Hər sahədə inkişaf var

 

Azərbaycanda son beş il yarımda siyasi-mədəni, sosial-iqtisadi sahələrdə əldə olunan nailiyyətlər Prezident İlham Əliyevin apardığı çoxşaxəli islahatların məntiqi nəticəsidir. Məlum həqiqətdir ki, demokratikləşmə üçün siyasi sabitlik və davamlı iqtisadi inkişaf ilkin şərtdir. Ölkədə siyasi sabitliyin, vətəndaş həmrəyliyinin bərqərar edilməsi, iqtisadi inkişafın davamlılığının təmin edilməsi, regional və qlobal layihələrin uğurla reallaşdırılması bugünkü nailiyyətlərə gətirib çıxarmışdır. Qərb dövlətlərinin bir neçə yüzillikdə keçdiyi inkişaf yolunu respublikamız çox qısa müddətdə ötmüş, siyasi mühitin liberallaşması, demokratikləşmə sahəsində həlledici uğurlara imza atmış, Avrostrukturlara inteqrasiyada inamlı addımlar atmışdır.

Prezident İlham Əliyevin rəhbərliyi altında respublikada elmi əsaslara söykənməklə həyata keçirilən siyasət, sabit iqtisadi və siyasi sistemin yaradılması, sosial problemlərin həlli əhalinin rifah halının, alıcılıq qabiliyyətinin yüksəldilməsinə, cəmiyyətdə ictimai konsensusun əldə edilməsinə yönəlmişdir. Makroiqtisadi nailiyyətlər Azərbaycanın davamlı inkişafını təmin etməklə dünya miqyasında nüfuzunun yüksəlməsinə gətirib çıxarmışdır. Azərbaycan Prezidentinin dəfələrlə vurğuladığı kimi, demokratik proseslərin davamlı şəkildə aparılmadığı hansısa dövlətin iqtisadi sahədə yüksək nəticələr əldə etməsi, beynəlxalq arenada layiqli yerini tutması, dünya təsərrüfat sisteminə inteqrasiyası mümkün deyildir. Eləcə də iqtisadi cəhətdən inkişaf etməmiş hansısa dövlətdə demokratikləşməyə və vətəndaş cəmiyyəti quruculuğuna yönələn cəhdlər əsasən uğursuzluqla nəticələnir, çünki tətbiqinə cəhd göstərilən mütərəqqi yeniliklər vətəndaşların real yaşayış səviyyəsi ilə bir araya sığmır. Bu baxımdan Azərbaycan Prezidenti hər iki təmayülə vəhdət şəklində yanaşılmasını vacib sayır və ölkənin uzunmüddətli inkişafını məhz demokratik və iqtisadi islahatların paralel şəkildə davam etdirilməsi şərtilə real hesab edir.

Son beş il yarımda respublikamızda demokratikləşmə prosesinin dövlətin siyasi, iqtisadi, sosial, mədəni həyatının modernləşdirilməsi, əhalinin maarifləndirilməsi, ictimai davranış normalarının yeniləşməsi ilə birlikdə həyata keçirilməsi deməyə tam əsas verir ki, Azərbaycanda demokratik transformasiya milli inkişaf strategiyasının ana xəttinə çevrilmişdir. Qısa müddətdə demokratik inkişaf yolunda qazandığı nəticələrlə kifayətlənməyən Azərbaycan qlobal proseslərdə rolunu, iştirak formalarını və imkanlarını müəyyənləşdirmək üçün bir sıra aparıcı dövlətlərin beynəlxalq inteqrasiya xüsusiyyətlərini, mütərəqqi dəyişikliklərə və islahatlara necə nail olduqlarını izləməyi də vacib sayır. Respublikamız demokratiyanın universal prinsiplərindən uzaqlaşmamaq şərtilə özünün milli-tarixi adət-ənənələrini, maddi-mədəni irsini, milli-mənəvi dəyərlərini ehtiva edən demokratiya modeli formalaşdırmışdır.

Ölkəmizdə sosial-iqtisadi problemlərin həlli məqsədinə hesablanmış irimiqyaslı layihələrin reallaşdırılması vətəndaşlarımızın firavan həyatının təmin olunmasına gətirib çıxarmışdır. Sosial-iqtisadi inkişaf proqramlarının icrası hazırda uğurla davam etdirilir. Respublikanın bölgələrində həyat canlanır, özəl sektor ildən-ilə inkişaf edir, yeni iş yerləri açılır, işsizlik, yoxsulluq problemi həllini tapır, geniş infrastruktur layihələri həyata keçirilir. Bölgələrimizdə iri sənaye müəssisələri açılır, kənd təsərrüfatının inkişafı sahəsində əhəmiyyətli işlər görülür. Bunun nəticəsidir ki, cari ilin yanvar-iyul aylarında əhalinin alıcılıq qabiliyyətinin yüksəlməsi müşahidə olunub. Ticarət, eləcə də xidmət şəbəkələrindən hər bir ölkə vətəndaşı ayda orta hesabla 138,5 manatlıq müxtəlif istehlak malları alıb və pullu xidmətlərdən istifadə edib.

Qeyri-neft sektorunun inkişafına xüsusi diqqət ayrılmışdır. Kəndli-fermer təsərrüfatlarını bazar iqtisadiyyatı prinsiplərinə cavab verən formada, yeni prinsip və qaydalara əsaslanan, müasir tipli kollektiv əməyin tətbiqi sahələrini yaratmaq məqsədilə ciddi addımların atılması müsbət nəticələr vermişdir. Daxili bazarın qorunması yolu ilə sahibkarlığın inkişaf etdirilməsi, qeyri-neft sektorunun ümumi daxili məhsuldakı çəkisinin artırılması ilə bağlı kompleks tədbirlərin görülməsi bugünkü uğurları şərtləndirmişdir. Kənd təsərrüfatının maddi-texniki bazasını möhkəmləndirmək, istehsalçılara texniki xidməti daha da genişləndirmək məqsədilə "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin yaradılması aqrar sektorun inkişafına güclü təkan verdi.

Azərbaycanın aqrar məhsullarının ixracında əsas yer tutan faraş tərəvəz və kartof, tomat pastası, meyvə şirələri, qara çay, şəkər məmulatlarının və üzüm şərablarının istehsalının ildən-ilə artması bu sahəyə olan diqqətin parlaq təzahürüdür. Xatırladaq ki, aqrar sektorun xarici ticarət dövriyyəsi 2006-cı ildə 706 milyon, 2007-ci ildə 1,2 milyard dollar təşkil edirdisə, 2008-ci ildə bu rəqəm 1,3 milyard dollara yaxın olmuşdur. Azərbaycanda bazar iqtisadiyyatı meyarlarının sürətlə formalaşması ölkənin xarici iqtisadi əlaqələrinin yüksəlməsinə ciddi zəmin yaratmışdır.

İnvestisiyaların təşviqi üçün respublikada münbit səraitin yaradılması, daxili və xarici sərmayəni stimullaşdıran səmərəli metodlardan istifadə edilməsi, xarici kapital qoyuluşunun başlıca istiqamətini regionların, qeyri-neft sektorunun inkişafına yönəldilməsi istiqamətində görülən kompleks tədbirlər müsbət nəticələr vermişdir. Bu ilin yeddi ayında əsas kapitala yönəldilən daxili investisiyaların həcmi xarici investisiyaları üstələyib. Belə ki, əsas kapitala yönəldilən vəsaitin 82,7 faizini daxili investisiyalar təşkil edib. Daxili investisiya əvvəlki ilin müvafiq dövrünün səviyyəsinə nisbətən 6,8 faiz artıb və bu investisiyanın 69,7 faizi dövlət, 30,3 faizi qeyri-dövlət mülkiyyətinə məxsus müəssisələrin payına düşür.

Cari ilin yeddi ayında əsas kapitala yönəldilən ümumi investisiyanın 73,3 faizindən qeyri-neft, 26,7 faizindən neft bölmələrində istifadə edilib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə qeyri-neft bölməsinə yönəldilən investisiyanın həcminin 4,5 faiz çoxalması deməkdir.

Ötən müddətdə iqtisadi və sosial sahələr üçün bütün maliyyə mənbələrindən əsas kapitala 4082,5 milyon manat vəsait yönəldilib. Xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən bu ilin əvvəlindən əsas kapitala yönəldilən xarici investisiyanın 87,8 faizi Böyük Britaniya, ABŞ, Yaponiya, Fransa, Norveç, Çexiya və Türkiyə investorlarına məxsusdur.

Azərbaycanda əlverişli biznes mühitinin olması dünyanın iqtisadi cəhətdən inkişaf etmiş ölkələrinin iqtisadiyyatımıza iri həcmli sərmayə yatırmalarına imkan yaratmışdır. Son illər xarici investisiyaların əsasən qeyri-neft sektoruna yönəldilməsi ölkəmizdə bu sahənin də sürətli inkişafından xəbər verir. Dünya iqtisadiyyatına inteqrasiya yolu seçmiş Azərbaycan bu gün regionun lider dövlətidir.

 

 

E.HACIALIYEV

 

Azərbaycan.- 2009.- 3 sentyabr.- S. 3.