Fələstin Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həllinin tərəfdarıdır

 

Oktyabrın 29-da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə rəsmi səfərdə olan fələstinli həmkarı Riyad Əl-Malki ilə görüşmüşdür. Görüşdən sonra birgə mətbuat konfransı keçirən nazirlər müzakirə olunan məsələlər haqqında məlumat vermişlər.

Nazir E.Məmmədyarov bildirmişdir ki, görüşdə Azərbaycan ilə Fələstin arasında əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinin vacibliyi qeyd olunmuş, siyasi, iqtisadi, təhsil, elm, mədəniyyət digər sahələrdə əlaqələrin inkişafı ilə bağlı məsələlər müzakirə edilmişdir.

E.Məmmədyarov demişdir ki, görüşdə Dağlıq Qarabağ münaqişəsinin həllinə toxunulmuş, məsələnin yalnız Azərbaycanın ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı prinsipi çərçivəsində nizamlanmasının mümkünlüyü vurğulanmışdır. Nazir demişdir ki, Fələstin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Azərbaycanın mövqeyini BMT, İKT digər beynəlxalq qurumlarda daim dəstəkləyir.

Görüşdə həmçinin Yaxın Şərq münaqişəsi, Bakıda Fələstin Muxtariyyətinin səfirliyinin açılması məsələsi müzakirə olunmuşdur.

E.Məmmədyarov Azərbaycanın Yaxın Şərqdəki münaqişənin həllində vasitəçiliyə hazır olduğunu bəyan etmişdir.

Azərbaycan ilə Fələstin arasında əməkdaşlığın inkişafı üçün böyük imkanların olduğunu bildirən nazir Riyad Əl-Malki ölkəsi üçün Azərbaycan ilə əlaqələrin əhəmiyyətini xüsusi qeyd etmişdir. Fələstinli nazir demişdir ki, səfərinin əsas məqsədi ölkələrimiz arasında dialoqun davam etdirilməsi möhkəmləndirilməsidir. Dağlıq Qarabağ probleminin həll edilməməsinin bütün region üçün təhlükə doğurduğunu deyən nazir Riyad Əl-Malki vurğulamışdır ki, ölkəsi bu münaqişənin sülh yolu ilə, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarıdır.

Fələstinin xarici işlər naziri ölkələrimizin oxşar problemlə üzləşdiyini deyərək bildirmişdir ki, işğal olunmuş torpaqların geri qaytarılmasına beynəlxalq təşkilatlar səviyyəsində nail olmaq lazımdır.

Nazir Riyad Əl-Malki ikitərəfli münasibətləri daha yüksək səviyyəyə qaldırmağın zəruriliyinə toxunaraq demişdir ki, Azərbaycanın Fələstinin Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin keçirilməsinə dair sazişin imzalanacağı gözlənilir. O, azərbaycanlı həmkarını Fələstinə dəvət etmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 30 oktyabr.- S. 5.