Bir vücudda iki can - Türkiyə-Azərbaycan!

 

Eyni soya-kökə, dilə, mədəniyyətə, milli-mənəvi dəyərlərə sahib olan Türkiyə və Azərbaycanın münasibətlərində hələ dövlətlərarası hüquqi əlaqələrin olmadığı çağlarda belə xalqlararası həmrəyliyin, dostluğun, qardaşlığın gözəl örnəkləri mövcud olub. XX əsrin əvvəllərində bu doğmalıq və qardaşlıq dövlətlərarası əlaqələrdə əsas olmuş, iki xalq arasında hər bir sahənin, o cümlədən siyasi-hərbi əməkdaşlığın təməli qoyulmuşdur. Tarixi mənbələr göstərir ki, Balkan savaşında Türkiyəyə ilk siyasi dəstəyi verən qardaşı Azərbaycan olmuşdur. 1912-ci ildə İstanbulun "Səbilür-Rəşad" məcmuəsində Azərbaycanın bəyanatı dərc olunur: "Dindaşlar! Bilin və agah olun ki, yeganə ümidimiz və nicatımız Türkiyənin istiqlal və tərəqqisindədir. Cəmi aləm bilir ki, islam xilafətinə sahib olan Türkiyəyə qarşı bu müharibəni Balkanın ufaq və küçük hökumətləri elan etməmişlər. Çünki şir nə qədər zəif olsa da, çaqqallar və tülkülər ona yaxın gəlməyə cürət etməzlər. Bu işləri işləyən, insaniyyət düşməni və "dünya jandarmı" ləqəbi ilə məşhur olanlardır ki, hər gün tibb ləvazimatı, həkimlər və könüllülər adı altında böyük-böyük nizamilər (ordular) göndərir".

 

Tarixində çox çətin bir dönəm yaşayan türklərə ilk maddi və mənəvi yardımı da azərbaycanlılar etmişdir. Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyev yer-yurdlarından qaçqın düşən Balkan türklərinin maddi ehtiyaclarını ödəmək üçün edilən müraciətlərə müsbət cavab vermiş, onlara maddi yardım göstərmişdir.

1918-ci ildə isə Azərbaycanı erməni-bolşevik istilasından, qətliamlardan qurtarmaq üçün beynəlxalq təzyiqlərə baxmayaraq, rəşadətli türk ordusu sərhədləri aşaraq Azərbaycana gəlmiş, istiqlal tariximizin şərəfli səhifələrinə həmmüəlliflik etmişlər. Türkiyənin həmin dövrdəki hərbiyə naziri Ənvər paşanın səyi ilə yaradılan və kiçik qardaşı, general-leytenant Nuru paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu bolşevik-daşnak və ingilis hərbi birləşmələri ilə aparılan savaşda böyük fədakarlıq göstərmiş, Azərbaycanı parçalanmaqdan xilas etmişdir. Azərbaycanın milli-hərbi qüvvələri ilə birlikdə döyüşən, eyni dildə Nuru paşadan döyüş komandası alan Qafqaz İslam Ordusunun tərkibində 1140 türk əsgəri şəhid oldu. Anadolu məhmətlərinin Azərbaycan uğrunda tökülən qanlarının izləri bu gün də ölkəmizin müxtəlif bölgələrində qalmaqdadır. Qafqaz İslam Ordusunun iştirakı ilə ilk dəfə olaraq Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlıq tarixinin də əsası qoyulur. Göründüyü kimi, hər bir tarixi dönəmdə yaşadıqları çətinliklərə baxmayaraq, Türkiyə ilə Azərbaycan hər zaman bir-birinin yanında olmuş, bir-biri üçün son qanlarınadək savaşmışlar. XX əsrin əvvəllərində böyük türk və Azərbaycan ziyalılarının canları və qanları hesabına yaratdıqları türkçülük məfkurəsi əsrin sonunda türk dünyasını xilas etdi. Türk dünyasının böyük oğullarından biri Heydər Əliyevin bir fikri dediklərimizin tamamıdır: "Mən türkdilli dövlətlər birliyinə daxil olan Azərbaycan Respublikası adından onu demək istəyirəm ki, iqtisadi, mənəvi, elmi, mədəni sahələrdə, tarixi köklərimizin, dinimizin, dilimizin bir olduğuna və başqa məsələlərə görə bir-birimizə daha da yaxınlaşaq, qovuşaq".

Birinci Dünya müharibəsi Osmanlı dövləti üçün çox böyük fəlakətlə nəticələndi. Padşah Sultan Vəhdətdin olmaqla İstanbul hökuməti Antanta dövlətlərindən tamamilə asılı vəziyyətə düşmüşdü. Bu da azmış kimi, Anadolunun böyük bir hissəsi və boğazlar ingilis-fransız və yunan işğalçılarının nəzarəti altına keçir, Anadolunun şərqində isə Ermənistan və Kürdüstanın qurulması planlaşdırılırdı. Belə bir ağır vəziyyətdə 1919-cu ilin mayında şərqi və mərkəzi Anadoluda general Mustafa Kamal paşanın liderliyi altında türk Milli Azadlıq Hərəkatı başladı. Bu o vaxt idi ki, yunan qoşunları imperialist dövlətlərin hərbi gəmilərinin köməyi ilə İzmiri işğal edib İstanbula doğru hərəkət edirdi. General Mustafa Kamal paşa tez bir zamanda millətinin övladlarını başına toplayaraq qanlı savaşlara girir və 1922-ci ilin payızında imperialist qüvvələrin üzərində tam və qəti qələbə ilə Türkiyənin al bayrağını qaldırır. İşğal olunmuş bütün ərazilər düşmən qüvvələrindən təmizlənir, Qara Dəniz sularında Türkiyə gəmiləri üzməyə başlayırdı. Türkiyənin bu qələbəsi əsrlərdən bəri müstəmləkə əsarətində yaşayan digər türk dövlətlərinin, ilk növbədə, Şərq xalqlarının milli-azadlıq hərəkatına səbəb oldu. 1922-ci ilin yayında Müstafa Kamal paşa Atatürk deyirdi: "Türkiyənin bugünkü mübarizəsi yalnız özünün azadlığı naminə və payına olsaydı, bəlkə də daha qısa, daha az qanlı olar və tez qurtarardı. Türkiyə qəti və ciddi səylər sərf edir. Çünki apardığı mübarizə məzlum millətlərin, bütün Şərqin mübarizəsidir".

Beləliklə, 1923-cü il oktyabrın 29-da müstəqil, çağdaş Türkiyə Respublikası dünyaya bəyan edilir. Bir neçə il öncə Anadolu torpaqlarını bölüşdürməyə cəhd edən dövlətlər indi onun ərazi bütövlüyünü rəsmi şəkildə tanıyır, tələblərini qəbul edirdi.

Türkiyənin böyük qurbanlar və dağıntılar bahasına siyasi müstəqilliyini əldə etməsi onun çoxəsrlik tarixində dönüş nöqtəsi olur, ölkənin milli dirçəlişi üçün əlverişli şərait yaranır. Hakimiyyətə gəlmiş yeni Türkiyə hökumətinin qarşısında ölkəni inkişaf etmiş qabaqcıl dövlətlər səviyyəsinə qaldırmaq, onun siyasi, iqtisadi və mədəni həyatında mövcud olan orta əsr geriliyini ləğv etmək kimi mühüm bir vəzifə dururdu. Mustafa Kamal paşanın ən böyük arzusu Qərb modelinə uyğun yeni Türkiyə dövləti yaratmaq və qardaş türk xalqları ilə yaxınlaşmaq idi. O, dahi gedişlə bunların hamısına bir mübarizəsində nail ola bildi. 1921-ci ildə Atatürk Azərbaycan haqqında deyirdi: "Azəri türklərinin dərdləri bizim dərdimiz, sevincləri bizim sevincimizdir". Bu, Türkiyənin Azərbaycana yaxınlaşmasına, qardaşlaşmasına, onun dərdlərinə, sevinclərinə və problemlərinə şərik olmaq deməkdir. Bu gün, doğrudan da, Azərbaycanla Türkiyə münasibətlərində bütün sahələr prioritetdir: iqtisadiyyat, siyasət, mədəniyyət, təhsil, sosial və sair. Ancaq ən önəmlisi qardaşlıq və birlikdir. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində "Bir millətin iki diasporu olmaz" deyirdi. Məqamında və yerində deyilmiş bu sözlər iki qardaş xalqın birliyinin ən gözəl ifadəsidir. Hər iki qardaş xalq və dövlət xarici siyasətdə də hər zaman bir-birinin yanındadır. Bakı və Ankaranın regionda və beynəlxalq aləmdə baş verən bütün hadisələrə münasibəti hər iki tərəfin maraqlarını ifadə edəcək formada həyata keçirilir. Azərbaycanla bağlı istənilən məsələnin BMT, Avropa Şurası, ATƏT və digər nüfuzlu beynəlxalq təşkilatlarda müzakirəsi zamanı ölkəmiz birinci olaraq qardaş Türkiyənin dəstəyini hiss edir. Eyni zamanda, Bakı da hər zaman Ankaraya eyni sevgini nümayiş etdirir.

Azərbaycanla Türkiyə arasında sıx əlaqələr mövcuddur. Siyasi, iqtisadi, mədəni və bütün sahələrdə. İqtisadi artım tempinə görə dünya lideri Azərbaycanın sosial-iqtisadi inkişafında Türkiyə şirkətlərinin də böyük rolu var. Neçə illərdir ki, türk iş adamları Azərbaycanda iqtisadi həyatın bütün sferalarına böyük həcmdə yatırımlar qoyur. Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərləri və reallaşmaq üzrə olan digər layihələr ölkələrimizin müştərək inkişafına böyük təkan verir. Qardaş ölkə bu gün Azərbaycan Silahlı Qüvvələrinin NATO standartlarına uyğunlaşdırılmasına, müdafiə sənayesi kompleksinin inkişafına mühüm töhfələr verməkdədir.

Neçə vaxtdır ki, Türkiyə-Ermənistan arasında sərhədlərin açılması məsələsinin fonunda erməni lobbisinin təsiri altında olan bəzi dairələr və xarici kütləvi informasiya vasitələri iki qardaş xalqın münasibətlərinin pozulması üçün böyük "əmək" sərf edir, var gücü ilə çalışırlar. Onlar bilməlidirlər ki, bu qardaşlar arasında münasibətlər elə möhkəm, elə mətin qurulmuşdur ki, heç bir zaman onların arasına girmək mümkün deyil. Necə ki, ötən əsrdən bəri dəfələrlə belə cəhdlər olmuş, lakin sonda boşa çıxmışdır. Qarabağ problemi də hər ikisi üçün eyni həssaslığa malikdir. Məhz Qarabağ işğal edildiyi üçün Türkiyə sərhədləri bağlamışdır. Bu fikri Türkiyə hər cümləsinin başında xüsusilə vurğulayır. Heç kimdə zərrə qədər şübhə yoxdur ki, hər iki xalqın bayrağı sonsuzluğadək yan-yana dalğalanacaq.

Qardaş Türkiyə və Azərbaycan tarixin bütün mərhələlərində qarşılaşdıqları ağır sınaqlara baxmayaraq, sonda yenidən birləşib bütünləşiblər. XXI əsrdə isə ölkələrimizi nəinki tarixi köklər, adət və ənənələr, həm də dövlətlərimizin müstəqilliyi və suverenliyinin möhkəmləndirilməsi, regionda sülhün və əməkdaşlığın bərqərar edilməsi kimi böyük amal birləşdirir. Böyük türk xalqının maraqlarının qorunması və etibarının yüksəldilməsi uğrunda mübarizədə qardaşların bir-birinə dəstək verməsindən gözəl və müqəddəs nə ola bilər?! Dünya svilizasiyasının inkişafına böyük töhfələr vermiş böyük türk xalqı bu vəzifənin öhdəsindən hər zaman ləyaqətlə gəlib və iki qardaş xalq qoşa addımladıqca güc daha da artacaq. Böyük türk şairinin dediyi kimi: "Bir vücudda iki can - Türkiyə - Azərbaycan".

 

 

Rəsmiyyə RZALI

 

Azərbaycan.- 2009.- 29 oktyabr.- S. 7.