"Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

 

"Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki:

1.1. iki ay müddətində:

1.1.1. qüvvədə olan qanunvericilik aktlarının "Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

1.2. bir ay müddətində Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 21.1-ci, 24.1-ci, 24.2.6-cı, 28.3-cü, 28.5-ci, 55.1.5-ci, 56.3-cü, 140.3-cü və 143-cü maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın və 102.2.1-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini həyata keçirən icra hakimiyyəti orqanları barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

1.3. üç ay müddətində:

1.3.1. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 103.2.1-ci maddəsinə uyğun olaraq dövlət mənzil fondunun xidməti yaşayış sahələri verilən vətəndaşların kateqoriyaları barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.3.2. həmin Məcəllənin 21.5-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş sənədin (sahənin keçirilməsi və ya ondan imtina haqqında qərar) forma və məzmununu müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3.3. həmin Məcəllənin 24.5-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması barədə ərizəyə baxılmasının nəticələrini təsdiqləyən sənədin forma və məzmununu müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3.4. həmin Məcəllənin 49.2-ci maddəsində nəzərdə tutulmuş sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3.5. həmin Məcəllənin 49.5-ci maddəsində nəzərdə tutulmuş dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün yaşayış sahəsinin uçot normasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3.6. həmin Məcəllənin 49.6-cı maddəsinə uyğun olaraq yaşayış sahəsinin fərqli uçot norması və dövlət mənzil fondundan sosial kirayə müqavilələri əsasında verilən yaşayış sahələrinin ümumi normadan daha artıq ayrılma norması müəyyən edilən vətəndaşların kateqoriyaları barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

1.3.7. həmin Məcəllənin 51.7-ci maddəsində nəzərdə tutulmuş vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;

1.3.8. həmin Məcəllənin 62.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsinin sosial kirayə müqaviləsinin birtipli formasını təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3.9. həmin Məcəllənin 91.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fonduna aid edilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;

1.3.10. həmin Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş xidməti yaşayış sahələrinin verilməsi halları və qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;

1.3.11. həmin Məcəllənin 99.8-ci maddəsində nəzərdə tutulmuş xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsinin formasını təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3.12. həmin Məcəllənin 138.2-ci maddəsində nəzərdə tutulmuş dövlət mənzil fondunun yaşayış sahələrinin sosial kirayə və ya kirayə müqavilələri üzrə yaşayış sahələrinin kirayəçiləri üçün yaşayış sahəsindən istifadəyə görə haqqın (kirayə haqqının), yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqın miqdarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3.13. həmin Məcəllənin 138.3-cü maddəsində nəzərdə tutulmuş dövlət mülkiyyətində olan sosial xidmət sistemi evlərinin (binalarının) yaşayış sahələrində, məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrində, habelə yataqxanaların yaşayış sahələrində yaşayan vətəndaşlar üçün yaşayış sahəsinə görə haqqın miqdarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3.14. həmin Məcəllənin 141.5-ci maddəsində nəzərdə tutulmuş çoxmənzilli binanın idarəedici təşkilatının seçilməsi üzrə açıq müsabiqə keçirilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;

1.3.15. mənzil fondunun dövlət uçotu qaydası, habelə yaşayış sahəsinin texniki pasportunun forma və məzmunu barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.3.16. dövlət və bələdiyyə mənzil fondunun inkişafına dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.3.17. yaşayış sahələrinin yenidən qurulması və yenidən planlaşdırılması layihələrinin razılaşdırılması və təsdiq edilməsi qaydası barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.3.18. öz səlahiyyətləri daxilində "Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki:

2.1. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 49.6-cı və 103.2.1-ci maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

2.2. həmin Məcəllənin 21.5-ci, 24.5-ci, 31.2-ci, 49.2-ci, 49.5-ci, 51.7-ci, 62.2-ci, 91.2-ci, 92-ci, 99.8-ci, 138.2-ci, 138.3-cü, 141.5-ci maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

2.3. həmin Məcəllənin 51.3-cü maddəsində "müvafiq icra hakimiyyəti orqanı" dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 avqust 2009-cu il

 

Azərbaycan.- 2009.- 2 sentyabr.- S.3.