İtkin düşmüş şəxs kimi qeydiyyata alınanlardan 50 nəfərin taleyinə aydınlıq gətirilmişdir

 

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş şəxslərdən 50 nəfərin taleyinə aydınlıq gətirilmişdir.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası artıq onların adlarını itkin düşmüşlərin siyahısından çıxarmışdır. Həmin şəxslərdən 18 nəfərinin döyüşlərdən və mühasirələrdən sağ çıxdığı, 20 nəfərin hərbi əməliyyatlar zamanı həlak olduğu, meyitlərinin tanınaraq dəfn edildiyi, 8 nəfərin təkrar siyahıdan keçdiyi və daha 4 nəfərin isə münaqişə bölgəsindən kənarda itkin düşdüyü müəyyən edilmişdir.

Ümumilikdə əsir və itkin düşmüş, girov götürülmüş şəxslərin sayı 4166 nəfər təşkil edir. Onlardan 3364-ü hərbçi, 795-i mülki şəxsdir. Mülki şəxslərdən 47 nəfəri itkin düşərkən yetkinlik yaşına çatmamış uşaqlar, 255-i qadın və 354 nəfəri yaşlı insanlardır.

Dövlət Komissiyasına daxil olan materialların təhlili zamanı 552 nəfərin əsir və girovluqda qətlə yetirildiyi və ya müxtəlif səbəblərdən vəfat etdiyi müəyyən olunmuşdur. 137 nəfərin yalnız adı məlumdur, 74 nəfər naməlum olaraq qalır.

Komissiya tərəfindən bu günədək əsir və girovluqdan 1396 nəfər azad edilmişdir ki, onlardan da 343 nəfəri qadın, 1053 nəfəri kişidir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 3 sentyabr.- S.2.