Azərbaycanın müdafiə sənayesi yeni mərhələdə uğurla inkişaf edir

 

Ulu öndər Heydər Əliyevin formalaşdırdığı dövlətçilik ənənəsi əsasında ölkəmiz yeni iqtisadi-siyasi münasibətlər sisteminə uyğun olaraq daha da qüdrətli, dünyəvi dövlətə çevrilib. Dünya ölkələrinin respublikamıza münasibətlərində əsaslı dönüş yaranıb. Ölkəmiz demokratik, sivil dövlətə çevrilib və dinamik sosial-iqtisadi inkişafın əsası qoyulub. Təqdirəlayiq haldır ki, ümummilli liderimizin siyasi kursu, milli inkişaf konsepsiyası Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.

Ümummilli liderin müəllifi olduğu zəngin idarəçilik fəlsəfəsinə yeni, parlaq səhifələr yazan cənab İlham Əliyev Prezident kimi fəaliyyət göstərdiyi son 6 ildə ölkəmizdəki sosial-iqtisadi yüksəlişə, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinə layiqli töhfələr vermişdir. Azərbaycan beynəlxalq aləmdə öz mövqeyini daha da möhkəmləndirmiş, regionda lider dövlətə çevrilmiş, demokratik islahatların ardıcıllığını, dönməzliyini təmin etmişdir.

Sosial-iqtisadi, mədəni sahələrdə qazanılan nailiyyətlər, regionların sürətli inkişafı, insanların rifah halının gündən-günə yaxşılaşdırılması, beynəlxalq əlaqələrin möhkəmləndirilməsi, ölkəmizin dünyaya inteqrasiyası istiqamətində atılan addımlar uğurlarımızın tərkib hissəsidir. Ölkə rəhbərliyi tərəfindən həyata keçirilən məqsədyönlü siyasət nəticəsində respublikamız gündən-günə şöhrətlənir, yeniləşir və yüksəlir. Sürətli inkişaf həyatımızın bütün sahələrində əsaslı islahatların həyata keçirilməsinə zərurət yaradır. Bu gün Azərbaycanın iqtisadiyyatı cox uğurla inkişaf edir. Sevindirici haldır ki, dünyanın bütün ölkələrində hiss edilən, hətta bəzi dövlətlərin iqtisadiyyatını tənəzzülə uğradan qlobal maliyyə-iqtisadi böhranı şəraitində belə respublikamızın iqtisadiyyatında artım müşahidə edilir. Belə ki, bu ilin doqquz ayında iqtisadiyyatda 6,1 faiz, o cümlədən sənaye istehsalında 5 faiz yüksəliş olmuşdur.

Ölkə iqtisadiyyatının digər sferaları ilə yanaşı, təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan müdafiə sənayesi sahəsinə də xüsusi diqqət ayıran cənab İlham Əliyev respublikanın hərbi qüdrətinin möhkəmləndirilməsi, xaricdən asılılığının aradan qaldırılması, ordumuzun təminatında yerli istehsalın genişləndirilməsini təmin etmək məqsədilə 2005-ci ildə Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin yaradılmasına dair sərəncam imzaladı. Nazirlik yarandığı zaman qurumun tabeliyinə verilmiş keçmiş Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tabeli müəssisələrinin son illərdəki fəaliyyətlərinin təhlili göstərdi ki, müəssisələrin əksəriyyəti fəaliyyətlərini dayandırmış, potensial işçi kadrları itirilmiş, maşın və avadanlıq parkı yararsız hala düşmüş, bir sözlə, sahə tam tənəzzülə uğramışdır.

Belə bir vəziyyətdə nazirliyin tabeliyinə verilmiş istehsal müəssisələrinin yenidən qurulması üçün əvvəl Müdafiə Sənayesi Nazirliyi tərəfindən geniş proqramlar, tədbirlər planı işlənib hazırlandı və icrasına başlanıldı. Bunun tərkib hissəsi olaraq tabeli müəssisələrdə texnoloji avadanlıq parkının yeniləşdirilməsi və bərpa işlərinin aparılması, qanunvericilik bazasının yaradılması, maliyyə sabitliyi əldə etmək məqsədilə sağlamlaşdırma tədbirlərinin görülməsi, Dövlət Müdafiə Sifarişi Proqramı çərçivəsində müdafiə təyinatlı məmulatların istehsalı üzrə cari və perspektiv proqnozların hazırlanması, sosial sahələrin bərpası, inkişaf etdirilməsi kimi vəzifələr həyata keçirildi. Ötən müddət ərzində, demək olar ki, nəzərdə tutulan bütün tədbirlər uğurla tətbiq olunmuşdur.

Təkcə bir faktı qeyd etmək istərdim ki, müəssisələrin maşın və avadanlıq parkının yeniləşdirilməsi məqsədilə son 3 ildə nazirliyin müəssisələrinin balansında olan tam yararsız əsas vəsaitlərin silinməsi həyata keçirilmişdir. Həmin dövrdə elmin və texniki tərəqqinin bütün inkanlarını özündə cəmləyən və dünyanın inkişaf etmiş ölkələrinin qabaqcıl firma və şirkətlərindən onlarla mürəkkəb əməliyyatı həyata keçirən texnoloji avadanlıq, yüzlərlə müxtəlif növ dəzgah, cihaz, alət və tərtibatlar alınıb quraşdırılmışdır.

Bu günədək nazirliyin müəssisələrində 21 obyekt əsaslı tikinti və yenidənqurmadan sonra istismara verilmişdir. O cümlədən nazirliyin "İqlim", "Dalğa" elm-istehsalat müəssisələri, "Peyk", "Telemexanika", "Alov", Elektron Hesablama Maşınları, "Radioquraşdırma", "Araz" zavodlarında əsaslı təmir və yenidənqurma işləri başa çatdırılmış və bu müəssisələr müasir standartlara cavab verən məhsul istehsalı üçün müvafiq texnologiya və avadanlıqlarla təmin edilmişdir. Təcrübə-istehsalat bazasına malik olan elmi-tədqiqat institutu yaradılmışdır. Müəssisələrin əksəriyyətinin açılış mərasimlərində Azərbaycan Prezidenti cənab İlham Əliyev iştirak etmişdir.

Həmin müəssisələrdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müasir tələblərə cavab verən müdafiə təyinatlı məmulatlarla və xalq təsərrüfatını maşınqayırma, cihazqayırma, elektrotexnika, rabitə sahələrində istifadə olunan avadanlıq və ehtiyat hissələri ilə təmin etmək üçün 20-dən cox yeni istehsalat sahəsi yaradılmışdır. Nəticədə son üç ildə istehsal olunmuş müdafiə təyinatlı məmulatların həcmi 12,5 dəfə, həmin məmulatların çeşid sayı isə 7 dəfə artmışdır. Ölkə Prezidenti cənab İlham Əliyevin ötən il Müdafiə Sənayesi Nazirliyinin müəssisələrinin fəaliyyətinin sağlamlaşdırılması haqqında imzaladığı fərman nazirliyin fəaliyyətində mühüm rol oynamışdır.

Ötən müddət ərzində xarici ölkələrlə hərbi-texniki əməkdaşlıq sahəsində mühüm işlər görülmüşdür. Belə ki, nazirlik yarandığı zaman yalnız Türkiyə Respublikası ilə əməkdaşlıq edilirdisə, bu gün Müdafiə Sənayesi Nazirliyi aviasiya, naviqasiya, cihazqayırma və digər istiqamətlər üzrə dünyanın inkişaf etmiş 20-dən çox dövləti və 50-dən çox firma və şirkəti ilə sıx əməkdaşlıq edir. Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində aparılan məqsədyönlü işlərin nəticəsidir ki, bu il Azərbaycan ilk dəfə müdafiə təyinatlı məmulatlarla beynəlxalq əhəmiyyətli sərgidə iştirak etmişdir.

2009-cu ilin aprel ayında Türkiyənin İstanbul şəhərində keçirilən IX Beynəlxalq müdafiə sənayesi sərgisində (IDEF-2009) ilk dəfə olaraq MSN-in tabeli müəssisələrində yaradılmış və istehsal olunan 27 adda müdafiə təyinatlı məmulat nümayiş etdirilmişdir. "İstiqlal" tipli snayper tüfəngi, atıcı silahlar üçün müxtəlif növ döyüş sursatları, artilleriya minaları və optik cihazlar xarici ölkə nümayəndələrində xüsusi maraq doğurmuşdur. Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan və sərgidə nümayiş etdirilən məmulatların satışı ilə bağlı bir sıra xarici dövlətlərlə hazırda danışıqlar aparılır.

Bu il Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal ediləcək müdafiə təyinatlı məmulatların həcminin keçən illə müqayisədə 5,7 dəfə artırılması, çeşidlərinin sayının isə 453-ə çatdırılması planlaşdırılmışdır.

2009-cu ildə Dövlət Müdafiə Sifarişi Proqramı əsasında yaradılma üzrə 112 mövzunun işlənməsi və 54-nün başa çatdırılması nəzərdə tutulur.

Bu il Cənubi Afrika Respublikasının "Paramaund Group" şirkəti ilə bağlanmış kontrakta əsasən, "Matador" və "Marauder" tipli zirehli transportyorların birgə istehsalına başlanılmışdır. Eləcə də NATO standartlarına uyğun "Zəfər", "Zəfər-K" və "İnam" tipli müasir tapançaların yaradılması başa çatdırılmışdır və seriyalı istehsalına hazırlıq işləri aparılır. Bundan başqa, hazırda Silahlı Qüvvələrdə istifadə edilən keçmiş SSRİ istehsalı olan müxtəlif tıpli zirehli döyüş maşınlarının müasir tələblərə uyğun təkmilləşdirilməsi işləri aparılır. Görülmüş işlərlə yanaşı, regionların sosial-iqtisadi inkişafi nəzərə alınaraq növbəti illərdə nazirliyin 12 müəssisəsində yenidənqurma və təmir-bərpa işlərinin aparılması da nəzərdə tutulur.

Müdafiə təyinatlı məmulatların istehsalının genişləndirilməsi ilə yanaşı, mülki məhsulların yeni növlərinin mənimsənilməsi istiqamətində də məqsədyönlü işlər aparılır. Məhz onun nəticəsidir ki, son dövrlərdə tabeli müəssisələrdə mülki məmulatların istehsal həcmi 1,5 dəfə artmışdır.

Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində 2008-2011-ci illərdə mülki məhsulların istehsalı üzrə təsdiq olunmuş proqrama uyğun olaraq 2009-cu ildə 15 növ yeni mülki məmulata müqavilə bağlanmış və hazırda onların istehsalı həyata keçirilir. İstehsalı mənimsənilmiş yeni məhsullardan polad panelli radiatorların yeni modelini, 12 və 16 kalibrli ov patronlarını, pnevmatik tir tüfəngini, 16-20 yerlik əsgər səhra çadırlarını, işıqforları, xəstəxana və hərbi hospitallarda istifadə olunan ortopedik tibb çarpayılarını, monokristallik silisium günəş elementlərini, çoxlaylı çap lövhələrini, dəmir torları, tikanlı məftili və sairə göstərmək olar.

Elmin inkişafına daim xüsusi diqqət yetirən ulu öndər Heydər Əliyev tərəfindən 1974-cü ildə "Kaspi" Elmi Mərkəzi kimi əsası qoyulan və bu gün Müdafiə Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Milli Aerokosmik Agentliyinin (MAKA) son dövrlərdəki fəaliyyəti daha əlamətdar olmuşdur. Nazirliyin müəssisələri ilə sıx əməkdaşlıq quran MAKA-da müasir texnologiyalar əsasında yeni istehsal sahələri yaradılmış, mövcud maddi-texniki bazanın modernləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilmiş, bir sözlə, yerüstü kosmik infrastrukturun formalaşması və inkişafı üçün ilkin addımlar atılmışdır.

Bu gün Azərbaycanda yeni yaradılan kosmik sənayenin inkişafı mövcud hərbi və strateji amilləri qiymətləndirməyə, vaxtında düzgün və qəti qərarlar qəbul etməyə imkan verməklə yanaşı, operativ tədbirlərin həyata keçirilməsi üçün də əsaslı zəmin yaradacaqdır. Məhz bunlar nəzərə alınaraq respublika Prezidenti İlham Əliyev tərəfindən 17 avqust 2009-cu il tarixində "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı"nın təsdiqi ilə bağlı sərəncam imzalanmışdır. Təsdiq olunmuş proqram digər aidiyyəti qurumlarla yanaşı, Müdafiə Sənayesi Nazirliyinin də qarşısına yeni və məsul vəzifələr qoyur ki, bu vəzifələrin də icrası ilə bağlı artıq nazirlik tərəfindən mühüm tədbirlər həyata keçirilir.

Qeyd etmək lazımdır ki, Azərbaycanın beynəlxalq sərgilərdə Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan məmulatlarla təmsil olunması məhz ölkə Prezidenti İlham Əliyevin bu sahəyə ayırdığı xüsusi diqqətin nəticəsidir.

Respulika Prezidenti cənab İlham Əliyev tərəfindən respublikanın iqtisadi inkişafındakı xidmətlərimə görə "Şöhrət" ordeni ilə təltif olunmağımı Müdafiə Sənayesi Nazirliyinin hər bir əməkdaşı ölkənin müdafiə sənayesinin inkişafına verilən qiymət kimi dəyərləndirir. Bu onu göstərir ki, respublikanın hərbi qüdrətinin möhkəmləndirilməsi və xaricdən asılılığın aradan qaldırılması məqsədilə yaradılmış Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti respublika Prezidenti cənab İlham Əliyevin xüsusi diqqət mərkəzindədir.

Dövlətin diqqət və qayğısını hiss edən kollektivimiz bundan sonra da öz fəaliyyətində ümummilli lider Heydər Əliyevin ideyalarını rəhbər tutan Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında ölkənin müdafiə sənayesinin inkişafı istiqamətində qüvvələrini səfərbər edəcəklər.

 

 

Yavər CAMALOV,

müdafiə sənayesi naziri

 

Azərbaycan.- 2009.- 30 oktyabr.- S. 6.