Elmi kitabxana universitetin birinci
laboratoriyasıdır
1919-cu ildə Bakıda universitetin yaradılması qəti qərara alınan zaman, fakültələrlə yanaşı, kitabxananın da təşkili məsələsinə ciddi yanaşılmışdır. Təşkilat komissiyası 1919-cu il iyunun 2-də Bakı Şəhər İdarəsi qarşısında Mixaylovski (indiki Əzizbəyov) şəhər xəstəxanası kitabxanasının müəyyən şərtlərlə istifadə olunması üçün universitetə verilməsi haqqında vəsatət qaldırmışdı. Bu xahiş razılıqla qarşılanmışdı. Komissiya Sabunçu xəstəxanası kitabxanasının da universitetə eyni şərtlərlə verilməsinə görə Neft Sənayeçiləri Qurultayı Şurasına müraciət etmişdi. Lakin şura bu təklifə etirazını bildirsə də, sonradan hökumətin müdaxiləsi ilə məsələ həll olunmuşdu.
Universitetdə ilk məşğələlər başlananda kitabxana artıq öz oxucularını qəbul etməyə hazır idi.
1920-ci ildə kitabxanada fondu 212 nüsxə ədəbiyyatdan ibarət tibb, 1922-ci ildə isə fondu 3000 nüsxə olan Şərq şöbələri təşkil edildi. Şərq şöbəsində Şərq, rus və Qərbi Avropa dillərində olan kitabların 30-dan çoxu əlyazma idi. Onların bir hissəsi akademik V.V.Bartold tərəfindən yazılmışdı. 1924-ci ildə İstanbuldan alınan 2 min nüsxədən artıq kitabla bu fond daha da zənginləşmişdi.
Kitabxanaya zəruri çap məhsulları almaq üçün 1919-cu ildə həmin dövrün pulu ilə universitet tərəfindən 120 min manat, 1924-cü ildə isə Xalq Komissarları Soveti tərəfindən 7 min manat (qızıl pulla) məbləğində vəsait ayrılmışdı.
1920-1922-ci illərdə hökumətin sərəncamı ilə ayrı-ayrı müəssisə və təşkilatlardan, Kitab Kollektorundan, ordunun siyasi idarəsindən və digər mənbələrdən universitet kitabxanasına daxil olan ədəbiyyat yerli və xarici ölkələrin elmi müəssisələrindən mübadilə yolu ilə alınmışdı.
1922-ci ildə universitet şurası professorlardan F.N.İlyini və P.Y.Rostovskini kitab almaq üçün Petroqrada ezam etmişdir. Onlar kitabxana üçün 200 puddan çox qiymətli elmi ədəbiyyat, o cümlədən Rusiya Elmlər Akademiyasının bütün nəşrlərini təmənnasız əldə etmişlər.
1928-1929-cu illərdə keçmiş Bakı Fransız Cəmiyyətinin 1000 nüsxəyə yaxın kitab fondu, "Maarif işçiləri evi" kitabxanasının 2000 dəstdən ibarət rus jurnalı komplekti, həmçinin RSFSR-in Kitab Fondundan 10 minlərlə cilddə çap məhsulu universitet kitabxanasına verilmişdir.
Kitabxana təşkil ediləndə xarici jurnalların alınmaması əsas problemlərdən biri olmuşdu. Lakin 1926-cı ildən etibarən müntəzəm olaraq kitablarla yanaşı xarici jurnalların da alınmasına başlanmışdı.
1928-1929-cu illərdə hüquq fakültəsinin dekanı A.O.Mişelin təşəbbüsü ilə kitabxanada hüquq ədəbiyyatı şöbəsi yaradılmışdır. Həmin illərdə professorlardan B.Çobanzadə, D.Cəfərov, V.K.Finkelşteyn, A.M.Levin, A.İ.Okinşeviç, R.K.Juze, A.M.Mudrov, N.A.Popov, P.Y.Rostovski, L.Q.Lopatinski, O.A.Bayrosevski, P.X.Tumbel, Rusanova və başqaları şəxsi kitablarından kitabxanaya hədiyyə vermişlər. Müxtəlif elm sahələrini əhatə edən bu ədəbiyyat universitetdə təhsilin və elmin inkişafı üçün böyük əhəmiyyət kəsb etmişdir.
1919-1929-cu illərdə universitet kitabxanasının təşkili üçün toplanılan ədəbiyyat kitabxananın fəxri fondu sayılan "Qızıl Fond"a daxil edilmişdir. Bu fondda nadir, qədim kitablar, o cümlədən XIV-XVIII əsrlərə aid nadir nüsxələr, əlyazmalar toplanmışdır. Ən qədim əlyazma 1308-ci ilə aiddir. Fondda görkəmli yazıçıların, içtimai xadimlərin, alimlərin öz sağlıqlarında nəşr olunmuş əsərləri də var.
1930-cu illərdə universitetin fakültələri əsasında müstəqil institutlar yaradıldığı zaman, onun kitabxanası əsasında bu institutların kitabxanaları da təşkil olunmuşdur.
Qeyd edək ki, 1922-ci ildə kitabxananın fondunda 8 923 adda 14 434 nüsxə, 1929-cu ildə 72 309 nüsxə, 1940-cı ildə 204 613 nüsxə, 1950-ci ildə 340 265 nüsxə, 1960-cı ildə 574 322 nüsxə, 1970-ci ildə 1.025 334 nüsxə, 1980-ci ildə 1.772 043 nüsxə, 1990-cı ildə 1.894 238 nüsxə, 2000-ci ildə 2.003 515 nüsxə çap məhsulu olmuş, hazırda isə 3 milyona yaxındır.
Bakı Dövlət Universitetinin yaradılmasının ilk 10 ilində kitabxana beş ixtisaslaşmış şöbə - humanitar, tibb, Şərq, hüquq, tələbə qiraətxanası ilə oxuculara xidmət göstərirdi. Elmi kitabxana fondunun zənginliyinə görə M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası səviyyəsindədir. Burada olan bəzi qiymətli nəşrlər respublikanın heç bir kitabxanasında yoxdur. 1992-ci ilin əvvəllərinə qədər Moskva Mərkəzi Kitabxana Kollektoru tərəfindən pullu məcburi nüsxələrlə komplektləşdirilən elmi kitabxana Azərbaycanın üç kitabxanasından biri olmuşdur.
Rusiya Elmi-Texniki Məlumat İnstitutunda 1953-çü ildən nəşrinə başlanılan və elmi-tədqiqatların nəticələrini əks etdirən referativ jurnallar (RJ) respublika elmi ictimaiyyəti üçün böyük əhəmiyyət kəsb edirdi. 1990-cı illərin hakimiyyət dəyişikliyi dövründə RJ-lərə abunə dayandırılmışdı. Lakin universitetin rektoru, akademik A.Məhərrəmov bu çap məhsulunun elmi əhəmiyyətini nəzərə alaraq, böyük vəsait sərf olunmasına baxmayaraq, onların abunəsini bərpa etdi. Hazırda bu jurnalları Azərbaycanda ancaq Bakı Dövlət Universitetinin Elmi kitabxanası alır.
Bu gün elmi kitabxananın fondu, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 12 mart tarixli "Kitabxana işi haqqında" qanununun 15-ci maddəsinə əsasən, ölkədə nəşr olunan çap məhsullarından 2 pulsuz məcburi nüsxə, universitet nəşriyyatından, köçürmə və mübadilə yolu ilə müxtəlif idarə-müəssisələrdən alınan, ayrı-ayrı müəlliflərin bağışladıqları hədiyyələr vasitəsilə və s. mənbələrdən komplektləşdirilir.
Prezident İlham Əliyevin "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 12 yanvar 2004-cü il tarixli sərəncamına uyğun olaraq nəşr olunan kitabların və Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva tərəfindən hədiyyə edilən çap məhsullarının kitabxana fondunun zənginləşməsində əhəmiyyətli rolu xüsusi vurğulanmalıdır.
Hazırda kitabxananın elmi, tədris və bədii ədəbiyyatdan ibarət 5 abonementi, 14 şöbəsi, 1085 oturaq yeri olan 14 qiraət zalı fəaliyyət göstərir.
Elmi kitabxana universitetin tələbə, magistr və professor-müəllim heyətinə, bütövlükdə, 20 minə yaxın oxucu kontingentinə, həmçinin Azərbaycanın digər elmi müəssisələrindən və xarici ölkələrdən olan oxuculara yüksək səviyyədə xidmət göstərir.
Bu gün universitetin elmi kitabxanası 18 xarici dövlət, 50 universitet və elmi cəmiyyətlə beynəlxalq kitab mübadiləsi aparır. 1998-ci ildən Bakıda fəaliyyət göstərən Açıq Cəmiyyət İnstitutu Yardım Fondu ilə müqavilələr əsasında əməkdaşlıq edir. Kitabxana həmin cəmiyyətin layihələrində fəal iştirakına görə 11 qrant qazanmışdır.
Fondunun zənginliyinə, maddi-texniki bazasının möhkəmliyinə, yüksək ixtisaslı kadrlarına, xidmət mədəniyyətinə və s. göstəricilərinə görə kitabxana Təhsil Nazirliyinin 1971-ci il 131 saylı əmrinə əsasən Azərbaycan Ali Məktəb Kitabxanalarının Metodiki Mərkəzi olmuşdur. Burada müasir kitabxana təcrübəsinin geniş yayılması və tətbiqi məqsədilə vaxtaşırı treninqlər, seminarlar keçirilir, müasir elmi və tədrisi tələbat baxımından məqsədyönlü metodiki vasitələrlə respublikada ali məktəb kitabxanalarının təkmilləşməsinə və tənzimlənməsinə rəhbərlik edir.
1974-cü ildə kitabxanaya elmi kitabxana statusu verilmişdir.
Elmi kitabxana iqtisadiyyatın müxtəlif sahələri üçün kadr hazırlanmasında böyük rolu olan Bakı Dövlət Universitetinin birinci laboratoriyasıdır. Təhsil ocağını bitirən hər bir məzunun üzərində kitabxana işçilərinin böyük əməyi var.
Dünyanın inkişaf etmiş ölkələri ilə elmi və mədəni əlaqələrin yaradılmasında beynəlxalq informasiya mübadiləsi xüsusi əhəmiyyət kəsb edir. Elmi kitabxana hazırda 18 ölkənin 50 universiteti ilə mübadilə aparır. Bu mübadilə həm çap, həm də elektron formada (kitab, jurnal və qəzet) həyata keçirilir. 2002-2006-cı illərdə işlənilmiş 18 beynəlxalq layihə əsasında elmi kitabxanaya ARIEL və İRBİS proqramları, beynəlxalq məlumat bazalarından istifadənin təminatı üçün külli miqdarda xarici ədəbiyyat və kompüter texnologiyası, Universal Onluq Təsnifatın elektron versiyası, Düinın 7 cildli onluq təsnifatı alınmışdır.
Bu layihələr içərisində oxucuların informasiya təminatının yüksək səviyyədə təşkili üçün Açıq Cəmiyyət İnstitutu Yardım Fondu tərəfindən dəstəklənən Azərbaycan Kitabxana İnformasiya Konsorsiumu (Az.KIK) 2003-cü ilin dekabrında məhz Bakı Dövlət Universitetinin Elmi kitabxanasında yaradılmış və 2004-cü ildə fəaliyyətə başlamışdır. Burada məqsəd Azərbaycanda Beynəlxalq Konsorsium eifl.net tərəfindən təklif olunan On-line mənbələri yayımının genişləndirilməsini və həmin mənbələrin oxucular tərəfindən istifadəsini təmin etməkdir.
Azərbaycan Kitabxana İnformasiya Konsorsiumu öz işini Azərbaycan Kitabxana İşinin İnkişafı Assosiasiyası ilə birgə əməkdaşlıq çərçivəsində qurmuşdur. Bu assosiasiyanın əsas məqsədi kitabxanaların və digər maraqlı təşkilatların fəaliyyətini əlaqələndirib ölkədə kitabxana işini milli ənənələrə və müasir dünya standartlarına uyğun şəkildə təşkil etməkdən, cəmiyyətin bütün üzvlərinin kitabxana sərvətlərindən tam və azad surətdə istifadə etməsinə dair Konstitusiya hüquqlarını təmin etməkdən, kitabxanaların maddi-texniki bazasını zənginləşdirməkdən və kitabxana işçilərinin peşə sosial hüquqlarını müdafiə etməkdən ibarətdir.
Elmi kitabxananın oxucu kontingenti EBSKO 11 verilənlər bazasından istifadə edir.
Müasir dövrdə cəmiyyətin dolğun, dəqiq və operativ informasiyaya olan tələbatının sürətlə inkişaf etməsi şəraitində kitabxana işinin kompüterləşdirilməsi böyük aktuallıq kəsb edir. Bunu nəzərə alaraq, 1999-cu il martın 1-də BDU-nun Elmi Şurası kitabxanaçılıq fakültəsinin nəzdində "Kitabxananın kompüterləşdirilməsi" Elmi-Tədqiqat Laboratoriyasının yaradılması haqqında qərar qəbul etmiş və Təhsil Nazirliyinin 1999-cu il əmrinə müvafiq olaraq, həmin laboratoriya 2000-ci ildə fəaliyyətə başlamışdır. BDU-nun Elmi kitabxanasının bazası əsasında yaradılan bu laboratoriyanın məqsədi universitetin kitabxana-informasiya fəaliyyətində bütün kitabxana proseslərinin mərhələlərlə kompüterləşdirilməsi üçün yeni informasiya texnologiyalarının tətbiqi ilə bağlı nəzəri və təşkilati məsələlərlə, problemlərlə işləməkdir. İlkin mərhələdə kitabxanada qorunan elmi, tədris və digər ədəbiyyatlardan ibarət milli kitab fondunun elektron kataloqu, verilənlər bazası yaradılmışdır. 2001-ci ildən respublika ali məktəb kitabxanaları arasında ilk dəfə olaraq, BDU-nun kitabxanasında elektron kataloqun yaradılmasına başlanılmışdır. Hazırda kitabxananın Azərbaycan dilində olan fondu tam elektron kataloqa daxil edilmişdir.
Kitabxanada Azərbaycan və xarici dillərdə olan dövri nəşrlər, dissertasiya və nadir kitablar da elektron kataloqda (EK) öz əksini tapmışdır. Bu proses "İRBİS-64" proqramı əsasında həyata keçirilir.
Elektron kataloq beynəlxalq kompüter şəbəkəsi vasitəsi ilə oxuculara dünyanın istənilən nöqtəsində xidmət göstərməyə imkan verir.
Hazırda elmi kitabxana tammətnli elektron kitabxana yaradır.
BDU-nun 90 illik yubileyi ilə əlaqədar kitabxananın yeniləşmiş elektron səhifəsi universitetin bdu.az saytında yerləşdirilmişdir. İstifadəçilər bu sayta daxil olmaqla, kitabxana haqqında dolğun məlumat ala, eyni zamanda, elektron kataloq vasitəsilə On-line rejimində daha operativ axtarış apara bilərlər.
Kitabxana universitetin tanınmış alimlərinin əsərlərindən ibarət onlarla biblioqrafik göstərici çap etdirmişdir.
Bakı Dövlət Universitetinin həmyaşıdı olan elmi kitabxana yubiley konfransını keçirməyə hazırlaşır.
Kitabxana kollektivinin fəaliyyəti dəfələrlə mükafat, diplom və fəxri fərmanlarla qiymətləndirilmişdir. Bir qrup əməkdaşı müxtəlif illərdə orden-medallarla, o cümlədən "Tərəqqi" medalı ilə təltif olunmuş, əməkdar kitabxanaçı, əməkdar mədəniyyət xadimi, əməkdar mədəniyyət işçisi fəxri adlarına layiq görülmüşdür.
Hazırda elmi kitabxana respublikanın Ali Məktəb Kitabxanalarının Metodiki Mərkəzi olmaqla yanaşı, Mərkəzi Metodiki Kitabxana Komissiyasının, Azərbaycanın Kitabxana İşinin İnkişafı Assosiasiyasının, Azərbaycan Kitabxanaçılar Cəmiyyətinin və Avrasiya Kitabxanaşünaslıq Assambleyasının üzvüdür.
Sara İBRAHİMOVA,
BDU-nun elmi kitabxanasının
direktoru, əməkdar
mədəniyyət işçisi
Azərbaycan.- 2009.- 31 oktyabr.- S. 6.