Azərbaycan Xəzərdə daha bir uğura
imza atır
Azərbaycan
iqtisadiyyatının sürətli inkişafı ölkədə
istehsal sahələrinin fəaliyyət dairələrinin əhəmiyyətli
dərəcədə genişlənməsi ilə
müşayiət olunmaqdadır. Bunun nəticəsidir ki, əvvəllər
idxal edilən bir çox məhsulların indi ölkəmizdə
istehsalı həyata keçirilməkdədir. Belə vəziyyət
Azərbaycan iqtisadiyyatının konkret sahələrinin xarici
asılılığını aradan qaldırmaqla
yanaşı, həm də ölkədə yeni istehsal sahələrinin
yaradılmasına və beləliklə, iqtisadiyyatın daha
da güclənməsinə imkan verir.
Azərbaycan həm də
kifayət qədər vacib əhəmiyyət daşıyan və
böyük yatırımlar tələb edən istehsal sahələrinin
yaradılması istiqamətində məqsədyönlü
siyasət həyata keçirir. Məhz bu siyasətin nəticəsidir
ki, Azərbaycanda tezliklə daha bir nəhəng və strateji
xarakter daşıyan zavodun inşası nəzərdə
tutulur. Söhbət ən müasir standartlara cavab verəcək
gəmiqayırma zavodunun inşasından gedir. Bununla əlaqədar
Azərbaycan artıq uzun müddətdir ki, müvafiq xarici
şirkətlərlə danışıqlar aparır. Prezident
İlham Əliyev bununla bağlı bildirib: "Növbəti
illər ərzində həm Xəzər Dəniz Gəmiçiliyi
üçün, həm də Dövlət Neft Şirkətinin
donanması üçün çoxsaylı gəmilər -
yük gəmiləri, tankerlər alınmalıdır. Məhz
bu məqsədlə artıq bir neçə ildir xarici
şirkətlərlə danışıqlar aparılır
ki, Azərbaycanda, Bakıda ən müasir standartlara cavab verən
gəmiqayırma zavodu tikilsin. Artıq xarici investorlar da
seçilib və onlarla bərabər Azərbaycan Dövlət
Neft Şirkəti və Azərbaycan Dövlət
İnvestisiya Şirkəti də bu işlərdə
iştirak etməlidir. Elə etmək lazımdır ki, gələn
ildən biz gəmiqayırma zavodunun tikintisinin
başlanmasına nail olaq, qısa müddət ərzində
bunu yaradaq".
Azərbaycanın ən
müasir standartlara cavab verən yük gəmiləri, tankerlər
istehsal etməsi bir çox məqamlar baxımından olduqca
vacib əhəmiyyət kəsb edir. Əvvəla, qeyd
olunduğu kimi bu, ölkəmizdə yeni istehsal sahəsinin və
iş yerlərinin açılmasına xidmət edir. İkincisi,
Azərbaycan sözügedən zavodun inşasından sonra
xaricdən yük gəmiləri, tankerlər almağa ehtiyac
duymayacaq və onlara olan tələbatı yerli istehsal
hesabına ödəyəcək. Digər tərəfdən,
Xəzərdə yükdaşımaların artan xətt
üzrə inkişaf etməsi gəmiqayırma zavoduna olan tələbatı
daha da artırır ki, Azərbaycan həmin tələbatı
qarşılamaq üçün bəri başdan lazımi
addımlar atır.
O da qeyd edilməlidir ki,
Bakıda inşası nəzərdə tutulan gəmiqayırma
zavodu hazır olana qədər də Azərbaycan
yükdaşımalar sahəsində yaranan hər hansı
problemi vaxtında həll etmək üçün müvafiq
tədbirlər görüb. Bu məqsədlə Xəzər
Dəniz Gəmiçiliyi bir neçə böyük tanker
alıb. Həmin tankerlərin alınmasının əhəmiyyətinə
toxunan Prezident İlham Əliyev demişdir: "Son illər ərzində
Azərbaycanda dövlət tərəfindən ayrılmış
vəsait hesabına Xəzər Dəniz Gəmiçiliyi bir
neçə böyük tanker almışdır. Bu tankerlər
bütün müasir standartlara cavab verir və Xəzərdə
yükdaşımalarının artırılması
üçün də çox böyük əhəmiyyəti
var. Nəzərə alsaq ki, bir neçə ildən sonra Xəzərin
şərq sahilindən böyük həcmdə neft və
neft məhsullarının daşınması gözlənilir,
əlbəttə ki, bu tankerlərin alınması vaxtında
görülmüş tədbirlər idi".
Azərbaycanın bu
istiqamətdə atdığı addımlar ölkə
xaricində də böyük diqqətlə izlənir. Rusiyanın
"Nezavisimaya qazeta" qəzeti yazır ki, Azərbaycanın
tanker donanmasını inkişaf etdirmək planları
çox perspektivli layihə sayılmalıdır. Qəzet
xatırladır ki, son illər Azərbaycan Xəzərdə
olan tankerlərin sayını artırıb. Bunun
üçün Rusiyanın "Krasnoe Sormovo" müəssisəsindən
10 ədəd böyük yükgötürmə qabiliyyətinə
malik xüsusu gəmilər alındığını bildirən
"Nezavisimaya qazeta" Azərbaycanın bu sahədə
planlarına dair tanınmış ekspertlərin mövqelərini
də öyrənib. "2K Audit - İş
konsultasiyası" şirkətinin "Due Diligence"
departamentinin direktoru Aleksandr Ştok bildirib ki, Xəzərdə
tanker donanmasının yaranması, yalnız vaxt məsələsidir.
Onun sözlərinə görə, SSRİ-nin
dağılmasından sonra Orta Asiya dövlətləri öz
enerji ehtiyatlarının nəqli üçün marşrut
seçimi imkanlarına malik olmayıb: "Lakin bu gün
region siyasi və iqtisadi planda daha çox müstəqilləşir".
Ekspertlər belə hesab edirlər ki, enerji
ehtiyatlarının nəqlinin diversifikasiyası sonrakı
inkişafın əsas şərtlərindən biridir.
Azərbaycanın tanker
donanmasının digər bir zəruriliyi də Qazaxıstanla
birgə həyata keçirilməsi nəzərdə tutulan
"Transxəzər" layihəsinin
reallaşdırılması ilə bağlıdır. Liman
infrastrukturunun yaradılması, həmçinin qazax neftinin
tankerlərlə "Bakı-Tbilisi-Ceyhan" kəmərinə
daşınmasının ümumi dəyəri Avropada 3 milyard
dollar həcmində hesablanır.
Bununla yanaşı,
Aleksandr Ştok bildirib ki, Qazaxıstanda neft istehsalının
durmadan artması, mövcud ixrac kəmərlərinin isə
praktiki olaraq tamamilə dolması nəzərə alınarsa,
yeni marşrutun, yəni, "Transxəzər" layihəsinin
də neftlə təmin olunacağı şübhə
doğurmur. A.Ştok onu da vurğulayıb ki, "Transxəzər"
layihəsinə gələcəkdə Türkmənistanın
da qoşulması mümkündür: "Bu səbəbdən
də "Transxəzər" olduqca perspektivli layihədir,
Azərbaycanın tanker donanmasını inkişaf etdirmək
məqsədilə yatırdığı vəsait isə
çox tezliklə geri qayıdacaq".
Beləliklə, bir daha
aydın olur ki, Xəzərin şərq sahilindən
böyük həcmdə neft və neft məhsullarının
daşınmasında Azərbaycan həlledici rol oynayacaq. Bu,
"Transxəzər" layihəsinin icrasında Azərbaycanın
əhəmiyyətinin qat-qat artması deməkdir. Bütün
bunlar Bakıda inşa edilməsi nəzərdə tutulan gəmiqayırma
zavodunun nə dərəcədə vacib əhəmiyyətə
malik olduğunu bir daha sübut edir.
Lakin həmin zavodun Azərbaycan
üçün əhəmiyyəti təkcə qeyd
olunanlarla kifayətlənmir. Azərbaycan bu zavod hesabına Xəzərdə
olan hərbi donanmasını da gəmilərlə təchiz
etmək niyyətindədir. Prezident İlham Əliyev Nazirlər
Kabinetinin 2009-cu ilin birinci yarısının sosial-iqtisadi
inkişafının yekunlarına həsr olunmuş geniş
iclasında bununla bağlı bildirib: "Bu, elə zavod
olmalıdır ki, istənilən gəmiləri inşa edə
bilsin. O cümlədən zavodda hərbi təyinatlı gəmilər
də inşa edilməlidir". Sözügedən zavodda hərbi
təyinatlı gəmilərin inşa edilməsi faktiki olaraq
Azərbaycanın müdafiə sənayesinin daha da güclənməsi
deməkdir. Xatırladaq ki, bir çox dövlətlərdən
fərqli olaraq Azərbaycan Silahlı Qüvvələri
maddi-texniki təminatının xeyli hissəsini öz
potensialı hesabına ödəməkdədir.
Bütün bunlar Azərbaycanın
müdafiə sənayesinn də kifayət qədər
yüksək səviyyədə inkişaf etdiyini göstərir.
Yaxın perspektivdə Azərbaycanın hərbi təyinatlı
gəmilər inşa etməyi planlaşdırması isə
müdafiə sənaysinin inkişaf miqyasının və məhsul
istehsalının daha da genişlənməsi deməkdir. Elə
bu məqam da gələn ildən etibarən, Azərbaycanın
tikintisinə başlamağı nəzərdə tutduğu gəmiqayırma
zavodunun ölkəmiz üçün nə dərəcədə
vacib əhəmiyyət kəsb etdiyini aydın nümayiş
etdirir.
Rasim BAYRAMOV
Azərbaycan.- 2009.- 3
sentyabr.- S. 2.