Sentyabrın 1-dən İçərişəhər ərazisində nəqliyyat hərəkəti ilə bağlı yeni qaydalar qüvvəyə minir

 

Məlumat verildiyi kimi, İçərişəhərdə nəqliyyatın sayının tənzimlənməsi məqsədilə yeni avtomatlaşdırılmış idarəetmə sistemi quraşdırılaraq istifadəyə verilmişdir. Sistem nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarını tanımaq, İçərişəhərdə olan avtomobillərin sayını müəyyənləşdirmək və buna müvafiq olaraq girişi məhdudlaşdırmaq imkanı verir.

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən bildirmişlər ki, sistemin test-sınaq işlərinin uğurla başa çatdığını nəzərə alaraq sentyabr ayının 1-dən etibarən avtomobillərin girişi yeni qaydalar əsasında həyata keçiriləcəkdir.

Yeni qaydaların tətbiq olunmasının məqsədi qoruq ərazisində nəqliyyat hərəkətinin intensivliyinin qarşısının alınması, İçərişəhərdə yerləşən abidələrin və tarixi binaların qorunması, turizmin inkişafı, piyadaların təhlükəsiz və rahat hərəkətinin təmin edilməsidir.

Bununla əlaqədar olaraq İçərişəhərdəki bütün avtomobil yolları birtərəfli hərəkət sisteminə keçirilir. Əraziyə sərbəst giriş təkcə elektron kart əsasında İçərişəhərdə yaşayan və fəaliyyət göstərən rezidentlərə, həmçinin xüsusi nəqliyyat vasitələrinə (yanğından mühafizə, polis, təcili tibbi yardım və s.) şamil olunur. Ərazidə yerləşən kommersiya qurumlarına elektron kart ödənişli əsaslarla verilir.

Bütün digər nəqliyyat vasitələrinin sürücüləri qoruq ərazisində eyni vaxtda ola bilən avtomobillərin sayına qoyulan limit imkan verdiyi halda birdəfəlik bilet əsasında daxil ola biləcəklər. Biletin qiyməti ərazidə olma müddətindən asılı olaraq birinci saata görə 2 manat, sonrakı hər saata görə isə 1 manat məbləğində müəyyən edilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 1 sentyabr.- S. 2.