İdmanın inkişafı üçün bütün
şərait yaradılmışdır
Dövlətin gənclərlə
bağlı siyasətinin əsas istiqamətlərindən
biri də fiziki cəhətdən sağlam nəslin
yetişdirilməsindən ibarətdir. Bu baxımdan Bakı
Dövlət Universitetində idmanın inkişafı prioritet
məsələ kimi həmişə diqqət mərkəzində
olmuşdur. Təhsil ocağı ölkə rəhbərinin
Olimpiya hərəkatı sahəsindəki siyasətini daim dəstəkləmiş
və ali məktəblər içərisində beynəlxalq
standartlara cavab verən ilk idman kompleksi də BDU-da inşa
edilmişdir. Gənc nəslin mənəviyyatca zəngin,
fiziki cəhətdən sağlam böyüməsində təhsil
ocağının bədən tərbiyəsi və idman
kafedrasının rolu danılmazdır.
1934-cü ildə
yaradılmış kafedranın əsas məqsədi tələbələrdə
yüksək mənəvi, iradi və fiziki keyfiyyətlər
tərbiyə etməklə yanaşı, onları vətəni
müdafiəyə hazırlamaq, şəxsiyyət kimi
formalaşdırmaqdır. Bütün sahələrin
mütəxəssisləri üçün tədris edilən
bu fənn ilk növbədə fiziki hazırlığın
profilləşməsini təmin edir, həm hərtərəfli
inkişaf etmiş şəxsiyyətin formalaşmasında,
onun sağlamlığının möhkəmləndirilməsində
əsas amil rolunu oynayır, həm də tələbələrin
peşəyönümlü fiziki hazırlığı
prosesində psixofizioloji cəhətdən nikbin əhval-ruhiyyənin
yaranmasında mühüm vasitələrdən birinə
çevrilir. Universitetdə bədən tərbiyəsi dərsləri
bütün fakültələrin birinci kurslarında tədris
edilir.
1957-ci ildə kafedranın nəzdində
yaradılmış idman klubu tələbələr
arasında asudə vaxtın səmərəli təşkili
istiqamətində böyük işlər görür. Burada
idmanın müxtəlif növləri üzrə məşqlər
keçirilir. Ayrı-ayrı bölmələrdə məşğul
olan yeniyetmələr Təhsil, Gənclər və İdman
nazirliklərinin keçirdikləri universiada və birinciliklərdə
çıxış edərək layiqli yerlər tuturlar.
Fəaliyyətinin ilk dövrlərində
kafedrada tanınmış müəllimlər - əməkdar
idman ustası, əməkdar bədən tərbiyəsi və
idman xadimi R.İ.Baxşəliyev, idman
ustası, dosent İ.Ə.Novruzov, idman ustası, dosent M.M.Əhmədov,
professor R.M.Baxşəliyev, idman ustası, pedaqoji elmlər
namizədi, dosent Ə.H.Şabanov, ağır atletika üzrə
gənclər arasında dünya rekordçusu Ş.Ağayev
və başqaları çalışmışlar.
1937-1965-ci illərdə R.İ.Baxşəliyev,
1965-1986-cı illərdə İ.Ə.Novruzov, 1986-1991-ci illərdə
M.M.Əhmədov kafedraya rəhbərlik etmişlər.
BDU-nun idman klubuna isə
ayrı-ayrı dövrlərdə tanınmış mütəxəssislər
- baş müəllim Fərhad Tarıverdiyev, Ş.Ə.Vəliyev
və Alı Alıyev sədrlik etmişlər. Hazırda
klubun rəhbəri Aləddin Paşayevdir.
Təhsil ocağında unikal
Velosiped İdman Muzeyi fəaliyyət göstərir. Muzeyin
yaradıcısı və müdiri idman ustası, pedaqoji elmlər
namizədi, professor əvəzi, respublika Milli Olimpiya Komitəsinin
üzvü, Velosiped İdmanı Federasiyasının
vitse-prezidenti Ələddin Şabanovdur.
Hazırda tələbə
gənclərin fiziki sağlamlığı ilə Mübariz
Bağırov, idman ustaları Eldar Quliyev, Rəşad Cavadov,
Leonid Şmakov, Məlahət Qəhrəmanova, Sabir Gözəlov,
Almaz Əfəndiyeva, Fərhad Tarıverdiyev, Heydər Zamanov
kimi təcrübəli mütəxəssislər məşğul
olurlar.
Kafedranın əməkdaşlarından
dosent Mənsur Əhmədov və baş müəllim Fərhad
Tarıverdiyev "Azərbaycan Respublikasının fəxri bədən
tərbiyəsi və idman işçisi" adına layiq
görülmüşlər.
Professor əvəzi Ələddin
Şabanov 50-dən artıq elmi məqalənin müəllifi
və müxtəlif konfrans və simpoziumların
iştirakçısı olmuşdur.
Kafedranın əməkdaşı
Rəşad Cavadovun baş redaktoru olduğu, 2004-cü ildən
nəşr edilən və bütün idman növlərindən
bəhs edən "Sportsman" jurnalı
respublikamızın hüdudlarından kənarda da maraqla
oxunur.
Azərbaycan və
rus dillərində aktual məqalələri ilə
oxucuların görüşünə gələn
"Sportsman" Azərbaycan Milli Olimpiya Komitəsinin, Gənclər
və İdman Nazirliyinin, Beynəlxalq İdman Jurnalistləri
Assosiasiyasının, Azərbaycan Bədən Tərbiyəsi
və İdman Akademiyasının, eləcə də müxtəlif idman federasiyalarının diplom
və mükafatlarına layiq görülüb. Azərbaycan
idmanının təbliğindəki xidmətlərinə
görə "Sportsman" jurnalı artıq üç
ildir ki, Azərbaycan İdman Jurnalistləri Assosiasiyası tərəfindən
"İlin idman jurnalı" seçilir. Sevindirici
haldır ki, dünya idman aləmində "Frans Futbol",
"Laureus", "Slava" mükafatları kimi, ölkəmizdə
də "Zəfər" Yüksək İdman Nailiyyətləri
Mükafatını məhz bu jurnal təsis etmişdir.
Yeri gəlmişkən qeyd edim
ki, müəllifi olduğum "Milli oyunların idman məşğələlərinə
tətbiqi" adlı dərs vəsaitindən respublikada
keçirilən bütün idman dərslərində
geniş istifadə olunur. Kafedranın müəllimləri bədən
tərbiyəsi üzrə tədris proqramlarının
hazırlanmasında fəallıq göstərirlər.
Son illərdə kafedranın
maddi-texniki və tədris bazası yüksək səviyyədə
yenidən qurulmuşdur. Dünya standartlarına
uyğun 2000 nəfərlik plastik kreslolarla təchiz edilmiş
süni örtüklü futbol meydançası, 25 metr
uzunluğunda hovuzu olan müasir tipli
üzgüçülük kompleksi inşa edilərək
professor-müəllim və tələbə heyətinin
istifadəsinə verilmişdir. İdmançı tələbələrimiz
Gənclər və İdman Nazirliyinin ali məktəblər
arasında keçirdiyi universiadalarda uğurla
çıxış edərək mükafatlara layiq
görülürlər.
Universitet əməkdaşlarının
istirahətlərinin təşkili istiqamətində də
xeyli işlər həyata keçirilib. Xızı
rayonunun Altıağac qəsəbəsində 2 hektar sahədə
yaşıllıqlar içərisində hər biri
üç otaqdan ibarət 14 fin tipli ev yay mövsümündə
300 nəfərə qədər professor-müəllim və tələbə
heyətinin istirahət yerinə çevrilmişdir.
YAP Yasamal rayon təşkilatının
ulu öndər Heydər Əliyevin anadan olmasının
ildönümü münasibəti ilə voleybol, futbol,
basketbol, stolüstü tennis, şahmat və digər idman
növləri üzrə keçirdiyi ənənəvi
turnirdə BDU-nun komandası həmişə qaliblər
sırasında olur.
Bir çox tələbəmiz
müxtəlif illərdə nəinki universiteti, habelə
respublikamızı keçmiş Sovetlər
İttifaqında, Avropa, dünya çempionatlarında,
Olimpiya oyunlarında layiqincə təmsil etmişdir. Belə məzunlardan əməkdar idman ustası,
professor Ələkbər Məmmədovu, dünya birinciliyinin
rekordçusu Ziba Ələsgərovanı, sərbəst
güləş üzrə ilk azərbaycanlı dünya
çempionu Aydın İbrahimovu, "Şöhrət"
ordenli idman mütəxəssisi Yaşar Məmmədovu,
SSRİ idman ustası Qəhrəman Məmmədyarovu, Sidney olimpiadasının çempionu Namiq Abdullayevi,
dünya çempionu Xəzər İsayevi, yunan-Roma güləşi
üzrə üçqat dünya çempionu Məhyəddin
Allahverdiyevi, sambo üzrə yeddiqat dünya, altıqat Avropa
çempionu Ceyhun Məmmədovu, qadınlar arasında dəfələrlə
dünya çempionatlarının qalibi Zülfiyyə
Hüseynovanı, gənclər arasında
dünya çempionu Faiq Ağayevi, boks üzrə Olimpiya
oyunlarının bürünc mükafatçısı
Vüqar Ələkbərovu, şahmat üzrə beynəlxalq
qrossmeysterlər Aynur Sofiyeva və Teymur Rəcəbovu, beynəlxalq
ustalar Elmar Məhərrəmovu, Aydın Hüseynovu, Rəhim
Qasımovu, tennisçi Süleyman Cavadovu nümunə
göstərmək olar.
Hazırda
idmançı tələbələrimizdən Afina Olimpiya
oyunlarının və dünya çempionatının qalibi
Fərid Mansurov, kikboksinq üzrə beşqat dünya
çempionu Pərviz Qəhrəmanov, sərbəst güləş
üzrə dünya kubokunun qalibi Vüqar Qurbanov öz sələflərinin
yolunu şərəflə davam etdirərək beynəlxalq aləmdə
himnimizi səsləndirib, bayrağımızı yüksəldirlər.
Universitetin
komandaları bir sıra beynəlxalq yarışlarda da
uğurla çıxış edirlər. 2005-ci ildə
Türkiyə Respublikasının "Kırık Kale"
Universitetində keçirilən beynəlxalq turnirdə həndbol
və güləş üzrə komandalarımız
yarışlarda birinci və ikinci yerlərə layiq görülmüşlər. Xəzəryanı
ölkələrin universitetlərinin II, III və IV beynəlxalq
tələbə oyunlarında, 2002-ci ildə Qazaxıstan
Respublikasının Atrau şəhərində keçirilən
yarışda qızlardan ibarət basketbol komandamız ikinci,
2004-cü ildə İran İslam Respublikasının Rəşt
şəhərində isə üçüncü yerə
layiq görülmüşlər.
2008-ci ildə Təhsil
Nazirliyi respublika Bədən Tərbiyəsi və İdman Mərkəzinin
keçirdiyi voleybol yarışında məşqçi Fərhad
Tarıverdiyevin, badminton yarışında isə Almaz Əfəndiyevanın
yetirmələri qalib olmuş, məşqçi Mübariz
Bağırovun rəhbərliyi ilə oğlanlardan ibarət
basketbol komandamız da fəxri kürsünün ən yüksək pilləsinə
qalxmış, məşqçi Sabir Gözəlovun yetirmələri
olan güləşçilərimiz isə ikinci yeri
tutmuşlar.
Yeni Azərbaycan Partiyası
Yasamal rayon təşkilatının ulu öndər Heydər Əliyevin
anadan olmasının 85 illiyinə həsr etdiyi futbol turnirində
isə BDU-nun komandası birinci yeri tutaraq fəxri diplom və
pul mükafatına layiq görülmüşdür.
2009-cu il də
universitetin idmançıları üçün uğurla
başladı. Gənclər və İdman Nazirliyi ilə
"Gənclər" Tələbə İdman Cəmiyyətləri
Respublika Şurasının birgə keçirdiyi universiadada Məlahət
Qəhrəmanovanın rəhbərliyi ilə BDU-nun
oğlanlardan və qızlardan ibarət həndbol
komandaları, baş
müəllim Almaz Əfəndiyevanın məşqçisi
olduğu qızlardan ibarət badminton komandası birinci,
Mübariz Bağırovun və Tərifə Bayramovanın
yetirmələri olan basketbolçu, stolüstü
tennisçi qızlarımız isə ikinci yerləri
tutmuşlar.
Fərəhli haldır ki,
kafedranın baş müəllimi Eldar Quliyev həm respublika
yığma komandasının, həm də 2008-ci il Pekin
Olimpiya oyunlarına idmanın atletika növü üzrə
lisenziya qazanmış Ramil Quliyevin şəxsi məşqçisidir.
2008-2009-cu tədris ilindən universitetin bütün fakültələrində Bolonya sistemi tətbiq olunur. Tələbələr dərslərdən sonra da kafedranın nəzdində fəaliyyət göstərən idman bölmələrində böyük həvəslə məşq edirlər.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin müxtəlif idman növləri üzrə müəllim və tələbələr arasında keçirdiyi yarışlarda da BDU-nun komandaları mütəmadi olaraq qalib gəlir və mükafatlandırılırlar.
2009-cu ilin yanvarında Bakı Dövlət Universiteti idmanın inkişafındakı xüsusi xidmətlərinə görə "İlin təhsil ocağı" nominasiyası üzrə "Zəfər" Yüksək İdman Nailiyyətləri Mükafatının qalibi olmuşdur. Bu və digər mərasimləri əks etdirən fotostendlər əsas binanın foyesində və kafedrada sərgilənir. Bu, tələbələr arasında idmanın təbliğinə yönəldilmiş bir vasitədir.
Dövlət başçısı dəfələrlə vurğulamışdır ki, idmanın inkişafı ölkəmizin ümumi maraqlarına xidmət edir və idmançılarımızın beynəlxalq yarışlarda qazandığı hər bir qələbə Azərbaycanın dünyada daha yaxşı tanınmasına böyük təkandır. Bu baxımdan, qocaman ali təhsil ocağı olan BDU ölkədə idmanın yüksək səviyyədə inkişaf etməsində, tədrisində və təbliğində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir.
Akif ATAKİŞİYEV,
BDU-nun kafedra müdiri,
respublikanın əməkdar
məşqçisi
Azərbaycan.- 2009.- 31 oktyabr.- S. 6.