Heydər Əliyev Fondunun təşəbbüsü ilə Ağsuda inşa olunacaq Uşaq-Gənclər Bədii Yaradıcılıq Məktəbinin təməli qoyulmuşdur

 

Oktyabrın 29-da Azərbaycan Prezidenti İlham Əliyev xanımı Mehriban Əliyeva Ağsu şəhərində Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunacaq Uşaq-Gənclər Bədii Yaradıcılıq Məktəbinin təməlqoyma mərasimində iştirak etmişlər.

Dövlətimizin başçısına məlumat verildi ki, Ağsu şəhər Uşaq-Gənclər Bədii Yaradıcılıq Məktəbinin tikintisi üçün 560 kvadratmetr torpaq sahəsi ayrılmışdır. Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində inşa ediləcək məktəb ikimərtəbəli olacaqdır. Smeta dəyəri 650 min manat olan binanın tikintialtı sahəsi 400 kvadratmetrdir. Bədii yaradıcılıq məktəbində sinif, müəllimlər, dərnək, direktor otaqları, müxtəlif tədbirlərin keçirilməsi üçün zal nəzərdə tutulmuşdur. Tikintinin 2010-cu ildə başa çatdırılması planlaşdırılır.

Prezident İlham Əliyev kapsulu bünövrəyə buraxdı, beton qarışığı tökdü.

Mehriban xanım Əliyeva da bünövrəyə beton qarışığı tökdü.

İnşaatçılara tapşırıq tövsiyələrini verən dövlətimizin başçısı onlara uğurlar arzuladı.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 31 oktyabr.- S. 2.