Vətənin içində vətən itirdik

 

"Zəngilanda Azərbaycan xalqının milli mədəniyyətini əks etdirən tarixi abidələr varE Zəngilanda keçmiş əsrdə xalqımızın çox hörmətli, dəyərli insanları yaşayıb-yaradıblar və beləliklə də Zəngilan həm öz təbiətinə, həm o torpaq üzərində insanların qurduqlarına, yaratdıqlarına və bugünkü nəsillərə çatdırdıqları irsə görə Azərbaycanın qiymətli bir diyarıdır, qiymətli bir hissəsidir".

 

Heydər ƏLİYEV

 

Təəssüf ki, qədim insanlarımızın yaşayış məskənlərindən hesab olunan Zəngilan 16 ildir ki, erməni işğalçılarının tapdağı altındadır. Rayonun ərazisi 707 kv.km, əhalisi isə 35.351 nəfər olub. Rayonda bir şəhər, bir şəhərtipli qəsəbə, bir qəsəbə, 81 kənd var idi. Bunlar yaşayış məskənləridir. Bəs Zəngilanda daha nələr olub? Ehtiyatları tonlarla çəkiyə gələn qızıl, mis, əhəng daşı, qum, çınqıl yataqları, hektarlarla sahəsi olan çinar meşələri, palıdlıqlar, Avropada yeganə, dünyada ikinci təbiət abidəsi sayılan Bəsitçay Dövlət Təbiət Qoruğu (107 hektar sahəyə malik) Araz boyu uzanıb gedən təbiət abidələri, xüsusi meşə fondu, 1200-dən artıq təbii, şəfaverici və mineral bulaqlar, 67 məktəb, 56 kitabxana, 34 klub, 9 mədəniyyət evi, 7 xəstəxana, 6 dəmiryol stansiyası, 2 şərab zavodu, konserv zavodu, dəmiryol deposu, saysız-hesabsız tarixi abidələr, qədim körpülər, türbələr, məqbərələr... daha nələr - bütün bunların hamısı erməni terrorunun qurbanı olub. Zəngilan torpağında doğulmuş insanların 200 nəfərdən çoxu şəhidlik zirvəsinə yüksəlmiş, 12800 uşaq zərər çəkmiş, 395 uşaq yetim qalmışdır, 44 nəfərin aqibəti bu günə qədər bəlli olmayıb, 27 nəfər isə müharibə əlilidir. Hazırda Zəngilan rayonunun məcburi köçkünləri Bakıda və respublikamızın 43 rayonunda müvəqqəti məskunlaşıblar.

 

Bu yurd talandı

 

Hər dəfə Zəngilandan söhbət düşəndə bir hadisəni xatırlamalı oluruq. Zəngilanlı həmkarlarımızdan biri məni İnşaat və Memarlıq Universitetinin yataqxanasında məskunlaşdığı mənzilinə dəvət edəndə bir cümlə işlətdi: "Kəndimizi lentə çəkiblər, istəsəniz baxarsınız". Açığı, bu sözü mənasında almadım. Fikirləşdim ki, yəqin kəndi nə vaxtsa, işğaldan əvvəl videolentə çəkiblər. Amma sən demə...

Gördüklərimizdən dəhşətə gəlmişdik. Bu. Xan Arazın sahilidir. Ekrandan qopan bayatı varlığımızı üzür:

 

Araz, Araz, qan Araz,

Sultan Araz, xan Araz.

Səni görüm yanasan

Bir dərdimi qan, Araz!

 

Bir cənublu qardaşımız Arazın o tayından bu tayını - Zəngilan rayonunun bir sıra kəndlərini ötən əsrin sonlarında lentə alıb. Qəhərli səslə təqdim edir.

 

İllərin düyün düşsün,

Dillənmirsən niyə, dağlar?

Nə bildin ki, yaralıyam,

Ahım çıxıb göyə, dağlar.

 

Göz yaşlarımızı saxlaya bilmirdik. Ermənilər bizimlə torpaq davasına qalxan gündən çox qada, bəla, fəlakət gördük. 20 Yanvar faciəsini yaşadıq, Xocalı soyqırımının dəhşətindən ölüb-dirildik, ulu torpağımızdan itirdiklərimizi faizlə saya gətirdik. Bir milyondan artıq qaçqını və məcburi köçkünümüzün məlalını sinəmizə sıxdıq. Şoran torpaqlarda, ilan mələyən düzlərdə sıralanan, göz dağlarımıza dönən çadır şəhərcikləri yarandı (Yaxşı ki, son illər bu biçarələr üçün yeni qəsəbələr salındı. Onların canı torpaq komalardan, çadırlardan, vaqon "evlərdən" qurtardı).

Ömrümüzdə heç təsadüf etmədiyimiz, ağlımıza belə gətirə bilmədiyimiz bir "mənzərə"ni də bu lent vasitəsilə gördük. Vaxtilə kinofilmlərdə İkinci dünya müharibəsində alman faşistləri tərəfindən yandırılan, dağıdılan, talan edilən, xarabazarlara çevrilən kəndlər, şəhərlər göstərilirdi. İndiyə qədər baxdığımız o filmlərdə də belə dəhşəti, bu amansızlığı görməmişdik. İlk dəfəydi kəndin öldüyünü görürdük. 100-150 evdən ibarət olan Bartazda (Zəngilanın ən dilbər kəndi olub) bir salamat bina yox idi. Bütün evlər soyulub, qapısı, pəncərəsi, döşəməsi, tavanı, damı... hətta bəzi evlərin divarları da (əgər o daşdırsa) sökülüb. Yenə yanıqlı səs varlığımızı dara çəkir:

 

Yurd-yuvamız viran qalıb, talanıb,

Bulaqlarımız öz gözündən bulanıb.

Addım-addım bu dağları dolanıb,

Yoxluyuram, yatmıram ki, gecələr...

 

Bu, adicə sözlərdən ibarət səs deyildi, vətən həsrəti ilə qovrulan insanların yurd-yuva nisgili idi. Cənublu soydaşımız gördüyü vəhşətdən dəhşətə gələrək ağlayırdı. Kövrək nəfəsi, qəhərli səsi nələr demirdi? Hərdən də özünü saxlaya bilməyərək hönkürtü ilə nalə çəkirdi:

 

Dünyada nə qədər dərd əhli varsa,

Vallah, məndən artıq yarası yoxdur.

O qədər ah çəkib ağlamışam ki,

Daha gözlərimin qarası yoxdur.

 

O nalələr, ahlar, amanlar gah Arazın suyuna qarışırdı, gah da dağın, daşın sərt üzünə dəyərək dərələrdə əks-səda verirdi. Allah umuduna qalmış yurd yerləri göz dağına çevrilərək ürəyimizə köz basırdı. Hanı bu yerlərin, bu evlərin sahibləri?! Qəlbimdən qopan bu haray qeyri-ixtiyari dodaqlarıma sıxıldı. Elə bil ki, ayıldım. İnstitut yataqxanasında məskunlaşan zəngilanlılar yetim kimi bir-birlərinə sıxılaraq doğma kəndlərinin xarabazara çevrilmiş gülzar günlərini xatırlayırdılar. Beli bükülmüş ana gözlərini ekrandan çəkə bilmirdi. Sanki kirpiklərini də qırpmağa çəkinirdi ki, nəyisə ötürə, görə bilməz. Ekrandan səs eşidilir: "Bura Ağbənd kəndidir. Vaxtilə Zəngilanın çox axarlı-cənnət baxarlı guşəsi olub. O da, eynilə Bartaz kimi, indi viranədir".

"O bizim evimizdir, o da məktəbdir, o da hərbi hissədir, o da..." nişan verilən ünvanlarda isə ancaq viranəlik görürdük. Adamın inanmağı gəlmir ki, tikməyə, qurmağa vərdiş eləmiş insan adlanan varlığın belə söküb-dağıdan namərd əli də varmış. Xocalı faciəsinin o ağır məqamlarını xatırladıq. Rəhmətlik Çingiz Mustafayev hönkürə-hönkürə düzlərə, dərələrə səpələnmiş meyitlərin görüntülərini necə əzabla lentin yaddaşına köçürürdü. Demək olar ki, eyni dərəcədə ağır, sakit seyr etməyin qeyri-mümkün olduğu məqamlardı. Orada qətlə yetirilən insanlardı. Burada da evləri elə soyub, güllələyib skeletə, cənazəyə döndəriblər ki, sadəcə tabutuna girəni yoxdur.

Bu da kəndin qəbiristanlığı - axirət dünyası. Əslində, sakinlər deyir bunu, nişanə belə yoxdur. Nə dirimizin dərdi çəkiləsidir, nə ölümüzün. Bir daş ürək istəyir ki, bu göz çıxaran, can üzən öldürücü "mənzərələrə" tamaşa edə bilsin. Daş üstə daşı qalmayan bu kəndləri niyə bu kökə salıblar, İlahi?! İnsan nə qədər vəhşilik törədə bilərmiş.

Biz quş yuvasına da qıymazdıq, amma gör ermənilər bizim evlərimizi nə günə salıblar? Apardıqlarını aparıblar, amma ürəkləri soyumayıb. Xanimanları, daşlı evləri, bir-birindən yaraşıqlı gözəl tikililəri, memarlıq abidələrini yerlə yeksan ediblər: "Əlin qurusun, yağı, öz yuvan da beləcə tarmar olsun" deyə əllərini dizinə çırpan ağbirçəyin bayatısı köz kimi qəlbimizə sıxıldı:

 

Araz səndən kimlər keçdi?

Kim qərq oldu, kim keçdi?

Yurdum, sənli günlərim

İndi məndən kəm keçdi.

 

 

Necə yaşayırsan, köçkün qardaş?

 

İbrahim Teymurov Zəngilan işğal olunanda tələbə idi. Böyük qardaşı Cəmşid Teymurov heç 24 yaşını da tamamlamadı. Könüllü olaraq Milli Orduya yazılaraq Zəngilan rayonunun Şükürataz yüksəkliyinin müdafiəsində iştirak edirdi. O, Cəbrayıl, Qubadlı rayonlarının ərazisində gedən döyüşlərdə hünər göstərdi. İbrahim danışır ki, Cəmşid bizdən qeyrətli çıxdı. Amma heyif ki, qanlı döyüşlərin birində qardaşımı itirdik. Zəngilanda dünyaya gəlmiş Cəmşid Teymurov Bakıda Şəhidlər xiyabanında torpağa tapşırıldı. O, tək deyildi. Zəngilanda doğulmuş Yaşarlar, Yanvarlar, Cümşüdlər, Əsgərlər, Balağalar, Əbülfətlər... torpaq uğrunda şəhid oldular. İxtsasca memar olan İbrahim dolanışığından giley etmədi: "İndi hər kəs bir parça çörəyini qazana bilir. Ötən əsrin sonları ilə indiki günlərimizi heç müqayisə etməyə dəyməz. İnkişaf da, tərəqqi də göz önündədir. Vəziyyətimiz xeyli yaxşıdır, bizi üzən tamam başqa dərddir. Yağ-balın içinə düşsək belə, doğma torpaqsız heç nə ləzzət etmir. Bakı bizim arzularımızın şəhəridir, paytaxtımızdır, şöhrətimizdir, fəxrimizdir. Bəlkə də sonumuzdur. Amma beşiyimiz yellənən obaların həsrəti bizi rahat buraxmır. Atam bu dərdə dözmədi. Anam da, qoca nənəm də Zəngilan deyə-deyə Bakıda dünyalarını dəyişdilər. Həyatımın ən qeyri-adi sevincli gününü bu yaxınlarda yaşadım. Televiziyada gördüm ki, Füzuli rayonunun ermənilər tərəfindən dağıdılmış bir neçə kəndində xaraba evləri təzədən təmir edərək istifadəyə vermək istəyirlər. Mənə təsəlli verən budur ki, yerli əhali də - iş görə bilən, palçıq qatan, daş qaldıran qolu qüvvəlilər oraya dönərək inşaatçılarla birlikdə öz evlərinin yenidən tikilməsində ürəklə çalışırlar. Məsələ ondadır ki, onlar həm öz evlərini tikirlər, həm də dövlətimiz onların bütün xərclərini ödəyir. Ürəyim açıldı. Bu mənim üçün ən xoş görüntü idi. Ümidimiz çoxaldı. Allahın köməyi və dövlət başçısının müdrik siyasəti nəticəsində biz də bunu görərik. O günün gələcəyinə inanıram".

Görkəmli Azərbaycan şairi Xəlil Rza Ulutürk deyirdi:

 

İtib batmaq üçün yaranmamışam,

Dünənəm, bugünəm, gələcəyəm mən!

Bir gün dünyadan getsəm də nə qəm,

Dünyaya təzədən gələcəyəm mən!

 

Övladları şəhid düşmüş ailələrdə həmin igidlərin adını daşıyan balalar böyüyür. Şəhidlər torpaq, Vətən uğrunda qan tökdülər. Bu gələcək qəhrəmanlar isə onların doğulduğu torpaqda yenidən ev tikib, yuva salıb, yurdu gülzara döndərəcəklər.

 

 

Flora XƏLİLZADƏ

 

Azərbaycan.- 2009.- 30 oktyabr.- S. 6.