Qürur duyuram

 

Ölkə Prezidenti İlham Əliyevin sərəncamına əsasən, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində dünyanın nüfuzlu ali məktəblərinə qəbul olunmuş tələbələrin bütün xərcləri dövlət tərəfindən ödənilir.

Oğlum Turalın Kanadanın Toronto Universitetinin oftalmologiya üzrə doktoranturasına qəbul olunması və təhsil müddətindəki bütün xərclərin dövlətimiz tərəfindən ödənilməsi ailəmizin böyük sevincinə səbəb olmuşdur.

Zamanında ulu öndərin və akademik Zərifə Əliyevanın mənim təhsilimdə və həyatdakı uğurlarımda böyük rolu olmuşdur. Ümummilli lider Heydər Əliyevin şəxsi təşəbbüsü ilə Moskva şəhərinə aspirantura və doktoranturaya göndərilən gənclərin sırasında mən də olmuşam. Azərbaycanımızın birinci şəxsi, sovet dövlətinin rəhbərlərindən biri vaxtının məhdudluğuna baxmayaraq, Moskvada təhsil alan gənclərlə vaxtaşırı görüşüb qayğılarımızla maraqlanar, problemlərimizi həll edərdi.

1984-cü ildə elm sahəsində Ümumittifaq Lenin Komsomolu mükafatına layiq görüləndə ulu öndər telefonla məni təbrik etmişdi. Sonralar uğurlar qazandıqca bu böyük insan vaxt tapıb məni təbrik edərdi.

Tanınmış oftalmoloq, akademik Zərifə xanım Əliyevanın mənim elmi taleyimdə əvəzsiz rolu olub. Onun işıqlı xatirəsi mənim üçün həmişə əzizdir.

Qürur və fərəh duyuram ki, indi də bu qayğını oğlum hiss edir. Azərbaycan ziyalısı kimi dövlətimizin başçısına və Mehriban xanım Əliyevaya Azərbaycanın inkişafı naminə və gənclərə göstərdikləri bütün səylərə görə dərin təşəkkürümü bildirirəm.

 

 

Paşa QƏLBİNUR,

ATU-nun Oftalmologiya

kafedrasının müdiri,

professor

 

Azərbaycan.- 2009.- 2 sentyabr.- S. 3.