İki müharibədən keçən ömür

 

İkinci dünya müharibəsinin başlamasından 70 il keçdi. O müharibə yaddaşıma uşaq təfəkkürü ilə həkk olunsa da, Qarabağ müharibəsi bütün ağrı və acıları ilə içimdən və ömrümdən keçdi. Bu iki müharibənin fərqli və oxşar cəhətləri məni illər ötdükcə narahat edir. Belə qənaətə gəlirəm ki, indiki gənclər bu fərqlərin və bənzərliklərin nədən ibarət olduğunu həm bilməli, həm də ki, unutmamalıdırlar.

Müharibə hadisələri insan yaddaşına elə həkk edir ki, çox şeyi unuda bilmirsən, bu gün də xatırlayanda təsirlənirsən, tutuşdurmaq, müqayisə etmək istəyirsən. Qismətin ağırlığından yaşımın ahıl vaxtına da Qarabağ müharibəsi nəsib oldu. Biz belə deməyə alışmışıq: Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi. Əslində, bu, heç də Qarabağ müharibəsi deyildi. Biz alman faşizmindən daha hiyləgər, daha qəddar erməni faşistlərinin hücumlarını bütün Azərbaycan sərhədləri boyu dəf etmək məcburiyyətində qaldıq. Quldur dəstələrindən ibarət erməni faşist birləşmələri bütün Azərbaycan sərhədləri boyu hücuma keçdilər. Azərbaycanın Dağlıq Qarabağa aid olmayan rayonları da erməni faşistləri tərəfindən işğal olundu. Gədəbəydə, Tovuzda, Qazaxda və Naxçıvan Muxtar Respublikasında ağır döyüşlər getdi. Məgər muxtar respublikanın Dağlıq Qarabağla ümumi sərhədləri vardımı? Əslində bu, Azərbaycan üçün İkinci dünya müharibəsi ilə müqayisədə daha ağır və daha böyük itkilərlə müşayiət olunan üzücü bir savaş idi. İyirmi ilə yaxındır ki, Naxçıvan Muxtar Respublikası üzük qaşı kimi erməni faşistlərinin blokadasına alınıb. Axı İkinci dünya müharibəsində belə deyildi: yollarımız açıq idi, insanların hər tərəfə çıxışı və bir də sovet xalqlarının əfsanəvi dostluğu var idi.

Sonuncu Qarabağ müharibəsində Ermənistan Naxçıvan Muxtar Respublikasını üzük qaşı kimi blokadaya aldı. Naxçıvan və ümumiyyətlə Azərbaycan müharibənin ilk illərində əliyalın idi. İkinci dünya müharibəsində bütün sovet xalqları bir məqsəd ətrafında birləşmişdi və hamının bir düşməni vardı. Sonuncu müharibədə Azərbaycan tək qaldı, sovet xalqları məfhumu, onların birliyi iflasa uğradı. Bu hadisələrin fövqündə diqqəti çəkən o idi ki, Ermənistan sürətlə silahlanır, Azərbaycanda isə əhalidən bütün silahlar yığılırdı. Bütün bunlar ölkə üçün ağır itkilərlə nəticələndi. Mükəmməl ordu quruculuğuna isə yalnız ulu öndər Heydər Əliyev xalqın arzu və xahişi ilə hakimiyyətə qayıtdıqdan sonra onun birbaşa rəhbərliyi altında başlanıldı.

Belə hesab edirəm ki, iki müharibənin fərqli və oxşar cəhətlərini sonsuzluğadək sadalamaq olar. 1941-1945-ci illərdə cəbhə xətti uzaqlarda idi. Bütün Azərbaycan və onun tərkib hissəsi Naxçıvan da arxa cəbhə sayılırdı. Azərbaycana köçürülən hərbi hospitalların sayı-hesabı yox idi. Biz bir nəfər kimi qələbəyə çalışırdıq və gecə-gündüz bilmədən Böyük Qələbə üçün işləyirdik. Atılan topların, partlayan mərmilərin sədası bizə çatmırdı.

Sonuncu Qarabağ müharibəsində isə cəbhə xətti kəndlərin böyründən, içindən keçirdi, küçələrdə döyüşlər gedirdi. Düşmənin toplardan atdığı mərmilər bir addımlığımızda, evlərimizin içində partlayırdı. O biri müharibədə biz uşaqlar amansız savaşların nə demək olduğunu sonadək başa düşmədik, amma Qarabağ münaqişəsində uşaqlar onun bütün vəhşiliklərinin şahidi oldular, valideynlərini gözlərinin qarşısında itirdilər, özləri də yaralandılar, həlak oldular. Yüz minlərlə dinc sakin yurdundan didərgin düşdü. Halbuki o biri savaşda hamı bizə keçmiş SSRİ-dən pənah gətirir, Azərbaycana sığınırdı.

Bu savaşda Ermənistanla həmsərhəd olan bütün kəndlərimiz cəbhə xəttinə çevrildi. Hamı müharibənin içində idi - qadın da, uşaq da, qoca da...

İkinci dünya müharibəsində heç kimin evinə cəbhədən tabut gəlmədi, amma hamı poçtalyondan qorxurdu ki, o, yenə kiminsə qapısını bəd xəbərlə döyəcək. Sonuncu savaşda poçtalyonlar lazım gəlmədi. Şəhidlərimizin tabutları qapılarına əsgər məktublarından tez çatırdı. Cəbhə belə yaxında idi. Biz həlak olan igidlərimizi qəhrəman kimi, şəhid kimi dəfn etdik, onların məzarları üstündə silahdaşları yaylım atəşi açaraq yenidən döyüşə qayıdırdılar. Ön və arxa cəbhə anlayışı bu müharibədə olmadı. Bizim hospitallarımız da, səngərlərimiz də, şəhidlərin torpağa tapşırıldığı xiyabanlar da qonşu idi, yanaşı idi. Başımızı qoyub yuxuya getdiyimiz yataq da cəbhə idi. Biz, o biri müharibədən fərqli olaraq, bu döyüşlərdə həlak olanların yolunu gözləmədik. Ona görə ki, şəhidlərimizi evlərimizə gətirib dəfn edirdik. Mən iki müharibəni müqayisə edəndə hansınınsa yaxşı, hansınınsa pis olmasını vurğulamaq niyyətində deyiləm. Hər iki halda müharibə ölüm qoxuyan ağlasığmaz faciələrin üzücü təkrarıdır. Heç kim müharibənin tərəfində deyil. Əlbəttə, onu bətnində gəzdirib Qafqaza səpən erməni faşizmindən və onun dünyadakı himayədarlarından başqa.

1945-ci ildə müharibə qurtaranda cəmi 12 yaşım vardı. Onda biz istəsəydik belə, cəbhəyə gedə bilməzdik. Frislərlə yuxularımızda savaşardıq, elə yuxularımızda da atalarımızla çiyin-çiyinə döyüşərdik.

Amma sonuncu müharibədə heç kim cəbhənin necə olduğunu düşünmürdü, ona görə ki, hamımız - qundaqdakı uşaqlar da savaşın və atəşin içində idilər. 1992-ci ilin əvvəlindən Naxçıvanda bütün sərhəd bölgələrində çox ağır döyüşlər gedirdi. Artıq mən bu döyüşlərin miqyasını və mənasını dərk etmək üçün, yaşlı olmağıma baxmayaraq, Qarabağa yola düşdüm.

İnsanın içində bəzən yaşından, səhhətindən asılı olmayaraq elə hisslər baş qaldırır ki, onların təsiri altında heç nəyi düşünmədən ən çətin təhlükələrdən keçməyə, ağlasığmaz maneələri dəf etməyə hazır olursan. Elə həmin il aprelin 24-də Ağdamın Mahmızlı kəndində yaşayan İkinci dünya müharibəsi veteranı və əlili Cahangir Məmmədovgilə qonaq getdim. Bizim Cahangirlə dostluğumuzun köhnə bir tarixçəsi var. Yaxşı günlərimiz olub bir yerdə, onun yaman günündə yanında olmaq istədim.

Onlarda da vəziyyət ağır idi, bəzən heç məni bayıra çıxmağa qoymurdular. Əgər belə demək mümkündürsə, mən onlarda bir həftə qonaq qaldım. Naxçıvanda və Ağdamda gördüklərimdən belə bir qənaətə gəldim ki, bütün ölkə müharibə içindədir. Biz ona "Qarabağ müharibəsi" desək də, bu, Azərbaycan üçün elə Böyük Vətən müharibəsi qədər ağır döyüşlərlə müşayiət olunan bir savaş idi. Çünki bütün ölkə od-alovun, müharibənin içində idi. Orada maşın-maşın uşaq, qadın meyitlərini daşıyırdılar Xocalı tərəfdən. Axı mən 41-45-ci illərdə belə səhnələrin şahidi olmamışdım, amma burada - Ağdamda gördüm. Mahrızlı kəndində orta məktəb hospitala çevrilmişdi, ora döyüşlərdən yaralılar daşınırdı. O biri müharibədə belə səhnələri biz ağ-qara kinolarda - ekranda görərdik.

Ağdamda görüşüb söhbət etdiyim zabitlər, əsgərlər Naxçıvandan olduğumu biləndə deyirdilər ki, geri dönəndə Heydər Əliyevlə görüşüm və onların adından ona çatdırım ki, bizi birləşdirsin, rəhbərliyə gəlsin, düşmənə qalib gələk. Başqa cür alınmayacaq.

Mən Naxçıvana qayıdandan sonra may ayında daha ağır döyüşlərin şahidi oldum. Erməni faşistlərinin hücumlarının qarşısını insanların qeyri-adi rəşadəti və Heydər Əliyevin sərkərdə qüdrəti alırdı. Bizim bir xalq kimi birliyimizin özülü o zaman qoyuldu. Hamı bir nəfər kimi çalışır, bir nəfər kimi vuruşurdu. Bu da erməni faşistlərini geri oturtmağa imkan verdi. Həmin il oktyabrın 29-da mən yenidən yoldaşımı da götürüb bir də Ağdamın Mahrızlı kəndinə dostumu yoluxmağa getdim. Toplar atılırdı, mərmilər partlayırdı və yoldaşımın yaylığı atəşlərin küləyindən titrəyirdi. Ürəyim dözmürdü, Ağdama getdim, Naxçivanikdə oldum. Abdal-Gülablıya baş çəkdim. Ölkə öz torpaqları, azadlığı uğrunda vuruşurdu. Onun böyüklüyünü və miqyaslarını dərk etmək üçün mənə Naxçıvandan Qarabağa getmək vacib idi. İkinci dəfə dostumun evinə qonaq gələndə o, etiraz edirdi, istəmirdi ki, gəlim. Deyirdi ki, gələcəksən, bu yaşında öləcəksən burada. Amma mən ayrı şeyləri düşünürdüm və gedirdim. İkinci dünya müharibəsi mənim üçün uzaq bir keçmiş idi. Ağdamda isə Xocalıda yaşanılan vəhşiliklərdən qurtulanların ər, arvad, bacı və qardaşlarının ölüsünü, ya da dirisini axtaranları görəndə erməni faşizminin nə olduğunu əyani başa düşürdüm. Xocalıda hamilə qadınlara, uşaqlara və qocalara, ümumiyyətlə, heç kimə rəhm edilmədi. Xocalı bəşəriyyət tarixində insanlığı və bütün bəşəri qanunları ayaqlayan faciələrin ən ağlasığmazıdır. Xocalı erməni faşistlərinin mahiyyətini açan saysız-hesabsız insan faciələrindən "ucalan" bir abidədir. Alman faşistləri işğal etdikləri ərazilərədə yerli sakinlərin yaşaması üçün müəyyən qaydalar tətbiq edirdilər. Erməni faşistləri isə işğal etdikləri ərazilərdə, alman faşistlərindən fərqli olaraq, heç kimi saxlamadılar, son nəfərinədək qırdılar, qovdular; uşaqların, qadınların qulaq-burunlarını kəsdilər, bütün yaşayış məntəqələrinin adlarını belə dəyişdilər. Hansı faşizmin daha amansız olması haqda son sözü mən demək istəmirəm, amma ki, nə vaxtsa bəşəriyyətin gözü açılacaq, vicdanı oyanacaq və "əzabkeş xalq" libasında qrimlənən erməni faşistləri beynəlxalq hərbi tribunalların birində əməllərinə görə cəzalarını alacaqlar! Bu addım tarix üçün, bəşəri ədalətin bərpası üçün vacibdir!

 

 

Firudin SÜLEYMANOĞLU,

yazıçı, Naxçıvan

Muxtar Respublikası

Ağsaqqallar Şurasının üzvü

 

Azərbaycan.- 2009.- 2 sentyabr.- S.11.