Özbəkistan-Azərbaycan: gələcəyə istiqamətlənmiş münasibətlər

 

Xalqlarımız arasında qarşılıqlı münasibətlərin tarixi uzaq əsrlərə gedib çıxır. Özbək və Azərbaycan xalqlarını yaxın milli adət və ən-ənələr, ümumi dil, mədəniyyət və din birləşdirir. Dostluq əlaqələrinin ən yeni tarixindən Özbəkistan-Azərbaycan münasibətlərinin xüsusi xarakter daşıdığını açıq-aydın təsdiqləyən bir çox misallar göstərmək olar.

Biz Özbəkistanda qardaş Azərbaycanın ictimai-siyasi və iqtisadi həyatında baş verən köklü dəyişiklikləri, əldə edilən uğurları böyük diqqət və ruh yüksəkliyi ilə izləyirik.

Özbəkistan əsl dost kimi öz qüvvəsinə, zəngin təbii və insan potensialına arxalanaraq milli müstəqilliyini möhkəmlətmək, beynəlxalq aləmdə mövqeyini gücləndirmək və xalqın rifah halını yüksəltmək istiqamətində böyük uğurlar qazanan Azərbaycanla fəxr edir. Bu, müasir Azərbaycanın memarı, ümummilli lider, Özbəkistan-Azərbaycan münasibətlərinin möhkəmlənməsi naminə çox iş görmüş Heydər Əliyevin kursuna əsaslanaraq ölkənin hazırkı rəhbərliyinin yeritdiyi düşünülmüş, ardıcıl daxili və xarici siyasətin həyat qabiliyyətli olduğuna dəlalət edir. Azərbaycan Prezidenti İlham Əliyevin varislik prinsipləri əsasında həyata keçirdiyi effektiv siyasət Özbəkistanla Azərbaycan arasında münasibətlərin gözəl gələcəyinə əminlik yaradır. Buna inandırıcı sübutlardan biri kimi Özbəkistan Respublikasının Prezidenti İslam Kərimovun ötən il sentyabrın 11-12-də Azərbaycana rəsmi səfərini göstərmək olar. Həmin səfər ölkələrimiz arasında hərtərəfli əməkdaşlığın inkişafı və dərinləşdirilməsi prosesində mühüm mərhələ kimi yadda qaldı, həmçinin Özbəkistan-Azərbaycan əlaqələrinin bundan sonra da genişləndirilməsi naminə hər iki tərəfin səylərini əsirgəmədiyini nümayiş etdirdi.

Azərbaycan get-gedə daha böyük geosiyasi və geoiqtisadi əhəmiyyət kəsb edən Cənubi Qafqaz regionunda Özbəkistanın əsas tərəfdaşıdır. Dövlətlərimiz istər regional, istərsə də beynəlxalq xarakterli bir çox məsələlərdə oxşar mövqe tuturlar. Beynəlxalq təşkilatlar, o cümlədən BMT və İKT çərçivəsində sıx əməkdaşlığın qurulması sevindirici haldır.

Özbəkistan həmişə Dağlıq Qarabağ probleminin dinc, siyasi vasitələrlə həllinə tərəfdar çıxmışdır və indi də bu mövqedədir. Həm də Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasını münaqişənin tənzimlənməsinin əsas şərtlərindən biri hesab edirik.

Son illər ölkələrimiz arasında siyasi əməkdaşlıq sürətlə inkişaf edir. Eyni zamanda, ticarət-iqtisadi əməkdaşlıq ikitərəfli əlaqələrin əsas istiqamətlərindən biridir və mübaliğəsiz demək olar ki, qarşılıqlı münasibətlərin digər sahələrini irəli aparmaq üçün çıxış nöqtəsidir. Qlobal böhran nəticəsində dünya iqtisadiyyatını bürümüş mənfi tendensiyalar və proseslər fonunda Özbəkistan və Azərbaycan iqtisadiyyatları üçün müsbət göstəricilər səciyyəvidir. Bu isə, öz növbəsində, seçdiyimiz inkişaf modellərinin həyat qabiliyyətini və effektivliyini təsdiqləyir. Bu modellər yeni, sosial istiqamətli iqtisadiyyatın formalaşdırılması prinsiplərini özündə əks etdirir.

Xüsusi olaraq qeyd etmək istərdim ki, Özbəkistan Respublikası ilə Azərbaycan Respublikası arasında ikitərəfli əməkdaşlıq üzrə müştərək hökumətlərarası komissiyanın fəaliyyəti ölkələrimiz arasında ticarət-iqtisadi əməkdaşlığın inkişafına böyük töhfə verir. İndiyədək komissiyanın səkkiz iclası keçirilmişdir. Sonuncu iclas ötən il sentyabrın 8-9-da olmuşdur.

Bununla bərabər, Özbəkistanla Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi (cari ilin ilk altı ayının yekunlarına görə, 23,5 milyon ABŞ dollarından çox olmuşdur) ölkələrimizin real potensialını əks etdirmir. Bu gün Özbəkistan müəssisələri Azərbaycana çoxçeşidli mallar, o cümlədən təyyarələr, minik və yük avtomobilləri, sərnişin avtobusları, kənd təsərrüfatı texnikası, elektrotexnika, kimya, metallurgiya məhsulları, tikinti materialları göndərməyə hazırdır.

Mədəniyyət və humanitar sahədə əməkdaşlıq münasibətlərimizdə əsas prioritetlərdəndir. Ruhən bir-birinə yaxın olan böyük əcdadlarımızın - Farabinin, Nizami Gəncəvinin, Əlişir Nəvainin və əsərləri haqlı olaraq dünya sivilizasiyası xəzinəsinə daxil olmuş bir çox başqalarının yaradıcılığı azərbaycanlılara da, özbəklərə də həmişə mənəvi qida vermişdir.

Özbəkistan bəşər sivilizasiyasının beşiklərindən biridir. İSESKO-nun 2007-ci ildə Daşkənd şəhərini islam mədəniyyətinin paytaxtı elan etməsi ölkəmizin və böyük əcdadlarımızın dünya sivilizasiyasının və islam mədəniyyətinin inkişafına verdikləri böyük töhfənin aydın təsdiqidir.

Sevindirici haldır ki, İSESKO-nun üzvü olan ölkələrin 2007-ci ilin noyabrında Trablisdə (Liviya) keçirilmiş beşinci konfransında Bakı şəhəri 2009-cu ildə islam mədəniyyətinin paytaxtı elan edilmişdir.

Keçən ilin sentyabrında Bakının mərkəzində dahi özbək şairi, mütəfəkkiri və dövlət xadimi Əlişir Nəvainin möhtəşəm abidəsinin açılması və Azərbaycan paytaxtının mərkəzi küçələrindən birinə böyük özbək astronomu və maarifçisi Mirzə Uluğbəyin adının verilməsi mənəvi yaxınlığımızın və möhkəm dostluğumuzun rəmzidir.

Böyük məmnuniyyətlə qeyd etmək istəyirəm ki, xalqlarımızı yaxınlaşdıran bu cür böyük əhəmiyyətli hadisələr ölkələrimiz arasında münasibətlərdə xeyirxah ənənəyə çevrilmişdir. Belə ki, 2004-cü ilin martında Daşkəndin mərkəzində böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsi açılmışdır. Abidə dahi sənətkarın adını daşıyan universitetin qarşısında qoyulmuşdur.

Bizim təkcə dil baxımından yox, həm də ruhən yaxın olduğumuza sübut kimi Özbəkistanın xalq şairi, əslən azərbaycanlı olan, Özbəkistan torpağında yaşayıb-yaratmış Maqsud Şeyxzadənin taleyini göstərmək olar. Qeyd etmək xoşdur ki, milli mədəniyyətimizin inkişafında xidmətlərə görə Maqsud Şeyxzadə "Böyük xidmətlər üçün" ordeni ilə təltif olunmuş, 2008-ci ildə isə Özbəkistanda bu görkəmli şairin 100 illik yubileyi geniş qeyd edilmişdir.

Özbək və Azərbaycan xalqları əsrlər boyu sülhün və əmin-amanlığın qorunub saxlanması işində birgə olmuş, sevinclərini də, kədərlərini də bir-biri ilə bölüşmüşlər. İki ölkənin xalqları ciddi sınaqlarla üzləşəndə həmişə bir-birinə yardım əli uzatmışlar. Hamımızın yadındadır ki, ötən əsrin 30-cu illərində kütləvi repressiyalar zamanı on minlərlə azərbaycanlı Özbəkistan torpağında sığınacaq tapmış və xalqımız onları öz qardaşları kimi qəbul etmiş, duz-çörəyini birgə bölmüşdür.

Bu gün Özbəkistanda 40 mindən çox azərbaycanlı yaşayır. Onlar ölkənin tamhüquqlu vətəndaşlarıdır. Özbəkistandakı azərbaycanlılar digər xalqlarla sülh və qarşılıqlı anlaşma şəraitində yaşayır, cəmiyyət həyatının sosial, ictimai, iqtisadi və digər sahələrində fəal iştirak edirlər.

Xalqımız 1966-cı ilin aprelində dağıdıcı zəlzələdən sonra Daşkəndin bərpasında Azərbaycanın göstərdiyi köməyi heç vaxt unutmayacaq. O vaxt qardaş xalqın oğul və qızları paytaxtımızda onlarla gözəl bina inşa etmişlər.

Səmərəli, qarşılıqlı faydalı əməkdaşlığımız üçün bütün zəruri müqəddəm şərtlər - siyasi iradə, bütün səviyyələrdə dərin qarşılıqlı anlaşma, möhkəm müqavilə-hüquqi baza və zəngin konstruktiv əməkdaşlıq təcrübəsi mövcuddur. Əminəm ki, bu əsasda xalqlarımızın mənafeyi naminə ikitərəfli əməkdaşlığın potensialını fəal surətdə hərəkətə gətirə biləcəyik.

 

 

İsmətulla İRQAŞEV,

Özbəkistan Respublikasının

Azərbaycan Respublikasındakı

fövqəladə və səlahiyyətli səfiri

 

Azərbaycan.- 2009.- 1 sentyabr.- S.3.