Uşaq musiqi, incəsənət rəssamlıq məktəblərinin qarşısında duran vəzifələr müzakirə edilmişdir

 

Sentyabrın 1-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin iştirakı ilə respublikanın şəhər və rayon uşaq musiqi, incəsənət və rəssamlıq məktəbləri direktorlarının müşavirəsi keçirilmişdir.

Müşavirədə 2008/2009-cu tədris ilinin yekunları və yeni tədris ilində qarşıda duran vəzifələr müzakirə edilmişdir.

Tədbirdə "2009-2013-cü illər üçün Azərbaycan Respublikasında uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin fəaliyyətinin yaxşılaşdırılması üzrə İnkişaf Proqramı"nın icrası ilə əlaqədar görülmüş işlər haqqında ətraflı məlumat verən Əbülfəs Qarayev məktəblərin nailiyyətlərindən, mövcud problemlərdən və onların aradan qaldırılması üçün həyata keçirilmiş tədbirlərdən danışmışdır. Qeyd etmişdir ki, uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində tədrisin keyfiyyətinin yüksəldilməsi üçün yeni təlim-tərbiyə metodları tətbiq edilməli və gənc istedadlarla aparılan işin səmərəliliyi artırılmalıdır. İstedadlı uşaqlar tərəfindən beynəlxalq festivallarda və müsabiqələrdə təmsil olunan milli mədəniyyətimiz Azərbaycanın reytinqini xeyli yüksəltmişdir. Bizim milli musiqimiz, təsviri sənət nümunələrimiz dünya incəsənətinin tərkib hissəsinə çevrilmişdir. Son illər uşaq musiqi kollektivləri dünyanın ən nüfuzlu müsabiqələrinin iştirakçısı olmuş və Azərbaycan bir çox musiqi festivallarına ev sahibliyi etmişdir.

Vurğulamışdır ki, Heydər Əliyev Fondunun dəstəyi ilə paytaxtımızda və bölgələrdə müasir üslubda inşa edilən uşaq musiqi məktəbləri balacalarda musiqiyə, incəsənətə, rəssamlığa marağı artırmış və onlarla istedadlı gəncin yetişməsinə təkan vermişdir.

Müşavirədə nazirliyin Elm və təhsil şöbəsinin müdiri Yaşar Əliyev geniş məruzə ilə çıxış edərək məlumat vermişdir ki, hazırda ölkəmizdə 235 uşaq musiqi, incəsənət və rəssamlıq məktəbi fəaliyyət göstərir. Bu təhsil müəssisələrindən 70-i kəndlərin payına düşür. Yeni tədris ilində daha iki təhsil ocağı istifadəyə veriləcəkdir. Hazırda bu təhsil ocaqlarında 70 mindən çox şagird təhsil alır. Hər yeni tədris ilində məktəblərə musiqi alətləri, bərk və yumşaq avadanlıq, kitablar, tanınmış bəstəkarların və musiqiçilərin mahnıları yazılmış disklər, digər lazımi avadanlıq verilir.

Tədbirdə uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin idarə olunması və pedaqoji kadrların düzgün seçilib yerləşdirilməsi məsələlərində bir sıra şəhər, rayon məktəb rəhbərlərinin fəaliyyəti təhlil edilmiş, bədii təhsilin inkişafı sahəsində qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 2 sentyabr.- S. 10.