Ağsu rayon ictimaiyyətinin nümayəndələri ilə
görüş
Oktyabrın 29-da Heydər
parkı ilə tanışlıqdan sonra Azərbaycan Prezidenti
İlham Əliyev Ağsu rayon ictimaiyyətinin nümayəndələri
ilə görüşmüşdür.
Prezident İlham ƏLİYEV
ağsululara müraciətlə dedi:
- Sizi salamlayıram. Sizi görməyimə
çox şadam. Mən bu gün Ağsunu tanımadım. Mən
dörd il bundan əvvəl rayona gəlmişdim və o
vaxtkı vəziyyətlə indiki vəziyyət arasında
çox böyük fərq vardır. Mən buna çox
sevinirəm. Çox şadam ki, Ağsu rayonu çox sürətlə
inkişaf edir. Abadlıq-quruculuq işləri aparılır,
gözəl parklar salınır. Yollar necə də gözəldir.
İstehsalat sahələri yaradılır.
Mən rayonda gedən proseslərlə
bu gün yaxından tanış olmuşam və sizi
bütün bu gözəl nailiyyətlər münasibətilə
ürəkdən təbrik etmək istəyirəm.
Rayon rəhbərliyi çox səmərəli
işləyir, şərait də çox
işgüzardır və nəticələr də göz
qabağındadır. Bu nəticələri nə gizlətmək,
nə də danmaq olar, hər şey göz
qabağındadır. İş olan yerdə nəticə də
vardır.
Dörd il bundan əvvəl
Ağsuda olarkən mənzərə tam başqa idi. Amma bu
gün Ağsu, deyə bilərəm ki, Azərbaycan
rayonlarının arasında ən qabaqda gedən rayonlardan
biridir. Çox böyük işlər görülür.
İnsanların məşğulluğu üçün
praktiki işlər aparılır.
Bu gün tikilməkdə olan
böyük şirə və şərab zavodunun inşası
ilə tanış oldum. O zavodun istifadəyə verilməsi nəticəsində
minlərlə insan işlə təmin olunacaqdır. Kənd
təsərrüfatı inkişaf edəcək, emal sənayesi
inkişaf edəcək, ixrac qabiliyyətli məhsullar istehsal
olunacaq və rayon iqtisadiyyatına əlavə gəlir daxil
ediləcəkdir. Zavodun fəaliyyəti nəticəsində
bəlkə yüzlərlə hektar əkin sahələri,
bağlar salınacaqdır və indi də salınır.
Gözəl meydanlar, parklar, abadlıq, quruculuq, yollar... Bu
gün stadionun, uşaq yaradıcılıq məktəbinin təməl
daşını qoyduq. Burada gedən proseslər məni
çox sevindirir. Bir daha demək istəyirəm
ki, bütün bu gözəl nailiyyətlərlə sizi
ürəkdən təbrik edirəm və arzu edirəm ki,
ağsulular həmişə olduğu kimi, gələcəkdə
də çox fəal olsunlar, Azərbaycanın hərtərəfli
inkişafına öz dəyərli töhfələrini
versinlər.
Ölkəmiz sürətlə inkişaf edir. Mənə verilən statistik məlumatlara görə, son 5 il ərzində Ağsuda iqtisadi artım 3 dəfə yüksəlibdir, çoxalıbdır. Yəni bu onu göstərir ki, Azərbaycanda qeyri-neft sektoru, kənd təsərrüfatı inkişaf edir. Azərbaycan dövləti öz tərəfindən bütün bölgələrin inkişafı üçün əməli tədbirlər görür.
* * *
Regionların sosial-iqtisadi inkişafı Proqramı
uğurla icra edilir. Növbəti gələn 4 il ərzində
bütün rayonların əsas problemləri öz həllini
tapmalıdır. İş yerləri açılır, sahibkarlara
kreditlər verilir, kənd təsərrüfatının
inkişafı üçün güzəştlər edilir,
yəni hərtərəfli dəstək göstərilir. İnfrastruktur layihələri
də dövlət tərəfindən həyata
keçirilir. Bakıdan Şamaxıya, Ağsuya qədər
yollar abadlaşır, müasirləşir. Yəni Azərbaycan
iqtisadiyyatı çoxşaxəli iqtisadiyyatdır. Bunu biz
özümüz yaratmışıq və məhz hətta
dünyada yaşanan böhran ili ərzində Azərbaycanda
iqtisadiyyat ona görə artır. Bütün dünyada
iqtisadiyyat aşağı düşüb, Azərbaycanda isə
6 faiz artıbdır. Bu, bütün Azərbaycan xalqının
zəhməti nəticəsində baş verən hadisələrdir,
gerçəklikdir və bu işlərin təməlini ulu
öndər Heydər Əliyev qoymuşdur.
İndi biz yeni, gözəl Heydər
Əliyev Mərkəzinin açılışında
görüşürük. Ulu öndərin Azərbaycan
xalqı, Azərbaycan dövləti qarşısında
müstəsna xidmətləri olmuşdur. Məhz onun siyasəti,
qətiyyəti nəticəsində Azərbaycan ağır vəziyyətdən
şərəflə çıxa bilmişdir. 1990-cı illərin
əvvəllərində yaşanan böhrandan şərəflə
çıxa bilmişdir və indi inkişaf yolundadır. Sabitlik, iqtisadi yüksəliş, sosial məsələlərin
həlli, hərtərəfli inkişaf, neft strategiyası,
ordu quruculuğu - bütün bu işlərdə Azərbaycan
xalqı Heydər Əliyevin siyasəti və amalı ətrafında
birləşərək bu gözəl nəticələri əldə
edir. Bu gün bu siyasət hər yerdə, o cümlədən
Ağsu rayonunda davam edir. İnkişaf, abadlıq, quruculuq,
yaradıcılıq, sabitlik, asayiş və vətəndaş
birliyi - bu amillər Azərbaycanı başqa ölkələrdən
çox fərqləndirir. Bütün bu nəticələr
bizi daha da ruhlandırır, Azərbaycan xalqını daha da
ruhlandırır. Biz özümüzə də, dünyaya da
sübut edə bilmişik ki, müstəqil ölkə kimi
yaşaya bilərik. Hətta dünyada yaşanan ən
ağır böhran zamanında biz müstəqil siyasətimizi
apara bilərik, öz gücümüzə arxalana bilərik.
Müstəqil iqtisadi siyasət, müstəqil xarici siyasət
və müstəqil Azərbaycan. Bundan sonra Azərbaycanın
inkişafı sürətlə gedəcək və ölkə
qarşısında duran bütün vəzifələr icra
olunacaqdır.
Ağsu rayonunun problemlərinə
gəldikdə, biz əlavə tədbirlərin görülməsi
üçün addımlar atacağıq və mövcud
problemlər, xüsusilə içməli su problemi, əminəm
ki, tezliklə öz həllini tapacaqdır.
Bir daha sizi ürəkdən salamlayıram və sizə gələcək işlərinizdə uğurlar arzulayıram.
* * *
Ağsu şəhər 4 saylı orta məktəbin direktoru Şəfəq BALIYEVA rayon ictimaiyyəti adından dövlətimizin başçısına təşəkkür edərək dedi:
- Möhtərəm cənab
Prezident!
Hamımızın sevimlisi əziz
Mehriban xanım!
İcazə verin, mən də
bütün ağsuluların adından Sizi salamlayım, Sizə
"xoş gəlmisiniz" deyim! Bu gəlişdən qəlbimizdə
doğan sevinc, fərəh və şərəf hisslərini
Sizə çatdırım.
Möhtərəm cənab
Prezident! Siz sadaladınız, mən həmin
nailiyyətləri bir daha sadalayıb Sizi yormaq istəmirəm.
Əmin olun ki, bütün bu gözəlliklərə,
bütün bu görülmüş və görüləcək
işlərə görə Ağsu camaatı Sizə ürəkdən
minnətdardır. Biz bütün bunların
hamısını Sizin rayonumuza xüsusi qayğı və
diqqətinizin təzahürü kimi qəbul edirik. Biz
çox gözəl başa düşürük ki, əldə
olunan bu nailiyyətlər asanlıqla başa gəlməyib.
Bu nailiyyətlər müəllifi ulu öndər Heydər Əliyev
olan milli dövlətçilik və inkişaf
strategiyasının bəhrələridir. Ulu öndərimiz
özünün şah əsəri olan müstəqil Azərbaycanı
yaratdı. Onun daxili və xarici siyasət strategiyasını,
əldə edilmiş milli müstəqilliyimizin qorunması
strategiyasını müəyyən etdi. Bu gün Azərbaycan
xalqı çox xoşbəxtdir ki, bu strategiya, bu kurs məhz
sizin tərəfinizdən çox böyük məharətlə
və bacarıqla həyata keçirilir.
Cənab Prezident, biz Ağsu
ziyalıları Sizin bütün
çıxışlarınızı, müsahibələrinizi
diqqətlə izləyirik. Hər bir sözünüzü
öz aramızda müzakirə edirik. Biz Sizin
atdığınız cəsarətli addımları, qəti
və inamlı mövqeyinizi həmişə bəyənmişik.
Sizinlə qürur duyuruq, cənab Prezident. Bu, bizim səmimi
etirafımızdır. Sizin son
çıxışlarınız xüsusilə bizdə,
Ağsu ictimaiyyətində geniş əks-səda
doğurmuşdur. Siz bir daha dünyaya bəyan etdiniz ki, Azərbaycan,
həqiqətən, müstəqil, məğrur və mərd
bir ölkədir. Biz bir daha əmin olduq ki, Azərbaycanın
mənafeyini hər şeydən uca tutan, xalqımızın
maraqları naminə hər bir siyasi savaşa hazır olan Ali
Rəhbərimiz, sevimli Prezidentimiz vardır. Dünyada elə
ölkə tapılmaz ki, onun xalqı öz Prezidenti ilə fəxr
etməyə bizim qədər haqqı olsun. Bizim
hamımız Sizinlə fəxr edirik.
Mehriban xanım! Sizi də həmişə
cənab Prezidentlə çiyin-çiyinə
görürük. Sizin gördüyünüz xeyirxah işlər
bəlkə də bir insan ömrünə sığacaq qədərdən
də çoxdur. Siz öz gözəlliyiniz, səmimiyyətiniz,
mehribanlığınız və xoş məramınızla
bütün dünyanı heyran qoymusunuz. Biz ağsulular da sizə
dərin minnətdarlığımızı bildiririk.
Arzu edirik ki, Allah sizi qorusun. Allah
hər ikinizə o qədər səbir, o qədər qüvvə
bəxş etsin ki, başlanan bu gözəl işlər
xalqımızla birlikdə uğurla başa
çatdırılsın.
Tanrı Sizi qorusun! Çox
şükür ki, bu gün Siz varsınız. Çox
gözəl ki, bizimləsiniz. Sizdən çox
razıyıq, çox sağ olun.
* * *
Prezident
İlham ƏLİYEV təşəkkür edərək dedi:
Çox sağ olun! Təşəkkür
edirəm. Mən bir şeyi qeyd etmək istəyirəm
ki, müstəqil siyasət aparmaq, Azərbaycanın
maraqlarını istənilən formada, istənilən
forumlarda müdafiə etmək üçün mənə ən
çox güc verən Azərbaycan xalqının dəstəyidir.
Əgər bu dəstək və inam olmasaydı, mən
müstəqil siyasət apara bilməzdim. Mən Azərbaycan
xalqının iradəsinə arxalanaraq bu siyasəti
aparıram. Bütün Azərbaycan
xalqını əmin etmək istəyirəm ki, bundan sonra da
heç nəyə baxmadan Azərbaycanın maraqlarını
müdafiə etmək üçün istənilən
mübarizəyə hazıram və istənilən mübarizədə
Azərbaycan xalqını həmişə üzüağ edəcəyəm.
Sonra xatirə şəkli çəkdirildi.
AzərTAc
Azərbaycan.- 2009.- 31oktyabr.- S. 1.