Türkiyənin səfiri "Azərbaycan"ın qonağı oldu
Dünən Türkiyə
Respublikasının ölkəmizdəki fövqəladə və
səlahiyyətli səfiri Hulusi Kılıç
redaksiyamızda olmuşdur."Azərbaycan" qəzetinin
Baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar
Sadıqov qonağı salamlayaraq qardaş Türkiyənin hər
zaman Azərbaycanın yanında olduğunu, ölkəmizin
çətin durumlarında maddi və mənəvi
yardımını əsirgəmədiyini vurğuladı. Baş
redaktor dedi: "Azərbaycan" qəzeti 1918-ci ildə yeni
qurulan Azərbaycan Xalq Cümhuriyyətinin Osmanlı dövləti
ilə münasibətlərinin yarandığı və
çiçəkləndiyi bir vaxtda nəşrə
başlayıb. Sovet hakimiyyəti illərində isə Azərbaycanla
Türkiyənin arasına dəmir pərdə çəkildi,
"Azərbaycan" qəzetinin isə nəşri
dayandırıldı. Ölkəmiz ötən əsrin
axırlarında dövlət müstəqilliyini bərpa
etdikdən sonra onu ilk olaraq Türkiyə tanıdı. Nəşri
bərpa olunan "Azərbaycan" qəzeti isə öz səhifələrində
iki qardaş ölkə arasında münasibətlərə
həmişə geniş yer verir. Azərbaycanı Türkiyədən,
Türkiyəni isə Azərbaycandan ayırmaq
qeyri-mümkündür.
"Azərbaycan" qəzeti
Azərbaycan-Türkiyə münasibətlərinin
işıqlandırılmasında məhz bu mövqedən
çıxış edir".
Təməlində
qırılmaz dostluq və qardaşlıq telləri dayanan Azərbaycan-Türkiyə
münasibətlərinin çoxşaxəli olduğunu deyən
Baş redaktor əlaqələrimizin həm də strateji
önəm daşıdığını vurğuladı. Azərbaycanın
təşəbbüsü ilə bölgədə uğurla
reallaşan qlobal enerji və iqtisadi layihələrdə
qardaş ölkə də yaxından iştirak edir. Bəxtiyar
Sadıqov mədəniyyət, din və dil birliyi kimi
sarsılmaz tellərlə bir-birinə bağlı olan
qardaş Azərbaycan və Türkiyə dövlətlərinin
müasir dünya nizamında daha sıx əməkdaşlığının
və birlik nümayiş etdirməsinin bu gün daha
mühüm əhəmiyyət kəsb etdiyini diqqətə
çatdırdı.
Baş redaktor
sözünə davam edərək dedi ki, Türkiyə ilə
Azərbaycanın bir-birinə qırılmaz tellərlə
bağlandığını, bütün məsələlərdə
həmrəy olduğunu təsdiqləyən amillərdən
biri rəsmi Ankaranın Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə
bağlı tutduğu mövqedir. Qardaş Türkiyə ilk
gündən ölkəmizin haqq işini qətiyyətlə
dəstəkləyir və bu münaqişədə
tutduğu prinsipial mövqe cəmiyyətimizdə
böyük razılıqla qarşılanır.
Ölkəmizin önəmli
mətbu nəşrlərindən olan "Azərbaycan" qəzetinin
qonağı olmaqdan məmnunluğunu ifadə edən səfir
Hulusi Kılıç öncə redaksiyanın fəaliyyətinə
uğurlar arzuladı. Ulu öndər Heydər Əliyevin
"Türkiyə ilə Azərbaycan bir millət, iki dövlətdir"
kəlamını sitat gətirən səfir azərbaycanlıların
Çanaqqala döyüşlərində şəhid olmasını,
Nuru paşanın komandanlığı ilə 8 minlik türk
ordusunun Azərbaycana gəlişini iki qardaş ölkənin
tarixində parlaq və qürurverici səhifələr
olduğunu söylədi.
Səfir Hulusi
Kılıç daha sonra bildirdi ki, Azərbaycanın
işğal olunmuş torpaqları azad edilməyincə
Türkiyə Ermənistanla sərhədləri açmayacaq.
Bunu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan
Azərbaycana son səfəri zamanı bir daha bəyan edib. Türkiyə
xalqı Azərbaycanın torpaqları azad edilməyincə sərhədlərin
açılmasına qarşıdır. Türkiyə
atdığı hər addımda Azərbaycanı
düşünür. Çünki Azərbaycanın
maraqları Türkiyənin maraqlarıdır.
Görüş
zamanı ikitərəfli əlaqələrin daha da
sıxlaşdırılması, o cümlədən iki
ölkənin kütləvi informasiya vasitələri
arasında əməkdaşlığın genişləndirilməsi
ilə bağlı fikir mübadiləsi aparıldı.
Rəşad CƏFƏRLİ
Azərbaycan.- 2009.- 2 sentyabr.- S. 10.