Heydər Əliyev Mərkəzinin
açılışı
Oktyabrın 29-da Prezident İlham Əliyev
və xanımı Mehriban Əliyeva İsmayıllı şəhərində
Heydər Əliyev Mərkəzinin
açılışında iştirak etmişlər.
Dövlətimizin
başçısı açılışı bildirən
lenti kəsdi və mərkəzlə tanış oldu.
İsmayıllı Rayon İcra
Hakimiyyətinin başçısı Nizami Ələkbərov
bildirdi ki, mərkəzin tikintisinə 2007-ci ilin yanvarında
başlanmış, inşaat işləri 2008-ci ilin
mayında başa çatdırılmışdır. Mədəniyyət
və Turizm Nazirliyinin qərarı ilə 2009-cu ilin
mayından isə bura Heydər Əliyev Mərkəzi
adlandırılmışdır. Mərkəz hər biri 730
kvadratmetr olmaqla iki mərtəbədən və zirzəmi
qatından ibarətdir. Burada şahmat, aviamodelçilik, heykəltəraşlıq,
rəssamlıq, "Bacarıqlı əllər" uşaq
dərnəkləri fəaliyyət göstərir, xalq sənətinin
nümunələrindən ibarət guşə
yaradılmışdır. Birinci mərtəbədə daimi
fəaliyyət göstərən sərgi-ekspozisiya zalı,
ikinci mərtəbədə Heydər Əliyev irsini
araşdırma mərkəzi, elektron kitabxana, kitabxana,
kompüter otaqları, konfrans zalı vardır. Mərkəzdə
xarici dil və kompüter kurslarının təşkili də
nəzərdə tutulmuşdur.
Prezident İlham Əliyev və
xanımı Mehriban Əliyeva ulu öndərin həyatını,
respublikamıza rəhbərlik etdiyi dövrləri, eləcə
də İsmayıllı rayonuna səfərlərini əks
etdirən sərgi-ekspozisiya zalına, Heydər Əliyev irsini
araşdırma mərkəzinə, elektron kitabxanaya,
kitabxanaya, kompüter otaqlarına, konfrans zalına baxdılar.
Heydər Əliyev irsini
araşdırma mərkəzində ulu öndərin həyatına
dair filmlərin nümayişi üçün iki iri monitor
quraşdırılmışdır. Elektron kitabxanada
xüsusi sayt vasitəsilə ümummilli liderin irsi haqqında
29 dildə məlumat almaq mümkündür. Elektron
kitabxananın Mirzə Fətəli Axundov adına Milli
Kitabxana ilə internet vasitəsilə birbaşa əlaqəsi
vardır. Mərkəzin kitabxanasında 5 minədək kitab
toplanmışdır. Burada ulu öndərin həyatından
bəhs edən ayrıca guşə də vardır.
Dövlətimizin
başçısı mərkəzin Xatirə kitabına
ürək sözlərini yazmışdır.
Mərkəzin ətrafında 4,4
hektar sahədə abadlıq və yaşıllaşdırma
işləri aparılmışdır. Burada ulu öndərin
memarı görkəmli heykəltəraş Ömər
Eldarov olan qranitdən hazırlanmış 3,2 metr
hündürlüyündə abidəsi
ucaldılmışdır. Abidənin postamentinin
hündürlüyü 2,2 metrdir.
Ərazidə iki fəvvarə
quraşdırılmış, 22 metr hündürlükdə
dövlət bayrağı ucaldılmış, dairə
seçki komissiyasının, maliyyə idarəsinin,
prokurorluğun, əmək və əhalinin sosial müdafiə
mərkəzinin yeni inzibati binaları tikilmiş, rayon mədəniyyət
evi, mərkəzi kitabxana, uşaq kitabxanası əsaslı təmir
edilmişdir. Mərkəzin ətrafındakı əraziyə
22 min 500 kvadratmetr daş plitə döşənmiş,
müxtəlif ölçülü və orijinal dizayn ilə
fərqlənən 500 fənərdən ibarət müasir
işıqlandırma və suvarma sistemləri
quraşdırılmışdır. Ərazidə
yaşıllaşdırma işlərində 4 min ağac və
gül kollarından, 3 min ədəd çiçəkdən,
12 min kvadratmetr döşəmə qazondan istifadə
olunmuşdur.
Şəhərin mərkəzindən
keçən yola cilalanmamış 4260 kvadratmetr qranit daş
döşənmişdir. Mərkəzin arxa tərəfində
də müasir istirahət guşəsi
yaradılmışdır. Burada müxtəlif iaşə
obyektləri fəaliyyət göstərir.
Heydər Əliyev Mərkəzinin
ətrafında salınan istirahət kompleksi və buradakı
inzibati binalar ümumi ansambl təskil edir və şəhərə
xüsusi yarasıq verir.
AzərTAc
Azərbaycan.- 2009.- 30 oktyabr.- S. 1.