Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq
hüquq normalarına və xalqın milli mənafeyinə
uyğun həlli 2009-cu ildə də rəsmi Bakının
xarici siyasətində mühüm istiqamət olaraq qalır. Münaqişənin
həll strategiyası ilə bağlı beynəlxalq hüquq
normalarına əsaslanan Azərbaycan diplomatiyası yeni siyasi
mexanizmlərin tətbiqi yolu ilə prosesi xalqımızın
milli maraqlarına uyğun irəliyə aparmağa müvəffəq
olmuşdur. Bir neçə gün əvvəl orucluqla əlaqədar
təşkil olunmuş iftar mərasimində iştirak edən
dövlət başçısı İlham Əliyev
münaqişənin həlli ilə bağlı danışıqlar
prosesinin Azərbaycanın milli maraqlarına əsaslandığını
bir daha vurğulamışdır.
Dövlət
başçısının qətiyyətli və milli
maraqlara əsaslanan fikirləri göstərir ki, rəsmi
Bakı real situasiyanı düzgün dəyərləndirərək,
münaqişənin həlli prosesinə təsir amillərini
gücləndirmək siyasətinə üstünlük verir.
2009-cu ildə Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində
ciddi canlanma müşahidə olunur və bunu inkar etmək
mümkün deyil. Münaqişə tərəfləri
arasında aparılan birbaşa təmasların intensivləşməsi
- həmsədrlərin iştirakı ilə xarici işlər
nazirləri və dövlət başçıları səviyyəsində
keçirilən görüşlər prosesin ciddi şəkildə
irəlilədiyini deməyə əsas verir. Bu da təsadüfi
deyil - dünyada baş verən mühüm geosiyasi dəyişikliklər
fonunda Cənubi Qafqazdakı bu əsas münaqişə
ocağının söndürülməmiş qalması
qlobal planda cərəyan edən proseslərə mənfi təsir
göstərməklə yanaşı, burada iqtisadi və
siyasi maraqları olan aparıcı dövlətlərin, habelə
beynəlxalq təşkilatların mənafelərini də
ciddi şəkildə təhdid edir.
Siyasi analitiklər bu
intensivliyi eyni zamanda rəsmi Moskvanın münaqişənin
həlli üçün səmimi fəallıq
nümayiş etdirməsi kimi dəyərləndirir,
Gürcüstanla münaqişədən siyasi baxımdan zərər
çəkən, Qərblə münasibətləri gərginləşən
Rusiyanın bölgədə nüfuzunu bərpa etməyə
çalışdığını xüsusi qeyd edirlər.
Hesab olunur ki, rəsmi
Moskva Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin həllində əsas təşəbbüsü
öz üzərinə götürməklə regiona
nüfuz imkanlarını qoruyub saxlamağa, reabilitasiya
olunmağa çalışır. Yaranmış vəziyyətdə
Rusiyanın forpostu olan Ermənistan da danışıqlar
prosesindəki qeyri-konstruktiv mövqeyindən geri çəkilmək,
müəyyən qaçılmaz reallıqları qəbul
etmək məcburiyyətində qalıb. Ermənistanın
yeni rəhbərliyi bununla həm də Qərblə
münasibətlərinin normal məcrada inkişafına
çalışır.
Azərbaycan və Ermənistan
prezidentlərinin Minsk qrupu həmsədrlərinin
iştirakı ilə il ərzində keçirdikləri 3
görüş də özündə dərin psixoloji-siyasi
çalarları ifadə edir. Məsələ bundadır ki, indiyə qədər
münaqişənin "həll açarı"nın
Rusiyanın əlində olması ilə bağlı
mülahizələr kifayət qədər real əsaslara
söykənib. Hər halda, Rusiyanın Ermənistana təsir
göstərmək imkanı daha real görünür. Rəsmi
Moskva bu addımı atmaqla, həm bölgəyə nüfuz
imkanlarını genişləndirə, həm də Azərbaycanla
enerji sahəsindəki əməkdaşlığını
daha da dərinləşdirə bilər. Rusiya ilə Azərbaycan
arasındakı enerji əməkdaşlığının
bu prosesə dolayısı pozitiv təsiri də istisna edilmir.
Münaqişənin beynəlxalq hüquq normalarına
uyğun həlli, Azərbaycanın ərazi
bütövlüyünün tanınması həm də Ermənistanın
təcrid vəziyyətindən çıxmasına, regional əməkdaşlıq
layihələrində iştirakına yaşıl
işıq yandırar.
Hələ ötən
ilin payızında Moskvada keçirilən görüş
çərçivəsində Azərbaycan, Rusiya və Ermənistan
prezidentlərinin son 14 ildə ilk dəfə birgə bəyannamə
imzalaması danışıqlar prosesini intensivləşdirmək,
problemi qarşılıqlı güzəştlər əsasında
həll etməklə bağlı siyasi iradə
nümayişi kimi yadda qalmışdır. ATƏT-in Minsk qrupu həmsədrlərinin
iştirakı ilə imzalanmış bəyannamədə
münaqişənin beynəlxalq hüququn prinsipləri və
normaları, bu çərçivələrdə qəbul
olunmuş qərarlar və sənədlər əsasında
siyasi yolla həlli, Cənubi Qafqazda vəziyyətin
sağlamlaşması, regionda sabitliyin və təhlükəsizliyin
bərqərar edilməsi, iqtisadi inkişaf və hərtərəfli
əməkdaşlıq üçün əlverişli şərait
yaradılması məsələləri əksini
tapmışdır. ATƏT-in Minsk qrupu həmsədrlərinin
münaqişənin siyasi yolla həllinin əsas prinsiplərinin
işlənib hazırlanması məqsədilə 2007-ci ilin
noyabrın 29-da Madriddə tərəflərlə
keçirilmiş görüşü və sonrakı
diskussiyalar nəzərə alınmaqla həmsədrlərin
vasitəçilik səylərinin davam etdirilməsinin
böyük əhəmiyyətə malik olması da bəyannamə
ilə təsdiqlənmişdir.
Son aylarda gerçəkləşən
Sankt-Peterburq və Moskva görüşlərinin məhz Madrid
prinsipləri əsasında aparılması deməyə əsas
verir ki, danışıqlar məhz münaqişənin ərazi
bütövlüyü prinsipi əsasında həlli formulu
çərçivəsində aparılır. ATƏT-in Minsk qrupu səviyyəsində
aparılan danışıqların xaotik məcradan
çıxarılaraq konkret həll formatına
salınması da rəsmi Bakının mühüm siyasi
üstünlüyü kimi vurğulana bilər. Təcavüzkarlıq
siyasətini uzun müddət davam etdirə bilməyəcəyini
yaxşı başa düşən Ermənistan son illərdə
danışıqlar prosesində müəyyən konstruktivlik
görüntüsü nümayiş etdirmək məcburiyyətində
qalıb.
Azərbaycan Prezidenti
İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə
iftar mərasimində çıxış edərkən bir
sıra mühüm məsələlərlə
yanaşı, Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi ilə bağlı
danışıqlar prosesinə də toxunmuşdur. Dövlət
başçısı demişdir ki, danışıqlar
prosesi məhz Azərbaycanın qəti şəkildə
önə çəkdiyi prinsiplər əsasında gedir:
"Xarici siyasətdə bütövlükdə bizim
qarşımızda yeganə böyük problem
dayanıbdır. O da Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin həllidir. Azərbaycan
dövləti bu istiqamətdə bütün səyləri
göstərir ki, məsələ tezliklə ədalətli və
Azərbaycanın ərazi bütövlüyü çərçivəsində
həll olunsun. Bizim səylərimiz, deyə bilərəm ki,
danışıqlar prosesində artıq ilk nəticələrini
verməkdədir. Bütün dövrlərdə bizim
mövqeyimiz ondan ibarət olmuşdur ki, bu məsələ
yalnız Azərbaycanın ərazi bütövlüyü
çərçivəsində həll edilə bilər. Dağlıq
Qarabağda insanlar yüksək muxtariyyət statusu çərçivəsində,
vahid Azərbaycan dövləti çərçivəsində
yaşaya bilərlər. Bu gün bu prinsiplər əsas
götürülübdür. Yəni danışıqlar bu
prinsiplər əsasında aparılır və istənilən
razılaşma ancaq bu prinsiplər əsasında ola bilər.
Biz bütün dövrlərdə demişik və bu gün də
deyirik ki, məsələ ancaq mərhələli yolla həll
oluna bilər. Bu gün danışıqlar mövzusu olan təkliflər
məhz mərhələli həlli təmin edir".
Qondarma rejimin rəhbərləri
ciddi-cəhdlə sübuta yetirməyə
çalışırlar ki, guya millətlərin öz
müqəddəratını təyin etmək hüququ
dövlətin ərazi bütövlüyündən daha
öndədir. Beynəlxalq
hüquq nöqteyi-nəzərindən millətlərin öz
müqəddəratını təyin etmək hüququnun bu
cür bəsit şərhi isə ciddi qanuni baryerlərə
dirənir. Öz müqəddəratını təyin etmək
prinsipi etnik qruplar üçün, hər şeydən əvvəl,
daha geniş ictimai-siyasi prosesdə iştirak etmək
hüququ deməkdir. Bu baxımdan separatizm etnik variantda
mövcud sistemdən çıxma və ya müəyyən
etnik-mədəni birlik üçün dövlətçiliyi
rəsmiləşdirmək məqsədi daşıyır.
Separatçılar üçün öz müqəddəratını
təyin etmə prinsipi hər zaman ümumi dövlətdən
qopma kimi destruktiv mahiyyət kəsb etmişdir.
Azərbaycan Prezidenti
İlham Əliyev Dağlıq Qarabağ ermənilərinin
"öz müqəddəratını təyin etməsi"
iddiasının reallığa adekvat olmadığını
dəfələrlə bəyan etmişdir. Eyni zamanda bildirmişdir ki, milli
özünütəyin - öz müqəddəratını
təyinetmə prinsipi hər bir xalqın beynəlxalq
hüquqda təsbit olunmuş müstəsna hüququdur və
Azərbaycan dövləti də bu hüquqa hörmətlə
yanaşır. Lakin beynəlxalq normalara görə, müstəqil
dövləti olmayan xalqlar müəyyən hüquqi çərçivədə
öz müqəddəratını təyin etmək iddiası
ilə çıxış edə bilərlər. Erməni
xalqının isə müstəqil dövləti var və bu
baxımdan, Dağlıq Qarabağdakı separatçı erməni
rejiminin belə bir iddia ilə çıxış etməsinin
hüquqi və siyasi əsasları yoxdur.
"İşğal edilmiş bütün rayonlar
ardıcıllıqla azad ediləcək,
soydaşlarımız həmin rayonlara qayıdacaqlar. Orada
bütün infrastruktur bərpa olunacaqdır və ondan sonra gələcək
mərhələdə Dağlıq Qarabağın hüquqi
statusu müəyyən ediləcəkdir. Biz hər zaman
demişik ki, əlbəttə, Dağlıq Qarabağın
statusu olmalıdır, amma biz bu statusu Azərbaycanın ərazi
bütövlüyündən kənarda görmürük və
heç vaxt Azərbaycan dövləti buna razı
olmayacaqdır. Bizim razılığımız olmadan
heç vaxt heç kim heç bir statusu tanımayacaq və
bir daha demək istəyirəm ki, danışıqlar prosesində
əldə edilmiş bu mühüm nəticələr bizi
daha da ruhlandırır" - deyə dövlət
başçısı vurğulamışdır.
Azərbaycan Prezidenti
İlham Əliyev həmçinin vurğulamışdır
ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsində beynəlxalq hüquq və
normaları, ədalət meyarı Azərbaycanın tərəfindədir
və bunu dünya ictimaiyyəti də birmənalı təsdiq
edir. Beynəlxalq
birliyin tamhüquqlu üzvü olan Azərbaycan hələlik
münaqişənin sülh yolu ilə həlli
üçün səylərin davam etdirilməsini zəruri
saysa da, ərazi bütövlüyünün pozulması ilə
uzun müddət barışmaq niyyətində deyildir.
"Son illərdə Azərbaycanda
hərbi potensial böyük dərəcədə gücləndirilibdir
və bunu hamı bilir. Biz siyasi, diplomatik səylərimizi davam etdirəcəyik.
Dünya miqyasında Azərbaycanın mövqeyi
üstünlük təşkil edir. Biz informasiya mübarizəsində
də üstünlük əldə etmişik. Sadəcə
olaraq, biz istəyirik ki, məsələ tezliklə sülh
yolu ilə həll olunsun. Ancaq biz hər zaman olduğu kimi
bütün başqa variantlara da hazırıq" - deyən
dövlət başçısı Ermənistanın
münaqişənin hamılıqla qəbul olunmuş norma və
prinsiplərlə həllinə razılıq verməyəcəyi,
təzavüzkarlıq siyasətini davam etdirəcəyi təqdirdə,
Azərbaycan öz torpaqlarını işğaldan azad etmək
üçün digər vasitələrə əl
atacağını istisna etməmişdir.
Şübhəsiz, bu,
Azərbaycan xalqının müstəsna hüququdur və
onu heç bir dövlət ərazi
bütövlüyünü hərbi yolla bərpa etməkdən
çəkindirə bilməz. Münaqişənin yenidən alovlanmasının əleyhinə
olan dövlətlər isə ikili standartlardan əl çəkərək,
ilk növbədə, təcavüzkar dövlətə təsir
göstərməlidirlər.
S.ELMANOĞLU
Azərbaycan.- 2009.- 3 sentyabr.- S. 3.