Ünvanlı sosial yardım aztəminatlı ailələrin rifahını yaxşılaşdırıb

 

Respublikamızda həyata keçirilən sosial-iqtisadi siyasətin başlıca məqsədlərindən biri vətəndaşların həyat səviyyəsinin yüksəldilməsi və əhalinin sosial müdafiəsinin təmin edilməsidir. Son bir neçə ildə iqtisadiyyatın inkişafında əldə edilən nailiyyətlər bu məqsədin uğurla reallaşmasına şərait yaradıb.

Bütün kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, əhalinin aztəminatlı təbəqələrinə kömək göstərilməsi, yoxsulluğun aradan qaldırılması Azərbaycanda dövlət siyasətinin başlıca istiqamətlərindən biridir. Prezident İlham Əliyevin sosial siyasətinin fəlsəfəsi də ondan ibarətdir ki, ölkədə aztəminatlı, yoxsul insan olmasın. Fərəhli haldır ki, iqtisadiyyatda həyata keçirilən köklü islahatlar bu sferada dinamik və davamlı inkişafı təmin etməklə bərabər, əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına geniş imkanlar açıb. İqtisadi inkişaf, maliyyə imkanlarının çoxalması adekvat olaraq xalqın sosial rifahının, güzəranının daha da yaxşılaşdırılması, sosial problemlərin həlli istiqamətində atılan addımların real nəticələri ilə müşayiət olunmaqdadır. Prezident İlham Əliyevin sosial sahəyə diqqət və qayğısının nəticəsidir ki, son illərdə dövlət büdcəsi təsdiq olunarkən ali maliyyə sənədində sosialyönümlülük prioritet olaraq qalır. Məhz dövlət başçısının qətiyyətli siyasətinin sayəsində ölkədə yoxsulluğun səviyyəsi 13 faizə endirilib.

Əhalinin güzəranının yaxşılaşması yalnız əməkhaqlarının, pensiya və müavinətlərin artması ilə yekunlaşmır. Son illərdə yüzlərlə yeni müəssisənin yaradılması və bərpa olunması nəticəsində 800 minə yaxın yeni iş yeri açılıb ki, bu da əhalinin sosial vəziyyətini xeyli dərəcədə yüksəldib. Ümumiyyətlə, işsizliyin aradan qaldırılması həmişə əhalinin sosial güzəranını yaxşılaşdıran mühüm amillərdən biri kimi dəyərləndirilib. Burada önəmli hadisələrdən biri də odur ki, ölkəmizdə əhalinin işsizlik və digər sosial problemləri yalnız paytaxtda deyil, ucqar rayonlarda da həllini tapır.

İqtisadi inkişaf həm də sosial sferada çoxşaxəli islahatlar aparmağa, bir sıra ölkələrdə təcrübədən uğurla çıxmış təkmil sosial mexanizmləri tətbiq etməyə imkan verir. Bu mexanizmləri, azad bazar iqtisadiyyatı prinsiplərini tam şəkildə tətbiq etməklə yanaşı, sosial problemlərin də həllinə nail olan Azərbaycan Prezidentinin məqsədyönlü siyasəti daha böyük perspektivlərə hesablanıb. "Azərbaycanda sosial-ədalət prinsipləri tam şəkildə bərqərar olmalıdır. İnsanları narahat edən problemlər aradan qaldırılmalıdır. Biz hamımız insanlara böyük diqqət və qayğı ilə münasibət bəsləməliyik. Prezidentdən tutmuş, onun yerlərdəki nümayəndələrinə qədər hamımız bu amala qulluq etməliyik. Azərbaycanın hərtərəfli inkişafı, əlbəttə ki, həm ölkəmizi gücləndirəcək, həm yeni iş yerlərinin açılmasına imkan yaradacaq və insanların yaşayış səviyyəsini yaxşılaşdıracaqdır", - deyə Prezident İlham Əliyev bildirib

Son bir neçə ildə pensiyaçıların, təqaüdçülərin, əlillərin, şəhid ailələrinin, Milli qəhrəmanların ailələrinin, qaçqın və məcburi köçkünlərin, digər sosial kateqoriyaların sosial müdafiəsi ilə bağlı çoxlu sayda hüquqi aktların qüvvəyə minməsi bu sahədə ciddi dəyişikliyə səbəb olub. Həmçinin əməkhaqlarının və aztəminatlı ailələrə verilən müavinətlərin artırılması sahəsində bir sıra mühüm tədbirlər həyata keçirilib. Pensiya sisteminin təkmilləşdirilməsi, fərdi uçot sisteminin tətbiq olunması bu sahədə müsbət irəliləyişlər yaradıb.

Ölkədə ünvanlı dövlət sosial yardımı sisteminin işə düşməsi aztəminatlı ailələrin rifahının yaxşılaşmasına təkan verib. Ünvanlı sosial yardımın məqsədi aztəminatlı ailələrin sosial müdafiəsinin təmin edilməsindən ibarətdir. "Ünvanlı dövlət sosial yardımı haqqında" qanunun qüvvəyə minməsindən qısa müddət ötməsinə baxmayaraq, onun ünvanlılıq, ədalətlilik, bərabərlik kimi prinsiplərinə əməl olunmaqla müsbət nəticələr əldə edilib. Bu yardımın verilməsi minlərlə ailənin sosial vəziyyətinin yaxşılaşmasına səbəb olub. Minimum əməkhaqqının, pensiya və müavinətlərin davamlı olaraq artırılması ilə yanaşı, ünvanlı sosial yardım mexanizminin tətbiqi nəticəsində ölkədə adambaşına düşən orta aylıq gəlirlər davamlı olaraq artmaqdadır.

Hazırda ünvanlı sosial yardım alan ailələrin sayı bu sistemin tətbiqinə başlandığı 2006-cı illə müqayisədə 3,4 dəfə çoxalıb. Xatırladaq ki, Azərbaycanda ünvanlı sosial yardım 2006-cı ilin aprelindən tətbiq olunur. Həmin il 48 min ailə bu sosial müdafiə formasından bəhrələnirdi. 1 iyun 2009-cu il tarixinə olan məlumata əsasən, Azərbaycanda 179 mindən artıq ailə dövlətdən ünvanlı yardım alır. Bu müddətdə bir ailəyə ödənilən yardımın orta aylıq məbləği 2,2 dəfə, hər ailə üzvünə düşən yardımın orta aylıq məbləği 2,2 dəfə, yardım alan ailələrin bir yaşadək olan uşaqlarına ödənilən müavinətin məbləği 2 dəfə, ehtiyac meyarının həddi 2 dəfə artıb. Ölkədə hər ailəyə düşən ünvanlı yardımın orta aylıq məbləği 98,19 manat, hər ailə üzvünə düşən ünvanlı yardımın orta aylıq məbləği isə 21,56 manatdır.

Yardım təyin olunan ailələrdən 40,8 faizi 3 və daha çox uşağı olan, 0,5 faizi müharibə əlili olan, 12,7 faizi digər səbəblərdən əlil olmuş, 8,9 faizi isə məcburi köçkün ailələrin üzvləridir.

Ünvanlı sosial yardımla əhatə olunmuş ailələrdən 77,8 faizi dövlətdən ilk dəfə yardım alanlardır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ünvanlı sosial yardım alan vətəndaşlarla bağlı korporativ məlumat bankı yaradılıb. Məqsəd dövlət büdcəsindən maliyyələşən yardımların təyinatında şəffaflığın təmin olunması və bu sahəyə nəzarəti gücləndirməkdir. Məlumat bankı yerlərdə ünvanlı sosial yardım almaq üçün əhalidən daxil olan müraciətlərin daha dəqiq araşdırılmasına imkan verir.

Aztəminatlı əhaliyə dövlət qayğısını əks etdirən göstəricilər içərisində ayrı-ayrı qrup vətəndaşlara müxtəlif güzəştlərin və imtiyazların verilməsi xüsusi qeyd edilməlidir. Son bir neçə ildə sosial müdafiəyə ehtiyacı olan şəxslərin maddi rifahının yaxşılaşdırılmasına yönəldilən tədbirlərlə yanaşı, onların bəzi zəruri tələbatlarının ödənilməsi üçün də dövlət büdcəsindən ayrılan vəsaitlərin miqdarı artırılıb. Bununla da müharibə əlilləri və şəhid ailələri üçün yaşayış evlərinin tikintisi, onların minik avtomobilləri ilə təmini sürətlənib, əlillərin sanatoriya-kurort müalicəsinin təşkili, minlərlə ailəyə hər il pulsuz dərman preparatlarının verilməsi yeni mərhələyə qədəm qoyub.

Əhalinin sosial durumunun yaxşılaşması ölkədə sabitliyə və davamlı inkişafa təminatdır. Bugünkü uğurlarımızın memarı ulu öndər Heydər Əliyevin layiqli davamçısı, ümummilli mənafelərimiz naminə yürütdüyü qlobal, çevik siyasətlə ölkədə və beynəlxalq miqyasda böyük nüfuz qazanmış Prezident İlham Əliyevdir. Dövlət başçısının siyasi kursu davamlı olaraq əhalinin sosial rifahını yüksəltməyə hesablanıb.

 

 

Azərbaycan.- 2009.- 3 avqust.- S. 1.