"Qucaqlaşın, ey
insanlar" - Bethovenin Doqquzuncu simfoniyasının finalında
səslənən "Sevinc odası" Şillerin bu
sözləri ilə başlanır. Gələn il mayın
10-da Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə
həsr edilmiş Niaqara Beynəlxalq Forumu çərçivəsində
keçiriləcək "Heydər Əliyev və
müasirlik. Mədəniyyətlərin və
sivilizasiyaların yaxınlaşması yolu ilə ümumi
sülhə doğru" mövzusunda festivalda dünya
şöhrətli bəstəkarların, o cümlədən
Azərbaycan sənətçilərinin əsərləri ilə
yanaşı səslənəcək "Sevinc odası" və
Şillerin bu sözləri festivalın ruhunu çox dəqiq
əks etdirir.
Məlumdur ki, Azərbaycan
xalqının ümummilli lideri həmişə dünya mədəniyyətlərinin
yaxınlaşmasına, onların bir-birini
qarşılıqlı zənginləşdirməsinə
çalışırdı. İstəyirdi ki, doğma Vətənimizin
paytaxtı Bakı həqiqətən dünyanın əsas mədəni
mərkəzlərindən birinə, dünya
sivilizasiyasının mənəvi özəyinə
çevrilsin.
Kanadadakı Beynəlxalq
Heydər Əliyev Mərkəzi də özünün
çoxşaxəli fəaliyyətini məhz bu səpkidə
qurur. Mərkəz Şimali Amerikanın bu ölkəsindəki
Azərbaycan səfirliyinin dəstəyi ilə "İpək
Yolu" kamera orkestrinin baş dirijoru, beynəlxalq Niaqara musiqi
festivalının "İpək Yolu" Komitəsinin sədri
İsmayıl Hacıyev və onun oğlu Cövdət
Hacıyev (nəvə) tərəfindən
yaradılmışdır.
Niaqara şəhərinin
meri lord Geri Borrou (fotoda onu görürsünüz) Beynəlxalq
Heydər Əliyev Mərkəzinə çox böyük
maraq göstərmişdir. Bu yaxınlarda mer Azərbaycan səfiri
və diasporunun nümayəndələri ilə
görüşmüş, Kanadada "Sivilizasiyaların
dünya irsi" devizi altında fəaliyyətə
başlamış Mərkəzin planlarına müsbət
münasibətini bildirmiş, qurumun fəxri prezidenti olmaq təklifini
məmnuniyyətlə qəbul etmişdir.
Beynəlxalq Heydər Əliyev
Mərkəzinin gələcək planları həqiqətən
çox genişdir. Mərkəzdə yaxşı bilirlər
ki, Azərbaycanın dünya şöhrətli lideri
böyük siyasi xadim və dövlət xadimi olmaqla bərabər,
həm də haqlı olaraq musiqinin, təsviri sənətin,
bütövlükdə mədəniyyətin sərrafı
hesab edilirdi. Ümummilli lider Heydər Əliyev görkəmli
incəsənət xadimləri - Dmitri Şostakoviç və
Mstislav Rostropoviç, Qara Qarayev və Covdət Hacıyev,
Fikrət Əmirov və Rodion Şedrin, Mayya Plisetskaya və Əminə
Dilbazi, Yevgeni Mravinski və Niyazi, Lyudmila Zıkina və
Müslüm Maqomayev, Səttar Bəhlulzadə, Tahir Salahov və
bir sıra digər korifeylərlə dostluq edirdi. Buna görə
də Mərkəz Şərq və Qərb mədəniyyətlərinin
ən yaxşı nümayəndələrini, qədim
dövrlərdə olduğu kimi, indi də Şərq ilə
Qərb arasında bir növ əlaqələndirici rolu oynayan
Azərbaycandan keçən tarixi İpək Yolu boyunca yerləşən
ölkələrin mədəni irsinin təbliğ edilməsindən
ibarət ümumi ideya ətrafında birləşən
qüvvələri özünün Kanadada fəaliyyətinə
cəlb etməyi əsas vəzifələrindən biri hesab
edir.
Mərkəz daha bir
mühüm məsələnin həllinə böyük əhəmiyyət
verir. Bu, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın
uğurla başçılıq etdiyi Heydər Əliyev Fondu
ilə əməkdaşlıq və qarşılıqlı
yaradıcılıq əlaqələridir. Bu gün ulu
öndərin ideyalarının, onun yaradıcı irsinin
dünya miqyasında təbliğində ən qüdrətli
vasitə kimi tanınmış fondun çoxşaxəli fəaliyyəti
azərbaycançılıq və dünya sivilizasiyası
ideyalarının qlobal məsələlərinin həllinə
yönəlmişdir.
Kanadadakı Beynəlxalq
Heydər Əliyev Mərkəzi də fondun bu işinə qətiyyətlə
qoşulmaq əzmindədir. Mərkəz öz niyyətini həyata
keçirmək üçün Niaqarada Heydər Əliyev
muzeyi açmaq niyyətindədir. Muzeyin ekspozisiyasında
ümummilli liderin şərəfli həyat yolu, onun siyasi fəaliyyəti,
sözün ən geniş mənasında, mədəniyyətə
münasibəti öz əksini tapacaqdır. Niaqarada əmindirlər
ki, bu muzey dünyanın bütün guşələrindən
Kanadaya gələn turistlərin diqqətini cəlb edəcəkdir.
Axı, dünya şöhrətli siyasi və dövlət
xadimi Heydər Əliyev Şərq ilə Qərb arasında
möhkəm və çoxtərəfli əlaqələrin
tərəfdarı idi.
Beynəlxalq Heydər Əliyev
Mərkəzinin Azərbaycanın Kanadadakı səfirliyi və
Niaqara şəhərinin meriyası ilə birlikdə
xalqımızın ulu öndərinin ad günü
münasibətilə planlaşdırdığı təntənəli
tədbirlər də bu əlaqələrin möhkəmlənməsinə,
mədəniyyətlərin və sivilizasiyaların
yaxınlaşmasına kömək edəcəkdir. Beynəlxalq
Niaqara festivalının "Musiqi bütün dünyada
sülhə xidmət edir. Muğam - İpək Yolu üzərində
xəzinədir" yaradıcılıq layihəsi çərçivəsində
bir sıra konsertlər təşkil ediləcəkdir. Həmin
konsertlərdə milli muğamlarla yanaşı, Azərbaycan
musiqisinin klassikləri Üzeyir Hacıbəyli, Qara Qarayev,
Fikrət Əmirov, Niyazi, Tofiq Quliyev, Cövdət Hacıyev və
digər bəstəkarların bəşəriyyəti
sülhə və qardaşlığa çağıran əsərləri
ifa ediləcəkdir.
AzərTAc
Azərbaycan.- 2009.- 3 sentyabr.- S.2.