Efir məkanının mənəvi saflaşması ictimai tələbatdır

 

Cəmiyyətin obyektiv informasiya ilə təminatı müasir dövrdə hər bir dövlətin milli təhlükəsizliyinin vacib amili kimi çıxış edir. Qloballaşma prosesləri ilə əlaqədar informasiyanın cəmiyyətdə rolunun güclənməsi fonunda hər bir xalq özünün milli-mənəvi dəyərlərini, adət-ənənələrini, ümumilikdə, düşüncə sistemini yad təsirlərdən qorumağa çalışır. Bu zərurət ilk növbədə onunla şərtlənir ki, "informasiya seli"nin dağıdıcı qüvvəsi bəzən milli mədəniyyətlərə və mənəvi dəyərlər sisteminə potensial təhlükəyə çevrilir. Özünəməxsus mental dəyərləri, adət-ənənələri olan Azərbaycan xalqı Avranlantik məkana inteqrasiya prosesinin pozitiv yeniliklərindən milli maraqlarına uyğun bəhrələnməklə yanaşı, müəyyən ziyanlı təzahürləri də dəf etməyə çalışır.

 

Bəzən kütləvi mədəniyyətin mənfi təzahürləri azərbaycanlı obrazı üçün qətiyyən səciyyəvi olmayan təfəkkür, düşüncə və davranış normalarının cəmiyyətə yol tapması, tədricən ictimailəşməsi formasında təzahür edir. Xalqın milli-mənəvi dəyərlərinə, adət-ənənələrinə və baxışlarına tamamilə yad olan bu mənfi meyillərin son illərdə cəmiyyətə elektron kütləvi informasiya vasitələri ilə ötürülməsi isə milli düşüncəni ciddi şəkildə təhdid edir.

Televiziyalar müasir dövrdə güclü ideoloji vasitə kimi insanların həyat tərzinə, hadisələrə baxışına əsaslı təsir göstərir, ictimai rəyin formalaşmasında mühüm rol oynayır. Hər bir ölkədə, ümumilikdə, dünyada baş verən ictimai-siyasi və mənəvi proseslərin qiymətləndirilməsi, ictimaiyyət tərəfindən dərk edilib dəyərləndirilməsi, əsasən, kütləvi informasiya vasitələrinin obyektiv və çevik fəaliyyəti nəticəsində mümkün olur. Hər bir cəmiyyətdə önəmli rol oynayan elektron kütləvi informasiya vasitələrinin ictimai münasibətlər sisteminə, proseslərə, insanların düşüncə tərzinə nüfuz imkanları onların cəmiyyətdəki rolunun və məsuliyyətinin kifayət qədər böyük olduğunu göstərir.

Müasir televiziyaçılıq gəlir əldə etməyə hesablanan biznes fəaliyyətinin tərkib hissəsi olsa da, elektron kütləvi informasiya vasitələrinin cəmiyyət üçün keyfiyyətsiz "efir məhsulu istehsal etməsi"nə, istehlakçı qismində çıxış edən tamaşaçıların hüquqlarını pozmasına heç bir halda haqq qazandırmaq olmaz! Lakin təəssüflə deməliyik ki, son illərdə Azərbaycan televiziyalarında özünü göstərən böhran bütövlükdə cəmiyyətin müsbət harmoniyasını pozur, ictimai düşüncənin mənfi ampluada köklənməsinə rəvac verir. Cəmiyyətin obyektiv informasiya ilə təminatında, maariflənməsində, saf məqsəd və ideallar ətrafında səfərbər olunmasında, ümumilikdə, ictimai düşüncənin pozitiv məcrada inkişafında əvəzsiz imkanlara malik televiziyaların efir vaxtının bayağı, bəsit şou-biznes proqramları ilə doldurulması insanlarda ikrah doğuran bir həddə çatıb. Təsadüfi deyil ki, xalq və dövlət qarşısında mənəvi cavabdehlik hissini itirməyən, cəmiyyətin mütərəqqi düşüncə əsasında inkişafını istəyən ziyalılar zaman-zaman telekanallardan təkcə məişətimizə deyil, bütövlükdə düşüncə tərzimizə zorla sırınan bu rəzalətə dözmür, etirazlarını bildirir, mənəvi deqradasiya prosesinə müqavimət göstərirlər. İctimai xarakter alan bu narahatlıqların, etirazların əsas qayəsində isə əsla hansısa telekanalları nüfuzdan salmaq, onun fəaliyyətinə hansısa formada müdaxilə etmək məqsədi dayanmayıb. Hər bir tənqid və irad xoşməramlı olub cəmiyyətin, xalqın ümumi mənafeyinə xidmət etməklə yanaşı, həm də telekanalları daha ciddi, aktual, rəngarəng, tamaşaçı zövqünü oxşayan, insanlara yüksək mənəvi-əxlaqi dəyərlər təlqin edən, xüsusən də gənc nəslə vətənpərvərlik, humanizm, insanpərvərlik, milli dəyərlər sisteminə hörmət hissi aşılayan maraqlı verilişlər hazırlamağa çağırışdır.

Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Azərbaycan" qəzetində işıq üzü görmüş "Azərbaycanın efir məkanı: problemlər və vəzifələr" sərlövhəli məqaləsinin cəmiyyətdə böyük rezonansa səbəb olması bu baxımdan tamamilə təbiidir. Ölkənin efir məkanındakı dözülməz vəziyyətə əsl vətəndaş və ziyalı yanğısı ilə münasibətini ifadə edən görkəmli akademik həmin məqaləsində televiziyaların üzləşdiyi real vəziyyətin obyektiv və dolğun mənzərəsini yaradıb, şou-biznesin doğurduğu mənəvi böhranın səbəblərini səhih şəkildə açıqlayıb, eyni zamanda böyük məharətlə vəziyyətdən çıxış yollarını göstərib. Son illərdə keçid dövrünün ən müxtəlif problemlərinə sanballı və yüksək ideya siqlətinə malik elmi-analitik əsərləri ilə işıq salan, ictimai-siyasi və fəlsəfi fikrin düzgün məcrada istiqamətlənməsinə böyük töhfələr verən akademik Ramiz Mehdiyev Azərbaycan efir məkanının gerçəkliklərini nəzəri-emprik təhlil mövqeyindən təhlil edib. Tanınmış filosof eyni zamanda obyektiv və rasional tənqidi ilə ümumən ölkə rəhbərliyinin efir məkanındakı vəziyyətlə bağlı mövqeyini ifadə edib.

Akademik haqlı olaraq televiziyalarda peşəkarlıqdan tamamilə uzaq olan şou xarakterli verilişlərin artdığını, qeyri-peşəkarlıqla hazırlanan bir çox proqramların gənclərin dünyagörüşünə, mənəviyyatına mənfi təsir göstərdiyini təəssüflə diqqətə çəkir. Cənab Ramiz Mehdiyev eyni zamanda göstərir ki, teleradio qurumlarının biznes maraqları, efir vaxtının mentalitetimizə yad verilişlərlə doldurulması, peşəkar kadrların azlığı və digər məsələlər bu kimi ciddi çatışmazlıqların yaranmasının əsas səbəbləridir: "Bu verilişlərin əksəriyyəti ictimai əhəmiyyət kəsb etməyən mövzulara həsr olunur, müəyyən mənada cəmiyyətdə neqativ tendensiyaların yayılmasına istiqamət verir, gənclərin və yeniyetmələrin zövqünü, dünyagörüşünü korlayır, təlim-tərbiyəsinə mənfi təsir edir. Həmin verilişlərdə tamaşaçılara şou-biznes nümayəndələrinin dəbdəbəli həyat tərzi təbliğ olunur, onların bir-biri ilə münasibətləri, mübahisələri araşdırılır. Əksər əyləncə verilişlərinin ixtisaslı kadrlar tərəfindən deyil, aparıcılıq edən müğənni və ya şou-biznes nümayəndələrinin iştirakı ilə təşkil olunması yaxşı hal kimi qəbul olunmur. Çox hallarda bu tipli aparıcıların davranışlarından gənclər özləri üçün nümunə götürməyə çətinlik çəkirlər".

Teleməkanın ciddi xarakter almış nöqsanların həllinə çağırış edərkən görkəmli akademikin ölkənin gələcəyi üçün mühüm əhəmiyyət kəsb edən aktual məsələyə göstərdiyi həssas münasibət, onun aradan qaldırılması üçün çaldığı həyəcan təbilinə özünü azərbaycanlı sayan heç bir vətəndaş laqeyd qala bilməzdi. Odur ki, son bir ayda "Azərbaycan" qəzetində və digər mətbuat orqanlarında çıxış edən ayrı-ayrı ziyalılar, elm xadimləri, deputatlar və başqaları öz məqalələrində Azərbaycan televiziyalarının real durumuna milli təəssübkeşliklə nəzər salırlar. Yol verilən nöqsanlar, qüsurlar, habelə şou-biznesin yaratdığı mənəvi böhran bütün incəlikləri ilə, həm də qərəzdən, emosiyalardan uzaq bir tərzdə, xoşməramlı tənqid ruhunda diqqətə çatdırılır.

Müasir dövrdə televiziyalar xalqların dünyagörüşünü, adət-ənənələrini, düşüncəsini, bir sözlə, milli özünəməxsusluğunu ən qabarıq şəkildə əks etdirən vizual vasitələrdən biridir. Hansısa xalqın mədəniyyəti, incəsənəti, musiqisi, ümumən mədəni irsi haqqında müəyyən təsəvvürə malik olmaq üçün onun televiziyalarını nəzərdən keçirmək kifayətdir. Lakin Azərbaycan televiziyalarının fəaliyyətində bunu demək çətindir - biz efirdə sanki başqa bir xalqın mədəni-mənəvi təzahürləri ilə qarşılaşırıq. Televiziyaların əksəriyyətində milli-mənəvi dəyərlərimizlə, milli psixologiyamızla tamamilə ziddiyyət təşkil edən bayağı, ikrahdoğurucu maqazin verilişlərinin baş alıb getməsi, tamaşaçı zövqünü korlayan musiqilərə meydan verilməsi, intellektual xarakterli, maarifləndirici proqramların azlıq təşkil etməsi son dərəcə üzücü haldır. Nədənsə unudulur ki, Azərbaycan televiziyalarını ölkəyə xaricdən gəlmiş qonaqlar, o cümlədən müxtəlif ölkələrdə yaşayan soydaşlarımız da izləyir.

Akademik Ramiz Mehdiyev "Azərbaycanın efir məkanı: problemlər və vəzifələr" məqaləsində bu məqama da xüsusi toxunaraq milli televiziyaları bu kimi incə məsələlərə daha həssaslıqla və məsuliyyətlə yanaşmağa çağırır: "Bu gün Azərbaycanın aparıcı kanalları maraqsız, bayağı, mənasız verilişləri nəinki ölkənin daxilində, həmçinin peyk vasitəsilə dünyanın ayrı-ayrı bölgələrinə yayımlayırlar. Xaricdə Azərbaycan kanallarına baxan soydaşlarımızda, xaricilərdə ölkəmiz haqqında hansı təsəvvür yaradırıq? Biz onlara ölkəmizdə gedən ictimai-siyasi, sosial-iqtisadi, mədəni proseslər haqqında hansı məlumatı veririk? Teleradio qurumlarının rəhbərləri unutmalı deyillər ki, televiziya və radio təkcə daxili ictimai rəyi formalaşdırmır, həm də ölkənin simasını nümayiş etdirir, onun haqqında təsəvvür yaradır".

Azərbaycanın efir məkanındakı vəziyyəti nəzərdən keçirdikdə belə təəssürat yaranır ki, sanki televiziyalar cəmiyyət üçün hansı missiyanı daşıdıqlarının fərqində belə deyillər. Şübhəsiz, daha çox maddi qazanc əldə etmək həvəsi televiziyaların cəmiyyət, dövlət və xalq qarşısındakı öhdəliklərini unutmasına haqq qazandıra bilməz. Biznes və kommersiya maraqları yalnız televiziya işinin ümdə prinsipləri və məqsədləri qorunmaqla reallaşdırıla bilər.

Jurnalistika nəzəriyyələrində də təsbit olunduğu kimi, informasiya vermək, maarifləndirmək və əyləndirmək missiyası televiziyaların efir siyasətinin əsas mahiyyətini təşkil edir. Azərbaycan telekanallarında isə tamam başqa mənzərənin şahidi oluruq - bu gün kommersiya, biznes maraqları baxımından şou xarakterli və əyləndirici verilişlər az qala informasiya vermək məqsədini belə, üstələyir. Üstəlik şou-biznes xarakterli bu verilişlərin əksəriyyəti qeyri-peşəkar səviyyədə hazırlanır, əcnəbi telekanalların analoji proqramları ilə müqayisədə son dərəcə bayağı təsir bağışlayır. Tamaşaçı zövqünun müxtəlifliyi, televiziyalarda şou xarakterli proqramların müəyyən auditoriyasının mövcudluğu başadüşülən olsa da, bu proqramların sayının həddən çoxluğu, əksərən bir-birini təkrarlaması, mövzularının primitivliyi, bayağılığı ciddi narahatlıq doğurur. Qeyri-peşəkar, bəsit formada hazırlanan, efir mədəniyyətinə sığmayan aparıcı jestləri, davranışı, geyimi, danışıq tərzi ilə insanlarda ikrah hissi doğuran bu verilişlərin bir məqsədi var: qalmaqal yaratmaq, milli-mənəvi, əxlaqi dəyərlərlə bir araya sığmayan mövzuların "sarı mətbuat"a xas tərzdə müzakirəsini təşkil etməklə, ictimai rəyə meydan oxumaqla diqqət mərkəzində olmaq!

Bəzi kanalların veriliş seçimi siyasətinə diqqət yetirsək, onların rəhbər tutduqları məramın problemi dərk edib, ondan çıxış yolu axtarmaq yox, əksinə, yaranmış fürsətdən istifadə edib, maksimum gəlir əldə etməkdən ibarət olduğunu görərik. Özlərinə bəraət qazandırmaq naminə isə onların daim təkrarladıqları arqument şouların ölkədə ən çox reytinq qazanan verilişlər olmasından ibarətdir. Burada qəribə heç nə yoxdur və psixologiya elmi sübut edir ki, əgər insana daim hər hansı məzmunlu informasiya aşılanarsa, onun digər tipli məlumatları qavramaq imkanları, seçim qabiliyyəti azalır.

Akademik Ramiz Mehdiyevin televiziya işinə elmi-konseptual baxışını əks etdirən məqalədə də qeyd olunduğu kimi, televiziya verilişlərinin əksəriyyəti ictimai əhəmiyyət kəsb etməyən mövzulara həsr olunur, müəyyən mənada cəmiyyətdə neqativ tendensiyaların yayılmasına istiqamət verir, gənclərin və yeniyetmələrin zövqünü, dünyagörüşünü korlayır, təlim-tərbiyəsinə mənfi təsir edir. Həmin verilişlərdə tamaşaçılara şou-biznes nümayəndələrinin dəbdəbəli həyat tərzi təbliğ edilir, habelə onların bir-biri ilə münasibətləri, mübahisələri süni şəkildə qabardılır. Əksər əyləncə verilişlərinin ixtisaslı kadrlar tərəfindən deyil, aparıcılıq edən müğənni və ya şou-biznes nümayəndələrinin iştirakı ilə təşkil olunması yaxşı hal kimi qəbul olunmur.

Əksərən peşəkarlıqdan uzaq olan bu verilişlərin efirdə üstün mövqeyə malik olması gənc nəslin milli psixologiya və mental dəyərlər əsasında tərbiyələnməsinə, vətənpərvərlik ruhuna qənim kəsilir. Xüsusən də məktəblilər və yeniyetmələr bu prosesin doğurduğu neqativ təzahürlərin təsirinə daha çox məruz qalır, milli ənənələrlə uzlaşmayan yüngül həyat tərzinə meyil edirlər. Televiziyalarda mügənnilərin dəbdəbəli həyat tərzinin yerli-yersiz nümayiş etdirilməsi də sanki şou-biznesin "asan yolla varlanmaq vasitəsi" kimi ictimai şüura sırımağa yönəlib. Şoular vasitəsi ilə gənclərə aşağı səviyyəli müğənni obrazlarının "kumir" kimi aşılanması onların elmə deyil, məhz asan qazanc mənbəyi olan ucuz musiqiyə meyillənməsi ilə nəticələnib. Müasir gəncliyin bəzi nümayəndələri yüksək bilik, savad almaq, yaxşı mütəxəssis kimi yetişmək əvəzinə, televiziyaların qapılarında əsir-yesir olub peşəkarlıqdan tamamilə uzaq və "SMS yarışı" üzərində qurulan primitiv musiqi müsabiqələrində özlərini sınamaq istəyirlər. Bu acınacaqlı hal isə ölkədə elmə, təhsilə, insan kapitalının formalaşdırılmasına xidmət edən siyasətlə tamamilə ziddiyyət təşkil edir.

Televiziyalarda özünü qabarıq göstərən əsas problemlərdən biri də bayağı, yeknəsək, yalnız çəkildiyi ölkənin milli mentalitetinə uyğun olan, Azərbaycan xalqının dünyagörüşü, əxlaqı, adət-ənənələri, dini inancları ilə bir araya sığmayan, açıq-saçıq səhnələrlə zəngin teleserialların nümayiş etdirilməsidir. Təəssüf ki, şou-biznesdən nisbətən uzaq olan, ciddi verilişləri ilə tanınan, cəmiyyətdə müəyyən rəğbət qazanan telekanallar da bu mərəzdən qurtula bilməyiblər. Səhər və axşam saatlarında efiri Cənubi Amerika xalqlarının mentalitetini nümayiş etdirən bu seriallarla doldurmaq həmin kanallara əsla başucalığı gətirmir. Əminliklə demək olar ki, bu teleserialların heç biri Azərbaycan gəncinin mənəvi cəhətdən zənginləşməsinə, kamil şəxsiyyət kimi formalaşmasına xidmət etmir. Belə olduğu halda, yüngül dünyagörüşünü əks etdirən həmin filmləri xüsusi təbliğatla cəmiyyətə nümayiş etdirməyin nə mənası var? Problem əgər efir vaxtını doldurmaqdırsa, daha intellektual, elmi, tarixi sənədli filmlər nümayiş etdirmək, Azərbaycanın zəngin mədəniyyəti, adət-ənənələri, tarixi, ədəbiyyatı, elmi və s. haqqında maarifləndirici filmlər hazırlamaq doğrudanmı çətindir?

Məhz bu reallıqdan çıxış edən akademik Ramiz Mehdiyev cəmiyyətdə böyük rəğbətlə qarşılanan "Azərbaycanın efir məkanı: problemlər və vəzifələr" məqaləsində vurğulayır ki, dünyanın aparıcı televiziya və radio kanalları müasir dövrün tələblərini nəzərə alaraq fəaliyyətlərində dəyişiklik edir, daim yeniləşir, auditoriyasının ictimai rəyə təsir imkanlarını genişləndirirlər. Yüksək efir mədəniyyəti, ictimai maraqlara xidmət, maarifləndirmə, operativ, obyektiv, hərtərəfli məlumatlandırma teleradio yayımı həyata keçirən qurumun müvəffəqiyyətinin əsas şərtləridir. Akademikin bu fikri ilə də tam razılaşmaq olur ki, ölkədə fəaliyyət göstərən televiziya kanallarının peşəkarlığı aşağı səviyyədədir və teleradio rəhbərləri bu sahədə ciddi dönüş yaratmalıdırlar. Sevindirici haldır ki, son bir ayda səslənən ictimai tənqidlər bu sahədə müəyyən dönüşə səbəb olub, bəzi səviyyəsiz şou-biznes verilişləri bağlanıb, efirin səviyyəsi yüksəlib. Bununla belə, hələlik cəmiyyəti narahat edən vəziyyətin tamamilə aradan qalxdığını da söyləmək olmaz!

Əlbəttə, televiziya və radio kanalları ilə bağlı problemlərə bütün aparıcı dövlətlərdə rast gəlinir. Azərbaycanda mövcud olan problemlərin böyük bir qismi isə sırf keçid dövrünün səciyyəvi xüsusiyyətləri ilə şərtlənir. Reklam bazarının lazımi səviyyədə inkişaf etməməsi, televiziyalar arasında ixtisaslaşma prosesinin başa çatmaması, peşəkarlıq problemləri və digər məsələlər telekanalların üzərinə düşən missiyanı tam mənada həyata keçirməsinə mane olur.

 

Mövcud problemlərdən biri də telekanalların fəaliyyətinə ictimai nəzarət mexanizmlərinin mövcud olmamasıdır. Əminik ki, zaman keçdikcə, telekanallarımız onların ictimai nüfuzuna, peşəkarlıq səviyyəsinə xələl gətirən cılız kommersiya layihələrindən uzaq qaçacaq, yaradıcı axtarışları, mövzu rəngarəngliyi, informasiya və maarifləndirmə keyfiyyətləri ilə tamaşaçıların görüşünə gələcəklər.

 

 

Gülhüseyn ƏHMƏDOV,

Milli Məclisin deputatı

 

Azərbaycan.- 2009.- 31 oktyabr.- S. 5.