İşıqlı amal sahibi

 

Ömrünün yarım əsrdən çoxunu mətbuata, ədəbiyyata bağlayan, onun inkişafında öz dəstxətti ilə tanınan qocaman, lakin qəlbi həmişəkitək gənclik eşqi ilə döyünən yazıçı-jurnalist Əfqan Əsgərov çoxuna nümunə ola bilər.

Bu cür işıqlı ziyalılarımızı bir-birindən fərqləndirən, həm də birləşdirən ədəbiyyatımıza gətirdikləri fərdilik, işıqlı amal, vətən eşqi, təəssübkeşlik, mətnlik və prinsipiallıqdır. Əfqan Əsgərovun bir yazıçı kimi qəlbindən gələn yazıları milli adət-ənənələri, tarixi-fəlsəfi təfəkkür və düşüncələri özündə birləşdirdiyindən oxucunu həmişə düşündürür. Əfqan Əsgərov kimi insanların yaradıcılığının işığı başqalarının da ömür yolunu elmi yaradıcılıq nuruna boyayır, vaxt gəlir cəmiyyətin bu ruhda ərsəyə çatan vətəndaşı özü dəyərli mənəviyyat sahibinə çevrilir.

İstər nəsr, istərsə də dramaturgiya sahəsində bir-birindən maraqlı əsərlər yazan müəllifin "Sarı əlcək", "O mənim oğlumdur", "Dağ seli", "Gülməyən adam", "Qız atası" adlı pyeslərinin ölkə teatrlarındakı tamaşa həlli geniş əks-səda doğurdu. Bu yazıçını ədəbi ictimaiyyətə sevdirən, onun əsərlərindəki səmimiyyət və təbiilikdir. Mən çox sevinirəm ki, uzun illər istər yazıçı, istərsə də jurnalist kimi fəaliyyət göstərən Əfqanın bütün əsərlərini demək olar ki, oxumuşam. Hər dəfə də bu müəllifin təfəkkürünə, bədii təxəyyülünə, yaratdığı obrazların müxtəlifliyinə, seçdiyi mövzunun rəngarəngliyinə heyrət etmişəm. Əfqan nədən yazıbsa, həmişə maraqlı alınıb.

Yaradıcılıq aləminin özünəməxsus qəribəlikləri var. Xüsusilə də müəllifin xarakteri həmişə bu yazılarda öz əksini tapır. İstər bədii əsər olsun, istərsə də sənədli oçerk, məqalə... fərq etməz. Qarşıya qoyulan məqsəd eyni olur. Oxucuya mükəmməl, bitkin və təsiredici bir yaradıcılıq nümunəsi bəxş etmək. Həqiqətən sevindirici faktdır ki, nə dəyişən quruluşlar, nə rəngə boyanan mətbuat, nə mənəvi dəyərləri sıxışdıran "yeniliklər" Əfqan Əsgərovun yaradıcılığına təsir etmədi. Əvvəldən indiyə kimi yaradıcılığa hansı ahənglə başlamışdısa, eləcə də fəaliyyətini davam etdirir. Bu, hər kəsə nəsib olan xoşbəxtlik deyil.

Əfqanın ömrünün 80 illik zirvəsi artıq geridədir. Amma həyat davam edir. Və hələ neçə-neçə fəth olunacaq zirvələr bizim sevimli yazıçımızı gözləməkdədir. Onun yaradıcılığını həmişə müntəzəm izləyən bir oxucu kimi ürəkdən arzulayıram ki, bu fəth olunmamış yeni zirvələrdə biz Əfqan Əsgərovun yazıçı və jurnalist kimi izini görək və sözünü eşidək. Əfqan Əsgərov respublikamızın ağsaqqal jurnalistlərindəndir. Demək olar ki, bir məktəbdir. Onun yaradıcılığından öyrənmək təqdirəlayiqdir.

Həmişə təvazökar, sadə və ağayana bir ömür sürən Əfqan Əsgərov Azərbaycan ədəbiyyatının və mətbuatının cəfakeş nümayəndələrindən biridir. Belə insanların bu gün sıramızda olması sevindiricidir. Yazıçının duyacağı sevinc isə yeni-yeni kitablarının işıq üzü görməsidir. Arzumuz budur ki, Əfqan Əsgərovun oxucuları ilə ünsiyyəti, yəni kitab vasitəsi ilə görüşü müntəzəm olsun.

 

 

Akif NƏRİMANOV,

geologiya-mineralogiya

elmləri doktoru, professor

 

Azərbaycan.- 2009.- 29 oktyabr.- S. 7.