin, azərbaycanlıların soyqırımı qurbanlarının xatirəsinə "Kədərli Ana" abidə-kompleksi inşa edilib.

Ümumiyyətlə, ulu öndər Heydər Əliyevin adını daşıyan prospektdə böyük tikinti və yenidənqurma işləri aparılmışdır. Prospektin giriş hissəsində dairəvi yolun mərkəzində qlobus-fəvvarə quraşdırılıb. Buradan Heydər Əliyev abidə-muzey kompleksi möhtəşəmliyi ilə diqqəti cəlb edir. Muzey iri və zəngindir. Ümumi sahəsi 470 kvadratmetr olan muzeydə qiymətli eksponatlar, sərgi salonu, konfrans zalı, elektron kitabxana vardır. Burada 2 fəvvarə tikilmiş, 3 min kvadratmetrə yaxın sahəyə qranit üzlüklər, 5 min kvadratmetrdən çox əraziyə isə daşlar döşənmiş, ətrafa 200-dən çox həmişəyaşıl ağaclar və gül kolları əkilmişdir. Kompleks elektron işıqlandırma sisteminə qoşulmuşdur.

Prospekt boyunca 17 çoxmərtəbəli yaşayış binasının və 22 fərdi evin örtükləri dəyişdirilib, fasadları rənglənib. 20 Yanvar və İ.İsgəndərov küçələrindəki çoxmərtəbəli binalarda da bu cür iş aparılıb. Hər iki küçə və Melioratorlar qəsəbəsi boyunca yeni səkilər salınıb, müasir işıqlandırma yaradılıb. 20 Yanvar küçəsində istifadəsiz qalmış böyük bir ərazidə yeni park salınıb, oturacaqlar qoyulub.

Prospektdə yerləşən Heydər Əliyev adına mədəniyyət sarayı əsaslı təmir olunub. Tikintidə mərmər daşlardan geniş istifadə edilib. 426 nəfərlik zal müasir tələblər səviyyəsində yenidən qurulub. Sarayın qarşısında meydanda 2 fəvvarə qurulub.

Heydər Əliyevin adını daşıyan park da yeni görkəm alıb. Bu mədəniyyət və istirahət parkında qranitdən ümummilli liderin büstü qoyulub, müasir tipli üstüörtülü səhnənin qarşısında 5 min nəfərlik meydança, gənclər üçün minifutbol meydançası tikilib. Üzlük daşlardan giriş qapısı və hasarlar inşa olunub, ərazidə 6 mindən çox bəzək ağacları və gül kolları əkilib, müasir işıq sistemi quraşdırılıb, rahat oturacaqlar qoyulub. Parkda diametri 41 metr olan fəvvarə tikilib.

2008-ci ildə istifadəyə verilən, ölkə Prezidenti cənab İlham Əliyevin də açılışında iştirak etdiyi Gənclər evi də Heydər Əliyev prospektinə xüsusi gözəllik verən obyektlərdəndir. Gənclər evində konfrans salonu, kompüter otağı, elektron kitabxana, dərnəklər və vətənpərvərlik mövzusunda dərslərin keçirilməsi üçün otaqlar vardır.

Şəhərdə şadlıq sarayı, ticarət mərkəzini özündə birləşdirən "Kür-Araz" kompleksi, "Ümid" sağlamlıq mərkəzi, "Şam" sağlamlıq və istirahət kompleksi də istifadəyə verilib. Mərkəzi stadionun əsaslı təmiri də gənclərə böyük töhfədir.

Abadlıq, quruculuq kəndlərə də ayaq açıb. Rayon mərkəzindən ucqarda yerləşən müxtəlif yaşayış məntəqələrində tikinti-abadlıq işləri uğurla davam etdirilir. 67 kənddə 122,2 kilometr uzunluğunda yollara çınqıl döşənib, mərkəzi yollarda 202,1 kvadratmetr sahəyə asfalt örtük salınıb, magistral avtomobil yolu boyunca 16 dayanacaq istifadəyə verilib, Şəhriyar kəndində yeni ticarət mərkəzi tikilib. Yaşıllıq sahələrinin sırası yeni əkilmiş bəzək ağacları və gül kolları hesabına daha da genişləndirilib. Qalaqayın kəndində magistral yol boyu dekorativ beton hasarlar çəkilib. Güdəcühür kəndində yerləşən Böyük Vətən müharibəsi iştirakçılarının xatirəsinə ucaldılmış abidə yenidən qurulub, "Muğan qızı" abidə kompleksi əsaslı təmir olunub. Son 3 il ərzində kəndlərdə 124 ticarət və iaşə obyekti tikilib, 12 texniki xidmət servisi açılıb.

Muğan düzündə gözəlliyi, yaraşığı ilə göz oxşayan Sabirabadın sənaye potensialı da sürətlə artır. Əsasən kənd təsərrüfatı rayonu olan Sabirabadda son illər sement zavodu, alkapon zavodu, traktor təmiri zavodu və bir çox başqa iri sənaye müəssisəsi fəaliyyətə başlamış, xeyli yeni iş yeri açılmışdır.

 

 

Lazım QULİYEV

 

Azərbaycan.- 2009.- 29 oktyabr.- S. 6.