Azərbaycan elektrik enerjisi sahəsində də
əsas ixracatçılardan birinə çevrilir
Sürətli iqtisadi
inkişaf tempinə görə dünya ölkələri
sırasında liderliyini qoruyan Azərbaycan qlobal maliyyə
böhranının təsirlərindən ən effektiv şəkildə
müdafiə olunması baxımından da gözəl bir
nümunənin əsasını qoydu. Qlobal böhranın ən
şiddətli dövrlərində belə, Azərbaycan
iqtisadiyyatının bütün sahələrində əvvəlki
kimi artım qeydə alındı və bu, hazırda da davam
etməkdədir. Elə bu səbəbdəndir ki, bir çox
parametrlərə görə ölkəmiz əvvəlki kimi
yenə də MDB məkanında ilk yerdə durur. Bütün
bunlar bir daha göstərir ki, Azərbaycanda iqtisadi sferada məharətlə
düşünülən və effektiv nəticələri olan
siyasət həyata keçirilir.
Belə sürətli
inkişaf və möhkəm bazis Azərbaycanın iqtisadi
sferada nəinki xarici asılılığını aradan
qaldırmış, həm də ölkəmizin bu sahədə
əsas söz sahiblərindən birinə çevrilməsilə
nəticələnmişdir. Prezident İlham Əliyev bununla əlaqədar
bildirmişdir: "Bəzi başqa ölkələr kimi, biz
xarici yardımlardan asılı deyilik. Biz neft gəlirlərindən
səmərəli istifadə etməklə
iqtisadiyyatımızı böyük dərəcədə
şaxələndirə bilmişik və Azərbaycanda
iqtisadi artım sürəti bunun bariz nümunəsidir. Ona
görə biz beynəlxalq iqtisadi əməkdaşlıq məsələlərinə
həmişə öz mövqeyimizdən
yanaşmışıq. Yenə də deyirəm, böhran onu
göstərdi ki, bu, düzgün seçimdir, düzgün
yoldur və əminəm ki, biz növbəti illərdə də
bu yolla gedəcəyik".
İqtisadi inkişaf sahəsində
öz dəst-xətti olan Azərbaycanın regionda lider
olduğunu göstərən daha bir məqam ölkəmizin
elektrik enerjisi sferasında da əsas ixracatçı statusunu
daşımağa başlamasıdır. Cari il ərzində elektrik enerjisinin
ixratcatçısı kimi mövqeyini daha da gücləndirən
Azərbaycan bu sahədə böyük uğurlara imza
atmaqdadır və 2009-cu ilin ilk 7 ayının göstəriciləri
də bunu təsdiqləyir. Belə ki, bu ilin yanvar-iyul
ayları ərzində Azərbaycanın ixrac etdiyi elektrik
enerjisi idxalı həm fiziki, həm də maliyyə göstəriciləri
baxımından dəfələrlə üstələmişdir.
Aparılan müqayisəli təhlil nəticəsində
aydın olmuşdur ki, hesabat dövrü ərzində qeyd
edilən sahə üzrə ixrac idxaldan fiziki baxımdan 7,44 dəfə,
maliyyə cəhətdən isə 7,95 dəfə çox
olub. Bu da yekun nəticədə elektrik enerjisinin ixracından
Azərbaycanın böyük həcmdə gəlir əldə
etməsi ilə nəticələnib. Enerji ixracı sahəsində
daha yüksək göstəricilər isə ötən ay
qeydə alınıb. Belə ki, iyul ayı ərzində Azərbaycan
311,3 milyon kilovat-saat elektrik enerjisi ixrac edib. İyun ayında
bu göstərici cəmi 32,7 milyon kilovat-saat olub. Payız və
qış fəsillərində isə elektrik enerjisinin
ixracının daha böyük göstəricilərlə
ifadə olunacağı gözlənir.
Aparılan
araşdırmalardan aydın olur ki, son iki ildə Azərbaycanın
elektrik enerjisinin ixracı baxımından imkanları artan xətt
üzrə inkişaf etməkdədir. Məsələn,
2007-ci il ərzində Azərbaycanın idxal etdiyi elektrik
enerjisi ixracı 1,75 dəfə üstələyirdi və bu
səbəbdən maliyyə nisbəti də 2,42 dəfəlik
fərqlə idxalın xeyrinə dəyişirdi. Lakin ötən
ildən etibarən bu sahədə vəziyyət köklü
surətdə dəyişməyə başladı. 2008-ci il ərzində
Azərbaycan idxal etdiyindən 3,03 dəfə çox elektrik
enerjisi satdı və maliyyə nisbətində 2,6 dəfəlik
müsbət saldo qeydə alındı. Cari ilin ilk 7 ayı ərzində
isə elektrik enerjisinin idxalı və ixracı arasında fərq
nisbəti daha böyük rəqəmlərlə ifadə
olunur və bu, Azərbaycanın qüdrətli elektrik enerjisi
ixracatçısına çevrildiyini göstərməklə
yanaşı, ölkəmizin bu sahədə böyük gəlir
götürməsini təmin edir. Azərbaycanın elektrik enerjisi
satışını və mübadiləsini həyata
keçirdiyi ölkələr - Rusiya, İran,
Gürcüstan və Türkiyədir. Təkcə
Naxçıvandan Türkiyəyə 20 meqavata yaxın
elektrik enerjisi ixrac edilir.
Enerji resurslarının ixracı sahəsində Azərbaycan əvvəlki
kimi dünya bazarlarında mövqelərini qorumaqda və daha
da gücləndirməkdədir. Cari ilin ilk 7 ayı ərzində
ölkəmizdən dünya bazarlarına 5,7 milyard dollar həcmində
15,6 milyon ton xam neft göndərilib. İlin sonuna kimi bunun daha
böyük rəqəmlərlə ifadə olunacağı
isə şübhə doğurmur. Ona görə ki,
qarşıdan qış dövrünün gəlməsi
dünyada neftə olan tələbatı daha da artıracaq.
Cari ilin sonuna kimi ölkəmizdə neft istehsalının 50
milyon tona çatacağı proqnozlaşdırılır. Təbii
qazın ixracı sahəsində də uğurlar
qazanılır.
Azərbaycan enerji
sferasında uğurlarını məhdudlaşdırmaq niyyətində
deyil. Zəngin neft-qaz ehtiyatlarına malik olan ölkəmizdə
alternativ enerji mənbələrinin yaradılması istiqamətində
də fəal iş aparılır. Bu mənada Prezident
İlham Əliyevin alternativ və bərpa olunan enerji mənbələrindən
istifadə edilməsi üçün müvafiq agentliyin
yaradılması məqsədilə imzaladığı fərman
xüsusilə qeyd olunmalıdır. Həmin fərmana əsasən,
Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa
Olunan Enerji Mənbələri üzrə Dövlət
Agentliyi yaradılıb. Onu da xatırladaq ki, Prezident İlham Əliyevin
2004-cü il 21 oktyabr tarixli 462 nömrəli sərəncamı
ilə "Azərbaycan Respublikasında alternativ və bərpa
olunan enerji mənbələrindən istifadə olunması
üzrə Dövlət Proqramı" təsdiq edilib. Həmin
proqrama uyğun olaraq müvafiq dövlət agentliyinin
yaradılması ölkəmizdə tezliklə alternativ və
bərpa olunan enerji mənbələrini istismara cəlb etməklə
enerji resurslarından istifadədə səmərəliliyin
daha da yüksəlməsi ilə nəticələnəcək.
Bu, həm də Azərbaycanın
daha böyük həcmdə enerji istehsal etməsini və beləliklə,
daha böyük miqdarda elektrik enerjisi satmasını şərtləndirir.
Digər tərəfdən alternativ enerji mənbələrindən
istifadə etməklə ekoloji sahədə meydana
çıxan problemlər həllini tapmış olur.
Artıq bir sıra həm
xarici, həm də yerli şirkətlər Azərbaycanda
külək və günəş enerjisindən istifadə
edilməsinə maraq göstərir. Gələn ildən etibarən
hökumət dövlət büdcəsi hesabına pilot layihələr
kimi həm külək, həm də günəş elektrik
enerjisinin istehsalı üçün praktik işlər
görməyə hazırlaşır. Bütün bunlar
ölkənin enerji təhlükəsizliyini daha da gücləndirməklə
yanaşı, onu bu sahədə əsas ixracatçılardan
birinə çevirəcəkdir. Hazırda enerji təhlükəsizliyini
tam təmin edən Azərbaycanın digər alternativ layihələrə
böyük diqqət ayırması bu sahədə imkanlarını
daha da genişləndirir. Belə vəziyyət isə öz
növbəsində uzun perspektiv üçün Azərbaycanın
etibarlı enerji ixracatçısı olacağından xəbər
verir.
R.MƏZAHİROĞLU
Azərbaycan.- 2009.- 3 sentyabr.- S. 3.