"Dağlıq Qarabağ bölgəsinin
azərbaycanlı icması"
ictimai birliyinin fəaliyyətinin
maddi-texniki təminatının
yaxşılaşdırılması tədbirləri
haqqında
Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həlli və
azərbaycanlıların öz doğma yurdlarına
qayıtması istiqamətində həyata keçirilən tədbirlərdə
Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin
azərbaycanlı icmasının rolu əhəmiyyətli dərəcədə
artmaqdadır.
65 min nəfərdən
çox insanı birləşdirən icma cari ildə
özünün ilk qurultayını keçirmiş, "Azərbaycan
Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı
icması" kimi keyfiyyətcə yeni, təşkilati
baxımdan möhkəmlənmiş ictimai birliyə
çevrilmiş, idarəetmə strukturlarını
yaratmışdır.
Birliyin icmadaxili və
beynəlxalq ictimaiyyət arasında genişmiqyaslı fəaliyyətinin
daha səmərəli qurulması üçün istifadəsində
olan mənzil-qərargahın əsaslı təmiri və zəruri
avadanlıqlarla təchiz edilməsi məqsədilə qərara
alıram:
1. Azərbaycan Respublikasının
2009-cu il dövlət büdcəsində nəzərdə
tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan
"Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin
azərbaycanlı icması" ictimai birliyinin mənzil-qərargahının
əsaslı təmiri və zəruri avadanlıqlarla təchiz
edilməsi məqsədilə 2 (iki) milyon manat məbləğində
vəsait ayrılsın.
2. Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın
1-ci bəndində nəzərdə tutulan vəsaitin "Azərbaycan
Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı
icması" ictimai birliyinin hesabına ödənilməsini
təmin etsin.
3. Azərbaycan
Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli
gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 31 avqust 2009-cu il
Azərbaycan.- 2009.- 1 sentyabr.- S.2.