I. Ümumi müddəalar
1. Azərbaycan
Respublikasının Standartlaşdırma, Metrologiya və
Patent üzrə Dövlət Komitəsi (bundan sonra - Komitə)
"Azərbaycan Respublikasının Standartlaşdırma,
Metrologiya və Patent üzrə Dövlət Komitəsinin
yaradılması haqqında" Azərbaycan Respublikası
Prezidentinin 2008-ci il 19 noyabr tarixli 53 nömrəli Sərəncamına
əsasən yaradılmışdır.
Azərbaycan
Respublikasının Standartlaşdırma, Metrologiya və
Patent üzrə Dövlət Komitəsi (bundan sonra - Komitə)
texniki tənzimləmə, standartlaşdırma, metrologiya,
uyğunluğun qiymətləndirilməsi, akkreditasiya, keyfiyyətin
idarə edilməsi və sənaye mülkiyyəti obyektlərinin
mühafizəsi sahələrində (bundan sonra - müvafiq
sahədə) dövlət siyasətini və tənzimlənməsini
həyata keçirən mərkəzi icra hakimiyyəti
orqanıdır.
2. Komitə öz fəaliyyətində
Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələri, Azərbaycan
Respublikasının qanunlarını, Azərbaycan
Respublikası Prezidentinin fərman və sərəncamlarını,
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və
sərəncamlarını və bu Əsasnaməni rəhbər
tutur.
3. Komitə öz vəzifələrini
yerinə yetirərkən və hüquqlarını həyata
keçirərkən icra hakimiyyəti orqanları, yerli
özünüidarəetmə orqanları, qeyri-hökumət
təşkilatları və digər aidiyyəti qurumlarla
qarşılıqlı əlaqədə fəaliyyət
göstərir.
4. Komitə müstəqil
balansa, qanunvericiliyə uyğun sərəncamında olan
dövlət əmlakına, xəzinə və bank
hesablarına, üzərində Azərbaycan
Respublikasının Dövlət gerbinin təsviri və
öz adı həkk olunmuş möhürə, müvafiq
ştamplara və blanklara malikdir.
5. Komitənin saxlanma xərcləri
və fəaliyyəti Azərbaycan Respublikasının
dövlət büdcəsi və qanunvericiliklə nəzərdə
tutulan digər mənbələr hesabına maliyyələşdirilir.
6. Komitə Bakı
şəhərində yerləşir.
II. Komitənin fəaliyyət istiqamətləri
7. Komitənin fəaliyyət
istiqamətləri aşağıdakılardır:
7.1. müvafiq sahədə
vahid dövlət siyasətinin
formalaşdırılmasında iştirak edir və bu siyasətin
həyata keçirilməsini təmin edir;
7.2. müvafiq sahənin
inkişafını təmin edir;
7.3. qanunvericiliklə
müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət
göstərir.
III. Komitənin vəzifələri
8. Komitə bu Əsasnamə
ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə
uyğun olaraq aşağıdakı vəzifələri yerinə
yetirir:
8.1. müvafiq sahədə
öz səlahiyyətləri çərçivəsində
normativ tənzimləməni həyata keçirmək, həmin
sahəni tənzimləyən normativ hüquqi bazanın təkmilləşdirilməsi
və beynəlxalq tələblərə
uyğunlaşdırılması məqsədi ilə
müvafiq işlər aparmaq;
8.2. Azərbaycan
Respublikasının müvafiq sahədə tərəfdar
çıxdığı beynəlxalq müqavilələrin
həyata keçirilməsini öz səlahiyyətləri
daxilində təmin etmək;
8.3. dövlət
metroloji nəzarətini həyata keçirmək;
8.4. dövlət kəmiyyət
vahidləri etalonlarını təsdiq etmək;
8.5. ölçmə
vasitələrinin müqayisəli yoxlanmasını və
kalibrlənməsini təmin etmək;
8.6. hüquqi şəxslərin
metroloji xidmətləri tərəfindən qanunvericiliyə
uyğun olaraq həyata keçirilən ölçmə
vasitələrinin kalibrlənməsi və müqayisəli
yoxlanması fəaliyyətinə nəzarət etmək;
8.7. ölçmələrin
yerinə yetirilməsi üsullarının
attestasiyasını təmin etmək;
8.8. çəkilib
(ölçülüb) qablaşdırılmış mallar
üzərində dövlət metroloji nəzarətini həyata
keçirmək;
8.9. ölçmə
vasitələrinin dövlət sınaqlarını aparmaq;
8.10. ölçmə
vasitələrinin tipini təsdiq etmək və bu barədə
müvafiq sənəd vermək;
8.11. dövlət
standartları, texniki şərtlər, sahə standartları,
texniki-iqtisadi və sosial informasiya təsnifatları, beynəlxalq
(regional) və dövlətlərarası standartlar və
standartlaşdırma üzrə normalar, qaydalar və
tövsiyələr, xarici ölkələrin milli
standartları, standartlaşdırma üzrə beynəlxalq
(regional) və dövlətlərarası müqavilələr,
habelə onların tətbiqi qaydaları haqqında rəsmi məlumatların
dərcini təşkil etmək;
8.12. texniki tənzimləmə
və standartlaşdırma üzrə normativ sənədlərin
dövlət fondunu öz səlahiyyətləri daxilində
idarə etmək və təkmilləşdirmək;
8.13. məhsulların
normativ sənədlərin tələblərinə
uyğunluğuna dövlət nəzarətini həyata
keçirən icra hakimiyyəti orqanlarının müvafiq
sahədə fəaliyyətlərini əlaqələndirmək;
8.14. məhsulların
istehsalı, istifadəsi, istismarı, saxlanılması,
daşınması, işlərin yerinə yetirilməsi və
xidmətlərin göstərilməsi zamanı texniki
reqlamentlərin, eləcə də onlarla
qarşılıqlı əlaqəli olan dövlət
standartlarının və ya texniki tənzimləmə və
standartlaşdırma sahəsində digər normativ sənədlərin
məcburi tələblərinə, məhsul
istehsalçısının məhsulun keyfiyyəti və təhlükəsizliyinə
dair bəyan etdiyi göstəricilərə riayət
olunmasına öz səlahiyyətləri daxilində dövlət
nəzarətini həyata keçirmək;
8.15. istehlak
bazarının keyfiyyətsiz, təhlükəli və
saxtalaşdırılmış mallardan qorunması məqsədi
ilə qanunvericiliklə müəyyən edilmiş tədbirləri
həyata keçirmək;
8.16. məhsulların
(işlərin, xidmətlərin) uyğunluğunun qiymətləndirilməsi
məqsədi ilə aparılan işləri əlaqələndirmək
və onlara nəzarət etmək;
8.17. məhsulların
(işlərin, xidmətlərin) insanların həyatı,
sağlamlığı, əmlakı və ətraf mühit
üçün təhlükəsizliyi və keyfiyyəti,
ölçmələrin dəqiqliyi və vəhdəti
haqqında istehlakçıların tam və səhih
informasiyaya malik olmalarının təmin edilməsi
üçün tədbirlər görmək;
8.18. müvafiq normativ sənədlərin
hazırlanmasının və tətbiqinin,
istehlakçıların bu barədə tam və səhih
informasiya təminatının, standartlaşdırma sisteminin təkmilləşdirilməsinin
təmin edilməsi üçün tədbirlər görmək;
8.19. digər icra hakimiyyəti
orqanlarının, habelə təsərrüfat subyektlərinin
və qeyri-hökumət təşkilatlarının
müvafiq sahə ilə bağlı fəaliyyətlərini əlaqələndirmək;
8.20. hüquqi və
fiziki şəxslər tərəfindən müvafiq sahədə
normativ sənədlərin məcburi tələblərinə
əməl olunmasına öz səlahiyyətləri daxilində
nəzarət etmək;
8.21. Azərbaycan
Respublikasının normativ sənədlərinin və ya Azərbaycan
Respublikasında tanınan beynəlxalq, regional, dövlətlərarası
və digər dövlətlərin standartlarının tələblərinə
uyğun olmayan, insanın həyatı,
sağlamlığı və əmlakına, habelə ətraf
mühitə zərər vura bilən məhsulların
(işlərin, xidmətlərin) istehsalının,
idxalının, satışa buraxılmasının, istifadəsinin
və icrasının qarşısının alınması məqsədi
ilə öz səlahiyyətləri daxilində tədbirlər
görmək;
8.22. istehlak
bazarının normativ sənədlərin tələblərinə
uyğun olmayan, qanunvericiliyə uyğun olaraq
sertifikatlaşdırılmalı olan, lakin
sertifikatlaşdırılmamış mallardan (işlərdən,
xidmətlərdən) qorunması üçün
qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər
görmək;
8.23. Milli
Uyğunluğun Təsdiqi Sisteminin təkmilləşdirilməsini,
tətbiqini təmin etmək və onun tələblərinə
riayət edilməsinə nəzarət etmək;
8.24. məhsulların
(işlərin, xidmətlərin) və keyfiyyəti idarəetmə
sistemlərinin sertifikatlaşdırılması üzrə
aparılan işləri əlaqələndirmək və
onlara nəzarəti həyata keçirmək;
8.25. Milli Akkreditasiya
Sistemini yaratmaq, tətbiq etmək və təkmilləşdirmək,
uyğunluğun qiymətləndirilməsi orqanlarının,
sınaq laboratoriyalarının (mərkəzlərinin)
akkreditasiyası üzrə işləri aparmaq və
qanunvericiliyə uyğun olaraq onların fəaliyyətlərinə
nəzarəti həyata keçirmək;
8.26. texniki tənzimləmə
və standartlaşdırma üzrə normativ sənədlərin,
akkreditasiya edilmiş uyğunluğun qiymətləndirilməsi
orqanlarının, sınaq laboratoriyalarının,
sertifikatlaşdırılmış məhsulların (işlərin,
xidmətlərin) və keyfiyyət sistemlərinin, tipi təsdiq
edilmiş ölçmə vasitələrinin və sənaye
mülkiyyəti obyektlərinin müvafiq dövlət reyestrlərini
aparmaq;
8.27. sənaye mülkiyyəti
obyektlərinin hüquqi mühafizəsini qanunvericiliyə
uyğun olaraq təmin etmək;
8.28. qanunvericiliklə
müəyyən edilmiş qaydada sənaye mülkiyyəti
obyektləri barəsində daxil olmuş iddia sənədlərinin
ekspertizasını həyata keçirmək, sənaye
mülkiyyəti obyektlərinin qeydiyyata alınması və
ya patent verilməsindən imtina barədə qərarlar qəbul
etmək, dövlət reyestrini aparmaq, müvafiq mühafizə
sənədlərini vermək, onların qüvvədə
saxlanılması üçün müvafiq tədbirlər
görmək;
8.29. sənaye mülkiyyəti
obyektlərinin ilkin istifadəçilərinin
hüquqlarının tanınması barədə müraciətlərə
baxmaq və müvafiq qərar qəbul etmək;
8.30. sənaye mülkiyyəti
obyektləri barəsində iddia sənədi və ya qeydə
alınmış sənaye mülkiyyəti obyektləri
üzrə hüquqların digər şəxslərə
verilməsinə dair müqavilələri, onlardan istifadə
hüququnun verilməsi ilə bağlı lisenziya müqavilələrini
qeydiyyata almaq və onlar barədə məlumatları
müvafiq dövlət reyestrinə və mühafizə sənədlərinə
daxil etmək;
8.31. patent müvəkkillərinin
attestasiyasını və qeydiyyatını aparmaq;
8.32. texniki tənzimləmə
və standartlaşdırma sahəsində normativ sənədlər
və sənaye mülkiyyəti obyektləri üzrə məlumatlar
bankının avtomatlaşdırılmış sistemini
yaratmaq;
8.33. patent fondunun
komplektləşdirilməsi sahəsində zəruri işləri
həyata keçirmək;
8.34. qanunvericiliklə
müəyyən olunmuş hallarda elmi-texniki nailiyyətlərin,
yeni texnologiya və avadanlıqların ixracı ilə əlaqədar
rəylərin verilməsini təmin etmək;
8.35. müvafiq müraciətlər
əsasında sənaye mülkiyyəti obyektlərinin
qeydiyyatı, onlarda edilmiş dəyişikliklər və
qeydiyyata xitam verilməsi barədə dövlət reyestrindən
çıxarışlar vermək;
8.36. sənaye mülkiyyəti
obyektləri barədə dövlət reyestrinə daxil
edilmiş məlumatları dərc etmək;
8.37. əmtəə
nişanlarının və coğrafi göstəricilərin
qeydə alınması, hüquqi mühafizəsi və
onlardan istifadə sahəsində qanunvericilikdə nəzərdə
tutulmuş tədbirləri həyata keçirmək;
8.38. sənaye mülkiyyəti
obyekti barəsində iddia sənədinin verilməsi, onun
ekspertizası, patentin verilməsi, həmçinin patent
müvəkkillərinin attestasiyası, qeydiyyatı və fəaliyyəti
ilə bağlı yaranan mübahisələrə baxan
Apellyasiya Şurasını yaratmaq və onun fəaliyyətini
təmin etmək;
8.39. akkreditasiya
edilmiş orqanlar tərəfindən qanunvericiliyə
müvafiq olaraq sahibkarlıq subyektlərinə
uyğunluğun qiymətləndirilməsi sahəsində təsdiqedici
sənədlərin verilməsində qanunvericiliyə riayət
olunmasına öz səlahiyyətləri daxilində nəzarət
etmək;
8.40. strukturuna daxil olan
qurumların və tabeliyində olan digər qurumların
işini əlaqələndirmək, onların fəaliyyətinə
nəzarəti öz səlahiyyətləri daxilində həyata
keçirmək;
8.41. müvafiq sahə
üzrə blankların nümunələrini öz səlahiyyətləri
daxilində təsdiq etmək;
8.42. müvafiq sahədə
dövlət orqanları və hüquqi şəxslərlə,
beynəlxalq təşkilatlarla, xarici hüquqi şəxslərlə
əməkdaşlıq etmək, birbaşa
danışıqlar aparmaq və ya danışıqların
aparılmasında iştirak etmək, beynəlxalq müqavilələrin
layihələrini hazırlamaq;
8.43. qanunvericiliyə
uyğun olaraq dövlət sirrinin və məxfilik rejiminin
qorunması üçün zəruri tədbirlər, habelə
fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik
tədbirlərini görmək;
8.44. öz fəaliyyəti
haqqında əhalinin məlumatlandırılmasını,
internet saytının yaradılmasını, malik olduğu və
siyahısı qanunvericiliklə müəyyən edilmiş
açıqlanmalı olan ictimai informasiyanın həmin saytda
yerləşdirilməsini və bu informasiyanın daimi yeniləşdirilməsini
təmin etmək;
8.45. texniki tənzimləmə,
metrologiya və standartlaşdırma sahəsində normativ sənədlərin
tərtib edilməsi, onların qeydiyyata alınması və
uçotu üçün tədbirlərin görülməsi;
8.46. normativ sənədlərdə
nəzərdə tutulan məhsullar üçün standart
nümunələrinin müəyyən olunması və
onların hazırlanmasını təşkil etmək;
8.47. qanunvericiliklə
müəyyən edilmiş fəaliyyət növlərinin həyata
keçirilməsi zamanı məhsulun istehsalı və
saxlanılması, işlərin yerinə yetirilməsi və
xidmətlərin göstərilməsi üçün tətbiq
olunan (olunacaq) avadanlıqların, texnoloji xətlərin
(proseslərin) və ölçmə vasitələrinin
normativ sənədlərin tələblərinə
uyğunluğu barədə rəy vermək;
8.48. məhsulların
normativ sənədlərin tələblərinə
uyğunluğuna dair xarici ölkələrin müvafiq
qurumları tərəfindən verilmiş təsdiqedici sənədlərin
tanınması ilə bağlı öz səlahiyyətləri
daxilində tədbirlər görmək;
8.49. Azərbaycan
Respublikasının standartlaşdırma və
sertifikatlaşdırma sahəsində tərəfdar
çıxdığı beynəlxalq müqavilələrə
uyğun olaraq keyfiyyət, ətraf mühit və digər idarəetmə
sistemlərinin tətbiqi və
sertifikatlaşdırılması ilə məşğul olan,
habelə bu sistemlərin tətbiqi ilə bağlı
konsaltinq xidmətləri göstərən qurumların Azərbaycan
Respublikasının ərazisində həmin sahədə fəaliyyətinə
razılıq vermək;
8.50. qanunvericiliyə
uyğun olaraq dövlət standartlaşdırma və
ölçmələrin vəhdətinin təmin edilməsi
sistemlərinin tətbiq olunması və bu sistemlərdə
aparılan işlərin ümumi təşkilati-texniki
qaydalarının müəyyən edilməsi;
8.51. digər icra hakimiyyəti
orqanları, yerli özünüidarəetmə orqanları,
habelə təsərrüfat subyektləri və qeyri-hökumət
təşkilatlarının təklifləri nəzərə
alınmaqla, standartlaşdırma üzrə illik və
perspektiv planları formalaşdırmaq, təsdiq etmək və
yerinə yetirilməsinə nəzarəti həyata
keçirmək;
8.52. fəaliyyət
istiqamətlərinə uyğun olaraq qanunvericilikdə nəzərdə
tutulmuş digər vəzifələri yerinə yetirmək.
IV. Komitənin hüquqları
9. Komitə öz vəzifələrini
yerinə yetirmək üçün aşağıdakı
hüquqlara malikdir:
9.1. müvafiq sahəyə
aid olan normativ hüquqi aktların layihələrini
hazırlamaq və ya onların hazırlanmasında iştirak
etmək;
9.2. Azərbaycan
Respublikasının müvafiq sahə üzrə beynəlxalq
müqavilələrə tərəfdar çıxması
barədə təşəbbüslə
çıxış etmək;
9.3. öz səlahiyyətləri
daxilində qanunvericiliyə uyğun olaraq icrası məcburi
olan aktlar qəbul etmək;
9.4. öz səlahiyyətləri
daxilində dövlət və yerli özünüidarəetmə
orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri
məlumatlar (sənədlər) barədə sorğu vermək
və onlardan belə məlumatları (sənədləri)
almaq;
9.5. fəaliyyət
istiqamətlərinə uyğun rəy vermək, ekspertizalar
keçirmək, monitorinqlər, təhlillər və
ümumiləşdirmələr aparmaq, layihələr,
analitik materiallar hazırlamaq, təkliflərlə
çıxış etmək;
9.6. müvafiq sahədə
kadr hazırlığını təmin etmək, həmçinin
mütəxəssislərin hazırlanması və
ixtisasının artırılması üçün tədbirlər
görmək;
9.7. Komitənin
strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi
istiqamətində öz səlahiyyətləri daxilində tədbirlər
görmək;
9.8. xarici və yerli
ekspertləri, məsləhətçiləri (mütəxəssisləri),
məsləhətçi şirkətləri və elmi təşkilatları
qanunvericiliyə uyğun olaraq öz fəaliyyətinə cəlb
etmək;
9.9. müvafiq sahədə
elmi-tədqiqat işlərinin həyata keçirilməsini təşkil
etmək;
9.10. istehlak məhsullarının
(xidmətlərinin, işlərinin) keyfiyyəti və təhlükəsizliyi
üzrə tələblərin pozulması haqqında
istehlakçıların müraciətlərinə öz səlahiyyətləri
daxilində qanunvericilikdə nəzərdə tutulmuş
qaydada baxmaq, müvafiq təşkilatlara, hüquqi və fiziki
şəxslərə icrası məcburi olan göstərişlər
vermək;
9.11. məhsulların
istehsalı layihəsinin hazırlanması, məhsulların
istehsalı, tədarükü, saxlanması,
daşınması, işlərin yerinə yetirilməsi və
xidmətlərin göstərilməsi zamanı
istehlakçıların hüquqlarının qorunması məqsədi
ilə malların (işlərin, xidmətlərin) keyfiyyətinə
və təhlükəsizliyinə öz səlahiyyətləri
daxilində dövlət nəzarətini həyata keçirmək;
9.12. müvafiq sahədə
dövlət nəzarətini həyata keçirmək məqsədi
ilə tabeliyindən və mülkiyyət formasından
asılı olmayaraq təsərrüfat subyektlərinin xidmət
və istehsal sahələrinə, ölçmə vasitələrinin
istismar, istehsal və təmir edildiyi, satıldığı,
yaxud saxlandığı obyektlərə qanunvericiliyə
uyğun olaraq sərbəst daxil olmaq, zəruri məlumat və
sənədləri almaq, təsərrüfat subyektlərinin
mütəxəssislərindən və maddi-texniki vasitələrindən
həmin təsərrüfat subyektində dövlət nəzarəti
tədbirləri məqsədi ilə qanunvericiliyə uyğun
olaraq istifadə etmək;
9.13. məhsulların
(işlərin, xidmətlərin) normativ sənədlərin tələblərinə
uyğunluğunu təyin etmək üçün qüvvədə
olan normativ sənədlərə müvafiq olaraq sınaq
nümunələrini əvəzsiz qaydada seçib
götürmək;
9.14. malların (işlərin,
xidmətlərin) normativ sənədlərin tələblərinə
uyğunluğuna dövlət nəzarəti həyata
keçirilərkən müvafiq qaydada seçilib
götürülmüş məhsul nümunələrinin
sınaqları üzrə xərclərin təsərrüfat
subyektləri tərəfindən sınaqları aparan
laboratoriya və ya mərkəzin hesabına
köçürülməsini təmin etmək
üçün qanunvericilikdə nəzərdə
tutulmuş tədbirlər görmək;
9.15. qüvvədə
olan normativ sənədin tələblərinə uyğun
olmayan məhsullarda aradan qaldırılması mümkün
olan nöqsanlar aşkar edildikdə, dəqiq müddət
göstərməklə həmin nöqsanların aradan
qaldırılması barədə təsərrüfat subyektlərinə
müvafiq yazılı göstərişlər vermək;
9.16. qanunvericiliyə
uyğun olaraq müvafiq sahədə dövlət nəzarətini
həyata keçirən dövlət müfəttişləri
istehsalat və ya xidmət sahələrinə
buraxılmadıqda və ya təsərrüfat subyektlərinin
rəhbərləri və digər vəzifəli şəxsləri
tərəfindən dövlət nəzarətinin həyata
keçirilməsi üçün qanunvericilikdə nəzərdə
tutulmuş şərait yaradılmadıqda aidiyyəti
dövlət orqanlarına müraciət etmək;
9.17. məhsullarda
(işlərdə, xidmətlərdə) aradan
qaldırılması mümkün olmayan nöqsanlar aşkar
edildikdə, həmin məhsulun (işin, xidmətin)
istehsalının və ya satışa buraxılmasının
qadağan edilməsi ilə bağlı müvafiq tədbirlər
görmək;
9.18. normativ sənədlərin
tələblərinə cavab verməyən, saxlama və
yararlılıq müddəti bitmiş məhsulların
götürülməsi, zərərsizləşdirilməsi
və ya məhv edilməsi barədə qanunvericiliyə
uyğun olaraq qərar qəbul etmək, həmin qərarın
icrasına nəzarət etmək;
9.19. normativ sənədlərin
tələblərini pozan və ya dövlət nəzarətini
həyata keçirən dövlət müfəttişinin qərar
və yazılı göstərişlərini yerinə yetirməyən
şəxslər barəsində qanunvericiliklə müəyyən
edilmiş qaydada inzibati tənbeh tədbirləri görmək;
9.20. normativ sənədlərin
tələblərinin pozulması ilə bağlı təsərrüfat
subyektlərinə verilmiş göstərişlər və
ya qəbul edilmiş qərarlar yerinə yetirilmədikdə
bu barədə məlumat və sənədləri müvafiq
tədbirlər görülməsi üçün aidiyyəti
dövlət orqanlarına və ya məhkəməyə təqdim
etmək;
9.21. aşkar edilən
pozuntular təsərrüfat subyektləri tərəfindən
aradan qaldırılanadək müvafiq tələblərə
cavab verməyən istehlak məhsullarını istehsal və
ya realizə edən təsərrüfat subyektinin fəaliyyətinə
verilmiş xüsusi razılıq (lisenziya) və xüsusi
icazələrin və digər təsdiqedici sənədlərin
qüvvəsinin dayandırılması və ya ləğv
edilməsi üçün müvafiq dövlət
orqanlarına təqdimat vermək;
9.22. məhsulların
normativ sənədlərin tələblərinə
uyğunluğuna dair təsərrüfat subyektləri ilə
dövlət nəzarətini həyata keçirən orqan
arasında yaranan fikir ayrılığının aradan
qaldırılması məqsədi ilə arbitraj
laboratoriyasının yaradılması ilə bağlı tədbirlər
görmək və təkliflər vermək;
9.23. Milli
Uyğunluğun Təsdiqi Sisteminə dəyişikliklər və
əlavələr etmək;
9.24. metroloji qayda və
normalara uyğun olmayan ölçmə vasitələrinin
istismarını, istehsalını və
satışını qadağan etmək;
9.25. metroloji qayda və
normaların pozulmasının aradan qaldırılması
müddətləri göstərilməklə tələbnamə
vermək;
9.26. metroloji qayda və
normaların pozulmasına yol vermiş şəxslər barəsində
qanunvericiliklə müəyyən edilmiş qaydada inzibati tənbeh
tədbirləri görmək;
9.27. müqayisəli
yoxlamadan keçməyən ölçmə vasitələrinin
istismarını qadağan etmək;
9.28. ölçmələr
üzrə müəyyən edilmiş məcburi tələblərin
pozulması ilə aparılan işlərə qadağalar
qoyulması haqqında tələbnamələr vermək;
9.29. tabeliyində olan
hüquqi şəxs statuslu qurumları vasitəsilə
qanunvericilikdə nəzərdə tutulmuş hallarda
müvafiq sahədə işləri və xidmətləri
bağlanmış müqavilələr əsasında aparmaq;
9.30. müvafiq sahənin
inkişaf etdirilməsi məqsədi ilə müvafiq
maddi-texniki bazanın yaradılmasına və genişləndirilməsinə
tələb olunan vəsaitlərin ayrılması
üçün təkliflər vermək və bu vəsaitlər
hesabına həmin işlərin yerinə yetirilməsi
üzrə tədbirlər həyata keçirmək;
9.31. təsərrüfat
subyektləri haqqında qanunvericiliyə uyğun olaraq dəqiq
məlumat əldə etmək, keyfiyyətsiz və
standartların tələblərinə cavab verməyən məhsul
istehsalçılarını müəyyən etmək
üçün aidiyyəti dövlət orqanları ilə
birgə iş aparmaq;
9.32. normativ sənədlərin
tələblərinə cavab verməyən, insanın həyatı,
sağlamlığı və əmlakına, habelə ətraf
mühitə zərər vura bilən xarici məhsul və
xidmətlərin idxalının qadağan edilməsinə dair
qərar qəbul etmək və bu barədə müvafiq
dövlət orqanına məlumat vermək;
9.33. qanunvericiliklə
müəyyən edilmiş qaydada xüsusi bülletenlər və
digər nəşrlər buraxmaq;
9.34. məşvərət,
məsləhət və digər orqanlar yaratmaq;
9.35. müvafiq sahə
üzrə konqres, müşavirə, sərgi və digər
tədbirlər keçirmək;
9.36. öz səlahiyyətləri
daxilində keyfiyyət sahəsində nailiyyətlərə
görə müxtəlif müsabiqələr təşkil
etmək və keçirmək;
9.37. qanunvericiliyə
uyğun olaraq öz adından məhkəmələrdə
çıxış etmək, o cümlədən səlahiyyətlərinə
aid olan məsələlərlə bağlı məhkəmələrdə
iddia qaldırmaq;
9.38. müvafiq sahədə
məqsədli proqramları hazırlamaq və həyata
keçirmək;
9.39.
standartlaşdırma üzrə texniki komitələri təşkil
etmək və onların fəaliyyətini əlaqələndirmək;
9.40. ölçmələrin
vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinin
şamil edildiyi sahələrdə istismar edilən
ölçmə vasitələri istisna olmaqla, hüquqi şəxslərin
metroloji xidmətlərinə qanunvericiliyə uyğun olaraq
müqayisəli yoxlama və kalibrlənmə işlərinin
aparılması hüququnu vermək;
9.41. etalonlar
bazasını yaratmaq və inkişaf etdirmək;
9.42. müvafiq sahədə
fəaliyyətin beynəlxalq və regional sistemlərə
uyğunlaşdırılması istiqamətində tədbirləri
həyata keçirmək;
9.43. fəaliyyət
istiqamətlərinə uyğun olaraq qanunvericilikdə nəzərdə
tutulmuş digər hüquqları həyata keçirmək.
V. Komitənin fəaliyyətinin təşkili
10. Komitənin
aparatı, onun strukturuna daxil olan qurumlar və tabeliyində
olan digər qurumlar (hüquqi şəxslər, təşkilatlar
və sair) Komitənin vahid sistemini təşkil edir. Komitə
öz fəaliyyətini bilavasitə və həmin qurumlar
vasitəsilə həyata keçirir.
Naxçıvan Muxtar
Respublikasının müvafiq sahə üzrə qurumu Komitənin
vahid sisteminə daxildir.
11. Komitənin strukturu
Azərbaycan Respublikasının Prezidenti tərəfindən
müəyyən edilir. Komitənin strukturuna daxil olmayan
tabeliyindəki qurumların (hüquqi şəxslərin, təşkilatların
və sair) siyahısını və Komitənin
aparatının və onun strukturuna daxil olan qurumların
işçilərinin say həddini Azərbaycan
Respublikasının Nazirlər Kabineti təsdiq edir.
12. Komitənin fəaliyyətinə
Azərbaycan Respublikasının Prezidenti tərəfindən
vəzifəyə təyin və vəzifədən azad edilən
Komitənin sədri rəhbərlik edir. Komitənin sədri
Komitəyə həvalə edilmiş vəzifələrin
yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi
üçün şəxsən məsuliyyət
daşıyır.
13. Komitə sədrinin
Azərbaycan Respublikasının Prezidenti tərəfindən
vəzifəyə təyin və vəzifədən azad edilən
iki müavini vardır. Komitə sədrinin müavinləri
onlara Komitənin sədri tərəfindən həvalə
edilmiş vəzifələri yerinə yetirirlər və
bunun üçün şəxsən məsuliyyət
daşıyırlar.
14. Komitənin sədri
vəzifəsinə görə standartlara və ölçmə
vasitələrinə nəzarət üzrə Azərbaycan
Respublikasının baş dövlət müfəttişidir.
Komitə sədrinin müavinləri standartlara və
ölçmə vasitələrinə nəzarət üzrə
Azərbaycan Respublikası baş dövlət müfəttişinin
müavinləri, Komitənin strukturuna daxil olan qurumların və
aparatının dövlət nəzarətini həyata
keçirən rəhbər vəzifəli şəxsləri
böyük dövlət müfəttişləri, dövlət
nəzarətini həyata keçirən vəzifəli şəxslər
isə dövlət müfəttişləridir.
15. Komitənin sədri:
15.1. Komitənin fəaliyyətini
təşkil edir və ona rəhbərlik edir;
15.2. Komitənin
aparatının struktur bölmələrinin və tabeliyində
olan qurumların əsasnamələrini təsdiq edir, tabeliyində
olan hüquqi şəxslərin nizamnamələrini isə təsdiq
edilməsi üçün müəyyən olunmuş qaydada
təqdim edir;
15.3. müəyyən
edilmiş struktur, əməkhaqqı fondu və işçilərin
say həddi daxilində Komitənin aparatının, yerli və
digər qurumlarının strukturunu, ştat cədvəlini və
ayrılmış büdcə təxsisatı daxilində
onların xərclər smetasını təsdiq edir;
15.4. Komitənin
aparatının, strukturuna daxil olan qurumların və tabeliyində
olan digər qurumların (hüquqi şəxslərin, təşkilatların
və sair) işçilərini vəzifəyə təyin
edir və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə
və intizam tənbeh tədbirləri görür;
15.5. qanunvericiliyə
uyğun olaraq icrası məcburi olan əmr və sərəncamlar
verir, normativ hüquqi aktları təsdiq edir (imzalayır),
onların icrasını təşkil edir və nəzarəti
həyata keçirir;
15.6. Komitənin vəzifəli
şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını
ləğv edir;
15.7. Komitəni təmsil
edir;
15.8. xarici dövlətlərin
aidiyyəti qurumları ilə, beynəlxalq təşkilatlarla,
xarici hüquqi və fiziki şəxslərlə əməkdaşlığı
təşkil edir və həyata keçirir, birbaşa
danışıqlar aparır, habelə beynəlxalq, dövlətlərarası
və hökumətlərarası danışıqlarda
iştirak edir, müqavilələri (sazişləri,
kontraktları) müəyyən edilmiş qaydada imzalayır.
16. Komitədə, komitə
sədrindən (kollegiya sədri), onun müavinlərindən,
Naxçıvan Muxtar Respublikasının müvafiq sahə
üzrə qurumunun rəhbərindən, habelə Komitənin
digər rəhbər işçilərindən ibarət
Komitənin kollegiyası yaradılır.
17. Zəruri hallarda Komitənin
kollegiyasının tərkibinə, həmçinin mütəxəssislər
və alimlər də daxil edilə bilər.
18. Komitənin kollegiya
üzvlərinin sayı və tərkibi Azərbaycan
Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq
edilir.
19. Komitənin
kollegiyası öz iclaslarında Komitənin fəaliyyəti
ilə bağlı məsələləri müzakirə edir
və müvafiq qərarlar qəbul edir.
20. Komitənin
kollegiyasının iclasları kollegiya üzvlərinin
yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Komitənin
kollegiyasının qərarları onun üzvlərinin sadə
səs çoxluğu ilə qəbul edilir. Komitənin
kollegiyasının qərarı qəbul edilərkən səslər
bərabər olarsa, kollegiya sədrinin səsi həlledici
hesab edilir.
21. Komitənin
kollegiyasının qərarları protokolla rəsmiləşdirilir
və Komitənin sədri tərəfindən təsdiq edilir.
22. Komitənin
kollegiyasının üzvləri arasında fikir
ayrılığı yarandığı hallarda, Komitənin
sədri bu barədə Azərbaycan Respublikasının Nazirlər
Kabinetinə məlumat verməklə öz qərarını
həyata keçirir. Komitənin kollegiyasının üzvləri
şəxsi fikirlərini Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə çatdıra bilərlər.
23. Komitənin
kollegiyasının iclaslarına, zəruri hallarda digər icra
hakimiyyəti orqanlarının və təşkilatların,
habelə qeyri-hökumət təşkilatlarının
nümayəndələri dəvət edilə bilər.
24. Müvafiq sahədə
elmi-texniki nailiyyətlərin və qabaqcıl təcrübənin
öyrənilməsi və həyata keçirilməsi
üçün Komitədə ictimai əsaslarla fəaliyyət
göstərən elmi-texniki komissiya yaradıla bilər.
25. Elmi-texniki komissiya
haqqında Əsasnamə Komitənin sədri tərəfindən
təsdiq edilir.
Azərbaycan.- 2009.- 1 sentyabr.- S.4.