Dövlət qayğısı idmançıları yeni qələbələrə
ruhlandırır
İstənilən dövlətdə
idmanın, bədən tərbiyəsinin inkişafı bu sahənin
tərəqqisi üçün həyata keçirilən
davamlı və məqsədyönlü tədbirlər
sistemi ilə şərtlənir. İdman sahəsində
qazanılan nailiyyətlər müasir dövrdə həm də
dövlətlərin ümumi inkişaf səviyyəsini
müəyyən edən əsas meyarlardan birinə
çevrilmişdir. Azərbaycanda idman sahəsində
davamlı olaraq qazanılan nailiyyətləri, ilk növbədə,
milli genefondun qorunması baxımından vacib əhəmiyyət
kəsb edən bu sahənin inkişafına göstərilən
yüksək diqqət və qayğının bəhrəsi
kimi dəyərləndirilir.
Son illərdə respublikada
sosial-iqtisadi inkişaf meyillərinin güclənməsi cəmiyyətdə
idmanın ayrı-ayrı növlərinin inkişafına və
kütləviləşməsinə, habelə milli Olimpiya hərəkatının
genişlənməsinə də ciddi təkan vermiş,
xalqımız özünəməxsus ənənə və
dəyərlər əsasında yeni milli fiziki tərbiyə
və kamilləşmə sistemi yaratmışdır.
1997-ci ildən Milli Olimpiya Komitəsinin
prezidenti kimi idmanın inkişafında misilsiz xidmətlər
göstərmiş cənab İlham Əliyev 2003-cü ilin 15
oktyabrında dövlət başçısı
seçildikdən sonra xalqın mənəvi və fiziki
sağlamlığı baxımından strateji əhəmiyyət
daşıyan bu sahəyə dövlət
qayğısının gücləndirilməsini təmin
etmiş, Azərbaycanın dünya idman ailəsinin bərabərhüquqlu
üzvünə çevrilməsinə, kütləvi idman
ölkəsi kimi məşhurlaşmasına nail olmuşdur.
Ötən 6 ildə milli maraqlara əsaslanmaqla həyata
keçirilən bu siyasət ölkədə Olimpiya hərəkatının
genişlənməsi, idman və bədən tərbiyəsinin
tərəqqisi və daha geniş coğrafi məkanda təbliği,
eləcə də beynəlxalq yarışlarda uğurla
çıxış edə biləcək yüksək səviyyəli
idmançıların hazırlanması məqsədinə
xidmət etmişdir.
"İdmana qoyulan sərmayə
xalqın sağlamlığına qoyulan sərmayədir",
- deyən Azərbaycan Prezidenti, MOK rəhbəri İlham Əliyev
idmanın kütləviləşməsi məqsədilə
son illərdə paytaxtda və respublikamızın
ayrı-ayrı bölgələrində ən müasir tələblərə
cavab verən 23 Olimpiya İdman Kompleksinin inşasına nail
olmuşdur. 15-ə yaxın yeni Olimpiya İdman Kompleksinin
tikintisinin davam etdirilməsi, eyni zamanda, təkcə son bir ildə
Bakının Binəqədi rayonunda ən müasir tələblərə
cavab verən Tennis Akademiyasının istifadəyə verilməsi,
Mingəçevir şəhərində Avropada analoqu olmayan
avarçəkmə bazasının inşası, Gimnastika
Kompleksinin əsasının qoyulması, Daxili İşlər
Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin idman
müəssisələrinin inşası cənab İlham Əliyevin
milli genefondun qorunması baxımından milli idman
infrastrukturunun inkişafına necə böyük dəyər
verdiyini bir daha təsdiqləyir.
Dövlət
başçısı, MOK prezidenti İlham Əliyev Azərbaycan
idmançılarının mötəbər beynəlxalq
yarışlarda - Afina və Pekin Olimpiya oyunlarında layiqincə
iştirakları və uğur qazanmaları naminə
bütün lazımi tədbirləri görmüş,
onların maddi-mənəvi stimullaşdırılmasını
təmin etmişdir. Pekin Olimpiadasının nəticələri
təsdiqlədi ki, Azərbaycanda idmançıların sosial
vəziyyətinin, mənzil-məişət şəraitinin
yaxşılaşdırılması istiqamətində həyata
keçirilən tədbirlər praktik nəticələr
verir. Bu mötəbər idman yarışında Azərbaycanın
qızıl medalların sayına görə 39-cu, ümumi
medalların sayına görə 27-ci yeri tutması göstərdi
ki, ümumbəşəri dəyərlərin tərkib hissəsi
olaraq respublikamızda idman və bədən tərbiyəsinin
davamlı tərəqqisinə mühüm önəm verilir.
Eyni zamanda, MOK rəhbərliyinin peşəkarlığı,
təşkilatçılıq məharəti, qətiyyəti,
iradəsi, qarşıya qoyulmuş məqsəd və vəzifəyə
doğru addım-addım, təmkinlə irəliləmək
bacarığı sayəsində Azərbaycan idmanı
özünün yüksəliş dövrünü
yaşayır.
Dövlət
başçısı İlham Əliyev ölkədə
tarixi ənənələri olan idman klub və cəmiyyətlərinin
hərtərəfli dəstəklənməsi və
inkişafı, onların maddi-texniki bazasının möhkəmləndirilməsi
istiqamətində də məqsədyönlü tədbirlər
həyata keçirir. Azərbaycan Respublikası Dövlət
Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin nəzdində
fəaliyyət göstərən, təxminən 70 il ərzində
respublikada adlı-sanlı idmançıların
yetişdirilməsində əvəzsiz xidmətləri olan
"Neftçi" İdman-Sağlamlıq Mərkəzi də
ölkə rəhbərliyinin idmana davamlı diqqət və
qayğısını fəaliyyətində daim hiss edir. Azərbaycanda
bədən tərbiyəsinin, idmanın geniş təbliğində,
inkişafında və kütləviləşməsində əhəmiyyətli
rol oynayan mərkəz son illərdə əsaslı təmir
edilmiş, ən müasir idman inventarı, qurğuları və
avadanlıqları ilə təchiz olunmuşdur. Burada təkcə
neft-qaz sənayesi işçilərinin deyil, ümumilikdə
ölkənin bütün perspektivli
idmançılarının idmanla məşğul olması
üçün hər cür şərait
yaradılmışdır.
Zəngin idman ənənələrinə
malik mərkəzdə hələ çox illər bundan əvvəl
təkcə respublikamızda deyil, keçmiş SSRİ-də,
hətta Avropada və dünyada məşhur olan
futbolçular, atletlər, güləşçilər,
ağırlıqqaldıranlar, üzgüçülər,
boksçular, voleybolçular və digər
idmançılar yetişmişlər. İstər
keçmiş ittifaq dövründə, istərsə də
müstəqillik illərində mərkəzin təmsilçiləri
Azərbaycan idmanının tarixinə şanlı səhifələr
yazmış, milli Olimpiya tariximizə möhürlərini
vurmuşlar. Müxtəlif illərdə olimpiadaların
mükafatçıları - atlet Yuri Konovalov,
beşnövçü Viktor Mineyev, voleybolçular İnna
Rıskal və Vera Lantratova, sərbəst güləşçi
Namiq Abdullayev, yunan-Roma güləşçisi Fərid
Mansurov, boksçu Vüqar Ələkbərov, güllə
atıcısı İradə Aşumova, paralimpiya
oyunlarının qalibləri Gündüz İsmayılov,
İlham Zəkiyev, Oleq Panyutin, Zeynəddin Bilalov, Yuriy Qornak,
Aleksandr Polişuk, Yelena Taranova bu mərkəzin yetirmələridir.
Eyni zamanda, ayrı-ayrı idman növləri üzrə Avropa
və dünya çempionatlarının, kuboklarının,
eləcə də Olimpiya oyunlarının
mükafatçıları - Mehman Əzizov, Nicat Şıxəlizadə,
Elnur Məmmədli, Kifayət Qasımova, Rövşən
Bayramov, Vitali Rəhimov, Elman Əsgərov, Ruslan Xairov, Yelena
Cemayeva, Teymur Rəcəbov, Eltac Səfərli, Vüqar Həşimov,
Vasif Durarbəyli, Canna Muradqızı, Ramil Quliyev, Aliyə
Qarayeva və onlarla bu kimi idmançıların da
adını bu sırada fərəhlə sadalamaq olar.
Pekin Yay Olimpiya Oyunlarına
"Neftçi" İSM-in idmançıları 22 lisenziya
qazanmışlar. Bundan əlavə, Paralimpiya Oyunlarına da
qazanılmış bütün lisenziyalar
"Neftçi" İSM-in idmançılarına aiddir.
Bir müddət əvvəl Yerevanda keçirilən cüdo
üzrə dünya çempionatında fəxri kürsüyə
qalxaraq Azərbaycanın üçrəngli
bayrağını ucaldan, düşmən torpağında
himnini səsləndirən fədakar cüdoçumuz Elmar
Qasımov da məhz "Neftçi" İSM-də yüksək
səviyyəli idmançı kimi
formalaşmışdır.
Bu gün respublikada ən
böyük idman cəmiyyətlərindən biri kimi yüksək
dərəcəli, peşəkar idmançıların
hazırlığında öncül mövqeyə malik
"Neftçi" İSM-də idmanın 26 növü
üzrə gün ərzində 5000-dən çox yeniyetmə
gənc, qızlar, qadınlar və kişilər 180 peşəkar
məşqçi-müəllimin nəzarəti altında
müxtəlif idman növləri üzrə məşğul
olurlar. Mərkəzin 12 idman müəssisəsi -
T.İsmayılov adına Olimpiya Təlim-İdman Kompleksi,
İ.Qayıbov adına və Qaradağ təlim-idman
bazaları, Qış Üzgüçülük Hovuzu, Təlim-Məşq
Kompleksi, "Məşəl" İdman Kompleksi, Bibiheybət,
Pirallahı, Qaraçuxur, Siyəzən, Şirvan stadionları
və İdman Zalı Kompleksi mövcuddur.
Mərkəzin
idmançıları, məşqçiləri, hakimləri
və mütəxəssisləri müxtəlif beynəlxalq
yarışlara, təlim-məşq toplantılarına və
seminarlara ezam olunur, yüksək nailiyyətlərə görə
mükafatlandırılırlar. Milli Olimpiya Komitəsi, Gənclər
və İdman Nazirliyi, yerli, beynəlxalq federasiyalar, eləcə
də digər idman təşkilatları ilə sıx əlaqələr
qurulur və əməkdaşlıq edilir. Xüsusi
vurğulamaq istərdim ki, 2009-cu il fəaliyyətinin səmərəliliyinin
artırılması, qazanılmış medalların kəmiyyət
və keyfiyyət nisbəti baxımından
"Neftçi" İSM üçün uğurlu
olmuşdur. ARDNŞ strukturuna daxil olan neft və qaz sənayesi
müəssisələrində çalışan
işçilərə, onların ailə üzvlərinə
müasir tələblərə cavab verən bədən tərbiyəsi
və idman xidmətlərinin göstərilməsi məqsədilə
il boyu respublikanın əlamətdar günlərinə və
bayramlarına həsr olunmuş mini-futbol, voleybol, şahmat,
dama, turizm və başqa növlər üzrə kütləvi
idman tədbirləri keçirilmiş, həmin
yarışlara 1000-dən çox neftçi
qatılmışdır. Eyni zamanda, 2009-cu ilin 9 ayında mərkəzin
5 idman növü üzrə müxtəlif yaş
qruplarında açıq birincilikləri keçirilmiş,
bu yarışlarda 600-dək yeniyetmə və gənc
iştirak etmişdir. Mərkəzdə uşaqların və
gənclərin futbola marağının gücləndirilməsi,
səviyyəli futbolçuların yetişdirilməsi istiqamətində
də məqsədyönlü tədbirlər həyata
keçirilir.
Hesabat dövründə
"Neftçi" İSM-in idmançıları 200-dən
artıq müxtəlif səviyyəli yarışlarda
iştirak edərək 1372 medal qazanmışlar. Mərkəzin
idmançıları 2009-cu ilin 9 ayında dünya, Avropa və
respublika səviyyəli çempionatlarda, kuboklarda, birinciliklərdə
ümumilikdə 537 qızıl, 375 gümüş, 460
bürünc medal qazanmışlar. Bütün bunlar
"Neftçi" İSM-in respublikamızın idman
uğurlarındakı müstəsna rolunu bir daha
nümayiş etdirir.
2003-cü ilin 31 oktyabrında
xalqa və dövlətə sədaqət andı içərək
səlahiyyətlərinin icrasına başlayan dövlət
başçısı İlham Əliyevin son altı illik
qayğısı nəticəsində "Neftçi"
İSM respublika idmanının əsas lokomotivlərindən
birinə çevrilmiş, qarşıya qoyduğu məqsədlərə
doğru inamla irəliləmişdir. Dövlətin bu sahəyə
həssas münasibəti və diqqəti hər bir vətənpərvər
Azərbaycan idmançısını yeni-yeni qələbələrə
səsləndirir, onların üzərinə böyük mənəvi
məsuliyyət qoyur. İdman mərkəzi olaraq bizim də əsas
hədəfimiz 2012-ci ildə Londonda keçiriləcək
Olimpiya oyunlarına daha çox lisenziya qazanmaq,
respublikamızı bu mötəbər idman
yarışında layiqincə təmsil etməkdir.
Sadıq SADIQOV,
"Neftçi" İdman Sağlamlıq
Mərkəzinin icraçı direktoru
Azərbaycan.- 2009.- 31oktyabr.- S. 5.