Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

 

Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbov Böyük Britaniya Krallığının Azərbaycan Respublikasındakı səfiri xanım Karolin Braunla görüşmüşdür.

Qonağı salamlayan Ali Məclisin Sədri muxtar respublikanın coğrafi mövqeyi, iqtisadiyyatı, elm və təhsil müəssisələri barədə məlumat vermişdir.

Qeyd edilmişdir ki, Naxçıvan blokada vəziyyətində yaşasa da, dünyadan təcrid olunmadan fəaliyyət göstərir. Həyata keçirilən dövlət tədbirləri nəticəsində əhalinin sosial problemləri həll edilir, əhali üçün lazımi şərait yaradılır. Muxtar respublikanın ərazisi tamamilə qazlaşdırılıb, elektrik enerjisi ilə fasiləsiz təminata nail olunub. Torpaqlar özəlləşdirilib, yeni sənaye müəssisələri yaradılıb. Muxtar respublikada 240 növ məhsul yerli müəssisələr tərəfindən istehsal olunur. Əhalinin tələbatının ödənilməsi, daxili bazarın qorunması üçün sahibkarların təqdim etdiyi biznes planlar Sahibkarlığa Kömək Milli Fondu tərəfindən maliyyələşdirilir. Muxtar respublikada təhsil sistemi müasir standartlara uyğunlaşdırılır, ali məktəblərdə, kolleclərdə ayrı-ayrı sahələr üzrə mütəxəssislər hazırlanır. Belə tədbirlər blokadada yaşayan muxtar respublikanın kadrlara olan ehtiyacının ödənilməsinə xidmət edir. Muxtar respublika əhalisi öz torpaqlarını sevən zəhmətkeş insanlardır. Onların rifahının yüksəldilməsi həyata keçirilən dövlət siyasətinin əsas tərkib hissəsidir.

Səfir Karolin Braun səfərinin Azərbaycanın bu qədim diyarı ilə tanışlıq xarakteri daşıdığını və Böyük Britaniyanın Naxçıvan Muxtar Respublikası ilə əməkdaşlıq imkanlarının perspektivlərini müəyyən etməkdən ibarət olduğunu bildirmiş, səmimi görüşə görə minnətdarlıq etmişdir.

Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunmuşdur.

 

 

Azərbaycan.- 2009.- 30 oktyabr.- S. 7.