Ali Məhkəmənin
növbəti plenumu
Oktyabrın 29-da Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti
plenumu keçirilmişdir.
Ali Məhkəmənin
sədri plenum iclasını açaraq respublikamızda uşaq hüquqlarının müdafiəsi
sahəsində görülən
işlərdən danışmışdır.
Qeyd etmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı
ilə 2009-cu ilin
"Uşaq ili" elan olunması ölkəmizdə uşaqlara
qayğının artırılması
üçün geniş
imkanlar açmışdır.
Oktyabrın 22-24-də Azərbaycanda
"Uşaq ili"nə və BMT-nin Uşaq Hüquqları haqqında
Konvensiyasının 20 illiyinə
həsr olunmuş uşaqların müdafiəsi
islahatı üzrə
milli konfransın keçirilməsi respublikamızda
uşaqların hüquqlarının
müdafiəsinə çox
böyük əhəmiyyət
verilməsinin göstəricisidir.
Azərbaycanda uşaq
və gənclərə
diqqət və qayğı dövlət siyasətinin prioritet sahələrindəndir.
Plenumda "Övladlığa götürmə
və ya övladlığa götürmənin
ləğvi ilə əlaqədar mülki işlərə baxılarkən
qanunvericiliyin məhkəmələr
tərəfindən tətbiqi
təcrübəsi haqqında"
məsələ geniş
müzakirə olunmuşdur.
Bildirilmişdir ki, son illər uşaq hüquqları insan hüquqlarının
tərkib hissəsi kimi daim diqqət
mərkəzində olmuş,
uşaqların hüquqlarının
təmini üçün
səmərəli vasitələr
yaradılmışdır. Ailə, mülki, inzibati, cinayət qanunvericiliyinin uşaq hüquqlarının təmin
olunmasını nəzərdə
tutan normaları inkişaf etdirilmişdir. Azərbaycan "Uşaq hüquqları haqqında",
"Ölkələrarası övladlığa götürmə
ilə bağlı uşaqların müdafiəsi
və əməkdaşlıq
haqqında" konvensiyalara
qoşulmuşdur.
Çıxış edənlər
vurğulamışlar ki,
ailədə yaşamaq
və tərbiyə olunmaq uşağın mühüm hüquqlarından
olmaqla, imkan dairəsində uşağın
ailədə yaşaması
və tərbiyəsinin
təminatlarını nəzərdə
tutur. Uşaq ailədə fiziki və mənəvi inkişafa nail olur, dayaq və
anlaşma tapmaqla cəmiyyətin tamhüquqlu
üzvü olmağa hazırlanır.
Plenum konkret cinayət və mülki işlərə də baxmış, müzakirə olunan məsələlər və
baxılan işlər
barədə müvafiq
qərarlar qəbul etmişdir.
Plenumun işində Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədov, səhiyyə naziri Oqtay Şirəliyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, təhsil nazirinin müavini Elmar Qasımov iştirak etmişlər.
AzərTAc
Azərbaycan.- 2009.- 30 oktyabr.- S. 7.