"Qaçqınların
və məcburi köçkünlərin yaşayış
şəraitinin yaxşılaşdırılması və məşğulluğunun
artırılması üzrə Dövlət Proqramı"
uğurla icra olunur. Ölkənin ayrı-ayrı şəhər
və rayonlarında qaçqın və məcburi
köçkün ailələri üçün 61 yeni qəsəbə
salınmış, 150-dən artıq təhsil, 50-yə
yaxın səhiyyə, 30-dan artıq rabitə müəssisələri,
onlarla mədəniyyət ocaqları tikilib istifadəyə
verilmiş, müvafiq infrastruktur yaradılmışdır. Hazırda
məcburi köçkünlərin sosial problemlərinin həlli,
mənzil-məişət şəraitinin
yaxşılaşdırılması istiqamətində
işlər ardıcıl davam etdirilir.
Dövlət Proqramına
uyğun olaraq 700-ə yaxın məcburi köçkün
ailəsi üçün nəzərdə tutulmuş yeni
çoxmərtəbəli yaşayış binalarının
tikilməsi məqsədilə qərara alıram:
1. Məcburi
köçkün ailələrinin mənzil-məişət
şəraitinin yaxşılaşdırılması məqsədilə
yeni çoxmərtəbəli yaşayış binalarının
layihələndirilməsi və tikintiyə başlanması
üçün Azərbaycan Respublikasının 2009-cu il
dövlət büdcəsində nəzərdə tutulmuş
Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan
Respublikası Qaçqınların və Məcburi
Köçkünlərin İşləri üzrə
Dövlət Komitəsinə 3 (üç) milyon manat məbləğində
vəsait ayrılsın.
2. Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın
1-ci bəndində nəzərdə tutulan vəsaitin müəyyən
olunmuş qaydada ödənilməsini təmin etsin.
3. Azərbaycan
Respublikasının Dövlət Neft Fonduna
tapşırılsın ki, 2010-cu il Dövlət Neft Fondunun
büdcəsi layihəsində bu sərəncamın 1-ci bəndində
nəzərdə tutulan işlərin davam etdirilməsi
üçün müvafiq məbləğdə vəsait nəzərdə
tutsun.
4. Azərbaycan
Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli
gələn digər məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 sentyabr 2009-cu il
Azərbaycan.- 2009.- 3 sentyabr.- S.1.