Azərbaycan mədəniyyətinə
ağır itki üz vermişdir. Müasir Azərbaycan təsviri
sənətinin tanınmış nümayəndəsi, xalq rəssamı,
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü
Yusif İsmayıl oğlu
Hüseynov 2009-cu il sentyabrın 1-də
ömrünün 81-ci ilində vəfat etmişdir.
Yusif Hüseynov 1928-ci il
oktyabr ayının 15-də Bakıda anadan olmuşdur. O,
1949-cu ildə Əzim Əzimzadə adına Azərbaycan
Dövlət Rəssamlıq Məktəbini, 1955-ci ildə
Vasili Surikov adına Moskva Rəssamlıq İnstitutunun qrafika
fakültəsini bitirmişdir. Yusif Hüseynov 1964-cü ildə
Azərbaycan Respublikasının əməkdar rəssamı,
1979-cu ildə isə xalq rəssamı fəxri adlarına
layiq görülmüşdür.
Ömrünün 60
ilini təsviri sənətin inkişafına və təbliğinə
həsr etmiş Yusif Hüseynov rəssamlığın
müxtəlif janrlarında mövzu baxımından
çoxsaylı maraqlı lövhələr
yaratmışdır. Onun kitab qrafikası sahəsində xidmətləri
xüsusilə əlamətdar olmuşdur. Azərbaycan və
dünya ədəbiyyatı klassiklərinin əsərlərinə
çəkdiyi illüstrasiyalar ölkəmizdə kitab mədəniyyətinin
təşəkkül tapmasına öz təsirini göstərmişdir.
"Göyərçin" uşaq bədii jurnalının
baş rəssamı kimi o, poliqrafiya sənətinin
inkişafına da dəyərli töhfələr
vermişdir.
Yusif Hüseynovun çəkdiyi
tablo, plakat və akvarel silsilələri müasir Azərbaycan
təsviri sənətinin qiymətli nümunələri kimi
dünyanın bir çox sərgi salonlarında, rəsm
qalereyalarında və muzeylərində uğurla
nümayiş olunaraq milli mədəniyyətimizi layiqincə
təmsil etmişdir.
Yaradıcılığında
lakoniklik və monumentallıq, zərif kolorit və lirikaya olan
meyillər rəssamın yaratdığı portretlərdə
də öz əksini tapmışdır.
Respublika rəssamları
arasında böyük nüfuza malik olan Yusif Hüseynov
1977-ci ildə Azərbaycan Rəssamlar İttifaqının sədri
seçilmişdir. Elə həmin ildə o, SSRİ Rəssamlar
İttifaqının İdarə Heyətinin katibi təyin
olunmuşdur. Rəssamlar İttifaqının fəaliyyətinin
təşkili, müxtəlif səviyyəli sərgilərin
keçirilməsi, Azərbaycan incəsənətinin təbliği
istiqamətində əzmlə çalışan rəssam
1987-ci ilə qədər ittifaqa rəhbərlik etmişdir.
Azərbaycan rəssamlıq
məktəbinin inkişafında özünəməxsus yeri
olan Yusif Hüseynov sənətkarlıqla pedaqoji fəaliyyəti
uğurla əlaqələndirən rəssamlardan biri idi. Ömrünün
40 ildən artıq dövrünü ali məktəblə
bağlayan Yusif Hüseynov uzun müddət Azərbaycan
Dövlət İncəsənət İnstitutunda rəsm
kafedrasının müdiri vəzifəsində
çalışmışdır. 2000-ci ildən isə o, Azərbaycan
Rəssamlıq Akademiyasının professoru kimi öz zəngin
təcrübə və bacarığını gənc rəssamlar
nəslinin yetişdirilməsinə sərf etmişdir.
Yusif Hüseynov ölkəmizin
mədəni və ictimai həyatında fəal iştirak
etmiş, müxtəlif yaradıcı qurumlarda yüksək səviyyədə
təmsil olunmuşdur. O, bir neçə
çağırış Azərbaycan Ali Sovetinin deputatı
seçilmişdir.
Tanınmış sənətkar,
qayğıkeş müəllim və gözəl insan Yusif
İsmayıl oğlu Hüseynovun xatirəsi onu
tanıyanların qəlbində həmişə
yaşayacaqdır.
Allah rəhmət eləsin!
İlham Əliyev, Artur Rasizadə, Oqtay Əsədov,
Ramiz Mehdiyev, Elçin Əfəndiyev,
Hacıbala Abutalıbov, Fatma Abdullazadə,
Əbülfəs Qarayev, Misir Mərdanov, Fərhad Xəlilov,
Tahir Salahov, Ömər Eldarov, Toğrul Nərimanbəyov,
Oqtay Sadıqzadə, Tokay Məmmədov, Altay
Hacıyev,
Kamil Nəcəfzadə, Davud Kazımov,Oqtay
Şıxəliyev
Azərbaycan.- 2009.- 2 sentyabr.- S. 10