Leyla Əliyeva:
"Birlikdə xeyli faydalı və xeyirxah iş görə bilərik"
Moskvada, "Yunost"
mehmanxanasında Rusiyanın
Azərbaycanlı Gənclər
Təşkilatının (RAGT) sədri Leyla Əliyevanın Moskvanın
və Rusiya regionlarının ali təhsil məktəblərinin
azərbaycanlı birinci
kurs tələbələri
ilə görüşü
olmuşdur.
RAGT-ın
sədri Leyla Əliyeva ali təhsil ocaqlarında tədris ilinin başlanması münasibətilə
onları təbrik edərək bildirmişdir
ki, Rusiya ali məktəblərində
təhsil almaq imkanı onların gələcəyini qurmaq üçün güclü
başlanğıc, əsaslı
bazadır. Onun sözlərinə görə,
təkcə təhsil
prosesi deyil, öz nəslinin nümayəndələri ilə
ünsiyyət, dostluq,
həmrəylik, dostların
və mehriban insanların dəstəyini
və qayğısını
hiss etmək də vacibdir. Rusiyanın Azərbaycanlı Gənclər
Təşkilatının məhz
bu məqsədlə yaradıldığını xüsusi
vurğulayan L.Əliyeva
qurumun Rusiyanın 60 regionundan gənclərin iştirakı ilə keçirilən təsis qurultayından ətraflı
söhbət açmışdır.
Gənclər təşkilatının
başçısı bildirmişdir
ki, RAGT fəal və uğurlu iş aparır. O demişdir: "Gənclərimizin
ünsiyyət saxlamaları,
müsabiqələrdə iştirak
etmələri, maraqlı
xəbərlərin müzakirələrinə
qatılmaları üçün
qurumun saytı yaradılmışdır. RAGT Rusiya
ali məktəblərinin
rəhbərliyi ilə
yaxından əməkdaşlıq
edir. Onların əksəriyyətində, özü
də təkcə Moskvada deyil, Rusiyanın bir çox regionlarında da azərbaycanlı tələbə klubları
artıq fəaliyyət
göstərir və açılmaqdadır. Hərəkatımız
daim inkişaf edir, dostlarımızın
və məsləkdaşlarımızın
sayı getdikcə artır. Məqsədimiz Rusiyada yaşayan gənclərimizin Azərbaycanın
zəngin mədəniyyətini,
qədim tarixini, milli ənənələrini
layiqincə təmsil etmələrinə nail olmaqdır".
L.Əliyeva
diqqəti belə bir fakta yönəltmişdir
ki, hər il Rusiyanın bir çox ali məktəblərində
Azərbaycan mədəniyyəti
və tolerantlıq günləri, həftələri,
konfranslar keçirilir,
konsertlər, fotosərgilər
təşkil olunur. RAGT hər il Xocalı faciəsinə həsr olunmuş konfranslar keçirir.
RAGT-ın
xeyriyyəçiliyə böyük
diqqət yetirdiyini bildirən L.Əliyeva iki dəfə təşkil olunmuş və indən belə hər il keçiriləcək
"Qanın milləti
yoxdur" aksiyasını,
gənclərin uşaq
evlərinə, qocalar
və əlillər üçün evlərə
baş çəkdiklərini
xatırlatmışdır. O demişdir:
"Heç şübhəsiz,
gənclərin idman və intellektual nailiyyətləri, ŞHK komandalarının
çıxışları, nərd turnirləri, "Nə? Harada? Nə vaxt?" oyunu qurumun diqqət
mərkəzindədir. Baharın
sonunda Heydər Əliyev kuboku uğrunda mini-futbol çempionatı keçirmişik.
Çempionatda Moskvanın
16 ali məktəbi iştirak etmişdir. Bu turnir hər
il keçiriləcəkdir".
RAGT-ın başçısı qurumun
gələcək planları
barədə məlumat
verərək bildirmişdir
ki, Azərbaycan dili, tarixi, ədəbiyyatı,
milli rəqsləri siniflərinin, habelə Moskvada Azərbaycan məktəbinin açılması
nəzərdə tutulur.
Leyla Əliyeva demişdir: "Bugünkü
görüş belə
bir əminlik yaradır ki, biz vahid komanda
ola bilərik və birlikdə xeyli faydalı və xeyirxah iş görə bilərik, çünki sıralarımız getdikcə
genişlənir. Təkcə
Moskvada RAGT üzvlərinin
sayı artıq mini ötmüşdür,
bütün Rusiyada isə minlərlə məsləkdaşımız vardır.
RAGT qurumun üzvü
olan və olmayan azərbaycanlı gənclərin hamısına
kömək etməyə
hazırdır. Biz bütün ideyalarınızı,
təşəbbüsləri dəstəkləməyə hazırıq.
Tələbələrimiz üçün
əlavə stimul kimi əlaçıların
mükafat fondunu təsis etmişik. Mükafatlar təhsil ilinin sonunda veriləcəkdir".
Azərbaycanın Rusiyadakı
səfiri Polad Bülbüloğlu çıxışında
Azərbaycan gənclərini
vahid çoxşaxəli
Ümumrusiya təşkilatında
toplamaq məqsədi daşıyan fəal vətəndaş mövqeyinə
görə Leyla Əliyevaya minnətdarlığını
bildirərək demişdir
ki, Rusiyanın bütün regionlarında
gənclər RAGT-ın yaradılmasını və
irimiqyaslı fəaliyyətini
alqışlayırlar. Xaricdə
Azərbaycan diasporunun
yaradılmasında ümummilli
lider Heydər Əliyevin xidmətlərini
xüsusi vurğulayan
diplomat demişdir:
"Ulu öndər diasporumuzun problemlərinə
həmişə çox
diqqətlə yanaşırdı.
Dünya azərbaycanlılarının
I qurultayı Heydər
Əliyevin təşəbbüsü
və iştirakı ilə keçirilmişdir.
Bu gün həmin xətti Azərbaycan Prezidenti İlham Əliyev uğurla davam etdirir və təkcə Rusiyada deyil, bütün dünyada Azərbaycan diasporu ilə bağlı məsələləri
diqqət mərkəzində
saxlayır".
MDBMİ-nin xarici
tələbələrin təhsili
kafedrasının dekanı
Vladimir Şışkin,
Seçenov adına Moskva Tibb Akademiyasının
prorektoru Renat Alyautdin, Moskva Dövlət Hüquq Akademiyasının beynəlxalq
əlaqələr şöbəsinin
rəisi Nikolay Molçanov çıxış
edərək Rusiyanın
Azərbaycanlı Gənclər Təşkilatının
və ali məktəblərdəki azərbaycanlı
tələbə klublarının
fəaliyyətini yüksək
qiymətləndirmişlər.
V.Şışkin
bildirmişdir ki, RAGT Azərbaycan mədəniyyətini,
milli adət-ənənələrini və
xalqımızın həyatını
rusiyalılara daha yaxşı çatdırmaq
üçün bundan
da çox iş görə bilər. O demişdir:
"RAGT-ın fəaliyyəti
bu yolda tədricən bərpa olunan beynəlmiləlçilik
ideyasının təcəssümüdür".
Qurumun fəaliyyətini
yüksək qiymətləndirən
R.Alyautdin tibb bölməsi təşkil
etməyi təklif etmiş, elmi konfransların, gənc alimlərin konfranslarının,
idman turnirlərinin keçirilməsinə hər
cür kömək etməyə hazır olduğunu bildirmişdir.
N.Molçanov əlavə
etmişdir ki, RAGT ali məktəblər arasında ünsiyyət,
dostluq, fikir mübadiləsi aparmaq imkanları yaradır. O, Hüquq Akademiyasında 12
noyabr - Azərbaycan Konstitusiyası Gününün
keçirilməsi təşəbbüsü
ilə çıxış
etmiş azərbaycanlı
tələbə klubunun
fəaliyyətini yüksək
qiymətləndirərək demişdir: "Ali
məktəbin rəhbərliyi
həmin təşəbbüsü
məmnuniyyətlə dəstəkləmişdir.
Ümidvarıq ki, təhsil sahəsində Rusiya-Azərbaycan əməkdaşlığının gələcək inkişafına
xidmət edəcək
bu tədbiri azərbaycanlı tələbə
klubunun nümayəndələri
ilə birlikdə layiqincə keçirəcəyik".
Sonra RAGT-ın sədri Leyla Əliyeva və səfir Polad Bülbüloğlu gənclər
təşkilatının gələcək
planları və tədbirləri ilə bağlı tələbələrin
suallarına cavab vermişlər.
Sonda Rusiyanın Azərbaycanlı Gənclər
Təşkilatının himni
səslənmişdir.
Geniş ekranda RAGT-ın təsis konfransı haqqında film nümayiş etdirilmişdir. Mehmanxananın foyesində RAGT-ın
tərkibinə daxil olan müxtəlif ali məktəblərin azərbaycanlı tələbə
klublarının stendləri,
habelə Rusiya xəritəsində RAGT-ın
azərbaycanlı tələbə
klublarının fəaliyyət
göstərdiyi regionların
qeyd olunduğu ayrıca stend qurulmuşdur.
Asya HACIZADƏ,
AzərTAc-ın
xüsusi müxbiri
Moskva
Azərbaycan.- 2009.- 30 oktyabr.- S. 4.