AzərTAc ilə "Xovar" arasında saziş imzalanmışdır

 

Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc) ilə Tacikistanın "Xovar" Milli İnformasiya Agentliyi arasında informasiya mübadiləsi barədə saziş imzalanmışdır.

İnformasiya-analitik imkanların genişləndirilməsi və zənginləşdirilməsi, Tacikistanda və Azərbaycanda baş verən hadisələr barədə müntəzəm informasiyaların əldə olunması məqsədi ilə imzalanan sazişə əsasən, tərəflər öz ölkələrinin daxili və beynəlxalq həyatının aktual hadisələri barədə rus və ingilis dillərində müntəzəm surətdə operativ və dəqiq informasiya materiallarının ödənişsiz mübadiləsini aparacaqlar.

Rəsmi nümayəndə heyətlərinin qarşılıqlı səfərləri zamanı informasiya dəstəyi təminatının, qabaqcıl təcrübənin öyrənilməsi və ixtisasartırma məqsədi ilə jurnalistlərin, fotomüxbirlərin və digər mütəxəssislərin mübadiləsinin nəzərdə tutulduğu sənədi AzərTAc-ın Baş direktoru Aslan Aslanov və "Xovar"ın direktoru Sadriddin Şamsuddinov imzalamışlar.

Tərəflər özlərinə məxsus veb-portallarda, veb-saytlarda və digər mümkün informasiya resurslarında banner mübadiləsi də aparacaqlar.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 2 sentyabr.- S. 10.