Prezident İlham Əliyev İsmayıllının
İvanovka kəndində olmuşdur
Oktyabrın 29-da Prezident İlham Əliyev
və xanımı Mehriban Əliyeva İsmayıllı
rayonunun bu yaxınlarda 150 illiyi qeyd olunan İvanovka kəndinə
gəlmişlər.
Həmin gün kənddə məhsul
bayramı keçirilirdi.
Kəndin sakinləri dövlətimizin
başçısını və xanımını
böyük mehribanlıqla qarşıladılar. Milli geyimli
qızlar ali qonaqlara duz-çörək, gül dəstələri
təqdim etdilər.
Nikitin adına
kolxozun sədri Mixail Ponfyorov və İsmayıllı Rayon
İcra Hakimiyyəti başçısının İvanovka
inzibati ərazi vahidi üzrə nümayəndəsi Olqa
Jadina bu kənddə, o cümlədən Heydər Əliyev
küçəsində aparılan abadlıq-quruculuq işləri
barədə ətraflı məlumat verdilər. Qeyd edildi ki, kənddəki
inzibati binada yenidənqurma tədbirləri
görülmüş, Heydər Əliyev küçəsində
ulu öndərin abidəsi ucaldılmışdır.
Prezident İlham Əliyev və
xanımı Mehriban Əliyeva ulu öndərin abidəsini
ziyarət edərək gül dəstələri qoydular.
Burada ümummilli lider Heydər Əliyevin və Prezident
İlham Əliyevin İvanovkaya səfərlərini əks
etdirən fotoguşə yaradılmışdır.
Məlumat verildi ki, 2008-ci ildən
İvanovka kəndində abadlıq və quruculuq işlərinə
başlanmışdır. Nikitin adına kolxozun inzibati
binası, mədəniyyət sarayının fasadı əsaslı
təmir edilmiş, ətrafında abadlıq və
yaşıllaşdırma işləri aparılmış,
iki fəvvarə yenidən qurulmuşdur.
İkinci Dünya müharibəsində
İvanovka kəndindən cəbhədə həlak
olanların xatirəsinə yaradılmış abidə
kompleksi yenidən qurulmuşdur. Abidənin ətrafında və
mərkəzi küçədə işıqlandırma sistemi
quraşdırılmışdır.
Sonra dövlətimizin
başçısı və xanımı kəndin mərkəzində
məhsul bayramına toplaşmış sakinlərlə
görüşüb söhbət etdilər.
Bayramsayağı bəzədilən meydana İvanovka kəndinin
min nəfərə yaxın sakini toplaşmışdı.
Prezident İlham ƏLİYEV sakinləri salamlayaraq dedi:
- Salam, sizi görməyə şadam.
Kənd sakini: Xoş gəlmisiniz.
Prezident: Sağ olun. Biz bir neçə il əvvəl görüşmüşdük, budur, indi mən yenə də gəlmişəm və buradakı dəyişiklikləri görürəm. Əlbəttə, inkişaf vardır.
Kənd sakini: Bunlar Sizin zəhmətinizin bəhrəsidir, cənab Prezident.
Prezident: Bir də sizin fəallığınız.
Kənd sakini: Sizin bugünkü gəlişiniz məhsul bayramı ilə bir vaxta düşmüşdür. Bizim uğurlarımızın bəhrəsi anbarlarda və süfrələrdədir.
Prezident: Mən sizi məhsul bayramı münasibətilə təbrik edirəm. Sizin hamınıza ən xoş arzularımı çatdırıram, firavanlıq, xoşbəxtlik, sağlamlıq diləyirəm. Arzum budur ki, həmişə yaxşı yaşayasınız.
Kənd sakini: Sizə də cansağlığı arzulayırıq.
Prezident: Onda mən sizə kömək edəcəyəm.
Kənd sakini: Sağ olun.
Prezident: Qoy İvanovka inkişaf etsin, çoxəsrlik ənənələrini qoruyub saxlasın, cavanlar siz veteranlara baxıb nümunə götürsünlər, kənd təsərrüfatı, bütün infrastruktur inkişaf etsin. Mənə dedilər ki, yeni məktəb tikilmişdir. Dörd il əvvəl İvanovka sakinləri mənə müraciət etmişdilər və biz məktəb tikdik. Əgər daha nə isə etmək lazımdırsa, mənə deyin. Edərik.
Kənd sakini: Bəli, bizim arzularımız vardır.
Prezident: Deyin.
Kənd sakini: Biz, əlbəttə, Sizə təşəkkür edirik ki, gəlmisiniz. Biz çox şadıq ki, Siz öz səfərinizi bizim bayramımız - Məhsul Günü ilə bir vaxta salmısınız. Biz kənd təsərrüfatı bayramını qeyd edəcəyik. Bir də Sizə ona görə çox təşəkkür edirik ki, Siz atanızın vəsiyyətini unutmursunuz. O, Sizə vəsiyyət etmişdi ki, bizim kəndə diqqət yetirəsiniz. Allah Sizə cansağlığı versin. Görünür, Tanrı Sizin qəlbinizə yol açmışdır və onun köməyi ilə Siz respublikaya düzgün rəhbərlik edirsiniz. Sizin uğurlu rəhbərliyiniz bizim rayonun həyatında da hiss edilir. Bizim rayon həqiqətən gözəl görünməyə başlamışdır. Rayonumuz abadlaşır, Allah Sizə cansağlığı versin. Əlbəttə, bizə su da çəkilsəydi...
Prezident: Su?
Kənd sakini: Bəli, su sarıdan korluq çəkirik. Allah Sizə cansağlığı versin. Atanızın Sizə vəsiyyət etdiyi kimi, bizim kəndi unutmayın.
Prezident: Mən heç vaxt unutmuram. Bax, buraya gəlmişəm, Heydər Əliyevin abidəsi önünə çiçəklər qoymuşam və abidə ilə üzbəüz mənim dörd il əvvəl dediyim sözləri gördüm. Bu sözlər sizin də yadınızdadır, mənim də yadımdadır və ən başlıcası, bu dörd ildə həmin sözlər əməli işə çevrilib. Mən sizin qarantınızam. Mənə həmişə ümid edə bilərsiniz. Mən sizə həmişə kömək edəcəyəm. Mən həmişə maraqlanıram, burada işlər necə gedir, insanlar necə yaşayır, nə kimi problemlər var, daha nə etmək lazımdır? Mən Heydər Əliyevin siyasətini bütün istiqamətlərdə davam etdirəcəyəm.
O cümlədən İvanovka kəndinin sakinlərinə münasibətdə də. Rayon inkişaf edir. Bu gün mən rayon mərkəzində oldum və təzə parka, idman kompleksinə baxdım, hovuz da vardır. Gözəldir, beynəlxalq səviyyədədir. İvanovka da inkişaf edir.
Kənd sakini: Sağ olun.
Prezident: Azərbaycanda həmişə bütün xalqların nümayəndələri dinc şəraitdə yaşamışdır, yaşayır və yaşayacaqdır.
Kənd
sakini: Sizin atanız - mən onun sözlərini eşitmişəm
- Heydər Əliyev belə deyirdi: molokanlara toxunma, onlar mənim
xalqımdır. Bizdə isə belə bir məsəl var:
Yaxşı ağacın
Prezident: Heydər Əliyev həm də belə deyirdi: Qoy onlar necə istəyirlərsə, elə də yaşasınlar. Kolxozda yaşamaq yaxşıdırsa, qoy onlar elə kolxozda yaşasınlar. Bu da əyani misaldır ki, Azərbaycanda təsərrüfatçılıq formasından asılı olmayaraq, iqtisadiyyatın inkişafı üçün şərait yaradılmışdır. İstər fermer olsun, istər kolxozçu, elə böyük fərq yoxdur. Əsas məsələ odur ki, insan torpaqda işləyir. Siz əsrlər boyu Azərbaycan dövləti üçün çalışır və onun üçün sərvətlər yaradırsınız. Siz gələcəkdə də həmişə mənə arxalana bilərsiniz və Sizin bütün problemlərinizi imkan daxilində həll etməyə çalışacağıq.
Kənd sakini: Bizi dəstəklədiyiniz üçün sağ olun. Qoy ulu Tanrı bu diyara, Azərbaycan Respublikasına kömək olsun və respublikamız dünya səviyyəsinə yüksəlsin, ilk onluqdan kənara çıxmasın.
Prezident: Biz artıq bu istiqamətdə hərəkət edirik. Müstəqillik əldə etdiyimiz bu qısa müddətdə, daha dəqiq desək, 90-cı illərin ortalarından praktiki inkişaf başlanmışdır. Sizin hamınızın yadındadır ki, 90-cı illərin əvvəlində burada nələr baş verirdi, hansı siyasi və iqtisadi proseslər gedirdi. İqtisadi tənəzzül, iqtisadiyyatın dağılması, sənaye müəssisələrinin dayanması...
90-cı illərin ortalarında, Heydər Əliyev prezident vəzifəsinə gələn kimi islahatlar, tərəqqi başlandı və qısa müddətdə, 10 ildən bir qədər çox vaxtda Azərbaycan dünyanın bütün ölkələri arasında iqtisadiyyatın rəqabət qabiliyyətinə görə 51-ci yeri tutdu.
Biz yalnız zəhmət sayəsində, düzgün siyasət, iqtisadiyyatın düzgün təşkili, siyasi sabitlik, Azərbaycanda yaşayan bütün xalqlar arasında sülh sayəsində MDB-nin üzvü olan dövlətləri qabaqlamışıq. Təəssüf ki, bu, heç də hər yerdə belə deyildir. Dünyada elə ölkələr var ki, orada əksinə, milli zəmində, dini zəmində toqquşmalar vardır. Azərbaycanda belə hallar heç vaxt olmamışdır və olmayacaqdır. Buna həm siz, həm Prezident, həm də bütün cəmiyyət təminat verir. Bütün cəmiyyət bu hisslərlə yaşayır ki, Azərbaycanda həmişə sülh, həmrəylik, dostluq, qardaşlıq olsun. Sizin kəndin timsalında bunlar aydın görünür. Mən İvanovkanın inkişafda olduğunu görməyə şadam. Bu, müasir kənddir, hətta kənd yox, böyük şəhərdir.
Kənd sakini: Çox sağ olun. Kəndimizə görə də, həyatımıza görə də, Prezidentimizə görə də fəxr etmək, sevinmək olar.
Prezident: Sağ olun.
Sonra Nikitin adına kolxozun istehsal etdiyi məhsulların sərgisinə baxış keçirildi. Kolxozda 30-dan çox adda kənd təsərrüfatı məhsulları istehsal olunur. Burada yüksək keyfiyyətli ət, süd, un, müxtəlif taxıl məhsulları, üzüm, yem, çuğundur və sair istehsal edilir.
Kolxozun sədri kənd təsərrüfatı sahəsində qazanılan uğurlar və yeniliklər barədə məlumat verdi.
Sərgi ilə tanışlıqdan sonra Prezident İlham Əliyev İvanovka kənd orta məktəbinin kollektivi ilə söhbət etdi.
Birinci sinif şagirdləri Azərbaycana, vətənə, ulu öndər Heydər Əliyevə həsr olunmuş şeirlər oxudular.
Təhsil ocağı kollektivinin üzvləri yeni binaya görə dövlətimizin başçısına minnətdarlıq etdilər.
"Slavyanka" özfəaliyyət kollektivi isə rus xalq mahnılarını ifa etdi. Vyaçeslav Panin Müslüm Maqomayevin məşhur "Azərbaycan" mahnısını oxudu.
Prezident İlham Əliyevə və xanımına İvanovkanın milli mətbəxinin nümunələri göstərildi.
Dövlətimizin başçısına kənd sakini Anna Radayevanın yağlı boya ilə çəkdiyi "Kusok İvanovki" adlı rəsm əsəri hədiyyə edildi.
Prezident İlham Əliyev kənd sakinlərinə yeni uğurlar arzuladı.
Məhsul bayramı münasibətilə təşkil olunan mərasimin sonunda ivanovkalılar dövlətimizin başçısını və xanımını çay süfrəsinə dəvət etdilər.
Bununla da Prezident İlham Əliyevin İsmayıllı rayonuna səfəri başa çatdı.
AzərTAc
Azərbaycan.- 2009.- 30 oktyabr.- S. 3, 4.