Hüquq elminə sanballı töhfə

 

Bu yaxınlarda Moskvada Rusiya Federasiyası Daxili İşlər Nazirliyi Moskva Universiteti Elmi Şurasının qərarı ilə tanınmış Azərbaycan alimi, hüquq elmləri doktoru, professor İsaxan Vəliyevin növbəti monoqrafiyası nəşr olunmuşdur. Elmi əsər "Cinayətin obyektiv cəhəti haqqında" adlanır. Şübhəsiz, bu hadisə Azərbaycanın hüquq ictimaiyyəti üçün ikiqat əhəmiyyət daşıyır. Əvvəla, cinayət hüququnun problemləri ilə maraqlanan hüquqşünaslar auditoriyasının ixtiyarına yeni bir tədqiqat əsəri verildi ki, bu da, öz növbəsində, cinayət hüququnun problemli məsələlərinin dərk və tədris edilməsi, cinayət qanununun təkmilləşdirilməsi işinə böyük töhfə hesab edilə bilər.

 

İkincisi, əsərdə Azərbaycan müəlliflərinin fikirləri əcnəbi müəlliflərin mövqeləri ilə birgə təhlil olunmuşdur. Kitabda Azərbaycan müəlliflərinin əsərlərinə edilmiş çoxsaylı istinadlar diqqəti cəlb edir. Bu isə, öz növbəsində, milli tədqiqatçıların elmi potensialının beynəlxalq elmi arenada nümayiş etdirilməsi baxımından olduqca əhəmiyyətlidir.

Qeyd etmək lazımdır ki, barəsində söhbət gedən əsərə Rusiya Federasiyasının müxtəlif ali təhsil ocaqlarının professorları tərəfindən müsbət rəylər verilmişdir. Həmin əsər Müstəqil Dövlətlər Birliyi miqyasında elmi əsərlər arasında keçirilən müsabiqənin qalibi olmuş və ondan birliyə aid ölkələrdə fəaliyyət göstərən ali təhsil müəssisələrinin hüquq fakültələrində dərs vəsaiti kimi istifadə edilməsi tövsiyə edilmişdir. İ.V.Vəliyevin müəllifi olduğu bu kitab bir çox MDB ölkələrinin səfirliklərinə, mərkəzi kitabxanalarına və ən böyük kitab satışı mərkəzlərinə göndərilmişdir.

Müəllifin elmdə və təcrübədə keçdiyi yol onun əsərlərinin keyfiyyətində də əks olunur. İsaxan Vəliyev 1981-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini, 1984-cü ildə isə SSRİ Prokurorluğunun Rəhbər Kadrların Təkmilləşdirilməsi İnstitutunu bitirmişdir.

Əmək fəaliyyətinə Yasamal Rayon Prokurorluğunun müstəntiqi vəzifəsindən başlamış, daha sonra Azərbaycan Respublikası Baş Prokurorluğu Ümumi Nəzarət İdarəsinin rəisi, Bakı şəhər prokuroru və Azərbaycan Respublikası Baş prokurorunun müavini vəzifələrində çalışmışdır. Prokurorluqda işlədiyi dövrdə onun qabaqcıl iş təcrübəsi dəfələrlə SSRİ məkanında yayılmışdır.

O, 1992-ci ildə hüquq elmləri namizədi, 2006-cı ildə isə Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Moskva Universitetində doktorluq dissertasiyası müdafiə edərək hüquq elmləri doktoru elmi dərəcəsi almışdır.

İsaxan Vəliyev cinayət hüququ və cinayət prosesinin aktual problemlərinə həsr edilmiş 50-dən artıq elmi əsərin, o cümlədən 2 monoqrafiyanın və 2 dərs vəsaitinin müəllifidir. Onun bir sıra məqalələri və təqdim edilən işdən əlavə daha bir monoqrafiyası - "Rusiya Federasiyası, Azərbaycan və Qazaxıstan respublikaları prokurorluqlarının formalaşması və fəaliyyətinin hüquqi və təşkilatı əsasları" əsəri Rusiyada dərc edilmişdir.

İ.Vəliyev ədliyyə polkovniki və baş ədliyyə müşaviridir. 2007-ci ildən etibarən Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu "Cinayət hüququ və cinayət prosesi" şöbəsinin müdiri vəzifəsində çalışır. Hüquq elminin inkişafındakı xidmətlərinə görə Elmlər Akademiyası prezidentinin fəxri fərmanı ilə təltif edilmişdir.

Müəllifin hüquq ictimaiyyətinə təqdim edilən yeni əsəri həm də tədqiq olunan problemlərin dairəsinə görə diqqəti cəlb edir. Əsər beş fəsildən ibarətdir. "Cinayət tərkibinin elementi kimi cinayətin obyektiv cəhətinin anlayışı və strukturu" adlanan birinci fəsildə cinayət tərkibinin obyektiv cəhətinin məzmunu, cinayət tərkibi və cinayətin obyektiv cəhəti anlayışlarının, o cümlədən cinayətin obyektiv və subyektiv cəhətlərinin qarşılıqlı əlaqəsi kimi məsələlər təhlil edilmişdir. "Cinayət tərkibinin obyektiv cəhətini xarakterizə edən əsas əlamətlər" adlanan ikinci fəsil ictimai təhlükəli əməl, ictimai təhlükəli nəticə və onun əhəmiyyəti, səbəbli əlaqə kimi problemlərə həsr edilmişdir. "Cinayət tərkibinin obyektiv cəhətinin əlavə əlamətləri" adlanan üçüncü fəsildə cinayətin törədilmə vaxtı, yeri, üsulu, vasitə və alətləri kimi məsələlərin tədqiqi verilmiş, şəxsin cinayətin törədilməsində silahlanmış olması və cinayətin törədilmə şəraitinin cinayətin tövsifinə təsiri problemləri qiymətləndirilmişdir. "Cinayət tərkibinin obyektiv cəhətinin əlamətlərinə görə cinayətlərin təsnifatı" adlanan dördüncü fəsil obyektiv cəhətinin əlamətlərinə görə cinayətlərin təsnif edilməsinin əsasları və bu təsnifatda cinayətlərin növləri məsələlərini, habelə cinayət qanununda cinayətlərin obyektiv cəhətinin formulə edilməsinin hüquqi-texniki problemlərini əhatə edir. "Qəsdin hüquqi qiymətləndirilməsi üçün cinayət tərkibinin obyektiv cəhətinin əhəmiyyəti" adlı sonuncu fəsildə cinayətin obyektiv cəhətinin mövcudluğu cinayət məsuliyyətinin yaranması üçün obyektiv əsas kimi dəyərləndirilir, obyektiv cəhətin əlamətlərinin cinayətin ictimai təhlükəlilik dərəcəsinin artmasına və əməlin tövsifinə təsirinin xüsusiyyətləri araşdırılır, cəzanın fərdiləşdirilməsi zamanı cinayət tərkibinin obyektiv cəhətinin rolu öyrənilir.

Əsər səlist və anlaşıqlı üslubda yazılmışdır. Kitab hüquq fakültələrinin tədris prosesində də geniş istifadə edilər bilər. Bununla yanaşı, kitabın əsas üstünlüyü onun cinayət qanunvericiliyinin təkmilləşdirilməsi işinə faydalı olması və özündən sonra aparılacaq elmi-tədqiqat işləri üçün dəyərli nəzəri baza rolunu oynamasıdır.

Bütövlükdə, respublikanın hüquq ictimaiyyətinin diqqətini cəlb edəcək bu əsəri müəllifinin ciddi uğuru və hüquq elminə sanballı töhfəsi kimi səciyyələndirmək olar.

 

 

Kamil SƏLİMOV,

hüquq elmləri doktoru,

professor

 

Azərbaycan.- 2009.- 31 oktyabr.- S. 7.