BDU-nun 90 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfrans işə başlamışdır

 

Oktyabrın 30-da Bakı Dövlət Universitetinin (BDU) 90 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfrans işə başlamışdır.

Tədbirdə Azərbaycanla yanaşı, Rusiya, Türkiyə, Almaniya, Gürcüstan və digər ölkələrdən gəlmiş 40-dan çox alim, elm xadimi, ali təhsil müəssisələrinin rəhbərləri iştirak etmişdir.

Konfransı giriş sözü ilə açan BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov demişdir ki, ümummilli lider Heydər Əliyevin "Azərbaycan xalqının milli sərvəti" adlandırdığı bu ali təhsil müəssisəsi mənəvi bütövlüyümüzün simvolu, elm, təhsil və mədəniyyətimizin möhtəşəm məbədidir.

Rektor bildirmişdir ki, 1919-cu il sentyabrın 1-də Azərbaycan Demokratik Cümhuriyyəti Bakıda universitetin təsis edilməsi ilə bağlı qərar qəbul etmiş, təhsil müəssisəsinin nizamnaməsi təsdiq olunmuşdur. Bununla da Avropa və Asiyanın qovuşuğunda yeni ali təhsil ocağı yaradılmışdır. İlk tədris ilinə iki fakültə ilə başlayan universitetin ilk rektoru Kazan Universitetinin professoru, məşhur cərrah V.İ.Razumovski olmuşdur. 1919-cu ilin noyabrında universitetdə ilk mühazirə oxunmuşdur. Universitet yaradılanda 42 müəllimlə fəaliyyətə başlamışdır ki, onların da 11 nəfəri azərbaycanlı, digərləri isə qeyri-millətlərin nümayəndələri olmuşdur.

Universitetin 1920-30-cu illərdə aparıcı müəllimləri böyük Azərbaycan yazıçısı Əbdürrəhim bəy Haqverdiyev, tanınmış şərqşünaslar - professor P.K.Jüze, professor A.O.Makovelski, professor A.O.Mişel və digər alimlər olmuşdur. Şərəfli tarixi yol keçmiş universitetin pedaqoji kadrları Azərbaycan təhsilinin, elminin inkişafı, tərəqqisi naminə yorulmadan çalışmışlar. Universitet alimlərinin 1945-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) təşkil edilməsində xüsusi xidmətləri olmuşdur. Respublikada fəaliyyət göstərən ali təhsil ocaqlarının əksəriyyəti, o cümlədən Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti universitetimizin bazasında yaradılmışdır. Azərbaycanda tədris müəssisələrinin flaqmanı olan, zəngin tarixi keçmişə malik universitet hazırda tanınmış elm və təhsil mərkəzidir. Universitet hər zaman Azərbaycanda mütərəqqi fikrin, milli düşüncənin mərkəzi olmuşdur. Burada Azərbaycanın dünya şöhrətli siyasətçisi Heydər Əliyev, yüzlərlə tanınmış alim, ziyalı, görkəmli diplomatlar təhsil almışlar.

A.Məhərrəmov vurğulamışdır ki, Prezident İlham Əliyev elmi ictimaiyyət qarşısında tarixi vəzifələr qoymuşdur. Bu da ondan ibarətdir ki, iqtisadi potensialı insan kapitalına çevirmək lazımdır. Bu istiqamətdə müəyyən tədbirlər həyata keçirilməkdədir. Son beş ildə Azərbaycanda təhsilin inkişafı istiqamətində 26 Dövlət Proqramı təsdiqlənmişdir. Təkcə onu demək kifayətdir ki, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində dünyanın nüfuzlu ali məktəblərinə qəbul olunmuş tələbələrin sayı cari ildə 300 nəfərə çatdırılmışdır. Hazırda Azərbaycan gəncləri 20-dən çox ölkənin tanınmış ali məktəblərində təhsillərini davam etdirirlər. Azərbaycan təhsilinin Avropa təhsil məkanına inteqrasiyası üçün mütəmadi işlər görülür, Bolonya prosesinə keçid davam edir. Hazırda BDU-da Bolonya prosesinin tələbləri çərçivəsində islahatlar həyata keçirilmişdir.

Rektor demişdir ki, Prezident İlham Əliyevin universitetin 90 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması ilə bağlı imzaladığı müvafiq sərəncamda bu təhsil ocağının tarixi xidmətləri xüsusi dəyərləndirilmişdir. Artıq universitetin yubileyi ilə bağlı müxtəlif kitablar, eləcə də bütün fakültələrin bukletləri nəşr edilmişdir. Noyabrın 2-də isə BDU-nun 90 illik yubileyi təntənəli şəkildə qeyd ediləcəkdir.

Bildirilmişdir ki, BDU-nun beynəlxalq əlaqələri gündən-günə genişlənir. Hazırda universitet Avrasiya, Xəzəryanı ölkələr, Qara Dəniz Universitetləri (QDU) assosiasiyalarının üzvüdür. Universitet 2002-2004-ci illərdə QDU Assosiasiyasına çox uğurla rəhbərlik etmişdir. Bundan əlavə, BDU hazırda dünyanın tanınmış ali təhsil ocaqları ilə ikitərəfli müqavilələr əsasında elmi-texniki, müəllim-tələbə mübadiləsi sahəsində əməkdaşlıq edir.

BDU-da 18 mindən çox tələbənin təlim-tərbiyəsi ilə məşğul olan 1500-dən çox müəllim çalışır. Universitetdə təhsil alan tələbələr hərtərəfli qayğı ilə əhatə olunmuşdur, onların ixtiyarına zəruri maddi-texniki baza ilə təchiz olunmuş laboratoriya və auditoriyalar, kitabxanalar, idman kompleksləri verilmişdir. Universitetdə təhsil prosesi demokratik prinsiplərə əsaslanan sərbəst düşüncəli, yaradıcı insanların hazırlanmasına yönəlmişdir. Təhsildə əsas ixtisas fənləri ilə yanaşı, xarici dillərin öyrənilməsinə də diqqət verilir. Bu məqsədlə, universitetdə yeni təhsil texnologiyalarına əsaslanan 10-dan artıq linqafon kabineti tələbələrin ixtiyarındadır.

Sonra AMEA-nın müxbir üzvü Vasif Babazadə "BDU və Azərbaycanda təbiət və dəqiq elmlərin inkişaf perspektivləri", professor İzzət Rüstəmov "BDU və Azərbaycanda milli ideologiyanın formalaşmasında humanitar elmlərin rolu" mövzularında məruzələrlə çıxış etmişlər.

Konfrans işini bölmə iclaslarında davam etdirmişdir.

Oktyabrın 31-də başa çatacaq beynəlxalq konfransda ümumilikdə 800-dək elmi məruzə dinləniləcəkdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 31 oktyabr.- S. 4.