Türkiyənin zəfər bayramı Silahlı Qüvvələri Günü şərəfinə

 

Avqustun 30-da "Gülüstan" sarayında Türkiyə Silahlı Qüvvələrinin attaşesi, general-mayor Özhan Ayaş ölkəsinin "Zəfər bayramı və Türk Silahlı Qüvvələri Günü" münasibətilə rəsmi qəbul təşkil etmişdir.

Heydər Əliyev adına Ali Hərbi Məktəbin orkestrinin ifasında Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndi.

Özhan Ayaş qonaqları salamlayaraq dedi ki, türk xalqı və Türkiyə Silahlı Qüvvələri Mustafa Kamal Atatürkün öndərliyi ilə 1922-ci il avqustun 30-da tarixi zəfərini qazanmışdır. Bu böyük zəfər türk millətinin sarsılmazlığının və iradəsinin nümunəsidir. Bütün bunların nəticəsində bugünkü Türkiyə dövləti meydana gəlmişdir.

O, böyük Atatürkün "Yurdda sülh, cahanda sülh" nəsihətini rəhbər tutan Türkiyə ordusunun hazırda ən güclü ordulardan olduğunu, Türkiyə hərbçilərinin dünyanın müxtəlif bölgələrində sülhməramlı missiyanı yerinə yetirdiyini bildirdi.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin "Bir millət, iki dövlət" müdrik kəlamını xatırladan, bu tarixi günü qardaş Azərbaycanda birlikdə qeyd etməyin böyük şərəf və qürur doğurduğunu vurğulayan attaşe, Türkiyənin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsinin daim əziz tutulduğunu söylədi.

Qəbulda dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, xarici ölkələrin Bakıdakı səfirləri və digər rəsmi şəxslər iştirak edirdilər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 1 sentyabr.- S. 3.