80377 saylı cinayət işi erməni vəhşiliklərini
əks etdirən faktlarla zəngindir
80377 saylı cinayət işinin
istintaqı zamanı qeyd olunanlardan başqa, əsir və
girovlarla amansız rəftar edərək onlara işgəncələr
vermiş, xüsusi amansızlıqla qətlə yetirmiş,
habelə Xocalıda, Meşəlidə, Qaradağlıda və
digər ərazilərdə soyqırım cinayətinin
törədilməsində, Azərbaycan millətindən olan
yerli əhalinin qanuni yerləşdiyi yerlərdən məcburi
hərəkətlərlə didərgin salınmasında
iştirak etmiş 600 nəfərdən artıq şübhəli
şəxs hal-hazıradək iş üzrə müəyyənləşdirilmişdir.
Bu dəhşətli cinayətləri törətmiş şəxslərin
şəxsiyyətlərinin müəyyən edilməsi
üçün Milli Təhlükəsizlik Nazirliyinə,
Daxili İşlər Nazirliyinə və digər aidiyyəti
dövlət orqanlarına sorğular göndərilməsi
davam etdirilir. Mehman Poladov bildirir ki, yaxın vaxtlarda
Qaradağlı, Xocalı soyqırımı epizodu, habelə
işgəncə istiqaməti və təzələnmiş
işlər üzrə erməni millətindən olan şəxslərin
törətdikləri cinayət əməllərinə
görə təqsirləndirilən şəxs qismində cəlb
olunmalarına dair qərarların qəbul edilməsi və həbs
qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə
vəsatətlə müraciət edilməsi
planlaşdırılır.
Əsir və girovlarla amansız
rəftar edərək onlara işgəncələr vermə,
xüsusi amansızlıqla qətlə yetirmə,
soyqırım və deportasiya cinayətlərinin törədilməsində
şübhəli bilinən erməni millətindən olan
şəxslərin şəxsiyyətlərinin tam müəyyən
edilməsi üçün də istintaq-əməliyyat tədbirləri
davam etdirilir. Həmçinin erməni əsirliyində olan
soydaşlarımızın konkret olaraq hansı aqibətlə
üzləşməsinin müəyyən olunması və
onların hərəkətlərinə qiymət verilməsi
baxımından da vacib işlər görülür. Bu
xüsusda isə misalların sayı kifayət qədərdir.
Qeyd edək ki, elə Əsir və itkin düşmüş,
girov götürülmüş vətəndaşlarla əlaqədar
Dövlət Komissiyasının qarşısına
qoyulmuş vəzifələrdən biri də münaqişə
nəticəsində törədilmiş cinayət
faktlarının araşdırılması, təhlil edilməsi
və sistemləşdirilərək ictimaiyyətin diqqətinə
çatdırılmasından ibarətdir.
Bu xüsusda diqqət çəkən
faktlardan biri də Ermənistanın Azərbaycana təcavüzü
nəticəsində əsir götürülmüş şəxslərlə
bağlı dövlət komissiyasında toplanmış
materialların təhlili zamanı 1970-ci il təvəllüdlü
Atakişiyev Fərhad Rəhman oğlunun əsirlikdə olarkən
xüsusi qəddarlıqla qətlə yetirilməsidir.
Müəyyən edilmişdir ki,
erməni hərbçilərinin F.Atakişiyevə
qarşı qəddarlığının əsas səbəbi
onun Kərkicahan qəsəbəsinin sakini kimi
döyüşçülərimizə bələdçilik
etməsi olmuşdur. Ermənistan hərbçiləri 1991-ci
ilin dekabr ayında Kərkicahan qəsəbəsinə
hücum zamanı çoxsaylı itkilərinə bu amilin
böyük təsir etdiyini düşündükləri
üçün ona işgəncələr vermiş,
"Qarabağ ermənilərindir" ifadəsini deməyə
məcbur etmək istəmişlər. Lakin F.Atakişiyev
işgəncələrdən və ölümdən
qorxmayaraq "Qarabağ Azərbaycanındır, Azərbaycanın
da olacaq" söyləmiş və nəticədə
amansızcasına öldürülmüşdür. Meyitinin
ekspertizası zamanı bədənində hər biri
ayrı-ayrılıqda insan ölümünə səbəb
ola biləcək 72 müxtəlif işgəncə izi
aşkar edilmişdir. F.Atakişiyevlə bağlı
toplanmış materiallar dövlət komissiyası tərəfindən
bu il Azərbaycan Respublikasının Prezidentinə təqdim
edilmişdir. Prezident İlham Əliyevin 28 iyul 2009-cu il tarixli
Sərəncamı ilə F.Atakişiyev "Azərbaycan
Bayrağı" ordeni (ölümündən sonra) ilə təltif
edilmişdir.
Onu da bildirək ki, Əsir və
itkin düşmüş, girov götürülmüş vətəndaşlarla
əlaqədar Dövlət Komissiyası tərəfindən
erməni vəhşiliyinə dair digər çoxsaylı
faktlar da toplanmışdır. Məsələn, girov
götürülərkən 3 yaşı olan Şövqi
Xaqani oğlu Əliyevin (24.07.1993) bazu sümüyü Xankəndidə
erməni "həkimləri" tərəfindən
çıxarılmış, nəticədə Şövqi
ömürlük şikəst olmuşdur. Kəlbəcər
rayonunun işğalı zamanı girov götürülən
(31.03.93) Gülcamal Quliyevanın yenicə dünyaya gəlmiş
oğlu Arzu Hacıyevə erməni "həkim" Aida
Serobyan naməlum tərkibli iynələr vurmuş, nəticədə
Arzu Hacıyev ömürlük şikəst olmuşdur. Erməni
nəzarətçiləri Ağdam rayonundan girov
götürülmüş Kəklik Həsənovaya dəhşətli
işgəncələr vermiş, mismar kəlbətini ilə
onun 16 dişini çıxarmışlar. Bundan başqa, erməni
hərbçiləri Füzuli rayonundan girov
götürdükləri Mürvət Fətiş oğlu
Ağayevi döyərək qulağını kəsmiş, əllərini
məftillə arxadan bağlayaraq ağacdan asmış və
ayaqlarının altında ocaq qalayaraq yandırmışlar.
Yaralı vəziyyətdə əsir
götürülmüş Əbdüləzim Məcnun
oğlu Məmmədov isə erməni əsirliyində olarkən
rezin dəyənəklə döyülmüş, damarına
benzin yeridilmiş, yaralarının qaysağı
qoparılaraq ona əzab verilmiş, üstünə təlim
keçmiş it buraxılmışdır. Mayıl Məhəmmədəli
oğlu Məmmədovun da damarına dizel yanacağı
yeridilmiş, sinəsi qızdırılmış xaçla
damğalanmışdır.
Vəhşicəsinə
döyülmə nəticəsində hərbi əsir Cavid
Ağa oğlu Hüseynovun çənəsi və
qabırğaları sınmışdır. Ermənilər dəmir
parçası ilə Cavidin qoluna damğa basmış və
yarasının üzərinə turşu tökmüşlər.
Komissiya tərəfindən əsir
və girovluqda olan şəxslərin ermənilər tərəfindən
vəhşicəsinə qətlə yetirilməsi barədə
də xeyli material toplanmışdır. Məsələn, erməni
silahlı birləşmələri Xocavənd rayonunun
işğalı zamanı (17.02.1992) Qaradağlı kəndindən
girov götürdükləri 117 nəfər kənd sakinindən
80-ə yaxınını yerindəcə güllələmişlər.
Xocavənd rayonu Qaradağlı kənd sakini Həqiqət
Yusif qızı Hüseynova ermənilərin 1992-ci ilin
fevralında 10 nəfər həmkəndlisini diri-diri
yandırmalarının şahidi olmuşdur.
1993-cü ilin aprel ayının
1-də Ermənistan silahlı birləşmələrinin Azərbaycanın
Kəlbəcər rayonuna genişmiqyaslı hücumu
zamanı Ermənistanın Vardenis rayonundakı qərargah
radiostansiyasından ("QSM-7") Kəlbəcər
döyüş bölgəsindəki baş radiostansiyaya
("Uraqan") bölgədəki bütün səyyar
radiostansiyalara çatdırmaq üçün təcili əmr
verilmişdir. Əmrdə əsir və girov
götürülmüş Azərbaycan vətəndaşlarını,
o cümlədən qocaları, qadınları və
uşaqları təcili məhv edib basdırmaq tələb
olunurdu. Ermənilərin belə tələskənliyinə səbəb
isə azərbaycanlılar barəsində törətdikləri
vəhşiliklərin izlərini həmin vaxt döyüş
bölgəsinə gələn beynəlxalq nümayəndə
heyətindən, o cümlədən jurnalistlərdən gizlətmək
olmuşdur.
Erməni girovluğundan
1994-cü ildə azad edilmiş Əhmədovlar ailəsinin
şəhadətinə görə, 17 avqust 1993-cü il tarixdə
ermənilər Füzuli rayonu Qacar kəndinin 25-dək dinc
sakinini onların gözləri qarşısında güllələmişlər.
Erməni əsirliyində ölmüş 20 yaşlı Fərhad
Rəhman oğlu Atakişiyevin meyitinin qalıqlarının məhkəmə-tibbi
ekspertizası sübut etmişdir ki, o, müntəzəm
döyülmələr və ağır işgəncələr
nəticəsində qətlə yetirilmişdir. Girovluqdan azad
edilmiş Maşallah Bəndəliyev bildirmişdir ki, 1992-ci
ilin mayında Xankəndidə qarajda saxlanılarkən
qarajın sahibi Mero və Sarkisyan Vazgen adlı digər erməni
bir nəfər adını bilmədiyi lal girova əvvəl
müxtəlif dərəcəli işgəncələr
vermiş, sonra isə onun başını kəsmişlər.
Təəssüf ki, belə misalların sayı həddindən
artıq çoxdur və bütün bunlar erməni vəhşiliyini
daha əyani şəkildə təsəvvür etməyə
imkan verir.
Ermənilərin belə vəhşi
hərəkətlərindən, onların azərbaycanlılara
qarşı törətdiyi soyqırımlardan beynəlxalq
ictimaiyyətin lazımi səviyyədə məlumat
alması istiqamətində mühüm xidmətləri olan
qurumlardan biri kimi də Əsir və itkin
düşmüş, girov götürülmüş vətəndaşlarla
əlaqədar Dövlət Komissiyası
çıxış edir. Bu istiqamətdə fəaliyyətini
daha da genişləndirən dövlət komissiyası və
onun işçi qrupu qarşısında duran vəzifələrin
icrası istiqamətində planauyğun surətdə fəaliyyətini
davam etdirmiş və mühüm nəticələr əldə
olunmuşdur.
Məsələn, təkcə
son bir il ərzində Benelüks Azərbaycanlıları
Konqresinin Belçika və Niderland Krallığının
10-dan artıq şəhərindəki universitetlərində
keçirdiyi silsilə tədbirlərdə, Liviyada
keçirilmiş beynəlxalq elmi konfransda, Dünya Azərbaycanlıları
Konqresinin və İsveç Krallığındakı Azərbaycan
Kültür Ocağı tərəfindən İsveçin
paytaxtı Stokholm şəhərində keçirilmiş
beynəlxalq elmi konfransda, Misirdə jurnalistlərin beynəlxalq
elmi simpoziumunda, Rusiyanın Moskva şəhərində
keçirilmiş silsilə tədbirlərdə, Azərbaycan
və türk dərnəklərinin Almaniyanın müxtəlif
şəhərlərində azərbaycanlıların
soyqırımı ilə bağlı keçirdiyi kütləvi
tədbirlərdə, Dünya Azərbaycanlıları
Konqresinin Almaniyanın Köln şəhərində
keçirilmiş 10-cu qurultayında, İsveçrənin
Cenevrə şəhərində BMT İnsan Hüquqları
Şurasının 9-cu sessiyası çərçivəsində
"İtkin düşmüş şəxslər"
adlı qətnamə ilə bağlı keçirilmiş
"Panel müzakirələr"də dövlət
komissiyasının üzvləri və işçi qrupunun əməkdaşları
təmsil olunmuş, Qarabağ müharibəsində itkin
düşmüş şəxslər, onların
axtarışı, eləcə də bu humanitar problemin həlli
yolları barədə müzakirələr
aparılmış, komissiya tərəfindən
hazırlanmış kitablar, kompakt disklər, plakatlar,
fotostendlər və s. yayılmışdır.
Bundan başqa, cari ilin yanvar
ayında Fransanın Lion şəhərində, İnterpolun
mənzil-qərargahında təşkil edilmiş
"Soyqırımı, müharibə cinayətləri və
insanlıq əleyhinə olan cinayətlərlə mübarizə
üzrə" beynəlxalq seminarda və may ayında
Norveç Krallığının Oslo şəhərində
keçirilmiş "Soyqırımı, müharibə cinayətləri
və insanlığa qarşı cinayətlər"
mövzusunda ekspertlərin 4-cü Beynəlxalq konfransında
dövlət komissiyası təmsil olunmuşdur. Aprel
ayında İngiltərənin London şəhərində
keçirilmiş beynəlxalq kitab festivalında dövlət
komissiyasının üzvü Zərifə Salahova iştirak
etmişdir. Tədbir çərçivəsində komissiya
üzvü Britaniya Milli kitabxanasında, Britaniya Parlamentində
və Oksford Universitetində görüşlər
keçirmiş, dövlət komissiyası tərəfindən
hazırlanmış kitabları və CD-ləri həmin
qurumlara təqdim etmişdir.
"Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı itkin düşmüş şəxslər
haqqında Ante Mortem məlumatların toplanması və mərkəzləşdirilmiş
şəkildə idarə olunması üzrə" çərçivə
sazişindən irəli gələn vəzifələrin
yerinə yetirilməsi üçün bu ilin mart ayında Bərdə
şəhərində və iyul ayında Rusiya
Federasiyasının Moskva şəhərində
keçirilmiş təlim kurslarında dövlət
komissiyası işçi qrupunun əməkdaşları
iştirak və məruzə etmişlər.
Bundan başqa, cari il ərzində
də dövlət komissiyası tərəfindən
hazırlanmış materialların xüsusən xarici ölkələrdə
yayılmasına ayrıca diqqət yetirilmişdir. Bu istiqamətdə
göstərilən fəaliyyətlə əlaqədar olaraq
1700 nüsxə dövlət komissiyasının materiallar
toplusu (azərbaycan, rus, ingilis dillərində), 4443 ədəd
"Erməni terroru", 1237 ədəd "Prestuplenie armənskix
terroristiçeskix i banditskix formirovaniy protiv
çeloveçestva", 60 ədəd "Skazki armənskix
"mudreüov", 2226 ədəd "Bizi əsirlikdən
qurtarın", 2358 ədəd "Qarabağ: dünən,
bu gün fotoşəkillərdə", 56 ədəd
"Arazın hər iki tayında müsəlmanların
soyqırımı" adlı kitablar, 5787 ədəd
"Erməni terroru", 5567 ədəd "Armenian
terrorizm", 705 ədəd "Armenian terror", 193 ədəd
"Xocalı" (mərhum jurnalist Çingiz Mustafayev tərəfindən
lentə alınmış kadrlar), 4549 ədəd
"Xocalı faciəsi" adlı Azərbaycan və ingilis
dillərində film, 1761 ədəd "Qarabağ"
kitabının CD variantı, avstriyalı alim, tədqiqatçı
Erix Fayqlın "Terror haqqında həqiqət", "Kəskin
dönüş, erməni mifomaniyası və həqiqət"
adlı kitablarının CD variantı 6168 ədəd, o
cümlədən, xəritə, Xocalı faciəsini və
digər cinayət faktlarını əks etdirən fotolar
yazılmış kompakt disklər respublikamızda və
xarici ölkələrdə yayılmışdır.
Milli Təhlükəsizlik
Nazirliyi tərəfindən bir neçə xarici dildə nəşr
edilmiş və dövlət komissiyasına təqdim
olunmuş Yaqub Mahmudov və Kərim Şükürovun
"Qarabağ", Veliçkonun "Qafqaz", Samuel Vimsin
"Ermənistan terrorçu "xristian" ölkənin
gizlinləri", Castin Makkarti və Karolin Makkartinin
"Türklər və ermənilər", Erix Fayqlın
"Terror haqqında həqiqət" və "Kəskin
dönüş, erməni mifomaniyası və həqiqət",
M.S.Neymət və V.A.Quliyevanın "Azərbaycan
xalqının maddi mədəniyyət abidələri erməni
terrorunun hədəfində" və digər kitabların
200 nüsxəsi yayılmışdır.
Qeyd edilənlərlə
yanaşı, sözügedən komissiya, həmişəki
kimi, itkin düşmüş şəxslərlə
bağlı aparılan axtarış-araşdırma işinə
xüsusi diqqət yetirmişdir. Məsələn, dövlət
komissiyasında itkin düşmüş şəxs kimi
qeydiyyata alınmış, lakin Beynəlxalq Qızıl
Xaç Komitəsində qeydiyyatdan keçməyən 295 Azərbaycan
vətəndaşı ilə bağlı materiallar təhlil
edilmiş, zəruri dəqiqləşdirmələr
aparılmış və əldə olunmuş yeni məlumatlarla
birlikdə qeydiyyata alınması üçün BQXK-ya
göndərilmişdir. Həmçinin dövlət
komissiyasında olan məlumatların dəqiqləşdirilməsi
və itkin düşmüş şəxslərin
axtarışı ilə əlaqədar müxtəlif
dövlət orqanlarına və beynəlxalq təşkilatlara
1082 nəfər barədə sorğular göndərilmişdir.
İtkin düşmüş
şəxslərin axtarışı istiqamətində
aparılmış araşdırmalar nəticəsində isə
son ildə dövlət komissiyasında itkin kimi qeydiyyatdan
keçən 212 nəfərin taleyi müəyyən
olunmuş (2005-ci ildən ötən müddət ərzində
896 nəfər), adları siyahıdan
çıxarılmışdır. Onlardan 75 nəfərin
sağ, 65 nəfərin döyüşlərin gedişində
həlak olduğu və yaxınları tərəfindən
tanınaraq dəfn edildiyi, 68 nəfərin adının
siyahıda təkrar keçdiyi, 4 nəfərin isə
münaqişə bölgəsindən kənarda itkin
düşdüyü müəyyənləşdirilmişdir.
Həmçinin araşdırmalar zamanı 19 nəfərin
döyüşlərin gedişində itkin düşməsi
faktı aşkar edilmiş, adları müvafiq siyahıya
salınmışdır. Artıq 4166 nəfər itkin
düşmüş şəxs kimi dövlət
komissiyasında qeydiyyatdan keçir.
Bütün bunlar bir daha Ermənistanın,
ümumilikdə ermənilərin xalqımıza qarşı
hansı dəhşətli cinayətlərə yol verdiyini bir
daha əyani göstərir. Əlbəttə ki, buna görə
tarix qarşısında cavab verməli olacaq ermənilər həm
də belə cinayətlərlə bütün gələcək
nəsillərinin də adına yazılacaq bir qara ləkə
yaradıblar.
Rasim BAYRAMOV
Azərbaycan.- 2009.- 30 oktyabr.- S. 7.