Çanaqqaladan başlayan yol
Oktyabrın 28-də
Türkiyə Cümhuriyyətinin
ölkəmizdəki səfirliyinin
və Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi
Şurasının yardımı
ilə "AQAP" Prodüser
Mərkəzi tərəfindən
araya-ərsəyə
gələn yeni sənədli filmin Hökumət evinin kino zalında təqdimat mərasimi keçirilmişdir.
Türk xalqının
1919-1923-cü illərdə Mustafa Kamal Paşa
Atatürkün rəhbərliyi
ilə milli istiqlal savaşı yeni kinolentin leytmotivini təşkil edir. Bu hadisələrin
mərkəzində Atatürkün
Sovet Azərbaycanı
ilə əlaqələri,
həmçinin Türkiyənin
gələcəyi naminə
Sovet Rusiyası ilə əməkdaşlıq
qurmaq cəhdləri dayanır. Ssenari müəllifi Arzu
Qazıyeva, rejissoru Rövşən İsmayılov,
operatoru Nuray Səfərli olan 55 dəqiqəlik sənədli
filmdə o məşəqqətli və
şərəfli hadisələr
arxiv sənədlərinin,
kinoxronikanın köməyi
və müşayiəti
ilə bütün təfərrüatı, parlaqlığı
ilə tamaşaçılara çatdırılır.
...Birinci Dünya müharibəsi Osmanlı dövləti üçün faciə ilə bitmişdi. Qərb dövlətləri
ölkə ərazilərini
parçalamış, türk
torpaqlarına de-fakto sahib çıxmışdılar.
Mustafa Kamal Paşanın istiqlal savaşına başladığı zaman
Azərbaycanda qurulan Şura hökuməti Anadoluda başlayan milli mücadilə hərəkatının məqsədini
yaxşı anlamış,
azadlıq mübarizlərinə
yardım göstərmək
üçün fəal
hərəkətə keçmişdi.
Azərbaycan Ankaranı
müntəzəm neftlə
təmin edən yeganə ölkə idi. Türkiyənin istiqlal savaşına ən önəmli dəstək və yardım Sovet Rusiyasından gəlirdi. Amma Ankara hökumətinin
Rusiya ilə rəsmi əlaqələr
qurmasında Nəriman
Nərimanovun müstəsna
xidməti də unudulmamalıdır.
O illərdə
Türkiyə Böyük
Millət Məclisi hökuməti ilə Azərbaycan hökuməti
arasında həm diplomatik, siyasi, həm də iqtisadi əlaqələr yaranmışdı. Azərbaycanda
Türkiyə hökumətinin
təmsilçiliyi, Ankarada
isə Azərbaycan hökumətinin səfirliyi
açılmışdı. Bundan əlavə, Azərbaycanın Qarsda konsulluğu
da yaradılmışdı.
Türkiyəyə ezam
olunmuş səfir İbrahim Əbilov və konsul İbrahim Hacıbəyli ölkələrimiz arasında
qarşılıqlı əlaqələrin
möhkəmlənməsində, ən əsası yardımların müntəzəm
göndərilməsində böyük işlər
görmüşdülər.
Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan
sonra Milli Ordudan salamat qalan bir alay
Güney Azərbaycan üzərindən Ərzuruma
gələrək Anadolu
mücadiləsinə qoşulmuşdu.
Bu alay şərq
cəbhəsinə göndərilmişdi.
Sayı 1000 nəfərə
çatan Azərbaycan
könüllüləri Anadolunun
geri alınmasında böyük qəhrəmanlıq
və rəşadət
göstərmişdi. Onların
əksəriyyəti sonralar
Atatürk ordusunda qalaraq general rütbəsinədək yüksəlmişdi.
Azərbaycan-Türkiyə
əlaqələri və
dostluğu 1924-cü ilədək
davam etmiş, həmin il SSRİ-nin
yaradılması ilə
qapadılmışdı. Amma
mənəvi bağlılığı
sarsıtmaq mümkün
olmamışdır. Təsadüfi
deyil ki, 70 ildən sonra Azərbaycanın müstəqilliyini
tanıyan ilk ölkə də məhz Türkiyə olmuşdur.
Çağdaş dövrümüzdə
Nuru Paşanın komandanlığı altında
Qafqaz İslam Ordusunun Bakını erməni işğalından
qurtarması və milli hökumətin fəaliyyətə başlaması
üçün asayişi
bərpa etməsi, Azərbaycanın müstəqilliyi
arxasında siyasi və hərbi güc olması nə qədər əhəmiyyətli
dərəcədə vurğulanırsa,
Azərbaycanın da Anadolunun milli qurtuluşunda Türkiyəyə
yardımçı olmasının
araşdırılıb işıqlandırılması
bir o qədər
zəruridir. Bu, iki dövlət arasında bağlılığın,
inamın daha da möhkəmlənməsinə
xidmət etmiş olur. Filmdə məhz bu məqamlara
geniş yer verilir, iki xalq
arasındakı qardaşlıq
və qarşılıqlı
etimad hissləri önə çəkilir.
Filmin çəkilişləri
Türkiyə Cümhuriyyətinin
Ankara (Atatürk mavzoleyində, ilk Parlament Muzeyində), İstanbulda (Topqapı Muzeyində), Çanaqqala
(Çanaqqala Muzeyində,
Çanaqqala şəhidliyində)
şəhərlərində aparılmış, Türkiyə
və Azərbaycan tarixçilərindən mövzunun
şərhi ilə bağlı müsahibələr
alınmışdır.
"Çanaqqaladan başlayan
yol" sənədli
filminin təqdimat mərasimində Azərbaycan
Respublikası Prezidenti
yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi
Şurasının sədri,
Milli Məclisin deputatı Azay Quliyev, Dövlət Film Fondunun direktoru,
əməkdar incəsənət
xadimi Cəmil Quliyev, Türkiyə Böyük Millət
Məclisinin Xarici İşlər Komissiyasının
üzvü xanım Şenol Bal, Milli Məclisin deputatları Qənirə
Paşayeva, Gülər
Əhmədova və digər çıxış
edənlər yeni ekran əsərinin bədii keyfiyyətlərindən
danışmış, Türkiyə-Azərbaycan dostluğu və qardaşlığının daha da möhkəmləndirilməsində
böyük rol oynayacağını vurğulamışlar.
Yeni filmin təqdimatının Türkiyə
Cümhuriyyətinin milli
bayramı - Respublika Günü ərəfəsində
baş tutmasının
rəmzi məna daşıması diqqətə
çatdırılmışdır. Ssenari müəllifi Arzu Qazıyeva mərasim iştirakçılarına
təşəkkür etmiş
və bu mövzuda yeni kinolentlərin çəkilməsi
ilə bağlı yaradıcı qrupun niyyətini açıqlamışdır.
Akif CABBARLI
Azərbaycan.- 2009.- 31 oktyabr.- S. 7.