Sentyabrın 1-də Azərbaycan
Bəstəkarlar İttifaqının Bakının Xaqani
küçəsi 27 ünvanında yerləşən
binasının əsaslı təmir və yenidənqurmadan
sonra istifadəyə verilməsi mərasimi
keçirilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev,
xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva
mərasimdə iştirak etmişlər. Mehriban xanıma və
Leyla xanıma gül dəstələri təqdim olundu.
Prezident İlham Əliyev
əvvəlcə ümummilli lider Heydər Əliyevin incəsənət
xadimlərinə qayğısını əks etdirən
fotostendə baxdı. Dövlətimizin
başçısı binanın təmir və yenidənqurmadan
əvvəlki görkəmini əks etdirən şəkillərlə
tanış oldu.
Binanın birinci mərtəbəsində
ulu öndər Heydər Əliyevin büstü qoyulmuşdur.
Prezident İlham Əliyevə
məlumat verildi ki, 1912-ci ildə inşa olunmuş bu
üçmərtəbəli memarlıq abidəsi əsaslı
şəkildə yenidən qurulmuşdur. Bildirildi ki, əvvəllər
bina dağ-mədən sənayesi işçilərinin mədəniyyət
sarayı, sonralar isə pionerlər evi kimi fəaliyyət
göstərmiş, 1964-cü ildə Bəstəkarlar
İttifaqının istifadəsinə verilmişdir. 1991-ci
ilin avqustundan burada əvvəlcə Türkiyə
Respublikasının konsulluğu, sonra isə səfirliyi yerləşmişdir.
Azərbaycan Prezidentinin
tapşırığı ilə Nazirlər Kabinetinin 2008-ci
il 14 aprel tarixli sərəncamına əsasən bina Bəstəkarlar
İttifaqının istifadəsinə verilmişdir.
Prezident İlham Əliyevin
"Azərbaycan Bəstəkarlar İttifaqı üzvlərinin
yaradıcılıq şəraitinin
yaxşılaşdırılması haqqında" 2007-ci il
12 mart tarixli sərəncamına uyğun olaraq Əmlak Məsələləri
Dövlət Komitəsi tərəfindən burada yüksək
səviyyədə əsaslı təmir və yenidənqurma
işləri aparılmışdır.
Təmir və yenidənqurma
işlərinə Azərbaycan Prezidentinin Ehtiyat Fondundan 2
milyon manat vəsait ayrılmışdır. Bundan əlavə,
ittifaqa ayrılmış 1 milyon manat vəsait hesabına
musiqi alətləri, müasir texniki avadanlıq
alınmışdır.
Təmir işlərinə
ötən il avqustun sonlarında başlanılmış, bu
müddətdə bütün divarlar suvanmış,
qapı-pəncərələr dəyişdirilmiş,
kommunikasiya xətləri yenidən qurulmuşdur. Binanın
fasadı təmir olunarkən buradakı heykəllər də
bərpa edilmişdir. Yenidənqurma zamanı binanın əvvəlki
memarlıq üslubu qorunub saxlanılmış, eyni zamanda müasir
dizayn elementlərindən istifadə olunmuşdur.
Binada
yaradılmış şəraitlə tanış olan
dövlətimizin başçısına məlumat verildi ki,
əsaslı təmir və yenidənqurmadan sonra burada 40-a
yaxın müxtəlif təyinatlı otaq, müasir konsert
salonu, konfrans zalı, kitabxana, musiqi fondu və inzibati otaqlar
istifadəyə verilmişdir.
Təmir və yenidənqurma
zamanı yerli və xarici tikinti materiallarından istifadə
olunmuşdur. Binanın müasir havalandırma sistemi
vardır. Otaqların tavanı, döşəmə yenidən
qurulmuş, qapı və pəncərələr yeniləri
ilə əvəz edilmişdir. Birinci və ikinci mərtəbələrin
arasındakı pilləkən qəfəsində görkəmli
Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin
heykəli qoyulmuşdur.
Binanın
üçüncü mərtəbəsində 120 nəfərlik
kamera musiqisi salonu fəaliyyət göstərəcəkdir. Müasir
avadanlıqla təchiz olunmuş salonda yaradıcılıq
gecələri, müəllif konsertləri, beynəlxalq tədbirlər
təşkil ediləcək, sənət adamları ilə
görüşlər keçiriləcəkdir. Burada
ittifaqın yeni yaradılmış beynəlxalq əlaqələr
bölməsi və region şöbələri
üçün otaqlar ayrılmışdır.
Prezident İlham Əliyevin
ittifaqın maddi-texniki bazasının
yaxşılaşdırılması ilə bağlı
imzaladığı sərəncama əsasən bina müasir
tələblərə cavab verən zəruri avadanlıqla təmin
olunmuşdur. Yeni yaradılan böyük konsert salonu
üçün əsasən Almaniya istehsalı olan musiqi alətləri
alınmışdır. Burada ilk dəfə olaraq, rəqəmsal
kompüter musiqi sistemi ilə təchiz olunmuş səsyazma
studiyası da yaradılmışdır. Bu,
musiqişünasların yeni layihələr həyata
keçirmələrinə, müxtəlif yaradıcı
qurumlarla mütəmadi görüşlər təşkil etmələrinə
və səmərəli əməkdaşlıq əlaqələri
qurmalarına yaxşı imkan yaradacaqdır.
Təşkilatın
fondunda dahi Azərbaycan bəstəkarlarının 750-yə
yaxın nadir əlyazmasının və 500-dən artıq nəşrin
qorunub saxlandığı kitabxana otaqları da yenidən qurulmuşdur.
Yeni üslubda yaradıcılıq mərkəzinə
çevrilməyi qarşısına məqsəd qoyan Bəstəkarlar
İttifaqında sənətlə bağlı fikirlərin
müzakirəsinə geniş yer veriləcəkdir.
Burada xüsusi istedada
malik uşaqların potensialının inkişaf etdirilməsi
ilə bağlı müasir avadanlıq və musiqi alətləri
ilə təchiz edilən dərs otaqları fəaliyyət
göstərəcəkdir. Bəstəkarlar İttifaqında
gənc bəstəkarların və istedadların dövlətimizin
qayğısından yararlanması, onların əsərlərinin
dinlənilməsi və nümayişi üçün hər
cür şərait vardır.
Prezident İlham Əliyev
kamera musiqisi salonunda Bəstəkarlar İttifaqı katibliyinin
üzvləri - Aqşin Əlizadə, Ramiz Zöhrabov, Eldar
Mansurov və Lalə Hüseynova ilə görüşdü.
Gənc bəstəkarlar Əli Məmmədov və Vurğun
Vəkilov öz əsərlərini fortepianoda məharətlə
ifa etdilər.
Bəstəkarlar
İttifaqının sədri Firəngiz Əlizadə tarixi
binanın yenidən onların istifadəsinə verilməsini
və yüksək səviyyəli təmir-bərpa işlərinin
aparılmasını bəstəkarların dərin
razılıq hissi ilə qarşıladıqlarını
bildirdi. Bu binanın bir çox tarixi hadisələrlə əlamətdar
olduğunu qeyd edən F.Əlizadə Bəstəkarlar
İttifaqının 1979-cu ildə keçirilən V
qurultayını xatırlatdı. Bildirdi ki, həmin qurultayda
iştirak edən ulu öndər Heydər Əliyevin söylədiyi
müdrik fikirlər, verdiyi tövsiyələr bu gün də
dəyərini qoruyub saxlayır. 75 illik yubileyi ərəfəsində
tarixi binanın yenidən 200-dək üzvü olan Bəstəkarlar
İttifaqının istifadəsinə verilməsini onlarda
ikiqat sevinc hissi doğurduğunu bildirən Firəngiz ƏLİZADƏ
dedi:
- Möhtərəm cənab
Prezident!
Əziz və hörmətli
Mehriban xanım!
Bu gün Azərbaycan
paytaxtının mədəni, musiqi ictimai həyatında əlamətdar
bir gündür. Sizin tarixi sərəncamlarınızdan sonra
gərgin və səmərəli işlər
aparılmışdır və nəhayət, Azərbaycan Bəstəkarlar
İttifaqı uzun kəşməkəşli illərdən
sonra öz doğma evinə, ocağına
qayıtmışdır. Bizim bütün bəstəkarlarımız
və musiqişünaslarımız, bütün musiqisevərlər
Sizə dərin minnətdarlıqlarını ifadə etmək
istəyirlər.
Son illərdə Heydər
Əliyev Fondunun təşəbbüsü, şəxsən
Mehriban xanımın səyləri ilə Azərbaycan
muğamı daim dünya səhnələrini fəth edir. Buna
mart ayında keçirilmiş Birinci Beynəlxalq Muğam
Festivalı parlaq bir nümunədir.
Əlamətdar mədəni
hadisə münasibətilə bəstəkarları təbrik
edən Prezident İlham Əliyev Azərbaycan klassik musiqi sənətinin
bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirərək
dedi:
- Mən sizi Bəstəkarlar
İttifaqının binasının əsaslı təmirdən
sonra açılışı münasibətilə ürəkdən
təbrik edirəm. Bu, doğrudan da böyük hadisədir.
Biz tarixi ədaləti bərpa etdik. Təxminən 20 ildən
sonra bəstəkarlar öz doğma evinə qayıdıblar.
Bina, əlbəttə ki, çox böyük tarixi məna
daşıyır. Siz qeyd etdiniz, Azərbaycanın dahi bəstəkarları
və musiqi aləmində dünyamiqyaslı şöhrətə
sahib olan insanlar bu binada yaşayıblar,
çalışıblar, yaradıblar, burada konsertlər,
qurultaylar keçirilib və indi binaya yeni həyat verilir. Bina
tam əsaslı təmir olunub. Xarici gözəlliyini
saxlamaqla, əlbəttə ki, daxili dizayn ən müasir
standartlara cavab verir. Əminəm ki, bəstəkarlar bu binada
səmərəli işləyəcəklər,
çalışacaqlar, yeni gözəl əsərlərini
yaradacaqlar və Azərbaycanın musiqi sənətini daha
sürətlə inkişaf etdirəcəklər.
Bu yaxınlarda Rəssamlar
İttifaqının binası təmir olunaraq təhvil verildi.
Bu bina ilə yanaşı yerləşən
Yazıçılar Birliyinin binasını da təmir etdik. Beləliklə,
Bakı gözəlləşir, Bakının bütün
gözəl binaları öz tarixi simasını saxlamaqla
yeniləşir, müasirləşir. Bax, bu binanın isə
xüsusi taleyi olmuşdur. Yenə də qeyd etmək istəyirəm
ki, təxminən 20 il ərzində bəstəkarlar başqa
yerdə məskunlaşmışlar. Ancaq biz tarixi ədaləti
bərpa etdik, bina yenidən bəstəkarlara qayıdır və
bu münasibətlə sizi ürəkdən təbrik edirəm.
Bütövlükdə
Bakının bu tarixi ərazisində çox abadlıq
işləri aparılıb. Sahil bağı yenidən qurulub.
Sahil bağı tarixi bir yerdir, böyük tarixi vardır və
bu yenidənqurma, abadlıq işləri nəticəsində
bir tərəfdən Azərbaycan xalqına yad olan, bizim milli
şüurumuza zidd olan vaxtilə qoyulmuş abidə buradan
götürüldü və gözəl fəvvarələr
kompleksi yaradıldı. Yəni bu həm gözəllikdir, həm
bizim tarixə olan ədalətli münasibətimizdir, Azərbaycan
xalqının iradəsidir və tarixi ədalətin bərpasıdır.
Bax, bu binanın yenidən bəstəkarlara verilməsi və
ətrafda yerləşən bütün binaların bərpası
bu mənanı daşıyır. Mən bir daha sizi ürəkdən
təbrik edirəm, cansağlığı, yeni uğurlar
arzulayıram.
* * *
Sonra dövlətimizin
başçısı binanın birinci mərtəbəsində
yerləşən konfrans zalı ilə tanış oldu. Burada
quraşdırılmış monitorda Bəstəkarlar
İttifaqının sədrləri haqqında videofilmə
baxdı. Bildirildi ki, binada yaradılmış hərtərəfli
şərait bəstəkarların səmərəli
yaradıcılıq fəaliyyəti ilə məşğul
olmalarına imkan verəcəkdir.
Yaradılmış
şəraitə görə Prezident İlham Əliyevə
minnətdarlıqlarını bildirən tanınmış
musiqi xadimləri, bəstəkarlar bunu dövlətimizin
başçısının Azərbaycan musiqisinə və
incəsənətinə qayğısının növbəti
nümunəsi kimi qiymətləndirdilər.
Dövlətimizin
başçısı Bəstəkarlar İttifaqının
üzvlərinə, tanınmış incəsənət və
musiqi xadimlərinə yeni yaradıcılıq uğurları
arzuladı.
* * *
Daha sonra Prezident
İlham Əliyev, xanımı Mehriban Əliyeva və
qızı Leyla Əliyeva yaxınlıqdakı Sahil
bağını gəzdilər.
AzərTAc
Azərbaycan.- 2009.- 2
sentyabr.- S. 1.