Rabitə və
İnformasiya Texnologiyaları Nazirliyində "Azərbaycan
Respublikasında kosmik sənayenin yaradılması və
inkişafı üzrə Dövlət Proqramı"nın
icrası ilə əlaqədar kollegiya iclası
keçirilmişdir.
Rabitə və
informasiya texnologiyaları naziri Əli Abbasov Prezident İlham Əliyevin
2009-cu il 17 avqust tarixli sərəncamı ilə təsdiq
edilmiş "Azərbaycan Respublikasında kosmik sənayenin
yaradılması və inkişafı üzrə Dövlət
Proqramı"nın böyük önəm
daşıdığını və ölkəmizin
başçısının bu sahənin inkişafına
verdiyi xüsusi diqqətin bariz nümunəsi olduğunu bildirmişdir.
Məsələ ilə
əlaqədar digər çıxış edənlər
bildirmişlər ki, Dövlət Proqramının həyata
keçirilməsi ölkəmizdə kosmik sənayenin
yaradılması və inkişaf etdirilməsinə, əhalinin
rabitə, informasiya texnologiyaları və teleradio
yayımına artan tələbatının ödənilməsinə
mühüm təsir göstərəcəkdir. Bu proqram
dünya bazarına çıxışın təmin edilməsinə,
kosmik fəzadan səmərəli istifadə etməklə
iqtisadi, sosial, elmi, mədəni, təhlükəsizlik və
digər sahələrin inkişafına zəmin
yaradacaqdır.
Kollegiya iclasında
Dövlət Proqramında nəzərdə tutulan
telekommunikasiya peyklərinin hazırlanması, orbitə
buraxılması və idarə edilməsi, bununla əlaqədar
beynəlxalq əməkdaşlığın, o cümlədən
Azərbaycana plandankənar orbital mövqelərin
ayrılması məqsədilə Beynəlxalq Telekommunikasiya
İttifaqı ilə aparılan əməkdaşlığın
gücləndirilməsi, müəyyən edilmiş peyk şəbəkələri
ilə əlaqələndirmə işlərinin
aparılması, hüquqi tənzimləmənin həyata
keçirilməsi üçün normativ-hüquqi bazanın
yaradılması işlərinə xüsusi diqqət yetirilməsinin
vacibliyi vurğulanmışdır.
Sahə
üçün kadr potensialının əhəmiyyəti nəzərə
alınaraq xarici ölkələrdə müvafiq ixtisaslar
üzrə kadr hazırlığının təşkili
istiqamətində tədbirlərin görülməsinin
vacibliyi qeyd edilmişdir.
Nəzərdə
tutulmuş tədbirlərin icrasını əlaqələndirmək
məqsədilə proqramda iştirakı nəzərdə
tutulan qurumların səlahiyyətli nümayəndələrindən
ibarət Əlaqələndirmə Şurasının
yaradılması qərara alınmışdır. Bu şura
tərəfindən Dövlət Proqramının
icrasının ayrı-ayrı fəaliyyət istiqamətləri
üzrə konkret iş planlarının hazırlanması məqsədəmüvafiq
hesab edilmişdir.
Kollegiya iclasında
Dövlət Proqramının icrası ilə əlaqədar
digər məsələlər də müzakirə
edilmişdir.
AzərTAc
Azərbaycan.- 2009.- 3 sentyabr.- S. 2.