İsmayıllıda Olimpiya-İdman Kompleksi istifadəyə
verilmişdir
Oktyabrın 29-da Azərbaycan
Prezidenti İlham Əliyev İsmayıllıda
Olimpiya-İdman Kompleksinin açılışında
iştirak etmişdir.
Rayon ictimaiyyətinin
nümayəndələri dövlətimizin
başçısını və xanımını hərarətlə
qarşıladılar. Mehriban xanıma gül dəstəsi təqdim
olundu.
Son illər
İsmayıllıda inşa olunan infrastruktur obyektləri
sırasında Olimpiya-İdman Kompleksi də vardır. Azərbaycanda
idman hərəkatının geniş vüsət
aldığı bir vaxtda bölgələrdə olimpiya-idman
komplekslərinin inşası xüsusi əhəmiyyət
daşıyır. Dövlətimizin
başçısının tapşırığına əsasən,
təkcə 2008-ci ildə 8 olimpiya-idman kompleksinin
açılışı olmuşdur. Hazırda 20-dən
çox kompleksin inşası davam etdirilir.
Prezident İlham Əliyevin
regionlara səfərləri çərçivəsində
yeni olimpiya-idman komplekslərinin açılışında,
bəzilərinin isə təməlqoyma mərasimində
iştirak etməsi bu sahəyə dövlət
qayğısının daha da artdığını göstərir.
Yeni idman obyektləri dünya standartlarına cavab verməklə
yanaşı, həm də ölkəmizdə yaradılan
idman infrastrukturunun güclü əsaslara söykəndiyini təsdiqləyir.
Tam qətiyyətlə
demək olar ki, Azərbaycan dünya idman aləminə
aparıcı mərkəzlərdən biri kimi daxil
olmuşdur. Prezident İlham Əliyevin bu istiqamətdə
göstərdiyi səylər ölkəmizin bütün sahələrdə
olduğu kimi, idman aləmində də yetərincə
nüfuz qazanması ilə nəticələnmişdir.
Prezident İlham Əliyev
açılışı bildirən lenti kəsdi,
respublikamızda sayca 23-cü olan İsmayıllı
Olimpiya-İdman Kompleksi ilə tanış oldu.
Məlumat verildi ki, regionların
sosial-iqtisadi inkişafı Dövlət Proqramına əsasən
inşa olunmuş kompleksin tikinti işlərinə “Asnaf” sənaye-tikinti
şirkəti tərəfindən 2007-ci ildə
başlanmışdır. Tikinti-quraşdırma işlərində
rayonun 80-dək sakini iştirak etmişdir. Ümumilikdə
tikintinin qızğın vaxtında burada 300-dək yerli və
xarici mütəxəssis çalışmışdır.
Ümumi sahəsi 7,5
hektar, tikinti sahəsi isə 12 min kvadratmetr olan kompleksin əsas
binası iki mərtəbədən ibarətdir. Birinci mərtəbənin
foyesində ulu öndər Heydər Əliyevin və Prezident
İlham Əliyevin idmanın inkişafına göstərdikləri
diqqət və qayğını əks etdirən guşə
yaradılmışdır. Bu mərtəbədə müxtəlif
yarışların və məşqlərin keçirilməsi
üçün 510 tamaşaçı yeri olan idman zalı,
məşqçi, həkim otaqları və digər otaqlar
vardır.
İkinci mərtəbədə
trenajor və cüdo zalları, habelə ən müasir
avadanlıqla təchiz olunmuş konfrans zalı, yeməkxana,
inzibati və digər yardımçı otaqlar yerləşir.
Dövlətimizin
başçısı ikinci mərtəbənin eyvanından
kompleksin ərazisini seyr etdi.
Prezident İlham Əliyev
idman zalında idmançıların
çıxışlarını izlədi.
Ərazi ilə
tanışlıq zamanı məlumat verildi ki, burada 936 yerlik
süni örtüklü futbol meydançası, 191 yerlik
üzgüçülük hovuzu, 2 tennis kortu, ikimərtəbəli
4 kottec, basketbol və voleybol meydançaları, sahəsi 3
min kvadratmetr olan 500 yerlik avtomobil dayanacağı inşa
olunmuşdur. Ərazidə geniş abadlıq və yaşıllaşdırma işləri
aparılmış, 3 min dekorativ ağac və gül kolu əkilmiş,
17 min kvadratmetr sahəyə asfalt, 8 min kvadratmetr sahəyə
isə müxtəlif daşlar döşənmişdir.
FİFA standartlarına cavab verən
stadionun süni örtüyü ən müasir tələblərə
uyğundur. Ən güclü yağışlar zamanı belə
bu qurğuda su gölməçələri yaranmır. Burada
quraşdırılan xüsusi drenaj sistemi yağış
sularını dərhal kənarlaşdırır. Stadion və
yüngül atletlər üçün meydançanın
ümumi sahəsi 13 min kvadratmetrdən çoxdur. Kompleksə
su burada qazılan 2 artezian quyusundan götürülür.
Olimpiya-İdman Kompleksi
İsmayıllı rayonunda idmanın müxtəlif sahələrinin
müasir tələblər səviyyəsində inkişaf
etdirilməsi üçün lazımi avadanlıqla təchiz
olunmuşdur.
Komplekslə tanışlıqdan
sonra dövlətimizin başçısı rayon ictimaiyyətinin
nümayəndələri ilə görüşdü.
Prezident İlham ƏLİYEV
rayon sakinlərini təbrik edərək dedi:
-Sizi təbrik edirəm. Bu gözəl Olimpiya Kompleksinin açılışı
münasibətilə sizi ürəkdən təbrik edirəm.
Əminəm ki, İsmayıllıda idmançılar bu
kompleksdən çox səmərəli şəkildə
istifadə edəcəklər və Azərbaycanın idman
şöhrətinə ismayıllılılar da öz
töhfələrini verəcəklər.
Burada idmanla məşğul olmaq üçün bütün şərait vardır. Burada ən müasir standartlar tətbiq olunub. İsmayıllı rayonu üçün belə bir kompleksin yaradılması çox əhəmiyyətli hadisədir. Bilirsiniz ki, Azərbaycanın demək olar, bütün bölgələrində belə gözəl idman qurğuları tikilib, biri də İsmayıllıda. İdman sağlamlıq deməkdir və hər bir ölkənin inkişafının əlamətidir. Mən istəyirəm ki, İsmayıllıdan olan idmançılar da Olimpiya oyunlarında medallar qazansınlar və dünya çempionatlarında yüksək yerləri tutsunlar.
Ümumiyyətlə, İsmayıllı rayonunun inkişafı çox sürətlə gedir. Mənə verilən məlumata görə, son beş il ərzində İsmayıllıda iqtisadiyyat təxminən üç dəfə artmışdır. Bu, onu göstərir ki, rayonun imkanlarından səmərəli istifadə olunur və Azərbaycanın bütün regionlarında olduğu kimi, burada da yaxşı nəticələr vardır. Azərbaycanın ümumi iqtisadi inkişafı son 5-6 il ərzində dünyada ən yüksək templərlə artmışdır. O cümlədən, hər bir rayonun iqtisadi göstəriciləri də bizi çox sevindirir. Bu onu göstərir ki, Azərbaycan iqtisadiyyatı hərtərəfli inkişaf edir, ancaq bir sahədən asılı deyil, energetika sahəsindən asılı deyildir. Əgər belə olmasaydı, bölgələrdə iqtisadi inkişaf sürətlə getməzdi. Həm sosial məsələlərin həlli, həm abadlıq-quruculuq, infrastruktura - bax bu gün Bakıdan Şamaxıya, İsmayıllıya qədər yeni yol salınır, çox gözəl, keyfiyyətli, rahat. Əvvəllər yol çox pis vəziyyətdə idi. Siz də bunu yaxşı bilirsiniz. Amma bu gün bu, dünya standartları səviyyəsindədir.
Bu yolun tikintisi davam edir. Yolun tikintisi sərhədə qədər, Balakənə qədər davam edəcəkdir. İstər-istəməz bu, özlüyündə artıq bu zonanın, bölgənin inkişafına təsir göstərəcəkdir.
Yol olan yerdə turizm də inkişaf edəcəkdir. Mənə deyiblər, indi baxacağam, müasir, beşulduzlu yeni mehmanxana tikilir. İsmayıllı çox səfalı yerdir, gözəl təbiətə malik olan rayondur. Burada turizmin inkişafı üçün çox gözəl imkanlar vardır. Amma gərək turizmin inkişafı üçün şərait olsun. Yol, bütün infrastruktur, belə gözəl idman qurğuları, mehmanxanalar. Turizmin inkişafı rayonun iqtisadiyyatına çox böyük töhfə verəcəkdir. Onsuz da bizim rayonlarımızın tam əksəriyyəti dotasiya əsasında yaşayır. Rayonlarda yığılan vəsait rayonların fəaliyyəti üçün, yaşaması üçün kifayət deyildir. Yəni, bütün rayonlar dövlət büdcəsindən dotasiya alaraq öz işlərini qururlar və o cümlədən, infrastruktur, abadlıq işləri - bütün bunlar dövlət tərəfindən görülən tədbirlərdir. Ancaq infrastrukturun müasirləşməsi, mövcudluğu özəl sektoru da bu işlərə cəlb edəcəkdir.
Bu gözəl Olimpiya Kompleksi dövlət tərəfindən tikilib. Mehmanxana özəl şirkətlər tərəfindən tikilir. Yol, elektrik stansiyaları, qaz xətləri, bütün infrastruktur layihələrini dövlət öz üzərinə götürüb. Məktəblər, tibb məntəqələri - İsmayıllıda son illər ərzində bir neçə məktəb tikilib və bu proses hələ davam edir. Özəl sektorun inkişafı üçün də şərait yaradılır, dəstək verilir, o cümlədən də maliyyə dəstəyi, kreditləşmə, sahibkarlığın inkişafı, kənd təsərrüfatına dövlət tərəfindən edilən subsidiyalar. Azərbaycanda kənd təsərrüfatı artır, sənaye artır, iqtisadiyyat artır. Bütün başqa ölkələrdə iqtisadiyyat böhrana görə aşağı gedir, haradasa 10 faiz, haradasa 20 faiz. Azərbaycanda iqtisadi artım 6 faizdir. Bəziləri bunu neft amili ilə bağlayırdılar ki, Azərbaycanda neft hasil edilir, ona görə iqtisadi artım vardır. Neft başqa ölkələrdə də çıxarılır, bizdən daha da böyük həcmdə. Ancaq o ölkələrdə iqtisadiyyat tənəzzülə uğrayır, Azərbaycanda isə inkişaf edir. Nəyin hesabına? Düzgün siyasətin hesabına, düşünülmüş iqtisadi islahatların hesabına. Azərbaycanın bütün imkanları səfərbər edilib, potensial təhlil edilib, lazım olan qərarlar verilib, güclü investisiyalar xərclənib, bu gün də xərclənir. Bu, bütün ölkəmizi canlandırır.
Belə gözəl gündə bir daha sizi ürəkdən salamlayıram. İsmayıllının bütün sakinlərinə xoşbəxtlik arzulayıram. Arzu edirəm ki, bu gözəl imkanlardan təkcə idmançılar yox, eyni zamanda, rayon sakinləri də istifadə etsinlər. Fiziki sağlamlığın möhkəmlənməsi üçün uşaqlar səmərəli istifadə etsinlər. Burada bölmələr qurulsun, uşaqlar, yeniyetmələr gəlsinlər, məşq etsinlər. Sizə gələcək işlərinizdə uğurlar arzulayıram.
* * *
Rayon Məşğulluq Mərkəzinin direktoru Rüstəm SƏMƏDOV İsmayıllı ictimaiyyətinin minnətdarlığını və ən xoş arzularını dövlətimizin başçısına çatdıraraq dedi:
-Cənab Prezident!
İcazə verin, bu xoş gündə bütün İsmayıllı camaatı, İsmayıllı idmançıları adından Sizi və hörmətli Mehriban xanımı salamlayım və “Xoş gəlmisiniz!” deyim.
Cənab Prezident, biz belə möhtəşəm bir idman kompleksinin açılışını səbirsizliklə gözləyirdik. Bu gün bütün ismayıllılılar, hər birimiz bu arzuya çatdıq. Sizin idmana, gənclərə, yeniyetmələrə, gələcək nəsillərin xoşbəxt yaşamasına göstərdiyiniz diqqət və qayğının nəticəsində bu gün biz bu arzuya çatdıq.
Cənab Prezident, Siz ulu öndərimiz Heydər Əliyevin siyasətini, onun gənclərə göstərdiyi qayğını, əhaliyə, onların sağlamlığına göstərdiyi bütün qayğıları uğurla davam etdirirsiniz. Bütün bunlara görə biz bir daha Sizə minnətdarlığımızı bildiririk.
Cənab Prezident, biz televiziyada Sizin idman komplekslərinin açılışında iştirakınızı izləyirik. Bu gün qürurla deyə bilərəm ki, belə işləriniz daha da uğurla davam edir. Təkcə son bir ayda Siz Azərbaycanın ayrı-ayrı bölgələrində artıq üçüncü idman kompleksini açdınız. Dünyanın heç bir ölkəsində biz belə şeyə rast gəlməmişik. Dünyada, lap o güclü dövlətlər belə şeylərə hələ nail ola bilmir. Bütün bunlar Sizin ulu öndərimiz Heydər Əliyev siyasətini uğurla davam etdirməyinizin, iqtisadiyyatımızın inkişafının davam etdirilməsinin nəticəsində mümkün olmuşdur.
Cənab Prezident, İsmayıllının özünəməxsus idman ənənələri olmuşdur. Azərbaycan Respublikasının idman ənənələrinə onların da töhfəsi olmuşdur. Onlar da öz qüvvələrini səfərbər edərək yarışlarda iştirak etmişlər. Bu gün mən qürurla deyə bilərəm ki, Olimpiya Oyunlarının iştirakçıları, beynəlxalq idman turnirlərinin qalibləri, dünya və olimpiya çempionları İsmayıllıda da yetişmişdir. Lakin onda belə şərait yox idi. Bundan sonra belə gözəl şəraitdə idmançılarımız borcludurlar ki, daha böyük nəticələr, daha böyük nailiyyətlər əldə etsin, Azərbaycanımızın üçrəngli bayrağını dünyanın idman arenalarında qaldırsınlar.
Cənab Prezident, bu gün İsmayıllı Azərbaycanımızın digər bölgələri kimi daha da genişlənir, daha da inkişaf edir, quruculuq işləri ilə daha da zənginləşir. Bu cür obyektlərin açılması tez-tez mümkün olur. Bütün bunlara görə, bir daha ismayıllılılar adından, İsmayıllının hər bir vətəndaşı adından Sizə öz minnətdarlığımızı bildiririk. Bütün bu işlərdə Sizinlə çiyin-çiyinə çalışan Azərbaycan Milli Məclisinin deputatı, hörmətli Mehriban xanıma da öz minnətdarlığımızı bildiririk. Çünki təhsilimizin, idmanımızın, mədəniyyətimizin inkişafında onun çox böyük uğurları vardır.
Bir daha ismayıllılılar adından Sizə minnətdarlığımızı bildiririk. Allah Sizi qorusun.
* * *
İsmayıllı rayon ictimaiyyətinin nümayəndələri ilə xatirə şəkli çəkdirən Prezident İlham ƏLİYEV dedi:
-Stadion, ondan sonra tennis kortları, basketbol meydançası - dünya səviyyəsində kompleksdir. Həm Bakıdan gələn idmançılar, ən önəmlisi isə yerli idmançılar, xüsusilə uşaqlar istifadə edəcəklər. Burada bölmələr təşkil edilməlidir. Uşaqlar bu bölmələrdə məşğul olsunlar. Fiziki sağlamlıq hər bir vətəndaşa lazımdır. Amma çox gözəl bir abidə də yaradıldı. Sizi bir daha təbrik edirəm. Sağ olun.
AzərTAc
Azərbaycan.- 2009.- 30 oktyabr.- S. 2, 3.